Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

  1. Əhməd İsmayılın səfirlik iddiası
  2. İmamın səfiri necə təyin olunur?
  3. Böyük qeyb dövründə səfirlik və «Səmərinin məktubu»
  4. «Səmərinin məktubu» rəvayətinin səhih olduğunu isbat edən digər dəlillər

Əhməd İsmayılın səfirlik iddiası

Əhməd İsmayıl iddia edir ki, o İmam Məhdi (əleyhis-səlam) tərəfindən hazırkı dövrün insanlarına göndərilən bir elçidir. İmam Məhdi (əleyhis-səlam) onu göndərib ki, insanlara axirəz-zəman alimlərinə təqlid etmələri səbəbindən düşdükləri inhirafı başa salsın və onlara doğru yolu göstərsin!

Əhməd İsmayıla aid edilən bir səs yazısında o deyir:

“Hər halda. Günlər və aylar keçdi və Allah istədi ki, mən İmam Məhdi (əleyhis-səlam)-la görüşüm. Bu dəfə İmam məni Nəcəful-Əşrəfdəki elmi hövzəyə göndərdi. Ona görə ki, mənə dediyi şeyləri elmi hövzənin bir qurup tələbəsinə açıqlayım. Mən icmali və müxtəsər də olsa bu görüş barədə danışmağı mühüm hesab edirəm. Ona görə ki, bu mənim həyatımda tarixi dönüş nöqtəsi idi. Belə ki, ilk dəfə idi ki, İmam (əleyhis-səlam) məni açıq-aşkar bir iş üçün Nəcəful-Əşrəf elm hövzəsinə göndərirdi”.

Onun qeyd etdiyi şey daha əvvəlkilər kimi olduqca böyük bir iddiadır. Hətta onlardan daha böyükdür. Çünki o iddia edir ki, İmam (əleyhis-səlam)-ın rəsmi təmsilçisidir. Buna görə də bu iddianı dəqiq şəkildə və incəliyinədək müzakirə etmək gərəkdir.

Səfirliyin mənası

Səfirlik: İmam Məhdi (əleyhis-səlam)-ın xüsusi naibliyi deməkdir. Bu, İmam tərəfdən şəxsin özünə nəss edilməsi yolu ilə baş tutur. Bu zaman həmin şəxsin üzərinə İmam (əleyhis-səlam) tərəfdən bir sıra vəzifələr qoyulur.

Kimsə elə düşünə bilər ki, səfirlik yalnızca İmamla camaat arasında vasitəçilik etməkdir. Başqa sözlə səfir müasir dövrümüzdəki poçtalyon kimi bir şəxsdir, işi tərəflər arasında məlumat ötürməkdir. Həqiqət isə budur ki, səfirin rolu bundan daha böyükdür. Belə ki, rəvayətlərdən belə başa düşülür ki, səfirlik hər kəsin çata bilməyəcəyi ilahi bir məqamdır. Daha sonra da qeyd edəcəyimiz kimi, İmam Məhdi (əleyhis-səlam)-ın səfirlərindən kəramətlər sadir olmuş, qeyri-adi işlər görmüşlər.

Hər kəs onların ziyarətnamələrini oxuyarsa qəti şəkildə əmin olar ki, onlar ümumi insanların sahib olduğundan qat-qat uca bir məqama sahibdirlər. Elə bir məqam ki, onların yalnızca söz aparıb-çatdıran olmaları fikrini qəti şəkildə rədd edir. Onların ziyarətnamələrində gəlmişdir ki:

“Sənin yanına sahib olduğun haqqını tanıyar bir halda gəlmişəm. (Bunu bilərək gəlmişəm ki,) sən çatdırmaq və səfirlik etmək işində xəyanət etməmisən. Salam olsun sənə, ey geniş qapı, ey əmin səfir, ey siqə şəxs! Şəhadət verirəm ki, Allah sənə öz nurundan bəxş etmişdir, beləcə sən şəxsi1 görə bilmiş, onun (əmrlərini) çatdırmış, (sözləri) ona çatdırmısan. Sənin yanına Allahın yeganə bilərək, Onun dostlarını dost tutaraq, düşmənlərindən və sənə müxalif olanlardan uzaq olduğumu bildirərək gəlmişəm, ey Mövlanın höccəti! Mən səninlə onlara yönəlir və təvəssül edirəm, onlarla Allaha təvəssül edirəm!”. (Təhzibul-Əhkam, 6/118.)

Tarix boyu bir sıra fitnəkar şəxslər bu mənsəbin necə böyük dəyərə malik olduğunu və onun insanların nəzərində öz sahibi üçün hansı məqam və məkan qazandırdığını bildikləri üçün (çünki bu məqama sahib olan şəxs İmamın danışan dilinə çevrilmiş olur) yalan və iftira ilə bu mənsəbi iddia etmişlər.

_________________________________________________________

1 Zahirən İmam Zaman (əleyhis-səlam)-ı. Müt.

Страница 1 из 41234»
Рейтинг

В этом разделе