Əhli-beyt (ə) öz şiələrini xəyanətdə günahlandırıblarmı? (2-ci hissə)

»»

Əhli-beyt (ə) öz şiələrini xəyanətdə günahlandırıblarmı? (2-ci hissə)

“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Qeyd etdiyimiz mətnlərdən (baxmayaraq ki, mövzu ilə bağlı bir çox mətni ümumiyyətlə təqdim etmədik) aşağıdakı nəticələri əldə edirik:

1. Əmirəl-mömininin və nəslinin Kufə şiələrinin xəyanət, hiyləgərlik və vəfasızlıqlarından usanmaları və çəkdikləri acılar;

2. Kufəlilərin Əhli-Beytin qanının tökülməsinə və ehtiramlarının tapdanmasına səbəb olan xəyanət və vəfasızlığı;”

CAVAB:

Biz bir daha təkrarlayırıq: Kufə əhalisi həmin vaxt şiə deyildilər. Əksinə, onlar Əbu Süfyan ailəsinin şiələri ( tərəfdarları) və Əhli-Beytin (ə) düşmənləri idilər. Onların əməlləri də bizim dediklərimizi təsdiqləyir. O hadisələrlə şiələrin heç bir əlaqəsi olmayıb. Əvvəldə etdiyimiz iradlara müraciət edin.

* * *

Müəllif yazır:

“3. Əhli-Beyt (ə) Hüseynin (r.a) və onunla birlikdə olanların qətlinin məsuliyyətini şiələrin üzərinə qoyur. Belə ki, kufəlilərdən biri də Fatimətus-Suğranın sözlərinə verdiyi cavabında Əlinin və oğlanlarını məhz onlar tərəfindən öldürüldüklərini və qadınlarını əsir aldıqlarını etiraf edir. Necə ki, yuxarıdakı mətndə bunu təqdim etdik”.

CAVAB:

Əhli-Beytin (ə) sözlərində İmam Hüseynin (ə) qətlinin məsuliyyətini şiələrin üzərinə qoyduqlarına dair heç bir ifadə yoxdur, həmçinin Hüseynin (ə) sözləri arasında da Kərbəlada toplaşmış kəsləri özünün şiələri kimi vəsf edən bir kəlmə də yer almayır. Əksinə, əvvəldə də qeyd etdiyimiz kimi, onları Əbu Süfyanın şiələri (tərəfdarları) kimi vəsf edir.

Bir kufəlinin Xanım Fatimətus-Suğraya (ə) verdiyi cavaba gəldikdə, bu, heç də təəccüblü deyildir. Çünki İmam Hüseynin (ə), əshabının və ailəsinin qətlinin icraçıları birbaşa kufəlilərdir. Lakin onların heç biri şiə deyildilər. Müəllif isə həmin dövrdə yaşayan kufəlilərin və ya İmam Hüseynlə (ə) Kərbəlada döyüşənlərin Əhli-Beyt (ə) şiələri olduqlarına dair bir dənə də olsun dəlil təqdim etmir. Eləcə də İmam Hüseynin (ə) qətlinin məsuliyyətini şiələrin üzərinə qoyduqlarına dair Əhli-Beytin (ə) də heç bir sözünü sübut kimi göstərmir. Onun bütün iddiaları puç və dəlilsizdir. Əksinə, dəlillər onun iddialarına ziddir.

* * *

Müəllif yazır:

“4. Əhli-Beyt (ə) şiələrinə dua edərək (!) onları bu ümmətin tağutları və (Peyğəmbərlə (s) savaşan) qoşunların qalıqları, kitabı kənara atanlar olaraq vəsf edirlər. Sonra bu sözlərinin ardınca əlavə olaraq deyirlər: “Bilin ki, Allahın lənəti zalımların üzərinədir!”

CAVAB:

İmam Hüseynin (ə) bu ümmətin tağutları, Peyğəmbərlə (s) savaşanların qalıqları və kitabı kənara atanlar kimi səciyyələndirdiyi kəslər onu öldürmək üçün Kərbəla çölünə toplaşmış şəxslərdir. O, onları Əbu Süfyanın şiələri olaraq vəsf edir. Onların heç biri İmam Hüseynin (ə) şiəsi, dostu və ya ona məhəbbət bəsləyən şəxslərdən deyildi. Söylədiklərimizin doğruluğuna əmin olmaq üçün İmam Hüseynin (ə) orada söylədiyi sözlərə nəzər sal.

* * *

Müəllif yazır:

“Ona görə də fəqihlərinin rəvayət etdikləri bir hədisdə nəql edildiyinə əsasən, şiələr İmam Əbu Abdullah Sadiqin (ə) yanına gəlib belə demişdilər: “Biz özümüzə elə bir ləqəb götürmüşük ki, onun ağırlığı bizim belimizi bükür, mənfəətlərimiz aradan gedir (və ya qəlblərimiz ölür), fəqihlərinin onlara rəvayət etdikləri hədislərlə (sözlərlə) məmurlar qanımızı halal bilir”. Əbu Abdullah (ə) onlardan “Rafizi (inkarçı)” ləqəbini nəzərdə tutursunuz?” deyə soruşduqda isə onlar “Bəli” deyə cavab verdilər. Buyurdu: “Xeyr, Allaha and olsun ki, sizi onlar belə adlandırmayıblar… Allah sizi bu cür adlandırıb” (“əl-Kafi”, 5/34).

Əbu Abdullah onları əhli-sünnənin deyil, Allahın “rafizi” adlandırdığını bəyan etdi”.

CAVAB:

Bu hədisin sənədi zəifdir. Belə ki, hədisin raviləri arasında Səhl ibn Ziyad adlı şəxs vardır ki, o, alimlərin məşhur rəyinə əsasən, zəif ravidir.

Nəcaşi onun barəsində deyir: “Səhl ibn Ziyad Əbu Səid əl-Adəmi ər-Razi. Hədis nəqlində zəifdir, onu etimad olunmaz. Əhməd ibn Muhəmməd ibn İsa onun ğali (həddi aşan düşüncələrə sahib) və yalançı olduğuna şahidlik edirdi. Onu Qumdan Reyə sürgün etmiş və o, orada məskunlaşmışdı…”. (“Ricalun-Nəcaşi”, 1/417)

Şeyx Tusi yazır: “Səhl ibn Ziyad Əbu Səid əl-Adəmi ər-Razi. Künyəsi Əbu Səiddir. Zəifdir”. (“əl-Fihrist”, Tusi, səh.142)

Təhqiqatçı Xoyi “Mö`cəmu ricalil-hədis” kitabında yazır:

“Nəcaşi və Şeyx Muhəmməd ibn Əhməd ibn Yəhyanın tərcümeyi-halında yazırlar: “İbn Vəlid Muhəmməd ibn Əhməd ibn Yəhyanın rəvayətləri arasından digərləri ilə bərabər Səhl ibn Ziyad əl-Adaminin rəvayətlərini də istisna etmişdir. Şeyx Səduq və İbn Nuh da onun bu addımını izləmişdir. Onlar Muhəmməd ibn Əhməd ibn Yəhyanın Səhl ibn Ziyaddan nəql etdikləri rəvayətlərə etimad etməmişlər. İbn Ğəzairi deyir: “Səhl ibn Ziyad Əbu Səid əl-Adəmi ər-Razi: Olduqca zəif ravidir, rəvayətləri və məzhəbi (əqidəsi) fasiddir (zaydır). Əhməd ibn Muhəmməd ibn İsa əl-Əş`əri onu Qumdan sürgün etmiş və ondan (onun söz və düşüncələrindən) uzaq olduğunu elan etmiş, camaata ondan hədis dinləməyi və rəvayət etməyi qadağan eləmişdi. O, mürsəl hədislər nəql edirdi və dəqiq olmayan sözlərə etimad göstərirdi”. (“Mö`cəmu ricalil-hədis”, 8/339)

Və deyir: “Necə də olmasın?! Səhl ibn Ziyad əl-Adəmi qəti olaraq zəifdir, onun inanılan şəxs olması sübuta yetməyib”. (“Mö`cəmu ricalil-hədis”, 8/340)

Rəvayətin ravilərindən biri də Muhəmməd ibn Süleymandır. O, Muhəmməd ibn Süleyman əl-Bəsri əd-Deyləmidir. Onun zəif ravi olduğunu əvvəl qeyd etmişik.

Həmçinin onların arasında Süleyman ibn Abdullah əd-Deyləmi vardır. O, yuxarıda adını qeyd etdiyimiz ravi Muhəmməd ibn Süleymanın atasıdır. Nəcaşinin onun barəsindəki sözlərini sizə nəql etdik ki, o, (söz və düşüncələrində ğüluvv edən) həddi aşan və yalançı şəxs idi.  Həmçinin oğlu Muhəmməd də elə idi. Təkcə onlardan nəql edilən rəvayətlərə əməl olunmaz.

Sənəd cəhətindən rəvayətin vəziyyəti belədir. Mətninə gəldikdə, rəvayət şiələrin tənqidinə deyil, mədhinə dəlalət edir. Kuleyninin (q.s) “əl-Kafi”də rəvayət etdiyi bu hədisi tam mətnilə sizə təqdim ediirik:

Kuleyni yazır:

“Əshabımızdan bir neçə nəfər Səhl ibn Ziyaddan, o da Muhəmməd ibn Süleymandan, o da atasından nəql edir: “İmam Əbu Abdullah Sadiqin (ə) yanında idim. Bu vaxt Əbu Bəsir onun yanına gəldi, (İmamın (ə) hüzurunda və oradakıların qarşısında) həya edirdi. Keçib yerinə əyləşdikdə İmam Əbu Abdullah Sadiq (ə) ona buyurdu: “Ey Əbu Muhəmməd, göstərdiyin bu çəkingənlik və həyanın səbəbi nədir?” Dedi: “Ey peyğəmbər övladı, sənə fəda olum! Yaşlaşmışam, sümüklərim zəifləyib, əcəlim yaxınlaşıb, axirətdə nə ilə qarşılaşacağımı bilmirəm”. İmam Əbu Abdullah Sadiq (ə) buyurdu: “Ey Əbu Muhəmməd, bunu sənmi söyləyirsən?!” Dedi: “Sənə fəda olum, necə də söyləməyim?!” Buyurdu: “Ey Əbu Muhəmməd, məgər bilmirsənmi ki, Uca Allah sizin gənclərinizə ehtiram göstərir, ahıllarınızdan isə həya edir?” Ardınca dedi: “Allah gənclərinizə ehtiramı göstərib əzab verməz, ahıllarınızdan həya edib onları hesaba çəkməz”. Dedim: “Sənə fəda olum, bu yalnız bizə xas xüsusiyyətdir, yoxsa bütün tövhid əhlinə?” Deyir: “Buyurdu: “xeyr, Allaha and olsun ki, bu aləmdən yalnız sizə məxsus xüsusiyyətdir”. Dedi: “Dedim: “Sənə fəda olum, bizə elə ləqəb qoyulub ki, bu bizim belimizi qırıb, mənfəətlərimiz aradan gedib (qəlblərimiz (qorxudan) ölüb), fəqihlərinin onlara (valilərə) nəql etdikləri sözlərə görə məmurlar bizim qanımızı halal biliblər”. İmam (ə) buyurdu: ““Rafizi (inkar edən)” ləqəbini nəzərdə tutursan?” Dedi: “Dedim: “Bəli”. Buyurdu: “Xeyr, Allaha and olsun ki, sizi onlar deyil, Allah “rafizi” adlandırıb. Ey Əbu Muhəmməd, məgər bilmirsənmi ki, Fironu və onun qövmünü zəlalətdə olduqları aydınlaşdıqda İsrail övladlarından yetmiş nəfər onları inkar etmiş, hidayət üzərində olması özlərinə aydınlaşan Musaya (ə) qoşulmuşdular. Onlar Musanın əsgərləri arasında “Rafizi” deyə adlandırılırdılar. Çünki onlar Fironu inkar etmişdilər. Onlar əsgərlər arasında ən çox ibadət edən, Musanı (ə), Harunu (ə) və onların nəslini ən çox sevən şəxslər idilər. Uca Allah Musaya (ə) belə vəhy etmişdi: “Onların bu adlarını (rafizi adını) Tövratda qeyd et. Mən onları belə adlandırmış və bu adı onlara vermişəm”. Musa (ə) onların adını Tövrata belə yazdı. Sonra da Uca Allah bu adı sizin üçün saxladı və sizə verdi. Ey Əbu Muhəmməd, onlar (müxalifləriniz) xeyri, siz isə şəri inkar etmişsiniz. Camaat firqələrə, dəstələrə parçalanmışlar. Siz isə Peyğəmbərinizin (ə) Əhli-Beytilə (ə) birlikdə qalmışsınız, onların getdikləri yolla gedirsiniz, Allahın sizin üçün seçdiyi şəxsləri özünüzə öndər seçmiş, Allahın iradə etdiyi şəxsləri qəbul etmişsiniz. Müjdələnin, bir daha müjdələnin! Allaha and olsun, siz mərhəmət olmuş, əməlləri qəbul edilmiş və günahları bağışlanmış şəxslərsiniz. Qiyamət günü Allahın hüzuruna sizin sahib olduğunuzla (əqidənizlə) gəlməyən kəslərin xeyir əməlləri qəbul edilməz, günahları bağışlanmaz. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allahın mələkləri vardır ki, külək payızda yarpaqları düşürdüyü kimi, onlar da bizim şiələrin üzərindən günahlarını düşürürlər (götürürlər). Bu, Uca Allahın Qurandakı sözüdür: “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir,.. möminlərin bağışlanmasını diləyərək belə deyirlər...” (“əl-Mu`min” surəsi, ayə 7).  Allaha and olsun ki, onlar məxluqlardan yalnız sizin üçün bağışlanma diləyirlər. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah Kitabında sizləri yad edərək belə buyurur: “Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. (“əl-Əhzab” surəsi, ayə 23) Siz Allahın bizim vilayətimizə dair sizlərdən aldığı sözə sadiq qalanlarsınız, siz bizi başqalarına dəyişmədiniz. Əgər bunu etməsəydiniz, Allah sizi də onlar kimi danlayardı. Belə ki, Uca Allah Quranda buyurur: “Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük”. (“əl-Ə`raf” surəsi, ayə 102) Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah sizi Kitabında yad edərək buyurur: “...Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər”. (“əl-Hicr”, surəsi, ayə 47) Allaha and olsun ki, bu sözlərilə sizdən başqasını nəzərdə tutmayıb. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, (Uca Allah buyurur:) “Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!”. (“əz-Zuxruf” surəsi, ayə 67) Allaha and olsun ki, bu ayədə nəzərdə tutulan müttəqilər sizsiniz. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah Öz kitabındakı bir ayədə bizi, şiələrimizi və düşmənlərimizi yad edərək buyurur: “De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (“əz-Zumər” surəsi, ayə 9) Bilənlər bizik, bilməyənlər düşmənlərimizdir, ağıl sahibləri isə şiələrimizdir. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Allaha and olsun, Uca Allah peyğəmbərlərin canişinlərindən və onların ardıcıllarından yalnız Əmirəl-möminini (ə) və onun şiələrini xüsusi imtiyazla istisna etmiş, Kitabın belə buyurmuşdur ki, şübhəsiz ki, Onun sözü haqdır: “O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! Allahın rəhm etdiyi kimsədən başqa!” (“əd-Duxan” surəsi, ayə 41-42) Yəni, Əlidən (ə) və şiələrindən başqa. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah sizi Öz kitabında yad edərək buyurur: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (“əz-Zumər” surəsi, ayə 53) Allaha and olsun, bu sözlərilə sizdən başqasını nəzərdə tutmayıb. Səni sevindirdimmi, ey Əbu Muhəmməd?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah sizi kitabında yad edərək buyurur: “...bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin (Şeytanın) heç bir hökmün olmaz!” (“əl-Hicr” surəsi, ayə 42) Allaha and olsun ki, bu sözdə məqsədi yalnız İmamlar (ə) və onların şiələridir. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah sizin barənizdə Quranda buyurur: “Onlar Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (“ən-Nisa” surəsi, ayə 69) Bu ayədə Peyğəmbər nəbilər, biz siddiqlər və şəhidlər, siz isə salehlər sırasındasınız. Allah sizi adlandırdığı kimi, siz də özünüzü salehlər olaraq adlandırın. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Uca Allah Cəhənnəm odundakı düşmənlərinizdən bəhs edərkən də sizi yad etmiş və buyurmuşdur: “Deyəcəklər: “(Dünyada) pis adamlar saydığımız kəsləri niyə burda görmürük? Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!” (“Sad” surəsi, ayə 62-63.) Allaha and olsun ki, bu ayədə də məqsəd sizsiniz. Dünya əhli sizi ən pis və azğın insanlar olaraq görürlər, halbuki Allaha and olsun ki, siz Cəhənnəm odu arasında axtarılsanız da Cənnətdə sevinc və şadlıq içindəsiniz. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, Quranda Cənnətə vəd edilən, xeyirxah əməllərinin yad olunduğu elə bir ayə yoxdur ki, o ayə bizim və şiələrimiz haqda olmasın. Şər əməlləri yad edən və Cəhənnəmə götürüləcəklərini bildirən elə bir ayə yoxdur ki, bizim düşmənlərimiz və müxaliflərimizə şamil olmasın. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Dedi: “Dedim: “Sənə fəda olum, davam et”. Buyurdu: “Ey Əbu Muhəmməd, yalnız biz və bizim şiələrimiz İbrahimin (ə) dini üzərindəyik. Digər insanlar isə bundan uzaqdırlar. Ey Əbu Muhəmməd, səni sevindirdimmi?” Digər rəvayət isə “Bu mənə yetərlidir” dediyi qeyd olunur”. (“əl-Kafi”, 8/28)

Oxucunun da anlayacağı kimi, bu rəvayət bütünlüklə şiələrin mədhinə və tərifinə söylənib, “rafizi” (inkarçı) kəlməsini haqq əhli üçün Allahın seçdiyini bəyan edir. Bu kəlmədəki məqsəd isə batili inkar edərək haqqa tapınanlardır.

Lakin müəllif hədisin cümlələrini kəsərək nəql etmiş, bununla da rəvayətdə şiələrin tənqid edildiyi təəssüratını oxucuda yaratmaq istəyib. Bu, müəllifin nəql etdiyi dəlillərdə etibarsızlığını, əmin şəxs olmadığını və iddialarında yanlışlığını bir daha təsdiqləyir.

* * *

Müəllif yazır:

“Bu mətni dəfələrlə oxudum, üzərində çox düşünüb-daşındım. Xüsusi bir qovluqda saxladım, neçə-neçə gecələri buna və sizə nəql etdiyi bu sözlərə baxaraq keçirdim. Bunlara baxdıqca içimdən yalnız yüksək səslə belə demək gəlirdi: “Ey Əhli-Beyt, şiələrinizdən çəkdiklərinizə görə Allah sizin yardımçınız olsun!”

CAVAB:

Əgər müəllif özünün iddia etdiyi kimi, gerçəkdən də fəqih və həqiqət axtaran bir şəxs idisə, o zaman rəvayətlərin mətnləri ilə oynamaq bir kənara dursun, zəif və mürsəl deyil, yalnız səhih hədisləri dəlil olaraq götürməli, öz iddialarının doğruluğunun isbatı üçün bizə bircə də olsa, səhih rəvayət təqdim etməli idi. Halbuki o, zəif və ya səhihliyini araşdırmadan, dəlil sayılıb-sayılmadığına məhəl qoymadan gözünə sataşan bütün rəvayətləri kitabında nəql edib.

Fəqihlik və ictihad iddiası edən bir kəs üçün olduqca təəccüblü bir haldır! Fəqih bir şəxs dəyərli ilə dəyərsiz arasında necə fərq qoymağı bacarmaz, zəif rəvayətlərə əsaslanıb (iddiasına görə) əqidəsində şəkkə düşə bilər, şiənin mədhinə və fəzilətlərinin bəyanına dair söylənmiş saysız səhih hədislərə göz yumar?! Halbuki bu mövzuda olan hədislərin sayı yüzlərlədir. Bundan əlavə, onların fəzilətlərinə dair Peyğəmbərin (s) və İmamların (ə) hədislərini həm şiələr və həm də sünnilər öz kitablarında nəql ediblər. Onların bəzisi məşhurdur və inkar olunmayacaq həddədir. Hətta bəzi əhli-sünnə mənsubları mədh olunan həmin şiələrin məhz özləri olduqlarını da iddia etmişlər. Necə ki, Mötəzililər də bunu iddia edirdilər.

İbn Həcər əl-Heytəmi özünün “əs-Səvaiqul-muhriqə” kitabında yazır:

“Onun (yəni Əlinin (ə)) şiələri onu Allahın və Peyğəmbərinin (s) buyurduğu kimi, sevən əhli-sünnə mənsublarıdır. Digərləri isə həqiqətdə onun düşmənləridir. Çünki şəriətdən kənara çıxmış məhəbbət və hidayətdən qopmuş sünnə əslində ən böyük ədavətdir. Bu səbəbdən (həmin məhəbbət) həlaka səbəb olur”. (“əs-Səvaiqul-muhriqə”, səh.183)

İbn Əbul-Hədid “Nəhcul-Bəlağənin şərhi” kitabında yazır:

“Həmin əsr şiə yalnız onu (yəni Əlini (ə)) digərlərindən üstün tutanlara deyilirdi. Onu üstün bilənlər şiə adlandırılırdı. Şiələrin fəzilətləri və üstünlükləri, onların cənnət əhli olmaları, nemətlər içində əbədi qalacaqları ilə bağlı nəql olunan bütün rəvayət və xəbərlər yalnız onlara aiddir. Buna görə də Mötəziləli yoldaşlarımız öz kitab və əsərlərində belə demişlər: “Həqiqi şiələr bizik”. Bu, doğruya ən yaxın, təfrit və ifrat əhlinin iddialarındansa, haqqa ən çox bənzəyən sözdür”. (“Nəhcul-Bəlağənin şərhi”, 4/522)

Şiənin fəziləti belə yüksək səviyyədə olduğu halda, müəllifin nə üçün zəif və mürsəl hədislərə etimad etdiyini, şiələrin üstünlüklərinə və nicat tapacaqlarına dəlalət edən çox sayda səhih hədislərə göz yumduğunu anlamaq olmur!

* * *

Müəllif yazır:

“Nəbi və rəsullarının, xüsusilə də Peyğəmbərimizin (s) öz qövmündən hansı əziyyətləri gördüklərini yaxşı bilirik. Lakin mən iki nəfərə təəccüb edirəm. Onlardan biri Musadır (ə). O, İsrail oğullarına qarşı səbr göstərdi. Belə ki, Qurani-Kərim Musanın (ə) hadisələrini digərlərindən daha çox nəql edib, İsrail oğullarının bir çox əziyyətlərinə, üz döndərmələrinə, hiylələrinə və fitnələrinə necə səbr etdiyini açıqlayıb.

Həmçinin şiə mərkəzi olan Kufə əhalisindən gördükləri xəyanətlər, vəfasızlıqlar, qətllər, mallarının qəsb olunması və s. qarşılığında necə böyük səbr göstərdiklərinə görə Əhli-Beytə təəccüb edirəm. Bütün bunlara rəğmən biz (şiələr) əhli-sünnəni məzəmmət edir, bunun məsuliyyətini onların üzərinə qoyuruq!”

CAVAB:

Ötən bəhslərdə qeyd etdiyimiz kimi, Kufə əhalisi şiə deyildilər, həmin dövrün əhli-sünnə əqidəsində idilər. Burada həmin sözləri təkrarlamağa lüzum görmürük.

Belə ki, müəllif Kufə əhalisinin İmam Hüseynə (ə) və əshabına qarşı böyük cinayətləri barədə dəlillər nəql etmir, kufəlilərin digər İmamlara (ə) qarşı rəftarlarına nəzər yetirmir. Onları bütün Əhli-Beyt imamlarına (ə) qarşı pis rəftar göstərməkdə ittiham etməsini anlamaq olmur!

Təəccüblüdür, müəllif Əməvilərin Əhli-Beytə (ə) qarşı düşmənçiliklərini ya unudub, ya da bilərəkdən bu faktlara göz yumub. Halbuki kufəlilərin etdikləri hər bir pislik Əməvilərin və onların hakimiyyət dairələrinin birbaşa əmri və göstərişlərilə icra edilirdi.

Məgər müəllif Müaviyəni, Əmr ibn Ası, Ziyad ibn Əbihi, Müğeyrə ibn Şəbəni, Busr ibn Ərtəəni, Təlhəni, Zübeyri və onlarla birlikdə Əli (ə) ilə savaşanları şiə olaraq görür?!

Məgər Yezid ibn Müaviyənin, Übeydullah ibn Ziyadın, Ömər ibn Sədin, Şimr ibn Zil-Cövşənin və onlarla birlikdə İmam Hüseynin (ə) qətlində əlbir olanların şiə olduqlarını düşünür?!

Üməyyə oğullarının Əhli-Beytə (ə) qarşı cinayətlərini yalnız qəlbini Allahın kor etdiyi və bəsirətini aradan apardığı kəslər inkar edər!

Qurtubi yazır:

“Bu vəsiyyət və böyük təkid Peyğəmbərin (s) ailəsinə ehtiramın, onlara qarşı xeyirxah davranmağın, hörmət etməyin, məhəbbət bəsləməyin vacibliyinə hökm edir və bundan üz çevirən kəsə heç bir üzr yeri qoymur. Bütün bunlarla yanaşı onların Peyğəmbərə (s) olan yaxınlıqları və onun bir parçası olduqları bilinməkdədir. Belə ki, onlar Peyğəmbərin (s) kökündən mənşə tapmış budaqlarıdırlar. Necə ki, buyurur: “Fatimə mənim bir parçamdır”. Buna rəğmən Üməyyə oğulları kobudcasına bu haqlara xilaf çıxdılar və onlarla düşmənçilik etdilər, qanlarını axıtdılar, qadınlarını və körpələrini əsir götürdülər, yurdlarını viran qoydular, şərəf və fəzilətlərini inkar etdilər, onları söyməyi və lənətləməyi tələb etdilər. Bununla da Mustafanın (s) vəsiyyətinə qarşı çıxdılar, onun daşıdığı məqsədləri tapdadılar. Peyğəmbərin (s) qarşısında dayanacaqları gün vay olsun onlara! Onun (s) qarşısına gətiriləcəkləri gün vay olsun qarşılaşacaqları rüsvayçılığa!” (“Feyzul-Qədir”, 3/14)

Həmçinin əhli-sünnə alimlərinin Əhli-Beyti (ə) Allahın onlar üçün müəyyən etdiyi məqamdan endirmək, fəzilətlərinin və üstün əməllərinin inkar etmək cəhdlərinə oxucunun nəzər salması da yetərlidir. Onlar hətta tüləqa və münafiqləri, İslamda heç bir keçmişi olmayanları Əhli-Beytdən (ə) öndə tutmuş, fəzilətlərini onların adlarına çıxarmışlar. Sanki Peyğəmbər (s) Əhli-Beytini deyil, məhz onları ümmətə vəsiyyət etmiş və onlara sevgi bəslənməsini buyurmuşdur.

İbn Qüteybə əd-Dinəvəri “əl-İxtilafu fil-ləfz” kitabında yazır:

“Hədisşünaslardan çoxu Əlinin (kərrəməllahu vəchəh) fəzilətlərinə dair hədis nəql etməkdən və ya barəsində layiq olduğu sözləri söyləməkdən çəkinmişlər. Halbuki onunla bağlı hədislərin səhih mənbələri vardır. Onlar Əlinin oğlunu dindən üz döndərmiş, müsəlmanların birliyini pozan şəxs kimi təqdim etmiş, qanını halal bilmiş və bu işdə Peyğəmbərin (s) sözünə əsaslanmışlar: “Kimliyindən asılı olmadan, ümmətimə qarşı çıxan dəstəni öldürün”. Həmçinin fəzilətdə onları Şura əhli ilə bərabər tutmuşlar. Belə ki, əgər Ömər onun fəzilətini görsəydi, onu şuradakılardan üstün tutar və məsələni Şuraya həvalə etməzdi. Beləliklə də ona və fəzilətlərinə qarşı səhlənkarlıq etdilər və nəticədə alimlər onun üstünlüklərinə dair hədis söyləməkdən də çəkindilər, bütün fəzilətləri Əmr ibn Asın və Müaviyənin adına çıxdılar. Sanki məqsədləri heç de o ikisi deyildi, məhz Əli idi. Əgər bir kəs desə ki, “Əli Peyğəmbərin qardaşı və nəvələri Həsən və Hüseynin atasıdır; Əba əhli Əli, Fatimə, Həsən və Hüseyndir” sanki qəlblərinə tikanlar batacaq. Əgər bir kəs Peyğəmbərin (s) “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” və ya “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir” və bu kimi sözlərini yad etsə, rafizilərə (şiələrə) qarşı nifrətlərindən və onların Əliyə (ə) olan bağlılıqlarından dolayı həmin an bu hədisləri puç çıxarmaq üçün yollar axtarmağa və əhəmiyyətini kiçiltməyə can atacaqlar”. (“əl-İxtilafu fil-ləfz”, səh.41-42)

Bütün bunlar baş verməzdən öncə Peyğəmbər (s) bu haqda məlumat vermişdi. Hakim Nişapuri “əl-Müstədrək”də, Nüeym ibn Həmmad “əl-Fitən” kitabında Əbu Səid Xudridən nəql edirlər:

“Peyğəmbər (s) buyurdu: “Məndən sonra Əhli-Beytim ümmətim tərəfindən qətl və məhrumiyyətə məruz qalacaq. Bizə qarşı ən çox nifrət bəsləyən Üməyyə, Müğeyrə və Məxzum oğulları olacaq”.

Hakim yazır: “Bu, sənədi səhih hədisdir, Buxari və Müslim kitablarında nəql etməyiblər”. (“əl-Mustədrəku ələs-səhiheyn”, 4/534, Heydərabad çapı, 4/487; “əl-Fitən”, Nüeym ibn Həmmad, səh.83.)

Möhtərəm oxucu, indi bax ki, Əhli-Beyt (ə) müsibətlərə öz şiələrindən, aşiqlərindən, ardıcıllarından və onları digərlərindən üstün tutan şəxslər tərəfindən düçar olub, yoxsa onların qanları axıdan, üstünlüklərini inkar edən və onlara nifrət bəsləyən düşmənləri tərəfindən?!

Şeyx Əli Ali-Muhsin

313news.net

 

Рейтинг

В этом разделе