“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:
“Digər məsələlərə də nəzər salmaq üçün yalnız Peyğəmbərlə (s) əlaqəli olan bu altı rəvayətlə kifayətlənirəm. Onlar Əmirəl-möminin (r.a) barədə də belə rəvayətlər nəql ediblər. Onlardan bir neçəsi belədir:
Əbu Abdullahdan (r.a) rəvayət olunur: “Ömər Ənsardan bir kişiyə aşiq olmuş qadını gətirdi. Qadın yumurtanı öz paltarının və budlarının arasına tökmüşdü. Əli qalxıb onun budlarının arasına baxdı və onu ittiham etdi” (“Biharul-ənvar”, 4/303).
Biz indi soruşuruq: Əmirəl-möminin naməhrəm bir qadının budlarının arasına baxarmı? Məgər İmam Sadiqin belə bir rəvayəti nəql etməsi ağlabatandırmı? Əhli-Beyti sevən bir kəs belə sözlər danışarmı?”
CAVAB:
Hədisdə qeyd edilən budur:
فنظر أمير المؤمنين عليه السلام إلى بياض على ثوب المرأة وبين فخذيها، فاتهمها أن تكون احتالت لذلك، قال: ائتوني بماء حار قد غَلى غلياناً شديداً، ففعلوا، فلما أُتي بالماء أمرهم فصبّوا على موضع البياض، فاشتوى ذلك البياض، فأخذه أمير المؤمنين عليه السلام فألقاه في فيه، فلما عرف طعمه ألقاه من فيه، ثم أقبل على المرأة حتى أقرَّت بذلك ، ودفع الله عزَّ وجل عن الأنصاري عقوبة عمر.
“Əmirəl-möminin (ə) qadının paltarındakı və budları arasındakı ağ maddəyə (ağlığa) baxdı və onu hiylə qurmaqda ittiham etdi. Dedi: “Mənə yeni qaynamış isti su gətirin”. Suyu gətirdilər. Əmirəl-möminin (ə) suyu qadının üzərindəki ağ maddənin üzərinə tökməyi buyurdu. Həmin ağ maddə suda bişdi və Əmirəl-möminin (ə) onu götürüb ağzına atdı. Dadını öyrəndikdən sonra onu ağzından çıxardı. Sonra üzünü qadına tutdu və qadın da hiylə işlətdiyini etiraf etdi. Bununla da Allah həmin Ənsardan Ömərin (haqsız) cəzasını uzaqlaşdırdı”. (“əl-Kafi”, 7/422; “Təhzibul-əhkam”, 6/304; “Vəsailuş-şiə”, 18/206; “Biharul-ənvar”, 40/303.)
Hədisin mənası aydındır. Fəqihlik və ictihad iddiaçısı olan müəllifin güman etdiyi kimi, Əmirəl-möminin Əli (ə) budların özünə və ya arasına deyil, qadının budlarının üstünü örtən paltarın üzərindəki ağ maddəyə baxmışdır. Əks təqdirdə belə deyilməliydi: “Əmirəl-möminin (s) onun budlarının üzərini açıb oraya baxdı” və ya “Onun budlarının üstü açıq idi və oraya baxdı”. Lakin hədisdə bu iki məsələnin heç birinə dəlalət yoxdur və hadisəni bu məcraya yönəltmək düzgün deyil.
* * *
Müəllif yazır:
“İmam Əbu Abdullahdan (r.a) rəvayət olunur: “Əmirəl-möminin Əli (ə) minbərdə ikən bir mənfur qadın onun yanına gəldi və dedi: “Əzizlərimin qatili budur!” Əmirəl-möminin (ə) ona nəzər salıb buyurdu: “Ey qadınların gördüyü kimi heyz görməyən, həyasız, asi qadın! Ey övrətində bir şey sallanan!” (“əl-Bihar”, 41/293).
Məgər Əmirəl-möminin belə nalayiq sözlər danışarmı? Məgər qadına “Ey övrətində bir şey sallanan” deyə ona xitab edərmi? Məgər İmam Sadiq (r.a) belə batil bir sözü nəql edərmi? Əgər bu rəvayətlər əhli-sünnənin kitablarında olsaydı, dünyanı ayağa qaldırar, onları ən pis tərzdə rüsvay edərdik. Lakin biz şiələrin kitablarındadır!”
CAVAB:
Bu rəvayətin sənədi zəifdir. Onu İmam Sadiqdən (ə) rəvayət edənlər sırasında Bəkkar ibn Kərdəm vardır ki, tərcümeyi-hal kitablarında ona etina olunmayıb, barəsində nə xoş və nə də pis söz söylənməyib. Ravilərdən olan İsa ibn Süleyman isə halı məchul şəxsdir.
Bu hədisi onlardan Ömər ibn Əbdüləziz nəql edir. O, vəziyyəti qarışıq olan imamçıdır. Belə ki, Nəcaşi onun barəsində öz “Rical”ında (“Rical”, Nəcaşi, 2/127.) yazır:
وروى الكشي عن الفضل بن شاذان أنه يروي المناكير
“əl-Kəşşi Fəzl ibn Şazandan rəvayət edib ki, o, inkar edilən hədislər söyləyirdi”. (“İxtiyaru mə`rifətir-rical”, 2/748.)
Rəvayətin mətninə gəldikdə, hədislərdə gələn belə ibarələr onu söyləyən şəxsə başıaşağılıq gətirmir. Çünki bunlar söyüş sayılmırlar. Bu sözü ilə Əmirəl-möminin (s) üstüörtülü şəkildə qadının cinsiyyət üzvündən xəbər verir, onda aşkar surətdə sallanan bir şeyin olduğunu bildirir. Üstüörtülü sözlərlə nəyəsə eyham vurmaq ərəb dilinin geniş yayılmış üslubudur, mənası xoş olmasa belə bəlağət və kəlam alimləri bunu eyib saymırlar. Qurani-Kərimdə də cinsiyyət üzvü, cinsi əlaqə, eynicinslilərin münasibəti, ehtiyac ödəmək və s. kimi mövzularda üstüörtülü işarə üslubundan ən gözəl tərzdə istifadə edilmişdir. Necə ki, möhtərəm Peyğəmbər (s) sünnəsində də bu cür kəlamların olduğu heç kəsə gizli deyildir.
Bütün bunlarla bərabər, qeyd olunmalıdır ki, bu hadisə Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında da nəql olunub. O, əhli-sünnənin hədis hafizlərindəndir. Bu rəvayəti o, Cabirə istinadən Əbu Cəfərdən nəql edib:
بينما أمير المؤمنين في مسجد الكوفة إذ أتته امرأة تستعدي على زوجها، فقضى لزوجها عليها ، فغضبت فقالت: والله ما الحق فيما قضيت، ولا تقضي بالسوية، ولا تعدل في الرعية، ولا قضيتك عند الله بالمرضية! فنظر إليها مليًّا، ثم قال: كذبتِ يا بَذِيَّة يا بذية، يا سلقلقة - أو يا سلقى -. فولَّت هاربة، فلحقها عمرو بن حريث فقال: لقد استقبلتِ عليًّا بكلام ، ثم إنه نزعك بكلمة فوليتِ هاربة؟ قالت: إن عليًّا والله أخبرني بالحق وشيء أكتمه من زوجي منذ ولي عصمتي. فرجع عمرو إلى أمير المؤمنين فأخبره بما قالت، وقال: يا أمير المؤمنين ما نعرفك بالكهانة. فقال: ويلك إنها ليست بكهانة مني، ولكن الله أنزل قرآناً ( إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّلْمُتَوَسِّمِينَ ) ، فكان رسول الله هو المتوسِّم، وأنا من بعده، والأئمة من ذريتي بعدي هم المتوسِّمون، فلما تأمَّلتُها عرفتُ ما هي بسيماها.
“Əmirəl-möminin Əli (ə) Kufə məscidində idi. Bu vaxt onun yanına həyat yoldaşından şikayətçi olan bir qadın gəldi. Əmirəl-möminin (ə) qadının həyat yoldaşının lehinə hökm verdi. Qadın bundan qəzəblənərək dedi: “Xeyr, Allaha and olsun, sən doğru hökm vermədin, rəiyyətə qarşı ədalətli olmadın və bu qəzavətin heç də Allah yanında razılıqla qarşılanmayacaq!” İmam (ə) az müddət ona nəzər saldı və buyurdu: “Ey həyasız, asi! Ey (normal) qadınlar kimi heyz görməyən qadın! Yalan söyləyirsən!” Qadın oradan qaçaraq uzaqlaşdı. Əmr ibn Hüreys onun ardınca gedib dedi: “Sən Əli barədə bəzi sözlər söylədin. O isə sənə acı sözlər dedi, sən də oradan ağlayaraq qaçdın?” Qadın dedi: “Allaha and olsun ki, Əli mənim barəmdə evləndiyim gündən bəri zövcəmdən gizlətdiyim həqiqəti söylədi”. Əmr ibn Hüreys Əmirəl-mömininin yanına qayıdıb qadının söylədiklərini ona xəbər verdi və dedi: “Ey Əbu Talibin oğlu! Biz sənin kahin olduğunu bilmirdik!” İmam (ə) buyurdu: “Vay olsun sənə! Bu, mənim tərəfdən kahinlik deyildir. Allah Quranda ayə nazil etmiş və buyurmuşdur: “Bunda ayırd edə bilənlər üçün ibrətlər vardır”. Peyğəmbər (s) ayırd edə bilən idi. Onun ardınca mən və nəslimdən olan imamlar da ayırd edə bilənlərik. Mən ona baxan kimi üzündən kim olduğunu anladım”. (“Şəvahidut-tənzil”, 1/323.)
Əmirəl-möminin (ə) haqqında bu cür rəvayətləri oxumaq müəllifə ağır gəlir və bunu ona qarşı ləkə hesab edir?! Halbuki onlar Əli (ə) barədə bundan daha nalayiq sözlərlə rəvayətlər nəql ediblər. İbn Əsir “ən-Nihayə” kitabında Əlidən (ə) nəql etdiyi hədisdə deyir:
وفي حديث علي : عارضه رجل من الموالي، فقال: ( اسكت يا ابن حمراء العِجَان )، أي يا ابن الأمة، والعِجَان ما بين القُبُل والدبر، وهي كلمة تقولها العرب في السب والذم
“Azad edilmiş qullardan olan bir kəs Əli ilə mübahisə etdi və Əli ona dedi: “Sus, ey arxa və ön övrətinin arası çürümüş kölə qadının oğlu!” (“ən-Nihayətu fi ğəribil-hədis”, 1/440.)
Belə ki, ərəblər bu kəlməni söyüş və təhqir olaraq istifadə edirlər.
Nəinki, hətta bəzi əhli-sünnə hədisləri Peyğəmbərə də (s) layiq olmayan nalayiq sözlər danışdığını nisbət verirlər. Halbuki Peyğəmbəri (s) belə şeylərdən uzaq və pak bilmək vacibdir. Onlardan:
- Əhməd ibn Hənbəl “Müsnəd”dində Übeydən (r.a) nəql edilir:
رجلاً اعتزى فأَعَضَّه أُبَي بِهَنِ أبيه (2)، فقالوا: ما كنت فحَّاشاً. قال: إنا أُمِرْنا بذلك
“Bir kəs özünü öyürdü, Übey isə ona “Get atanın cinsiyyət üzvünü çeynə” dedi. Dedilər: “Sən nə əxlaqsız söz danışan kəssən!” Dedi: “Bizə belə danışmaq əmr olunub”. (“Müsnəd”, Əhməd ibn Hənbəl, 5/133.)
- Əhməd ibn Hənbəl “Müsnəd”ində Übey ibn Kə`bdən rəvayət edir:
رجلاً اعتزى بعزاء الجاهلية، فأَعَضَّه ولم يُكْنِه، فنظر القوم إليه، فقال للقوم: إني قد أرى الذي في أنفسكم، إني لم أستطع إلا أن أقول هذا، إن رسول الله (ص) أمرنا إذا سمعتم من يعتزى بعزاء الجاهلية فأَعِضُّوه ولا تَكْنُوا.
Bir kəs cahiliyyə dövründəki kimi öyünürdü. O isə üstü açıq tərzdə ona “Atanın cinsiyyət üzvünü çeynə” dedi. Camaat ona baxdıqda dedi: “Mən sizin nəfsinizdəkini söylədim, bunu deməyə bilməzdim. Peyğəmbər (s) bizə buyurub ki, kimin cahiliyyə dövründəki kimi öyündüyünü görsəniz, ona açıq şəkildə belə cavab verin”.
Übey ibn Kə`dən rəvayət olunur:
رأيت رجلاً تعزى عند أبي بعزاء الجاهلية، افتخر بأبيه فأعضه بأبيه ولم يُكْنِه. ثم قال لهم: أما إني قد أرى الذي في أنفسكم، إني لا أستطيع إلا ذلك، سمعت رسول الله (ص) يقول: مَن تعزَّى بعزاء الجاهلية فأعضوه ولا تَكْنُوا.
“Übeyin yanında cahiliyyə dövründəki kimi öyünən, atası ilə fəxr edən bir şəxsi gördüm. Übey ona üstü açıq tərzdə “Atanın cinsiyyət üzvünü çeynə” dedi. Sonra onlara dedi: “Mən sizin içinizdə gizlətdiyinizi gördüm, amma mən başqa cür bacarmıram. Peyğəmbərin (s) belə buyurduğunu eşitmişəm: “Kim cahiliyyə dövründəki kimi öyünsə, ona açıq şəkildə belə cavab verin”.
Həsəndən, o da Ətiydən nəql edir:
رجلاً تعزى بعزاء الجاهلية، فذكر الحديث، قال أبي: كنا نؤمر إذا الرجل تعزى بعزاء الجاهلية فأعضّوه بهن أبيه ولا تَكْنُوا
“Bir kəs cahiliyyə dövründəki kimi öyünürdü...” (ardı yuxarıdakı hədislə eynidir). Übey dedi: “Bizə əmr olunub ki, kimin cahiliyyə dövründəki kimi öyündüyünü görsəniz, ona açıq şəkildə belə cavab verin”. (“Müsnəd”, Əhməd ibn Hənbəl, 5/136; Təbərani “əl-Mö`cəmul-kəbir”, 1/198.)
Heysəmi yazır:
رواه الطبراني في الكبير ورجاله ثقات.
“Bunu Təbərani “əl-Mö`cəmul-kəbir”də qeyd edib, raviləri inanılan şəxslərdir”. (“Məcməuz-zəvaid”, 3/3)
Məgər müəllif Peyğəmbərin (s) müsəlmanlara belə çirkin sözlər söyləmələrini buyura biləcəyini ağlına sığdıra bilir? Halbuki bu kimi nalayiq sözlərin əvəzində üstüörtülü danışaraq pis əməldən çəkindirmək mümkün deyilmi?
* * *
Müəllif yazır:
“Təbərsinin “əl-İhticac”ında Fatimənin (s.ə) Əmirəl-mömininə (ə) belə dediyi qeyd olunur: “Ey Əbu Talibin oğlu! Ana bətnindəki uşaq kimi büzüşüb qalmış, müttəhim kimi evin küncündə oturmuşsan”.
CAVAB:
Rəvayətin səhih olduğunu fərz etsək, deyə bilərik ki, Fatimeyi-Zəhra (s.ə) atası Peyğəmbərin (s) vəfatından sonra əlindən alınmış mirasını geri qaytarmaq üçün Əmirəl-möminin Əlidən (ə) yardım istəyirdi.
Xanımın (s.ə) “Ey Əbu Talibin oğlu!” sözü onu yardıma təşviq etmək üçündür. Belə ki, dünyadan köçənədək Peyğəmbəri (s) müdafiə etməkdən bir an da olsa geri çəkilməyən atasının (ona Allahın salamı olsun!) adını yad edərək onu köməyə səsləyir.
“Ana bətnindəki uşaq kimi büzüşüb qalmış, müttəhim kimi evin küncündə oturmuşsan” – məna budur ki, sən ana bətninə yapışmış uşaq kimi evdə oturmusan, yardımçılarının azlığı səbəbindən nə bir qüdrətin və nə də gücün qalıb. Zəif müttəhimlər oturduğu kimi sən də mənim haqqımı tələb etməkdənsə, yerində qalmısan.
“(Halbuki) sən həmin pəhləvansan ki, qartalların dimdiklərini sındırardın, indi isə qorxaq toyuqların lələkləri əlində aciz qalmışsan” – yəni, sən döyüşlərə girərdin, qorxu salardın, düşmənin sayının çoxluğuna baxmazdın və onların qüdrətlərini qırardın. Ancaq bu gün həmin zəif və acizlər qarşısında məğlub qalmısan, işləri onlara təslim etmiş və onlarla mübarizə aparmırsan.
“Əbu Qühafənin oğlu zülmkarlıqla atamın bəxşişini və övladlarımın payını əlimdən aldı. Allaha and olsun ki, buna qarşı ciddi mübarizə apardım. Mənimlə şiddətlə mübahisə edib sözümlə razılaşmadı” – məna budur ki, bu Əbu Bəkr məni atamın hədiyyələrindən məhrum etdi, yəni övladlarımın dolanışığını təmin etdiyim Fədəyi əlimdən aldı. Əbu Bəkr aşıq-aşkar mənimlə mübahisə etdi və mənə sərt sözlər söylədi.
“Qeylə (Ənsarın böyük hissəsini təşkil edən Övs və Xəzrəc qəbilələrinin üzvləri) məndən öz köməyini əsirgədi. Mühacirlər dadıma yetişmədilər. Camaat gözlərini sallayıb yerə baxdı. Bir kəs məni müdafiə edib (zülmə) mane olmadı” – mənası budur ki, ənsarın əsasını təşkil edən Qeylə yardımlarını Fatimədən əsirgədilər, mühacirlər də yardımsız qoydular, müsəlmanlar onun tərəfini tutmadılar, yardım etmələri vacib olduğu halda haqqını müdafiə və zülmü dəf etmədilər.
“Qəzəblənib evdən çıxdım, pərişan və başıaşağı halda evə qayıtdım” – yəni, mən evdən qəzəbimi udmuş, səbr edən halda çıxdım, lakin başıaşağı və pərişan halda oraya qayıtdım, özümə nə bir yardımçı və nə də müdafiəçi tapdım.
Və Xanımın (s.ə.) Əmirəl-möminin Əlini (ə) yardıma təşviq edən, zülm qarşısında müdafiəsinə qalxmağa, eləcə də əlindən alınanların geri qaytarmağa cəhd göstərməyə səsləyən digər sözləri...
Əmirəl-möminin Əlinin (ə) evdə oturmasını ana bətnindəki uşaq kimi büzüşüb qalmağa və müttəhim kimi küncə çıxılmağa bənzətməsi heç də onu məzəmmət etmək və qarşı tərəflə üz-üzə gəlməyə təşviq etmək mənasını daşımır. Çünki o, baş verən hadisələrdən xəbərdar idi.
* * *
Müəllif yazır:
“Təbərsi “əl-İhticac”da Ömərin və onunla birlikdə olanların Əmirəl-mömininin (ə) boynuna ip atıb dartaraq necə Əbu Bəkrin yanına gətirmələrini, onun da “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə!” deyib nida etdiyini yazır!!!
Biz soruşuruq: Məgər Əmirəl-möminin bu həddə qorxaq idi?!”
CAVAB:
Məgər onlarla savaşmamaq və əziyyətlərinə səbr etmək qorxaqlıq və zəiflik sayılır, yoxsa hikmət və müdriklik?!
Bu məsələnin iki cəhəti vardır: ya Əmirəl-möminin (ə) onlarla savaşacaq, onları məhv edəcək və köklərini kəsəcəkdi, ya da onlarla savaşmaqdan çəkinib və səbr edib nəticələri gözləyəcəkdi.
Savaşacağı təqdirdə İslamın və hökmlərinin aradan gedəcəyini bilirdi. Hikmət onlarla birbaşa düşmənçilikdən çəkinməyi və sülhə razılaşmağı tələb edirdi. Çünki bu, zərərlərin ən azı idi. Buna əsasən o, “Şiqşiqiyyə” xütbəsində deyir:
فرأيتُ أن الصبر على هاتا أحجى، فصبرتُ وفي العين قذى، وفي الحلق شجى، أرى تراثي نهباً
“Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm”.
Dediklərimizdən aydın olur ki, Əmirəl-mömininin (ə) qılınclar altında dartılaraq gətirilməsi müəllifin iddia etdiyi kimi, heç də onun qorxaqlığından, yaxud qarşı tərəflə mübarizədən çəkinməyi səbəbindən deyildi.
Halbuki Fatimənin (s.ə) evinə hücum çəkdiklərini, qapısını sındırdıqlarını Əbu Bəkrin özü ölüm yatağında ikən etiraf edir. Necə ki, bəzi rəvayətlər və tarixçilərin qeydlərində bunlar yer alıb.
Təbərani “əl-Mö`cəmul-kəbir”də, Ziya əl-Məqdisi “əl-Əhadisul-muxtarəh”də və digər mənbələrdə Əbdürrəhman ibn Ovfdan nəql edirlər ki, Əbu Bəkr ölümü ilə nəticələnən xəstəliyi zamanı belə demişdir:
أما إني لا آسي على شيء إلا على ثلاث فعلتهن وددتُ أني لم أفعلهن، وثلاث لم أفعلهن وددتُ أني فعلتهن، وثلاث وددتُ أني سألت رسول الله (ص) عنهن، فأما الثلاث التي وددت أني لم أفعلهن، فوددتُ أني لم أكن كشفتُ بيت فاطمة، وتركتُه وإن أغلق عليَّ الحرب...
“Mən yalnız etdiyim və etmədiyim üç şey barədə təəssüflənirəm, kaş ki, onları etməyəydim, digər üçünü isə edəydim. Üç şey də var ki, Peyğəmbərdən (s) onlar barəsində soruşmaq istəyərdim. Etməmək istədiyim üç şey bunlardır: “Ey kaş, mən Fatimənin evinə hücum etməyəydim. Gərək onları öz hallarına buraxaydım və mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar...”. (“əl-Möcəmul-kəbir”, Təbərani, 1/62; “Məcməuz-zəvaid”, 5/202; “əl-Əhadisul-muxtarəh”, 1/88. Ziya əl-Məqdisi deyir: “Bu, Əbu Bəkrdən nəql edilən həsən hədisdir. Yalnız burada Peyğəmbərin (s) sözü yoxdur”; “Kənzul-ümmal”, 5/631. Deyir: “Bu, həsən hədisdir, sadəcə orada Peyğəmbərdən (s) heç bir söz yoxdur”; “Tarixu mədinəti Diməşq”, 30/418-423; “Tarix”, Təbəri, 2/619; “əl-İmamətu vəs-siyasəh”, səh.18; “Murucuz-zəhəb”, 2/301.)
Fatimənin (s.ə) evinə hücum hadisəsini bir neçə əhli-sünnə alimi də qeyd etmişdir:
İbn Qüteybə “əl-İmamətu vəs-siyasəh” kitabında yazır:
وإن أبا بكر رضي الله عنه تفقَّد قوماً تخلفوا عن بيعته عند علي كرم الله وجهه، فبعث إليهم عمر، فجاء فناداهم وهم في دار علي، فأبوا أن يخرجوا، فدعا بالحطب، وقال: والذي نفس عمر بيده، لتخرجُنَّ أو لأحرقنَّها على من فيها. فقيل له: يا أبا حفص، إن فيها فاطمة! فقال: وإن. فخرجوا فبايعوا إلا عليًّا.
“Əbu Bəkr ona beyətdən üz döndərmiş və Əlinin yanında yer alan şəxsləri axtarırdı. Onların yanına Öməri göndərdi. Ömər gəldikdə çöldən onları çağırdı. Onlar çölə çıxmaqdan imtina etdilər. Odun gətirilməsini istədi və dedi: “Ömərin canı əlində olana and içirəm ki, ya çölə çıxacaqsınız, ya da mən içəridəkilərlə birgə evi yandıracağam!” Ona deyildi: “Ey Əbu Həfs, Fatimə də içəridədir”. Ömər dedi: “İçəridə olsa belə!” Əlidən başqa onların hamısı çıxıb beyət etdilər”.
Ardınca yazır:
ثم قام عمر، فمشى معه جماعة، حتى أتوا باب فاطمة، فدقّوا الباب، فلما سمعتْ أصواتهم نادتْ بأعلى صوتها: يا أبتِ يا رسول الله، ماذا لقينا بعدك من ابن الخطاب وابن أبي قحافة؟ فلما سمع القوم صوتها وبكاءها انصرفوا باكين... وبقي عمر ومعه قوم، فأخرجوا عليًّا، فمضوا به إلى أبي بكر، فقالوا له: بايِع.
فقال: إن أنا لم أفعل فَمَهْ؟
قالوا: إذن والله الذي لا إله إلا هو نضرب عنقك.
قال: إذن تقتلون عبد الله وأخا رسوله؟
قال عمر: أما عبد الله فنَعَم، وأما أخو رسوله فلا. وأبو بكر ساكت لا يتكلم،
فقال له عمر: ألا تأمر فيه بأمرك؟
فقال: لا أُكْرِهُه على شيء ما كانت فاطمة إلى جنبه. فلحق علي بقبر رسول الله (ص) يصيح ويبكي، وينادي: يا بن أُمّ إن القوم استضعفوني وكادوا يقتلونني.
“Sonra Ömər qalxıb getdi, bir dəstə adam da onunla birlikdə gedirdi. Fatimənin evinin qapısına gəlib qapını döydülər. Fatimə onların səslərini eşitdikdə yüksək səslə fəryad etdi: “Atacan, ey Allahın elçisi! Səndən sonra Xəttabın və Əbu Qühafənin oğullarından bu çəkdiklərimiz nədir?!” Oraya gələnlərdən bir dəstəsi Fatimənin bu fəryadını və ağlamaq səslərini eşitdikdə ağlaya-ağlaya oranı tərk etdi... Orada Ömər və onunla da bir dəstə adam qaldı. Onlar Əlini evdən çıxarıb Əbu Bəkrin yanına gətirdilər və “Beyət et!” dedilər.
Əli dedi: “Əgər beyət etməsəm, onda nə olacaq?”
Dedilər: “Özündən başqa heç bir ilah olmayan Allaha and olsun ki, o zaman sənin boynunu vuracağıq”.
Dedi: “Allah bəndəsini, Peyğəmbərin qardaşını öldürəcəksiniz?”
Ömər dedi: “Allah bəndəsini bəli, amma Peyğəmbər qardaşını yox”. Bu zaman Əbu Bəkr susub heç bir söz söyləmirdi.
Ömər ona dedi: “Onun barəsində nə əmr edirsən?”
Dedi: “Fatimə onun yanında olduğu müddətcə onu heç bir şeyə məcbur etmə” Əli Peyğəmbərin (s) qəbrinin yanına gəlib fəryad edərək ağladı. O, belə deyirdi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə”. (“əl-İmamətu vəs-siyasə”, İbn Quteybə əd-Dinəvəri, səh.12-13.)
Əbul-Fida özünün “Tarix” kitabında yazır:
ثم إن أبا بكر بعث عمر بن الخطاب إلى علي ومَن معه ليخرجهم من بيت فاطمة رضي الله عنها ، وقال: إن أبَوا عليك فقاتلهم. فأقبل عمر بشيء من نار على أن يضرم الدار، فلقيته فاطمة رضي الله عنها وقالت: إلى أين يا ابن الخطاب؟ أجئت لتحرق دارنا؟ قال: نعم، أوْ تدخلوا فيما دخل فيه الأمة...
“Sonra Əbu Bəkr Əlini və onunla birlikdə olanları evdən çıxarmaq üçün Öməri Fatimənin evinə göndərdi və ona dedi: “Əgər imtina etsələr, onları öldür”. Ömər də onların evini yandırmaq üçün əlində odla gəldi. Bu zaman Fatimə onu qarşıladı və dedi: “Ey Xəttabın oğlu, evimizi yandırmağa gəlmisən?!” Ömər: “Bəli, ya da ümmət beyət etdiyi kimi siz də beyət edəcəksiniz!” deyə cavab verdi”. (“Tarix”, Əbul-Fida, 1/219.)
Bu sözlərdəki mənanı misirli şair Hafiz İbrahim nəzmə belə çəkmişdir:
وقولةٍ لعليٍّ قالَها عُمَرٌ أكرِمْ بسامِعِها أعظِمْ بملقيها
حرَّقتُ دارَك لا أُبقي عليك بها إنْ لم تبايِعْ وبنتُ المصطفى فيها
ما كانَ غيرُ أبي حفصٍ يَفُوهُ بها أمامَ فارسِ عدنانٍ وحاميه
Ömərin Əliyə dediyi söz:
“Eşidənə ehtiram göstər, söyləyəni əzəmətli bil!
Əgər beyət etməzsən, evini Mustafanın qızı
İçəridə olduğu halda yandıraram, evindən bir şey qalmaz!
Bu sözlər Ədnan cəngavərinin və onun himayəsində olanların önündə
Əbu Həfsdən başqasının ağzından çıxmadı”. (Hafiz İbrahimin “Divan”ı, səh.82.)
İbn Teymiyyə də Əbu Bəkrin Fatimənin (s.ə) evinə təcavüzünü etiraf edir. Lakin buna övladını itirmiş ananı belə güldürəcək səbəb göstərir və deyir:
نحن نعلم يقيناً أن أبا بكر لم يقدم على علي والزبير بشيء من الأذى، بل ولا على سعد بن عبادة المتخلِّف عن بيعته أولاً وآخراً، وغاية ما يقال: إنه كبس البيت لينظر هل فيه شيء من مال الله الذي يقسمه، وأن يعطيه لمستحقه، ثم رأى أنه لو تركه لهم لجاز، فإنه يجوز أن يعطيهم من مال الفيء
“Biz yəqin bilirik ki, Əbu Bəkr Əli və Zübeyrə heç bir əziyyət vermədi. Nəinki, onlara, hətta əvvəldən sonadək beyətdən boyun qaçıran Səd ibn Übadəyə də təzyiq göstərmədi. Buna əsasən də deyilməlidir: Evə təcavüz orada Allaha məxsus bölünməmiş mallardan bir şeyin qalıb-qalmadığını yoxlamaq və müəyyən olunacağı təqdirdə sahiblərinə vermək üçün idi. Sonradan oradakı malların onlarda qalmasının da mümkün olduğunu düşündü. Belə ki, qənimətlərdən onlara da bir pay verilməsi icazəli idi”. (“Minhacus-sünnə”, 4/343.)
Qəribədir ki, müəllif Əmirəl-möminin Əlinin (ə) “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə” sözünü qorxaqlıq və zəiflik kimi qiymətləndirir. Halbuki İmam (ə) bu sözləri Allahın peyğəmbəri olan Harunun (ə) Qurani-Kərimdəki sözlərindən iqtibas etmişdir. Belə ki, Musa görüşdən qayıtdıqdan sonra qövmü arasında baş verənlərə görə onu danlamış və o da özünün bəraəti üçün bu sözləri söyləmişdi. Maraqlıdır, görəsən müəllif qətlə yetiriləcəyindən ehtiyatlanaraq Samiri və onun ardıcılları ilə mübarizədən çəkinən Harun peyğəmbəri (ə) də qorxaqlıqda və zəiflikdə ittiham edir?!
* * *
Müəllif yazır:
“Onların Əmirəl-mömininə (r.a) verdikləri vəsflərə baxın. Belə ki, Fatimə onun barəsində deyir: “Qüreyş qadınları mənə onun barəsində deyirlər ki, o, böyük qarınlı, qolları uzun, üzvləri böyük və başının önü dazdır, yekəgözlüdür, dəvə kimi böyük sümükləri var, çox gülən və malsız-pulsuzdur” (“Təfsiru Qummi”, 2/336).
CAVAB:
Bu rəvayətin sənədi zəifdir. Əli ibn İbrahim deyir:
ومن الرد على من أنكر خلقة الجنة والنار أيضاً ما حدثني أبي عن بعض أصحابه رفعه، قال: كانت فاطمة عليها السلام لا يذكرها أحد لرسول الله (ص) إلا أعرض عنه...
“Cənnət və cəhənnəmi inkar edənlərə etiraz olaraq bəzi əshabından atamın mənə İmam barədə nəql etdikləri bu hədisdir: “Peyğəmbər (s) Fatimə (s.ə) ilə evlənmək istəyini bildirən hər kəsin təklifindən imtina edirdi...”.
Göründüyü kimi, rəvayət mürsəldir (sənədsizdir) və arada vasitəçilər qeyd edilmədən birbaşa məsuma nisbət verilir. Onu heç bir məsələdə dəlil kimi təqdim etmək olmaz. Fəqihlik və ictihad iddiasında olan bir kəsin şiəyə dəlil təqdim etməzdən öncə rəvayətin sənədinin zəifliyinə diqqət etməsi lazımdır. Lakin biz onun səhihlə zəif, mürsəl və mərfu` hədislər arasında fərq qoya bilmədiyini görürük.
Rəvayətin mətninə gəldikdə, əgər xəbərin doğruluğu fərz olunsa, Fatimənin (s.ə) sözləri aşağıdakı mənaları daşıyacaq:
“Qüreyş qadınları mənə... deyirlər” – göründüyü kimi, bu, xanım Fatimənin (s.ə) özünün söylədiyi və ya təsdiqlədiyi sözlər deyil, yalnız bunu Peyğəmbərə (s) xəbər formasında deyir.
Oradakı kəlmələri bir-bir sadalayaraq daşıdığı xüsusiyyətləri qeyd etməyimizdə bir müşkül olmaz:
“böyük qarınlı” – geniş qarınlı.
İbn Əsir özünün “ən-Nihayətu fi ğəribil-hədis” kitabında Üsamənin hədisilə bağlı deyir:
في حديث أسامة ( كان له بطن مُنْدَحٌّ ) أي متَّسع...
“Onun böyük, yəni geniş qarnı vardı...”. (“ən-Nihayətu fi ğəribil-hədis”, 2/103.)
Bu xüsusiyyət kişilər üçün məzəmmət olunacaq sifət deyildir. Ona görə də Əmirəl-möminin (ə) “ənzəul-bətin” (kəlmə etibarı ilə: böyük qarınlı) adlandırılırdı. Ancaq o (ə) özü bununla fəxr edirdi.
Əbdülbaqi əl-Öməri yazır:
وأنتَ ذاك البَطِينُ الممتلي حِكَماً معشارُها فلَكُ الأفلاكِ ما وسِعا
وأنتَ ذاك الهِزَبْرُ الأنزعُ البطلُ الْذي بمخلبِه للشركِ قد نَزَعا
Sən həmin hikmətlə dolu qarınlı şəxssən ki,
Onun onda biri səmaların fələklərindən də genişdir.
Sən həmin o yekə qarınlı aslansan ki,
Pəncəsini şirk üzərinə hücum üçün açmışdır.
(“ət-Tiryaqul-Faruqi”, səh.96.)
“üzvləri böyük” – Mübarəkfuri “Tuhfətul-əhvəzi” kitabında yazır:
هي رؤوس العظام، واحدها كردوس. وقيل : هي ملتقى كل عظمين ضخمين كالركبتين والمرفقين والمنكبين ، أراد أنه ضخم الأعضاء
“Bu, sümüklərinin baş tərəfləri böyük deməkdir. Kəlmənin təki “kurdus”dur. Deyilib ki, bu, diz, dirsək və kürək sümükləri kimi iki böyük sümüyün birləşdiyi yerdir. Məqsəd isə üzvlərin böyük olduğunu bildirməkdir”. (“Tuhfətul-əhvəzi”, 10/81.)
Bu vəsf də məzəmmətə layiq deyil. Bunun Peyğəmbərin (s) sifətlərindən olduğu əhli-sünnə mənbələrində qeyd olunub. Tirmizi “Sünən”ində İmam Əliyə (ə) istinad edilən hədisdə belə rəvayət edir:
لم يكن رسول الله (ص) بالطويل ولا بالقصير، شثن الكفين والقدمين، ضخم الرأس، ضخم الكراديس...
“Peyğəmbər (s) nə uzun və nə də qısaboylu idi, ovucu və ayaqları bərk, başı və üzvləri böyük idi...”. (“Sünən”, Tirmizi, 5/598. Tirmizi yazır: “Bu, həsən, səhih hədisdir”. Həmçinin bax: “Müsnəd”, Əhməd, 1/96, 116,117, 127, 134; “əl-Müstədrək”, 2/662, Heydərabad çapı, 2/606. Hakim Nişapuri hədisi səhih hesab etmiş, Zəhəbi də onunla razılaşmışdır. “Müsnəd”, Əbu Davud Təyalisi, səh.25.)
“başının önü dazdır” – bu, başının önündən saçlarının olmamasıdır. Bu da eyib sayılmır. Əhli-sünnə kitablarında İmam Əlinin (ə) vəsflərində onun ümumiyyətlə daz olduğu qeyd edilir. Halbuki dazlıq başın önünün daz olmasından daha çoxdur.
“yekəgözlüdür” – bu söz isə tərif və mədh sifətidir. Bu sifətlə Peyğəmbər də (s) vəsf olunub. İbn Səd “ət-Təbəqat”da Muhəmməd ibn Əlidən, o da atası Əli ibn Əbu Talibdən nəql edir:
“Peyğəmbərin (s) başı böyük, gözləri iri, kirpikləri uzun... idi”. (“ət-Təbəqatul-kubra”, 1/410.)
“dəvə kimi böyük sümükləri var” – sözünün mənası iri sümüklü deməkdir. Bunlar dirsək, bilək və diz oynaqları kimi sümüklərdir. Bu kəlmə “enlikürək” (Bax: “Lisanul-ərəb”, 6/347) sözündən daha şərafətlidir və mədh sifətidir, Peyğəmbər (s) bu kəlmə ilə vəsf olunub.
İbn Səd “ət-Təbəqat”da Əmirəl-möminin Əlinin (ə) övladlarından olan İbrahim ibn Muhəmməddən nəql edir:
“Əli Peyğəmbəri (s) vəsf edərkən belə deyirdi: “Ona tərəf dartılacaq qədər uzunboylu, aşağı əyiləcək qədər də alçaqboylu deyildi, orta qamətli idi. Saçları qısa qıvrımsaç və hamar da deyildi, sadəcə qıvrılırdı. Sifəti çox enli və ya ensiz deyildi. Yumrusifət, ağbəniz, irigözlü, uzun kirpikli, böyük sümüklü və enlikürək, ovucları və ayaqları bərk idi”. (“ət-Təbəqatul-kubra”, 1/411.)
Müəllifin şiələrə belə zəif sənədli hədisi eyib tutub, ancaq əhli-sünnə mənbələrində eyni mövzuda olan səhih hədislərə göz yumması olduqca təəccüblüdür. Halbuki öz mənbələrindəki hədislərdə Peyğəmbəri (s) nalayıq sifətlərlə də vəsf edirlər. Onlardan:
* Yekə ağzının olması;
Tirmizi Cabir ibn Səmurə sənədilə rəvayət edir:
“Peyğəmbər (s) ağzı qatlanmış... şəkildə idi”. Şəbə deyir: Simakdan “ağzı qatlanmış nə deməkdir?” deyə soruşdum, “ağzı böyük idi” cavabını verdi...”. (“Sünən”, Tirmizi, 5/603).
Tirmizi deyir: “Bu, həsən, səhih hədisdir”.
* Ayaqlarının nazik olması;
Tirmizi “Sünən”də və Hakim “Müstədrək”də Cabir ibn Səmurədən nəql edirlər:
“Peyğəmbər (s) gülməz, yalnız təbəssüm edərdi, ayaqları nazik idi...”. (“Sünən”, Tirmizi, 5/603; “əl-Müstədrək”, 2/662, Heydərabad çapı, 2/606; “əl-Bidayətu vən-nihayə”, 6/19.)
Tirmizi deyir: “Bu, həsən, qərib hədisdir”.
Hakim də hədisi səhih sayıb.
Halbuki həmin vəsf onların öz nəzərlərində təhqir və məzəmmət sifətidir.
İbn Əsir “ən-Nihayə” kitabında yazır:
“Hindin sözləri də belədir. O, Fəth günü Əbu Süfyana dedi: “Bu incəayaq tuluğu öldürün!” Rəvayətdə belə deyilmişdir və bu sözləri Peyğəmbəri (s) təhqir etmək üçün söyləmişdir”. (“ən-Nihayətu fi ğəribil-hədis”, 1/441. Eyni rəvayət “Lisanul-ərəb”də (6/288) də varid olub.)
* Yekə başlı olması;
İbn Sədin bu barədə sözlərini yuxarıda qeyd etdik. Əhməd ibn Hənbəl “Müsnəd”də İmam Əlidən (ə) nəql edir:
“Peyğəmbərin başı yekə, gözləri iri idi...”. (“Müsnəd”, Əhməd, 1/89, 96, 101, 127; “Sünən”, Tirmizi, 5/598; “əl-Müstədrək”, 2/662, Heydərabad çapı, 2/606; “əl-Bidayətu vən-nihayə”, 6/17.)
Orada Tirmizi yazır: “Bu həsən, səhih hədisdir”. Hakim hədisi səhih saymış, Zəhəbi də onunla razılaşmışdır.
* Peyğəmbərin (s) kürəyində peyğəmbərlik möhürü vardı və o möhür göyərçin yumurtasına oxşayırdı;
Müslim və digərləri Cabir ibn Səmurə sənədilə rəvayət edirlər:
“Peyğəmbərin (s) kürəyində peyğəmbərlik möhürünü gördüm. Sanki göyərçin yumurtasına oxşayırdı”. (“Səhih”, Müslim, 4/1823; “əl-Müstədrək”, 2/663, Heydərabad çapı, 2/606. “ət-Təbəqatul-kubra”, 1/425.)
Hakim hədisi səhih hesab edərək yazır: “Müslimin şərtinə uyğundur”. Zəhəbi də onunla razılaşıb.
Buxarinin və Müslimin rəvayət etdikləri digər hədisdə Saib ibn Yeziddən nəql olunur:
“Sonra onun kürəyi tərəfdə dayandım, çiyinləri arasındakı möhürə baxdım, qübbənin üstü kimi idi”. (“Səhih”, Buxari, 1/86, 4/1816; “Səhih”, Müslim, 4/1823.)
“Səhih”in haşiyəsində Müslim həmin kəlməni belə təfsir edir:
“O, üzərində qübbəsi olan bir ev kimidir. Düyməyə bənzər böyük çıxıntısı vardır”.
Deyir:
“Bu, əksəriyyətin də təsdiqlədiyi doğru fikirdir. Bəziləri deyiblər: “(Ərəbcə mətndəki) “həcələ” kəlməsində məqsəd məşhur quşdur, “zir” kəlməsi isə onun yumurtasına işarədir”.
Bunu Tirmizi qeyd edib, alimlər isə inkar ediblər.
Digər hədisi Müslim “Səhih”ində Abdullah ibn Sərcəsdən rəvayət edir. Orada deyilir:
“Sonra onun arxa tərəfinə keçdim, çiyinləri arasındakı, sol çiyin tərəfdə boyun sümüyünə yaxın yerdə olan peyğəmbərlik möhürünə baxdım. Xal kimi bir topa şəklində idi, sanki ziyilə bənzəyirdi”.
Bunu kitabın haşiyəsində əlin barmaqlarının bükülüb yumruq formasını alması və bədəndəki piydən ibarət xal kimi təfsir edir, ziyilə bənzədir. Ziyil isə dəri üzərindəki şişmiş toxumalardır.
İbn Hibbanın “Səhih”ində Cabir ibn Səmurədən rəvayət olunur:
“Çiynindəki möhürünü dəvəquşu yumurtasına bənzər şəkildə bədənində çıxdığını gördüm”. (“Səhih”, İbn Hibban, 14/206.)
İbn Ömər deyir:
“Peyğəmbərin (s) belindəki peyğəmbərlik möhürü sanki ətdən olan fındığa bənzəyirdi. Onun üzərində “Muhəmməd Allahın elçisidir!” yazılmışdı”. (“Səhih”, İbn Hibban, 14/210.)
* Gözlərində qızartı vardı;
İbn Səd “ət-Təbəqatul-kubra”da bunu qeyd edib. (“ət-Təbəqatul-kubra”, 1/412.)
* Çox tərləyən idi;
İbn Səd, Ənəsə istinadən nəql edir:
“Peyğəmbərin topuqları iri idi, çox tərləyərdi, ondan sonra onun kimisini görmədim”. (“ət-Təbəqatul-kubra”, 1/414.)
* * *
Müəllif yazır:
“Bir dəfə cümə günü atam məni məscidə aparmışdı. Məni yuxarı qaldırdı, qocalmış, daz, alnı qabarıq, çiyinləri enli və gözləri xəstə (bitişik) olan Əlinin minbər üzərində xütbə söylədiyini gördüm” (“Məqatilut-talibin”) (!).
Məgər Əmirəl-möminin (ə) belə vəsflərə sahib olub?”
CAVAB:
Hədisdə qeyd edilən vəsflərin heç biri müəllifin iddia etdiyi kimi, məzəmmətə layiq sifətlər deyildir.
“Gözlərində xəstəlik” sözü “itriğşaş” kəlməsilə ifadə edilib ki, bu da İbn Mənzurun “Lisanul-ərəb” (6/311) kitabında qeyd etdiyi kimi, yaranın sağalmasının izləridir.
Bəlkə də gözündəki bu iz Peyğəmbərin (s) Əlinin Allahı və rəsulunu sevdiyini, Allah və rəsulunun da onu sevdiklərini buyurub bayrağı ona vermək istədiyi gün (Xeybərin fəthi günü) gözlərində olan xəstəliyin izləridir.
Beləliklə də, Uca Allah onun gözlərindəki həmin izləri fəzilətindən bir xatırlatma olması üçün saxlamışdır və hər kəs üzərində üstünlüyünə açıq-aydın dəlalət edən bir əlamət qərar vermişdir.
Gözlərində yara izinin olmasının onun üçün necə eyib sayıldığını anlaya bilmirik?!
Məlumdur ki, “Məqatilut-talibiyyin” kitabının adı ictihad və fəqihlik iddiasında olan müəllifin yazdığı kimi, iki “yə” hərfi ilə yazılır və şiə müəlliflərin kitabı deyildir. Onun müəllifi Əbul-Fərəc İsfahani əl-Əməvidir. Bu “görkəmli alimin” halı olduqca qəribədir! O, Əbul-Fərəc İsfahaninin kim olduğunu bilmir!
Müəllifin məzəmmətə layiq vəsflər olduğunu zənn etdiyi xüsusiyyətlər əhli-sünnə kitablarında Əmirəl-möminin Əlinin (ə) vəsfləri arasında da qeyd olunub.
Heysəmi “Məcməuz-zəvaid”də “Əmirəl-möminin (ə) vəsfləri” fəslində Əbu İshaqdan rəvayət edir:
“Atamla birlikdə cümə namazına getdik. Mən həmin vaxt gənc idim. Əli gəlib minbərə qalxdıqda atam mənə dedi: “Ey Ömər, qalx, Əmirəl-mömininə bax”. Deyir: “Mən ayağa qalxdım, onun minbərə çıxdığını gördüm. Saqqalı və başı ağarmışdı. Üzərində qurşaqdan aşağı örtük və çiynində örtük vardı, köynəyi yox idi. Minbərə qalxmağı ilə ondan enməyi bir oldu”. Əbul-İshaqa dedim: “Dua etdimi?” O, “Xeyr” deyə cavab verdi”. Digər rəvayətdə isə: “Saqqalı sıx deyildi, başı böyük idi”.
Bunu Təbərani fərqli istinadlarla rəvayət edib. Ravilərinin hamısı “Səhih”in raviləridir”.
Şöbədən rəvayət olunur: “Əbu İshaqdan soruşdum: “Sən yaşda Şə`bidən böyüksən?” Dedi: “Şə`bi məndən bir və ya iki yaş böyükdür”. Deyir: “Əbu İshaq Əlini görmüşdü. Onu bizim üçün qarnı böyük və başı daz şəxs olaraq vəsf edirdi”. Şöbə deyir: “Əbu İshaq Əbul-Buxturidən böyük idi, ancaq o, Əlinin dövründə yaşamamış və onu görməmişdi”.
Bunu Təbərani öz kitabında rəvayət edir, raviləri “Səhih”in raviləridir.
Əbu Rəca əl-Ətarididən rəvayət olunur: “Əlini daz olaraq gördüm. Sanki bir tərəfində qoyun dərisi idi”.
Bunu da Təbərani öz kitabında rəvayət edir, raviləri “Səhih”in raviləridir...
Vaqididən rəvayət olunur: “Deyilir ki, Əli ibn Əbu Talib qara dərili, orta boylu, piyli (kök), enlikürək, saqqalı uzun, daz, yekə qarınlı, iri gözlü, başı və saqqalı ağ şəxs idi”.
Bunu Təbərani rəvayət edib. Vaqidiyə qədər olan ravilər inanılan (siqə) şəxslərdir.
Əbu İshaqdan rəvayət olunur: “Əli evləndikdə Fatimə Peyğəmbərə (s) dedi: “Məni zəif görən, yekə qarın kəslə evləndirdin”. Peyğəmbər (s) buyurdu: “Bəli, səni o kəslə evləndirdim ki, əshabım arasında İslamı qəbul edən ilk şəxsdir, aralarında ən çox elmə və böyük helmə sahib olanıdır”.
Bunu Təbərani rəvayət edib, istinadı səhih olan mürsəl hədisdir. (“Məcməuz-zəvaid”, 9/101. “əl-Musənnəf”, Əbdürrəzzaq, 5/341; “əl-Möcəmul-kəbir”, Təbərani, 1/94.)
Bütün bu nəql etdiklərimizdən sonra, fəqihlik və ictihad iddiasında olan müəllif nə deyəcək?! Məgər həmin vəsflərin eynisinin əhli-sünnənin kitablarında da nəql edildiyini görmürmü?! Məgər o, əhli-sünnənin də Əmirəl-möminin Əliyə (ə) tənə vurmalarını və eyibli bilmələrini qəbul edirmi?! Yoxsa o, əhli-sünnənin “ki”-sini vergüllü, şiələrinkini isə vergülsüz bilir?!
Davam edəcək...
Şeyx Əli Ali-Muhsin
313news.net