Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

  1. "Vəsiyyət" hədisinin mətninin tənqidi
  2. Birinci dəlil
  3. İkinci dəlil
  4. Üçüncü dəlil

"Vəsiyyət" hədisinin mətninin tənqidi

Vəsiyyət hədisinin sənədinin araşdırılması bitdikdən sonra hədisin mətni ilə tanış olmaq və onun deyilən mətləbə dəlalət edib etmədiyini, bu şəxslərin iddia etdiyi şeyə uyğun gəlib gəlmədiyini aydınlaşdırmaq lazımdır.

Mətnin müzakirəsinə başlamazdan qabaq deyim ki, yadıma gəlir ki, bir dəfə Nəcəfin fəzilətli şəxslərindən biri öz ustadından “Sabah” duasının sənədi barədə soruşdu və onun mötəbər olub olmadığı barədə sual verdi. Ustadı belə cavab verdi: “Ya mən dəllə əla zatihi bi-zatih”. (Ey öz zatına öz zatı ilə dəlalət edən).1 Yəni, “sabah” duasının mətni elə onun məsumdan sadir olmasına və səhihliyinə dəlalət edir.

Həmçinin onlardan biri mənə belə nəql etdi ki, Şeyx Vəhid Xorasanidən (damə zilluhuş-şərif) “Camiə” ziyarətnaməsinin sənədi barədə sual soruşulmuş və o da cavab vermişdir ki, elə ziyarətnamənin mətni onun məsumdan sadir olmasına və səhihliyinə ən böyük dəlildir.

Necə ki, mətn sadirolmanın səhihliyinə şahidlik edə bilir, eləcə də ola bilir ki, mətn hədisin qondarma və yalan olmasına şahidlik edir. Buna əsasən də bu rəvayətin mətninin araşdırılması olduqca əhəmiyyətlidir. Xüsusən nəzərə aldıqda ki, Əhməd İsmayılın ardıcılları bütün əqidələrini bu hədisin üzərinə qurmuşlar.

Allahın bəsirət əta etdiyi hər bir kəs gərək vəsiyyət hədisinin mətni üzərində bir neçə yerdə dayana:

Birinci yer: Deyir: “Vəfat etdiyi gecə Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Əliyə (əleyhis-səlam) dedi: Ey Əbəl-Həsən, bir vərəq və mürəkkəb gətir. Bundan sonra Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) öz vəsiyyətini imla etdi”.

Rəvayətin bu hissəsi hadisənin baş verdiyi vaxtı açıqlayır və bildirir bu, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdiyi gecədir. Habelə bildirir ki, vəsiyyət Əmirəl-mömininə (əleyhis-səlam) edilmişdir.

Qeyd etmək lazımdır ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdiyi gün söylədiyi vəsiyyətdən bəhs edən hədislər təkcə bu hədislə məhdudlaşmır. Əksinə, həmin gün deyilən vəsiyyətlə bağlı mövcud olan rəvayətlər müxtəlif təriqlərlə və müxtəlif sözlərlə nəql olunmuşdur. Necə ki, bir qədər sonra belə rəvayətlərdən bir neçəsini qeyd edəcək və açıqlayacağıq. Biz bilmirik nə üçün Əhməd İsmayıl və təbliğatçıları digər rəvayətləri qoyub məhz bu rəvayətdən yapışmışlar?!

Əgər insaflı və dürüst tədqiqatçı hər hansısa bir mövzunu araşdırmaq istəsə, qəti nəticəyə yetişmək üçün gərəkdir ki, həmin mövzu ilə bağlı bütün mətnləri bir araya toplasın və bundan sonra arındırma və təmizləmə mərhələsinə başlasın. Lakin heç bir dəlil və sübut olmadan və yalnızca nəfsi istəkləri üzündən müəyyən bir mətndən yapışsa və digər mətnləri bir kənara qoysa, o zaman bu insaflı tədqiqatçının üslubuna zidd olacaq.

İkinci yer: Rəvayətdə deyilir: “Ey Əli, həqiqətən də məndən sonra on iki imam olacaq və onlardan sonra da on iki məhdi olacaq”.

Bu cümlə rəvayətin ən mühüm cümlələrindən biridir. Ona görə ki, Əhməd İsmayılın iddiası “on iki İmamdan (əleyhimus-səlam) sonra on iki məhdinin gəlməsi” məsələsi üzərə qurulub.

Baxmayaraq ki, Əhməd İsmayıl və onun dəstəkləyənlər bu rəvayətdən yapışaraq onun özlərinin ən mühüm dəlilləri qərar vermişlər, lakin elə rəvayətin özü onların etiqadlarını yerlə bir edir. Ona görə ki, rəvayətdə qeyd olunur ki, on iki imamdan sonra on iki məhdi gələcək. Bu isə ona dəlalət edir ki, bu məhdilər imam deyillər. Əgər onlar imam olsaydılar, o zaman başqlarını “imam”, onları isə “məhdi” adlandırılmağın bir mənası olmazdı. Halbuki, Əhməd İsmayıl imamət iddiası edir. Necə ki, bunu daha sonra onun və onu təbliğ edənlərin sözlərində görəcəksiniz. Habelə daha sonra “məhdilər” deyərkən nə nəzərdə tutulduğu da izah ediləcək, inşəallah.

Biz daha öncə qeyd etdik ki, İmam Məhdidən (əleyhis-səlam) sonra baş verəcək hadisələrdən bəhs edən rəvayətlər üç qurupa bölünür. Əhməd İsmayıl və dəstəkçiləri İmam Məhdinin (əleyhis-səlam) nəslindən on iki məhdinin olacağını deyən rəvayətlərdən yapışmışlar. Lakin onların dedikləri doğru deyildir. Bunun üçün bir neçə dəlilimiz vardır:

____________________________________________________________________________

1 Bu cümlə mübarək “Sabah” duasında gələn bir cümlədir. (Müt.)

Страница 1 из 41234»
Рейтинг

В этом разделе