Əhli-beyt (ə) öz şiələrini xəyanətdə günahlandırıblarmı? (1-ci hissə)

»»

Əhli-beyt (ə) öz şiələrini xəyanətdə günahlandırıblarmı? (1-ci hissə)

“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“İmam Həsən (ə) deyir: “Allaha and olsun ki, Müaviyə barədə fikrim bunlar barədə rəyimdən daha yaxşıdır.  Bunlar mənim tərəfdarlarım (şiələrim) olduqlarını iddia etdikləri halda, mənim qətlimi və malları ələ keçirməyi istəyirlər. Allaha and olsun, Müaviyədən mənim canımın qorunması və ailəmi amanda saxlanması barədə vədi almaq, bunların məni öldürməsindən və əhli-beytimi aradan aparmalarından daha yaxşıdır. Allaha and olsun, əgər Müaviyə ilə döyüşsəm, onlar mənim boynumdan yapışıb ona təslim edərlər. And olsun ki, izzətimi qoruyub onunla sülh bağlamağım əsir halda öldürülməyimdən daha yaxşıdır” (“əl-İhticac”, 2/15).

CAVAB:

Sənəd cəhətindən bu rəvayət zəifdir, çünki mürsəl rəvayətdir və ondan dəlil kimi istifadə etmək doğru deyil.

Mətninin dəlalətinə gəldikdə isə; gizli deyildir ki, İmam Həsən (ə) burada xüsusi bir dəstəni danlayır, onların xüsusiyyətlərini vəsf edir, onun şiələri olduqlarını iddia etdiklərini, lakin onu qətlə yetirmək və mal-dövlətini qəsb etmək istədiklərini, döyüşəcəyi təqdirdə isə onu yaxalayıb Müaviyəyə təslim edəcəklərini bildirir.

İmam Həsən (ə) bu sözlərilə zahirdə onu dəstəklədiklərini göstərsələr də, gizlində Müaviyəyə məktub yazan kəslərə işarə edir. Halbuki bunlar nə onun şiələri və nə də dostlarıdır.

Məzəmmətli sözlər də ümumən şiələrə deyil, məhz bu kəslərə ünvanlanır.

Daha aydın sözlərlə: İmam Həsən (ə) öz şiələrini və ardıcıllarını deyil, şiə olduqlarını iddia edən, lakin həqiqətdə şiə olmayan kəsləri danlayır.

Buna görə də rəvayətin sonunda xəbəri rəvayət edən Ziyad ibn Vəhəb əl-Cəhninin bu sözlərini oxuyuruq: “Dedim: “Ey Peyğəmbər övladı! Şiələrini çobansız sürü kimi qoyursan?”

İmam (ə) buyurdu: “Ey cəhnili, nə edim? Allaha and olsun ki, etibarlı şəxslərin mənə verdikləri məlumatlardan xəbərdaram ki,..”.

İmam (ə) bununla hakimiyyətin Müaviyəyə ötürülməsi barədə planların olduğunu, onun haqqı və sünnəni məhv edib batili və bidətləri dirçəldəcəyindən, hakimiyyəti altında olan möminləri zəlil, fasiqləri isə qüdrəti edəcəyindən, mal-dövləti öz tərəfdarları arasında paylaşdırıb, Allahın sadiq bəndələrini isə asılı vəziyyətə salacağından və s. xəbərdar olduğunu bildirir.

Bu, aydın surətdə danlağın bütün şiələrə deyil, xüsusi bir dəstəyə şamil olduğuna dəlalət edir.

Bununla belə, müəllif İmam Həsənin (ə) sözünün sonunda Müaviyəni məzəmmət edən sözlərini görməzlikdən gəlmişdir. İmam (ə) orada buyurur: “Və mənə minnət qoyar, nəticədə bu, zamanın sonunadək Haşim oğullarına bir təhqir olar, Müaviyə də bundan sonra bizim dirimizə də, ölümüzə də bununla minnət edər”.

Bax, gör ki, müəllif Üməyyə oğulları barədə söylənən bu məzəmmətli sözləri yazmaqdan necə çəkinib. Halbuki yazsaydı, yalnız İmam Həsənin (ə) sözlərini nəql etmiş olacaqdı!!! Bu kitabda buna bənzər nümunələr çoxdur, onlardan bir hissəsinə qarşıda işarə edəcəyik.

* * *

Müəllif yazır:

“İmam Zeynəlabidin (r.a) Kufə əhlinə deyir: “Məgər bilmirsiniz ki, atama məktublar yazdınız, sonra onu aldatdınız, öz tərəfinizdən ona vədlər və qəti söz verdiniz, ardınca da onu yalnız qoyub ona qarşı savaşdınız?! Peyğəmbər (s) sizə “Mənim ailəmi qətlə yetirdiniz, ehtiramımı tapdadınız! Siz mənim ümmətimdən deyilsiniz!” dediyi vaxt onun üzünə necə baxacaqsınız?” (“əl-İhticac”, 2/32).

Həmçinin onlar barədə deyir: “Bunlar bizim üçün ağlayırlar, halbuki bizi bunlardan başqasımı qətlə yetirdi?” (“əl-İhticac”, 2/29).

CAVAB:

Bu rəvayətin sənədi zəifdir, buna rəğmən də həmin dövrdə yaşayan kufəliləri danlayır. Biz əvvəlki bəhslərdə həmin dövrlərdə Kufə əhalisinin şiə olmadıqlarını, Müaviyənin hakimiyyəti vaxtlarında artıq orada bir nəfər də olsun şiənin qalmadığını, eləcə də İmam Hüseynə (ə) qarşı döyüşə çıxanların arasında bir nəfər də olsun şiə kimi tanınan şəxsin olmadığını isbatladıq. Həmin bəhsi biz burada təkrarlamaq üçün oraya müraciət edin.

Bununla belə, müəllifin nəql etdiyi rəvayətdə İmam Zeynəlabidinin (ə) Şəbəs ibn Rib`i, Həccar ibn Əbcər və onlar kimi İmam Hüseynə (ə) məktub göndərib, sonra isə onunla savaşanları kəsləri danladığı aydın görünür. Bunlar və digərlər isə, yuxarıda da qeyd etdiyimiz kimi, əsla şiə deyildilər.

* * *

Müəllif yazır:

“İmam Baqir (r.a) deyir: “Əgər bütün insanlar bizim tərəfdarımız olsaydılar, onların dörddə üç hissəsi bizim barəmizdə şəkdə olanlar, digər hissəsi isə axmaqlar olardılar” (“Ricalul-Kəşşi”, səh.79).

CAVAB:

Bu rəvayətin də sənədi zəifdir, Ravilərinin arasında Səllam ibn Səid əl-Cəmhi vardır ki, halı məchul şəxsdir, rical (tərcümeyi-hal) kitablarında etibarı təsdiqlənməyib.

Maməqani “Tənqihul-məqal”da yazır:

“Səllam ibn Səid əl-Cuməhi. Onun barəsində əl-Kəşşinin “Rical”ında Əsləm Qəvvas əl-Məkkinin rəvayətilə bağlı fikir bildirilmişdir. Orada onda Asim ibn Hümeyd, o da Muhəmməd ibn Hənəfiyyənin qulamı Əsləmdən nəql edib. Tərcümeyi-hal kitablarında ona əhəmiyyət verilməyib, nə tərifinə və nə də pislənməsi barədə bir söz söylənməyib”. (“Tənqihul-məqal”, 2/43)

Rəvayətin ravilərindən biri də Muhəmməd ibn Hənəfiyyənin qulamı Əsləmdir. Həmçinin onun da halı məchuldur, tərcümeyi-hal kitablarında etibarlılığı təsdiqlənməyib.

Buna əsasən, rəvayət səhih deyil və onun dəlil kimi təqdim etmək doğru sayılmır.

Mətninə nəzər saldıqda isə bunları demək olar: “Ərəbcə mətnində olan “ləv” kəlməsi səbəbin baş vermədiyinə görə nəticənin inkarına dəlalət edir. Bu rəvayətdə şiələrin dördə üçünün şəkdə, qalan bir hissəsinin də axmaq olması inkar edilmişdir, səbəb isə bütün insanların şiə olmamasıdır.

Buna əsasən, rəvayətdə şiəyə qarşı hər hansı bir irad yoxdur və onlara qarşı hər hansı bir məzəmmətə də dəlalət etmir.

Buna görə də heç kəsin Uca Allahın “Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (“əl-Ənbiya” surəsi, ayə 22) sözünə istinad edərək Allahdan savayı ilahların olduğunu, yer və göylərin fəsada uğradığını söylədiyini görmürük. Çünki “ləv” ədatı bir şeyin baş verməsinin mümkünsüzlüyünə görə digərinin inkarına dəlalət edir. Bu ayədə də Allahdan savayı ilahların varlığının mümkünsüzlüyü yerlə göylərin fəsada uğramasını inkar etmiş olur.

Bəlkə də bu rəvayətdə məqsəd budur: Əgər bütün insanlar şiə olsaydılar onların dörddə üçün şəkdə, qalan hissəsi isə axmaq olardılar – yəni, belə olsaydı insanlar öz əqidələrini digərlərinə təqlid etməklə əldə edərdilər, onlara müxalif əqidəli bir kəs olmadığı üçün öz əqidələrini isbatlamağa ehtiyac duymazdılar, bu vəziyyət onları sonda həqiqət barədə şəkkə düşürərdi. Ancaq fərqli məzhəblərin mövcudluğu isə bunun əks nəticəsini verir. Belə ki, öz əqidəsinin dəlillərinin qarşı tərəfin dəlillərini puç etdiyini görən şəxs əqidəsinin haqq olduğuna yəqin iman bəsləyir və etiqadının əsaslandığı dəlilləri isbatlamış olur.

Yerdə qalan bir hissə isə düşüncəsiz və haqqı batildən ayıra bilməyən şəxslərdir, öz düşüncələri olmadığı üçün hər səslənən fikirlə razılaşıb, qəbul edirlər. Bu qisim insanlar hər bir dövrdə vardır. Əgər yer üzündəki insanların hamısı şiə olsaydılar, onlar da şiə olacaqdılar. Lakin çoxsaylı məzhəblərin varlığı ilə bərabər bu tip insanlar da fərqli dəstələr arasında bölünüblər və Allaha həmd olsun ki, onların çoxu da qeyri-şiələrin payına düşür. Belə ki, şiə az, digərləri isə çoxdur.

* * *

Müəllif yazır:

“İmam Sadiq (r.a) deyir: “Allaha and olsun, əgər sizin aranızda mənim sözlərimi gizləyəcək üç mömin tapsaydım, onlardan hədis gizlətməyi özümə rəva bilməzdim” (“Üsulul-kafi”, 1/496).

CAVAB:

İmam (ə) bu rəvayətdə bildirir ki, əgər xitab etdiyi şəxslərin arasında onun xəbər verəcəklərini gizli saxlaya biləcək üç nəfər mömin olsaydı, onlardan bir şeyi gizlətməyi rəva bilməz, heç kəsin bilmədiyi ilahi sirlərdən və peyğəmbər təlimlərindən onları agah edərdi.

Məlumdur ki, İmam (ə) burada sözünü müəyyən şəxslərə ünvanlayır və bununla bütün şiələrə xitab etmir. Bunun dəlili isə hədisin ravisi olan İbn Riabın sözünə belə başlamasıdır: “İmam Əbu Abdullah Sadiqin (ə) Əbu Bəsirə belə dediyini eşitdim:...”. Əgər İmamın (ə) məqsədi bütün şiələr olsaydı, o zaman ravi “İmam Əbu Abdullah Sadiq (ə) bizə dedi” deyərək onun sözlərini nəql edərdi.

Əgər İmamın (ə) bu sözlərini bütün şiələrinə ünvanladığını fərz etsək, o zaman ən pis halda hədisin dəlaləti belə olacaq ki, İmam (ə) onun hədislərini gizlədə bilən üç mömin şiə tapmır, tapmış olsaydı müəyyən məlumatları (elmləri) gizlətməyi rəva bilməzdi.

Bunda isə şiələrin imansızlığına və ya Əhli-Beyt (ə) xəttindən dönüklüklərinə dəlalət edən heç bir fikir yoxdur, yalnız İmamların (ə) hədislərini gizləmədikləri üçün onları danlamış olur. Belə ki, onlar hədisləri müxaliflər arasında da yayırlar. Ancaq belə bir danlağı əhli-sünnə özü də danlaq hesab etmir. Onların fikrinə görə vəziyyət bunun tam əksidir və alqışa layiqdir. Çünki onlar hədis gizlətməyi münafiqlik və yalançılıq hesab edirlər.

İmam Muhəmməd Baqirin (ə) və İmam Sadiqin (ə) öz həmsöhbətləri olan müəyyən şiələrindən və ya onların əksəriyyətindən bəzi hədislərini gizləməsi, onlardan elm və maarifi əsirgəmələridir. Bu belə deyil, həqiqətdə onlar (ə) Əbu Bəsir, Zürarə, Muhəmməd ibn Müslim və digər bu kimi səhabələrini ali elmlərdən və bir çox sirlərdən agah etmişlər.

Cəmil ibn Dərracın səhih hədisində deyilir:

“İmam Əbu Abdullah Sadiqin (ə) belə buyurduğunu eşitdim: “İtaətkarları Cənnətlə müjdələ: Büreydə ibn Müaviyə əl-İclini, Əbu Bəsir Leys ibn əl-Buxturi əl-Muradini, Muhəmməd ibn Müslimi və Zürarəni. Bu dörd nəcib şəxs Allahın halal və haramlarının əmanətdarlarıdır. Əgər onlar olmasaydı peyğəmbərliyin izləri yox olar yer üzündən silinərdi”. (“İxtiyaru mə`rifətir-rical”, 2/398; “Vəsailuş-şiə”, 18/103)

Süleyman ibn Xaliddən nəql olunan səhih hədisdə isə belə deyilir:

“İmam Əbu Abdullah Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Zürarədən, Əbu Bəsir Leys əl-Muradidən, Muhəmməd ibn Müslimdən və Büreydə ibn Müaviyə əl-İcliən savayı bizim elmimizi və hədislərimi yaşadan bir şəxsi görmürəm. Əgər onlar olmasaydı heç kəs bunları (elmimizin dərinliklərini) kəşf etməyə çalışmazdı. Onlar dinin keşikçiləri, Allahın halal və haramları barədə atamın əmanətdarlarıdır. Onlar dünyada da, axirətdə də bizə tərəf gələn insanların önündədirlər”. (“İxtiyaru mə`rifətir-rical”, 2/348; “Vəsailuş-şiə”, 18/104)

İmamın (ə) onları Allahın və İmamın (ə) halal və haramlar barədə əmanətdarları, dinin keşikçiləri kimi vəsf etməsi bu qeyd edilən şəxslərin İmamların (ə) etibarını qazanmış və sirlərini açdıqları şəxslər olmasına aydın surətdə dəlalət edir. Əgər bu cür olmasaydı, onları belə xüsusiyyətlərlə vəsf etməzdi.

Buna baxmayaraq, bir çox rəvayətlərə əsasən, İmamlar (ə) digər şiələrini də dilədikləri elm və təlimlərdən agah edirdilər. Ona görə şiələrinə onların sirlərini gizlətməyi tapşırır, onları camaat arasında yaymaqdan çəkindirirdilər. Əgər belə olmasaydı, hədislərini yaymalarını mübah bilər, gizlətməyi onlara buyurmaz, hər yerdə açıq-aşkar danışmalarından çəkindirməzdilər.

İmamların (ə) hədislərini gizlətməklə bağlı nəql edilən rəvayətlər çoxdur. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

Kuleyninin (r.ə) kitabında Əbu Übeydə əl-Həzzaidən rəvayət olunan səhih hədisdə deyilir:

“İmam Əbu Cəfər Muhəmməd Baqirin (ə) belə buyurduğunu eşitdim: “Allaha and olsun, mənim üçün ən sevimli səhabəm onların ən təqvalısı, ən düşüncəlisi və hədislərimizi gizlətməyi bacaranıdır. Ancaq nəzərimizdə mənfur və vəziyyətləri ən pis olanları isə bizə istinad edilən və bizdən rəvayət olunan hədisi eşitdikdə onu qəbul etməyən, ondan hiddətlənən və inkar edəni, həmin hədisi dininin bir parçı bilənləri təkfir edənidir (küfrdə ittiham edənidir). Halbuki o bilmir ki, bəlkə də hədis həqiqətən bizim tərəfimizdən söylənib və bizə düzgün istinad edilib. O, bu inkarı ilə vilayətimizdən kənarlaşmış olur”. (“Usulul-kafi”, 2/223; “Vəsailuş-şiə”, 18/61)

Muhəmməd ibn Əbu Nəsrdən nəql edilən səhih hədisdə deyilir:

“...İmam Əbu Cəfər Muhəmməd (ə) buyurdu: “Ali Davudun hikmətində deyilir: “Allaha təslim olan şəxs gərək nəfsinə sahib çıxsın, şəninə layiq addım atsın və öz zəmanəsini tanısın”. Allahdan çəkinin, bizim hədislərimizi faş etməyin...”. (“Usulul-kafi”, 2/223; “Vəsailuş-şiə”, 11/492)

Müəlla ibn Xüneysin səhih rəvayətində isə deyilir:

“İmam Əbu Abdullah Sadiq (ə) buyurdu: “Ey Müəlla, bizim sözlərimiz gizlə, onları (hər kəsə) yayma. Çünki bizim hədislərimiz gizləyib onu camaat arasında yaymayan şəxsə Uca Allah dünyada izzət bəxş edər, axirətdə isə onu (gizlətdiyi hədisimizi) alnında bir nura çevirər ki, nur onu Cənnətə yönəldər. Ey Müəlla, bizim sözlərimizi gizlətməyib faş edəni isə Allah dünyada zəlil edər, axirətdə alnındakı nuru ondan əsirgəyər, onu zülmətdə qərar verər ki, nəticədə Cəhənnəm oduna yönələr. Ey Müəlla, təqiyyə mənim və atalarımın dinidir, təqiyyəsi olmayanın dini də yoxdur. Ey Müəlla, Uca Allah Özünə aşkarda ibadət edilməsini sevdiyi kimi, gizlində də ibadət edilməsini sevir. Ey Müəlla, bizim sözümüzü ifşa edənlər onu inkar etmiş kimidirlər”. (“Usulul-kafi”, 2/223; “Vəsailuş-şiə”, 11/485)

Zeyd əş-Şihamın hədisində deyilir:

“İmam Əbu Abdullah Sadiq (ə) buyurdu: “İnsanlara iki xislətə sahib olmaları əmr edilmişdi, onlar isə bunu zay etdilər və başqa bir şeyə yiyələndilər. Bu iki şey səbr və (hədislərimizi) gizlətməkdir”. (“Usulul-kafi”, 2/222; “Vəsailuş-şiə”, 11/484)

Və İmamların (ə) öz şiələrinə sirlərini söylədiklərinə və onları camaatdan gizləmələrini buyurduqlarına dəlalət edən digər çoxsaylı rəvayətlər...

Şiələrinə elmlərini gizlətməyi buyurmalarının səbəbi isə sözlərinin yayılmasından, zalım və zorakı xəlifələrə yetişməsindən və nəticədə onlara (ə) zərər verəcəklərindən çəkinmələri, yaxud hədislərini düzgün anlamayan şəxslərin əllərinə düşərək yanlış yozacaqlarından, bununla da onların azmalarına və çaşqınlıqda qalmalarına rəvac verəcəyindən qorxmalarıdır.

İmamların (ə) hədislərini yaymamağı əmr etmələrinə rəğmən bəzi şiələr onları faş edirdilər. Bu ya həmin hədisin gizlədilməli olduğunu bilməmələri, ya faş olunmasının özü ilə gətirəcəyi zərərlərdən xəbərsiz olduqları, ya özlərinə asanlıqla diqqət cəlb etmək istəmələri, ya aldadılaraq söz alınması, ya öz zəiflikləri, ya müxaliflərin bundan xəbər tutması və ya bu kimi başqa səbəblərdən baş verə bilərdi.

* * *

Müəllif yazır:

“Fatimətus-suğra (ə.s)  Kufə əhlinə xitabən deyir: “Ey kufəlilər, ey xəyanət, hiylə və lovğalıq əhli! Biz Əhil-Beytik, Allah bizi sizinlə, sizi də bizimlə imtahan etdi. Bizim imtahanımızın nəticəsini gözəl etdi... siz isə bizi inkar etdiniz, bizi öldürməyi və mallarımızı qənimət götürməyi özünüzə halal bildiniz... necə ki, dünən babamızı da öldürmüşdünüz. Sizin qılınclarınızdan biz Əhli-Beytin qanı damlayır.

Əlləriniz qurusun (məhv olasınız)! İndi oturub (Allahdan) lənət və əzab gözləyin, sanki o artıq sizin üzərinizə çökməkdədir... Bizə zülm etdiyinizə görə bəziləriniz də qiyamət günü əbədi ağrıdıcı əzabın acısını  dadacaqdır. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!

Ey kufəlilər, əlləriniz qurusun (ölüm olsun sizə!)! Qarşınızda Peyğəmbərdən (s) mən nə qədər sözlər söylədim.  Siz isə onun qardaşı Əli ibn Əbu Talibə, babama, onun oğullarına və pak ailəsinə xəyanət etdiniz”.

Kufəlilərdən biri onun sözlərinə fəxrlə belə cavab verdi:

“Biz Əlini və Əlinin oğlanlarını

Hind qılıncı və nizələrilə öldürdük.

Qadınlarını isə türk qadınları kimi əsir aldıq.

Onları qarşıladığımız kimi qarşıladıq”. (“əl-İhticac”, 2/28).

Əmirəl-möminin Əlinin qızı Zeynəb (s.ə) kufəlilərə nifrin edərək dedi: “Ey kufəlilər! Ey hiylə, vəfasızlıq və xəyanət əhli... Siz saçlarını möhkəm hörüb, sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran (axmaq) qadına oxşayırsınız. Sizdə lovğalıqdan, xudbinlikdən, təkəbbürdən və yalandan başqa bir şey yoxdur. Siz (indi) mənim qardaşım üçün ağlayırsınız?! Bəli, Allaha and olsun ki, çox ağlayın və az gülün! Çünki elə bir rüsvayçılığı bulaşdınız ki… Sonuncu peyğəmbərin övladının... qətlini (öz üzərinizdən) necə yüngül saydınız ?!” (“əl-İhticac”, 2/29-30)”.

CAVAB:

Əvvəldə də qeyd etdik ki, həmin vaxtlarda Kufə əhalisi şiə deyildi, İmam Hüseynin (ə) qatilləri arasında da şiə kimi tanınan bir nəfər də yox idi. Burada həmin sözləri təkrarlamağa ehtiyac duymuruq. Xanım Zeynəb və Fatimətus-Suğra (onlara salam olsun!) həmin dövrdə yaşayan kufəliləri tənqid edirdilər və sözlərindən də aydın olduğu kimi, sözlərini əsla şiələrə ünvanlamamışdılar.

 

Davam edəcək...

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе