Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (6-cı hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (6-cı hissə)

  1. Vəsiyyət hədisinin sənədinin səhih olduğunu sübut etmək üçün irəli sürülən dəlillər
  2. Qurana uyğunluq
  3. Vəsiyyət hədisi mötəbər kitabda nəql edilmişdir
  4. Rəvayətin məzmununun mütəvatir olması
  5. Rəvayətə zidd olan başqa bir rəvayətin yoxluğu
  6. Təqiyyə ehtimalının olmaması
  7. Alimlərin rəvayətdən dəlil olaraq istifadə etməsi

Təqiyyə ehtimalının olmaması

Nazim əl-Uqeyli deyir: “Bu rəvayətin təqiyyə ilə deyilməsi ehtimalının mövcud olmaması. Belə ki, əgər bir rəvayət məzhəbin əsaslarına zidd olar, başqa məzhəblərkinə isə uyğun olarsa, ehtimal edilər ki, imam hədisi düşmənlərindən təqiyyə edərək demişdir. Lakin əgər məzhəbin əsaslarına uyğun və digərlərinə müxalif olarsa, o zaman bu ehtimal aradan qalxar”. (Difaən ən əl-Vəsiyyə, səh.19)

Cavab: Bu deyilənlər heç də hər rəvayətin səhihliyi üçün əsas ola bilməz. Çünki isbat etdiyimiz kimi hədis ammə məzhəbli hədisdir və şiə təriqi ilə nəql edilməyib. Ravilərinin əksəriyyəti də məchul şəxslərdir.

Onun ammə məzhəbinin əqidələrinə müxalif olması, onun bizim yanımızda höccət olmasını gərəkli etmir. Ola bilər ki, onu ravilərdən biri şiələrə məsxərə etmək üçün, yaxud əqidələrini təhrif etmək üçün qondarıb. Yaxud ola bilər ki, məsələn, rəvayətdə gələn İmam Məhdi (əleyhis-səlam)-ın oğlunun adının Əhməd olması ravinin xətası olub. Biz ravinin dəqiq olub-olmadığını bilmirik. Hətta heç bir ravinin tərcümeyi-halını bilmirik!

Şiə kitablarında çoxlu sayda hədis var ki, şiə əqidəsinə də, əhli-sünnə əqidəsinə də müxalifdir. Lakin biz bu hədislərin təqiyyə ilə deyildiyi ehtimalını vermirik. Ona görə ki, onların sənədləri zəifdir, necə ki, vəsiyyət hədisində olduğu kimi. Hədisin təkcə ammə məzhəbi ilə müxalif olması, onun səhih olmasını gərəkli etmir. Xüsusən də hədis bizim yanımızda şazz və mütəvatir Əhli-Beyt (əleyhimus-səlam) rəvayətlərinə müxalif olarsa.

Əhli-Beyt İmamları (əleyhimus-səlam) bəzi dinsizlərin hədisləri dəyişdiyinə işarə etmişlər. Necə ki, Müğeyrə ibn Səid barəsində belə bir söz deyilmişdir. Şeyx Kəşşi (quddisə sirruh) Yunisdən, o da Hişam ibn Həkəmdən nəql edir ki, (sonuncu) Əba Əbdillahın (əleyhis-səlam) belə buyurduğunu deyir:

“Müğeyrə ibn Səid bilə-bilə atama yalan yaxırdı. Atam əshabının kitablarını alırdı. Onun adamları atamın səhabələri arasında gizlənmişdilər. Onlar atamın səhabələrindən kitabları alır və onu Müğeyrəyə verirdilər. Müğeyrə də bu kitablar(a dəyişiklik edərək) onlara küfr və zındıqlıq (dinsiz fikirlər) əlavə edir və onları atama nisbət verirdi. Sonra da bunları öz adamlarına verirdi və əmr edirdi ki, onları şiələr arasında yaysınlar. Atamın səhabələrinin kitabları içində nə ğüluvv varsa, Müğeyrə ibn Səidin (lənəhullah) əlavə etdiyidir”. (İxtiyaru mərifətir-rical, səh.195)

Qəribəsi budur ki, əl-Uqeyli iddia edir ki, məhdilərə dəlalət edən vəsiyyət hədisi ammə məzhəbi rəvayətlərinə ziddir. Halbuki, özünün “əl-Ərbəunə hədisən fil-məhdiyyin və zurriyyətil-Qaim” kitabında əhli-sünnə kitablarından məhdilərə və ya “ilk məhdi”yə dəlalət edən rəvayətlər qeyd etmişdir:

Məsələn: İbn Əbu Hatəm öz təfsirində Kəb əl-Əhbardan belə nəql edir:

“Onlar on iki nəfərdirlər. Elə ki, onların müddəti başa çatdı, (Allah) bu on iki nəfərin yerinə onlar kimi olan başqa on iki nəfər qoyar. Allah bu ümmətə belə vədə vermişdir”. (əl-Ərbəunə hədisən, səh. 36, İbn Əbu Hatəmin təfsirindən nəqlən: 8/2628, hədis 14769)

Həmçinin: Qazi ən-Numan əl-Məğribi deyir:

Yəhya ibn Səlamın hədisində mərfu şəkildə Abdullah ibn Ömərdən nəql olunur ki, dedi: “Müjdə olsun sizə, zalımların dövrünün bitməsinə az qalır. Onlardan sonra bir qüdrətli şəxs olacaq ki, Allah onunla Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətinə yardım edəcək.27 O Məhdidir. Sonra (başqa adı) Mənsurdur”.

Bundan sonra hidayət edən imamların saylarını açıqlayır. (əl-Ərbəunə hədisən, səh. 37, Şərhul-Əxbar kitabından nəqlən: 3/400, hədis 1283)

Həmçinin: Süyuti “əl-Ərf əl-Vərdi” kitabında sənədlə Salim ibn Əbul-Cəddən nəql edir ki, deyir:

“Məhdi iyirmi bir, yaxud iyirmi iki il (hakimiyyətdə) olacaq. Ondan sonra başqa saleh bir şəxs on dörd il, ondan sonra da başqa saleh bir şəxs doqquz il (hakimiyyətdə) olacaq”. (əl-Ərbəunə hədisən, səh. 65)

Süyuti, İbn Əbu Hatəm, Kəbul-Əhbar və Abdullah ibn Ömər şiə deyillər. Əksinə, şiənin müxaliflərindəndirlər. Onlar bu rəvayətləri nəql etmişlər və bu, Nazim əl-Uqeylinin etdiyi iddianı batil edir.

Buna əsasən, təqiyyə rəvayətlərin və ya onların məzmunlarının fərqli olmasının yeganə səbəbi deyil. Əksinə, başqa bir neçə səbəb də vardır ki, bunlara misal olaraq dəyişikliklər etməyi, uydurmağı, xəta etməyi göstərə bilərik. Buna görə də bu rəvayətdə təqiyyə ehtimalının olmaması, onun səhih olması anlamına gəlmir.

___________________________________________________________

6 Yaxud: onunla Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətini sağaldacaq, dirildəcək. (Müt.)

Страница 6 из 7«234567»
Рейтинг

В этом разделе