Hüseyn əl-Musəvi yazır:
“Biz şiələrin nəzərində Əhli-Beytə bağlı olduğumuz fikri geniş yayılmışdır. Şiə məzhəbi bütünlüklə (bizim düşüncəmizə görə) Əhli-Beytə məhəbbət üzərində qurulmuşdur. Əhli-sünnədən uzaqlaşmağımız, səhabələri, xüsusilə də ilk üç xəlifəni və Əbu Bəkrin qızı Aişəni lənətləməyimiz də onların Əhli-Beytə qarşı tutduqları mövqelərinə görədir. Bütün şiələrin – kiçiklərin, böyüklərin, alimlərin, cahillərin, qadınların və kişilərin düşüncəsində qərar tapmış düşüncə səhabələrin Əhli-Beytə zülm etdikləri, qanlarını axıtdıqları və ehtiramlarını tapdadıqlarıdır”.
CAVAB:
Dostluq və düşmənçiliyin İslamda sübuta yetmiş şüarlardan olduğu şübhəsizdir və buna Quranın bir çox ayələri dəlalət edir.
Ayələr Uca Allahın möminlərin dostu və vəlisi olduğuna dəlalət edir. Uca Allah buyurur: “Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!” (“əl-Bəqərə” surəsi, ayə 257)
Həmçinin buyurur: “Şübhəsiz ki, mənim dostum Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!” (“əl-Əraf” surəsi, ayə 196)
Eləcə də buyurur: “Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!” (“Ali-İmran” surəsi, ayə 68)
Həmçinin bəzi ayələr möminlərin də bir-birilərinin dostu olduğunu bildirir. Uca Allah buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar)”. (“ət-Tövbə” surəsi, ayə 71)
Digər ayələrdə isə din düşmənlərini dost tutmaq qadağan edilir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın)...”. (“əl-Mumtəhinə” surəsi, ayə 1)
Buyurur: “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar”. (“ət-Tövbə” surəsi, ayə 23)
Həmçinin buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun!” (“əl-Maidə” surəsi, ayə 57)
Buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (“əl-Maidə” surəsi, ayə 51)
Eləcə də buyurur: “Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir!” (“Ali-İmran” surəsi, ayə 28)
Uzaqlaşmaq və bezarlıq ayələrinə gəldikdə, onlardan:
- Allahın və elçisinin müşriklərdən uzaq olduqlarına dəlalət edən ayələr:
“Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur”. (“ət-Tövbə” surəsi, ayə 3)
- Müşriklərdən və onların Allahdan qeyri məbudlarından uzaq durmağa dəlalət edən ayələr:
“İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!””. (“əl-Mumtəhinə” surəsi, ayə 4)
Həmçinin: “De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De: “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”. (“əl-Ənam” surəsi, ayə 19)
Bu mövzudakı məqsəd mömini müəyyən edib onu dost tutmaq, eləcə də kafiri və ya münafiqi təyin etməklə ondan uzaqlaşmaqdır. Bunlar bəzən xəta və ya səhvin baş verdiyi ictihadı məsələlərdən olmaqdan kənara çıxmır və möminin imanına xələl gətirmir.
Buna əsasən, əhli-sünnə də kafir və ya mürtəd hesab etdikləri Əbu Talib (ona salam olsun!), Malik ibn Nüveyrə (Allah ondan razı olsun!) kimi şəxslərdən uzaq olduqlarını bildirmişlər. Halbuki şiələr həmin bu iki şəxsi ən üstün müsəlmanlardan və əməlisaleh möminlərdən sayır.
Şiələr isə bəzi şəxslərin münafiq olduqlarına hökm etmişlər. Halbuki əhli-sünnə onları ən üstün müsəlmanlardan və Cənnət əhlindən hesab edir.
Əgər əhli-sünnə ardıcıllarına bu məsələlərdə ictihad etmək icazəlidirsə və öz ictihadlarına görə mükafatlandırılacaqlarsa, o zaman şiələr də eynilə belədirlər. Əks təqdirdə isə onların hər ikisi də yanlış və günahkardır. Ancaq ictihadı yalnız əhli-sünnəyə icazəli bilib və mükafatı da yalnız onlara aid etməyin heç bir istinadı və dəlili yoxdur, bu, yalnız həvaye-nəfsə uymaq və haqsız təəssüb çəkməkdir.
Müəllifin şiə məzhəbinin Əhli-Beytə məhəbbət və əhli-sünnədən kənarlaşmaq üzərində qurulduğu barədə sözləri düzgün deyildir. Belə ki, Uca Allahın bizə vacib buyurduğu, məsələn əhli-sünnə kimi iki şəhadəti iqrar edən müsəlmanlardan deyil, kafir, münafiq və din düşmənlərindən uzaqlaşmaqdır.
Biz belə səhabələri sevir, dünya və axirətdə özümüzə dost bilir və onlar üçün Allahdan mərhəmət diləyirik.
Ancaq Peyğəmbərə (s) əziyyət edən, İslama qarşı hiylə quran, məkrli planları üçün əlverişli məqam gözləyən münafiq və tüləqaları isə sevmirik. Bizim nəzərimizdə onların heç bir dəyəri yoxdur. Onlar səhabə adlandırılsalar da, zahirən Peyğəmbərə (s) yardım etsələr və məhəbbət göstərsələr də biz onlardan uzağıq.
Buradan aydın olur ki, şiələrin bütün səhabələrə nifrət bəsləmələri, lənətləmələri və onlardan uzaqlaşmaları ittihamı tamamilə yanlışdır. Məlumdur ki, belə iddialar şiələri azdırmaq, onları təkfir etmək və qanlarını halal bilmək üçün uydurulmuş bəhanələrdir. Allah onların vəsflərinə qarşı ən yaxşı yardımçıdır!
* * *
Müəllif yazır:
“Guya ki, əhli-sünnə Əhli-Beytə qarşı düşmənçilik mövqeyi tutmuşdur. Buna əsasən, onları “nasibi” adlandırmaqda tərəddüd etmir, daim şəhid Hüseynin (ə) axıtdıqları qanını xatırlayır və xatırladırıq”.
CAVAB:
Nasibilər Əhli-Beytə qarşı açıq-aşkar nifrət bəslədiklərini etiraf edən və onlara qarşı ədavət bəsləyənlərdir. Lakin aşkar surətdə nifrətlərini dilə gətirməyən və düşmənçilik etməyən şəxslər nasibi sayılmırlar.
Nasibilər bizim nəzərimizdə kafir və nəcisdirlər, onların nə ehtiramı və nə də hörməti vardır.
Lakin buradakı məsələ əhli-sünnənin nasibi olub-olmadığı barədədir.
Məsələ ilə bağlı müxtəsər söz budur ki, kimliyindən asılı olmadan - istər səhabə, istər tabeun, istər əhli-sünnənin alimi və ya avamlarından olsun – Əhli-Beytə (ə) qarşı aşkar surətdə ədavət bəsləyən, onları bədnam edən, söyən, əziyyət edən, onlarla savaşan, onları qətlə yetirən, fəzilətlərini inkar edən, təyin olunduqları məqamdan endirən və s. bu kimi əməl sahibləri nasibidirlər.
Biz əsla əhli-sünnənin ümumən nasibi olduğunu söyləmirik. Məşhur rəy bunun əksi - onların nasibi olmamasıdır. Çünki Əhli-Beytə (ə) qarşı edilmiş zülm və haqsızlıqlarda nə bütünlüklə keçmiş və nə də bütün sonrakı əhli-sünnə mənsubları iştirak etməmişlər.
Əksinə, bir çox əhli-sünnə mənsubunun Əhli-Beyti (ə) sevdiyinə və onlara məhəbbət bəslədiyinə biz qəti əminik. Onları sevən insanların nasibi olduqlarına necə hökm vermək olar?!
Hər hansı bir şəxsin Əhli-Beytə (ə) qarşı düşmənçiliyinə qəti şəkildə əmin olmaq üçün ədavətilə bağlı vəziyyəti və söylədiyi sözləri incəliklə araşdırılmalı və sonra nəticə çıxarılmalıdır. Burada sadəcə rəyə, iddiaya və ya zənnə əsaslanmaq olmaz. Düşmənçiliyi isbatlanan şəxsin isə nasibi olduğuna hökm verilir. Lakin isbatlanmasa, hər hansı bir müsəlmanın səhih və qanuni (şəri) dəlil olmadan belə bir böyük günahla ittiham olunması əsla yolverilməzdir.
* * *
Müəllif deyir:
Lakin əlimizdə olan mötəbər kitablar bizim üçün həqiqəti bəyan edir. Belə ki, bizə Əhli-Beytin (Allahın salavatı onlara olsun!) öz şiələrindən narazı olduqlarını vurğulayır, ilk şiələrin onlara qarşı nələr etdiyini, ilk dəfə Əhli-Beytin (ə) qanını kimin tökdüyünü, onların qətlinə və ehtiramlarının tapdanmasına kimin səbəb olduğunu xatırladır.
Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.14
CAVAB:
Əhli-Beyt İmamlarının (ə) bəzi şiələrdən və ya digərlərindən narazılığı onlardan bezdikləri və onlara qarşı düşmən olduqları mənasına gəlməz. Belə ki, Peyğəmbər (s) müxtəlif zamanlarda və hadisələrdə bəzi səhabələrindən də narazılığını bildirmiş və onların əməllərindən qəzəblənmişdi. Lakin bütün bunlar həmin səhabələri dindən çıxarmamış, bizim onların düşmən və ya münafiqliyinə hökm etməmizə rəvac verməmişdi.
Əhli-Beyt İmamlarının (ə) qətlinə və ehtiramlarının tapdanmasına səbəb olan kəslərə gəldikdə, bunlar İmamların (ə) şiələri və aşiqləri deyil, düşmənləri idilər. İnşallah, qarşıdakı bəhslərimizdə bu barədə geniş söhbət açacağıq.
۞ ۞ ۞ ۞ ۞
Müəllif yazır:
“Əmirəl-möminin (ə) dedi: “Əgər şiələrimi digərlərindən ayırmaq istəsəm, onların yalnız özlərini şiəliklə vəsf etdiklərini görərəm. Əgər onları imtahan etsəm, bu zaman mürtəd olarlar. Əgər onları seçmək istəsəm min nəfərindən yalnız biri ixlaslı olar” (“əl-Kafi”/ “ər-Rovzə” 8/338).
Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.14
Qeyd: Bu iddianı milli sələfilərdən (vəhhabilərdən) olan Abu Zeyd də özünün "Səqəleyn hədisinin şərhi" adlı cızma-qarasında gətirmiş, bu "keçmiş şiə müctehidi"ndən fərqli olaraq imamın adını düzgün yazmışdır.
Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.” (Kuleyni “Kitabur-ravda” səh.107 Hindistan çapı və ya 8/228).
CAVAB:
Müctehidlik və fəqihlik iddia edən bu kəs deyilən sözlərin rəvayət olunduğu şəxsin Əmirəl-möminin Əli (ə) olduğunu zənn edir. (Müəllif "Lillah sümmə lit-tarix" kitabının əvvəlində ictihad dərəcəsinə çatdığını iddia etmişdir.) Halbuki elm tələbələrinin belə nəzərində rəvayətlərdə qeyd edilən “Əbul-Həsən” künyəsinin İmam Kazıma (ə) aid olduğu məlum məsələdir. Afərin ictihadda belə bir “ali dərəcəyə” nail olmuş müctehidə!
Bundan əlavə, rəvayətin sənədi olduqca zəifdir. Bu, Muhəmməd ibn Süleymanın rəvayətlərindəndir. Həmin ravi Muhəmməd ibn Süleyman əl-Bəsri əd-Deyləmidir və olduqca zəifdir.
Təhqiqatçı Seyid Xoyi “Möcəmu ricalil-hədis” kitabında yazır:
ولا شك في انصراف محمد بن سليمان إلى البصري الديلمي، فإنه المعروف المشهور
“Muhəmməd ibn Süleyman əl-Bəsri əd-Deyləminin (əqidəsindən) üz çevirdiyinə heç bir şəkk yoxdur. O, (bununla) məşhur və tanınan kəsdir”. (“Möcəmu ricalil-hədis”, 16/134.)
Nəcaşi yazır:
محمد بن سليمان بن عبد الله الديلمي، ضعيف جداً، لا يُعوَّل عليه في شيء.
“Muhəmməd ibn Süleyman ibn Abdullah əd-Deyləmi, olduqca zəifdir. Heç bir məsələdə ona etimad olunmaz”. (“Ricalun-Nəcaşi”, 2/269.)
Onun atasının tərcümeyi-halında yazır:
سليمان بن عبد الله الديلمي أبو محمد... وقيل: كان غالياً كذَّاباً، وكذلك ابنه محمد، لا يُعمل بما انفردا به من الرواية.
“Süleyman ibn Abdullah əd-Deyləmi, Muhəmmədin atasıdır... Deyilib ki, həddi aşan və çox yalançı şəxs olub. Həmçinin oğlu Muhəmməd də elədir. Təkcə onların rəvayət etdikləri hədislərə etimad olunmaz”. (“Ricalun-Nəcaşi”, 1/412.)
Şeyx Tusi öz “Rical”ında yazır:
له كتاب، يُرمى بالغلو.
“Onun bir kitabı var. Həddi aşmaqda ittiham olunub”. (“Rical”, Tusi, səh.343.)
Əllamə Hilli “Rical”ında yazır:
ضعيف جداً لا يعوَّل عليه في شيء.
“Olduqca zəif ravidir. Heç bir şeydə ona etimad olunmaz”. (“Rical”, Əllamə Hilli, səh.255.)
Bu hədisin raviləri arasında İbrahim ibn Abdullah əs-Sufi də var. O, məchul (naməlum) şəxsdir. Onun tərcümeyi-halı heç bir rical (şəxslər) kitabda qeyd edilməyib.
Ravilərdən biri də Musa ibn Bəkr əl-Vasitidir. Tərcümeyi-hal kitablarında onun inanılan şəxs olması barədə heç bir qeyd yoxdur. Şeyx Tusi (r.ə) öz “Rical”ında yazır:
موسى بن بكر الواسطي، أصله كوفي، واقفي.
“Musa ibn Bəkr əl-Vasiti - əsli Kufədəndir, vaqifidir”. (“Rical”, Tusi, səh.343.)
Bütün bunlar rəvayətin sənədi cəhətindən deyilə biləcək sözlərdir. Hədisin mətninə və mənasına gəldikdə deyirik:
İmamların (ə) zamanında əksər müsəlmanlar xüsusilə Əlinin (ə) və ümumən Əhli-Beytin (ə) şiələrindən olduqlarını iddia edirdilər.1 Lakin onlar həqiqətdə şiə deyildilər. Belə ki, onların şiələri söz və hərəkətlərində onları izləyən şəxslərdir. Təkcə iddia etməklə insan şiə olmur.
Buna əsasən, hədisdəki “Əgər şiələrimi digərlərindən” yəni şiə olmadıqları halda şiəlik iddia edənlərdən “ayırmaq istəsəm, onların” yəni bu iddiaçıların “özlərini yalnız şiəliklə vəsf etdiklərini görərəm”. Onların özlərini sadəcə bizim şiələrimiz kimi təqdim etdikləri və bunu iddia etdikləri məlum olar. Halbuki onlar heç də şiə deyillər. Belə ki, onlar bizim imamətimizə etiqad bəsləmir, bizə, bizim sözlərimizə və hərəkətlərimizə tabe olmurlar.
“Əgər onları imtahan etsəm, bu zaman mürtəd olarlar” – yəni özlərinin bizim şiələrimiz olduqlarını iddia edən şəxsləri imtahan etsəm, onlara Əhli-Beyt imamlarının (ə) yolunu, etiqad bəsləmələri vacib olan əqidə və əməlləri söyləsəm, bizim yolumuzu inkar etdiklərini, artıq şiəlik iddialarından boyun qaçırdıqlarını, bizim dostluğumuz və bizə məhəbbət sözlərindən imtina etdiklərini görərəm.
“Əgər onları seçmək istəsəm min nəfərindən yalnız biri ixlaslı olar” – yəni, əgər bu imtahanın nəticəsində onları seçsəm, bizə görə malından keçməyi, özünü yolumuzda fəda etməyi əmr etsəm xalis niyyətli olmadıqları məlum olar. Çünki həqiqətdə şiə olmadıqları halda onlar bizim şiələrimiz olduqlarını sadəcə iddia edirdilər.
Buna İmamın (ə) bu sözlərin ardınca söylədiyi kəlamı da dəlalət edir: “Əgər onları ələkdən keçirsəm, yalnız mənə ixlaslı (və ya mənə aid) olanlar qalar. Halbuki bunlar öz taxtlarında mütəkkəyə söykənərək “Biz Əlinin şiələriyik” deyirlər. Amma Əlinin şiələri sözü və əməli doğru olan şəxslərdir”.
Yəni, əgər mən onları yoxlasam, bizləri kənarda qoyaraq başqalarının ardınca getdiklərini və düşmənlərimizlə dost olduqlarını görərəm. Bu zaman şiəlik iddia edənlərin arasından yalnız bizi həqiqətən dost tutan, özünə rəhbər bilən, sözümüzə itaət edən şəxslər qalar. Lakin özlərinə başqalarını rəhbər bilən şiəlik iddiaçıları həqiqətdə bizim şiələrimiz deyillər. Çünki Əlinin (ə) həqiqi şiələri sadəcə iddiada deyil, söz və əməllərində də Əlinin (ə) və onun Əhli-Beytinin (ə) yolunu izləyənlərdir.
Buna əsasən, əgər hədisin səhihliyi fərz olunsa, İmamın (ə) sözləri onların imamət və vilayətinə həqiqətən bağlı olan şəxslərlə aid deyil. İmam (ə) bu sözlərilə müxalifləri arasından şiəlik iddiaçılarının iddialarını inkar edir.
Əgər həmin sözlərdə məhz şiələrin məzəmmət olunduğunu fərz eləsək, bu zaman bu danlama onların arasından təqva, islah, düzgünlük və s. kimi əməllərdə Əhli-Beyt imamlarının (ə) yolunu izləməyənlərə şamil olunacaq. Belə olduqda isə bu, onların İmamət etiqadından üz çevirdiklərinə dəlalət etməyəcək.
İmamın (ə) sözləri bir kəsin söylədiyi bu sözə bənzəyir: “Bu gün müsəlmanlar İslama müvafiq yaşamır, Qurana əməl etmirlər. Əgər onları imtahan eləsən, yalnız adlarının müsəlman olduğunu, min nəfərdən yalnız birinin sözündə ixlaslı görərsən”.
Bu sözlər müsəlmanların etiqad və hökmlərini deyil, əməl və rəftarlarını məzəmmət edir, onların əqidəsinin yanlış, digərlərinin isə haqq olduğunu bildirmir.
_______________________________
1 Bu iddialar İmamların (ə) yaşadıqları dövrlərdən sonra da davam etmişdi. Əhli-sünnə, Mötəzilə və digərləri özlərinin Əlinin (ə) şiələri olduqlarını iddia etmişlər. Qarşıda İbn Həcər Heytəmi və İbn Əbul-Hədid əl-Mötəzilinin mövzu ilə əlaqədar sözlərini qeyd edəcəyik.
Şeyx Əli Ali-Muhsin
313news.net