Saxta Yəmani: Əhməd İsmayıl əl-Bəsri » Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (6-cı hissə)

Vəsiyyət hədisinin sənədinin səhih olduğunu sübut etmək üçün irəli sürülən dəlillər

Məhdəviyyət iddaçısının ardıcıllarından biri vəsiyyət hədisinin sənədinin səhih olduğunu göstərməkdən ötrü bir neçə dəlil toplamış və iddia etmişdir ki, bu dəlillərə əsasən rəvayət qəti şəkildə məsumdan sadir olmuşdur və mütləq onun məzmununa əməl etmək gərəkdir. Bu dəlillər belədir:

[pagename:Vəsiyyət hədisinin sənədinin səhih olduğunu sübut etmək üçün irəli sürülən dəlillər|Qurana uyğunluq|Vəsiyyət hədisi mötəbər kitabda nəql edilmişdir|Rəvayətin məzmununun mütəvatir olması|Rəvayətə zidd olan başqa bir rəvayətin yoxluğu|Təqiyyə ehtimalının olmaması|Alimlərin rəvayətdən dəlil olaraq istifadə etməsi]

[page]

Qurana uyğunluq

Nazim əl-Uqeyli deyir: “Vəsiyyət hədisinin Qurani-Kərimə uyğunluğu. Məzhəbindən asılı olmayaraq hamı bu məsələnin üzərində ittifaq etmişdir ki, əgər bir rəvayət Qurani-Kərimlə müvafiqdirsə, o rəvayətin sənədi zəif olsa və hətta ümumiyyətlə sənədi olmasa belə, həmin rəvayətə etimad etmək gərəkdir." (Difaən an əl-Vəsiyyə, səh. 15)

Bu barədə bir neçə söz deyilməlidir:

Birinci: İslam məzhəbləri bu qayda üzərində ittifaq etməmişlər. Əksinə, bu qayda Əhli-Beyt (əleyhimus-səlam) məzhəbinə xas olan bir qaydadır. Digərləri bu qaydanı şiddətlə inkar etmiş və iddia etmişlər ki, bu qayda zındıqların (dinsizlərin) qondardığı bir şeydir! Şəvkani deyir:

”Əgər məndən bir hədis nəql edilsə, o hədisi Allahın kitabı ilə tutuşdurun. Əgər ona müvafiq olsa qəbul edin, əgər ona müxalif olsa rədd edin” hədisi ilə bağlı Xitabi demişdir: Bu hədisi zındıqlar uydurub. Onu bu hədis rədd edir: “Mənə kitab və onunla birgə onun misli verildi”. Səğani də belə demişdir. "Mən deyirəm: Onun zındıqların uydurması olduğunu daha öncə Yəhya ibn Muin də demişdir. Necə ki, Zəhəbi bunu ondan nəql etmişdir. Bu qondarma hədisin özündə onu rədd edəcək dəlil vardır. Belə ki, əgər biz onu Allahın (əzzə və cəll) kitabı ilə tutuşdursaq, o zaman Allahın kitabına müxalif olacaq. Ona görə ki, Allahın kitabında deyilir: “Peyğəmbər sizə nə gətirsə onu götürün və sizi nədən çəkindirsə ondan çəkinin”. (əl-Fəvaidul-Məcmuə, səh.291)

İkincisi: Bu şəxsin gətirdiyi Quran ayələri irs, borc və şəxsi işlərlə əlaqədar olan xüsusi vəsiyyətlə bağlı ayələrdir. Nəinki, göstərməyə çalışdığı kimi, imamət və İslamın gələcəyi ilə bağlı işlərə şamil olur.

Məsumlardan (əleyhimus-səlam) varid olan mübarək hədislər də buna işarə etmişlər:

Məsələn: Şeyx Kuleyni (quddisə sirruh) öz sənədi ilə Muhəmməd ibn Müslimdən nəql edir ki, deyir:

“(Əbu Cəfər Baqirdən (əleyhis-səlam)) varis(lər) üçün vəsiyyət etmək barədə soruşdum, buyurdu: “Caizdir”. Sonra bu ayəni tilavət etdi: “Əgər (özündən sonra) mal qoyub gedirsə, valideynlər və yaxınlar üçün vəsiyyət etsin” (Bəqərə surəsi, 180)”. (Kafi, 7/10)

Həmçinin: Mirzə Nuri “Müstədrək” kitabında nəql edir ki, kasıb bir şəxs Əmir əl-mömininin (əleyhis-səlam) yanına gəlib dedi:

“Vəsiyyət edimmi, ey möminlərin əmiri? Buyurdu (əleyhis-səlam): “Allahdan qorxmağı vəsiyyət (tövsiyə) et. Malına gəlincə, onu vərəsələrin üçün qoy. (Çünki) Allah əzzə və cəll deyir: “Əgər mal qoyursa”, sən isə vəsiyyət edəcəyin bil mal qoymamısan”. (Müstədrəkul-Vəsail, 14/141)

Həmçinin: Qazi Numan “əd-Dəaim” kitabında Əbu Cəfər və Əba Əbdillahdan (əleyhiməs-səlam) belə buyurduqlarını nəql edir:

“Burada (ayənin ərəbcəsindəki) “xeyir”-dən məqsəd maldır. Allah əzzə və cəll deyir: “Əgər özündən sonra “xeyir” qoyursa, öz ata-anası və yaxınları üçün gözəl bir tərzdə vəsiyyət etsin”. Yəni, mal qoyursa. Əgər şəxs qazanc əldə edib təsərrüf edə bilən birisidirsə, o zaman “mal” sahibi sayılır”. (Dəaimul-İslam, 2/310, hədis 1169)

Əlavə edək ki, vəsiyyət heç də hər zaman vacib deyildir. O, xüsusi hallarda vacib olur. Məsələn, bir şəxsin borcu olur və sağ olduğu zaman onu ödəməmiş olur, bu zaman ölüm əlamətləri ona görünür və beləcə borcla bağlı vəsiyyət etməsi vacib olur. Yaxud ona hər hansı bir şey tapşırılır və sağ olduğu müddətdə onu qaytarmamış olur (belə vəziyyətdə də ona vəsiyyət etməsi vacib olur). Lakin bu kimi şeylər olmazsa, o zaman vəsiyyət o şəxsə vacib olmaz. Belə halda vəsiyyət yalnızca müstəhəb olar. Buna görədir ki, onun vacib olması özündən sonra hər hansısa bir şey qoyub getməsi şərtinə bağlı edilmişdir. Allahu-təala buyurur: “Sizin üçün belə yazılıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra mal qoyursa, öz ata-anası və yaxınları üçün gözəl bir tərzdə vəsiyyət etsin. (Bu) təqvalıların öhdəsinə düşən bir haqdır” (Bəqərə surəsi, 180).

Üçüncüsü: Fərzən bütün qeyd edilənləri deyilməmiş hesab edək, bu halda Quran ayəsi onu isbat edir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyət edib. Lakin, o isbat etmir ki, bu hədis bütün cümlələri ilə birgə həmin səhih vəsiyyətdir. Əksinə, daha sonra da qeyd edəcəyimiz kimi, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəfat gecəsindəki vəsiyyətdən danışan başqa bir neçə rəvayət vardır ki, orada məhdilərdən bəhs edilməmişdir.

Nəzərdə olsun ki, bizim münaqişəmiz Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyət edib-etməməsi barədə yox, İmam Məhdidən (əleyhis-səlam) sonra mədhilərin gələcəyinin və onların başçılarının da həmin məhdilərdən olacağının isbatı barədədir. Bu barədə şiə arasında heç bir ixtilaf yoxdur. Quranın bu rəvayətin məzmununun bir hissəsi ilə uyğun olması bu rəvayətin səhihliyini və onun qalan məzmunun da səhih olmasını isbat etmir. Xüsusən də bu məzmun şiə nəzərində məşhur olan şeyin xilafına olarsa. Gərək Nazim əl-Uqeyli Quranın bizim barəsində mübahisə etdiyimiz şeylə; on iki məhdi ilə müvafiq olduğunu isbat etsin! Bunu isə o bacarmamışdır.

Uqeyli bir neçə dəfə və bir neçə yerdə təkrar etmişdir ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyətinin yeganə mətni məhz bu rəvayətdir. Deyir:

“Bu ayə açıq-aşkar göstərir ki, ehtizar vaxtı vəsiyyət etmək vacibdir. Təkrar edirəm: ehtizar vaxtı. Yəni, insanlara ölüm gələn vaxt. Şeyx Tusinin nəql etdiyi və imamlara və məhdilərə (əleyhimus-səlam) işarət edən rəvayətdən başqa Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəfat gecəsində etdiyi vəsiyyətin mətnini açıqlayan heç bir rəvayət yoxdur. Hər kəs bu vəsiyyəti rədd etsə və ya onun barəsində şəkk etsə, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Allahın sözünə zidd hərəkət etdiyinə hökm vermiş olar. Ona görə ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Allahu-təalanın şəriətinə əməl edən ən birinci şəxsdir. O həzrət etmədiyi bir şeyi deməz. Elə isə necə olur ki, Allahın ölüm vaxtı vəsiyyət etməklə bağlı əmrini bir kənara qoyur? Bunu yalnız Muhəmmədə (sallallahu əleyhi və alihi və səlləm) nazil olana kafir olan şəxs deyər”. (Difaən an əl-Vəsiyyə, səh.16.)

Həmçinin, həmin mənbədə deyir:

“Əgər onların bu rəvayətin inkar edirlərsə, o zaman Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəfat gecəsində etdiyi vəsiyyətinin mətnini açıqlayan başqa bir rəvayət gətirsinlər. Heç vaxt da gətirə bilməyəcəklər. Çünki bu rəvayət (bunu açıqlayan) yeganə və tək rəvayətdir. Bununla, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyətindən bəhs edən bu rəvayətin səhihliyi yəqinən sübuta yetir. Çünki bu rəvayət az əvvəl qeyd edilən ayənin yeganə misdaqıdır”. (Difaən an əl-Vəsiyyə, səh.16.)

Gülməli və eyni zamanda da ağlamalı məqam odur ki, o özü-özünə cavab verib və elə eyni səhifədəcə öz sözünü batil edib. Dediyi sözlə o sözü batil edən digər sözü arasında yalnızca bir neçə sətir vardır!

Belə ki, o rəvayətin Quranla müvafiq olduğun isbat etməkdən ötrü vəsiyyət zamanı şahidlərin iştirak etməsinin vacibliyindən bəhs edən ayəni dəlil gətirib. Lakin məlumdur ki, “əl-Ğeybə” kitabında gələn rəvayətdə vəsiyyət zamanı şahidlərin iştirak etməməsi barədə bir şey deyilmir.

Buna görə də əl-Uqeyli bizi Süleym ibn Qeysin kitabına aparıb deyir:

“Burada ölüm ayağında vəsiyyət etməyin vacibliyindən əlavə digər bir şərtin də olduğunu əlavə edirəm və o da mümkün olarsa adil olan iki nəfərin vəsiyyətə şahid tutulmasıdır. Əgər mümkün olmasa, o zaman başqa şəxslərdən də tutula bilər. Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) də vəfat etdiyi gecə Əli ibn Əbu Talibə vəsiyyət edərkən belə etmişdir. Belə ki, Əmir əl-möminin (əleyhis-səlam) Təlhəyə dəlil-sübut gətirdiyi zaman Salman əl-Farisini, Əbu Zər əl-Ğəffarini və Miqdadı bu vəsiyyətə şahid tutmuşdur. Bunu Süleym ibn Qeys əl-Hilali öz məşhur kitabında nəql etmişdir”. (Difaən an əl-Vəsiyyə, səh.16.)

Baxın görün xəbəri olmadan necə sübut edir ki, vəsiyyətin başqa bir mətni vardır və bu, Süleym ibn Qeysin kitabında onların rəvayətlərinin qeyd etmədiyi şəkildə başqa bir təfsilatla qeyd edilmişdir!

Gəlin vəsiyyətin Süleym ibn Qeysin nəqli əsasında olan mətninə nəzər salaq və görək o, onların iddialarına uyğun gəlir, yoxsa etiqad etdikləri şeydən fərqlənir?

Süleym öz kitabında rəvayət edir ki, Əmir əl-möminin (əleyhis-səlam) mühacir və ənsarın bir-birlərinə öz fəzilət və üstünlüklərini sadalayıb fəxr etdikləri zaman dediyi uzun bir söhbətdə Təlhəyə dedi:

“Ey Təlhə, məgər sən şahid deyilsən ki, Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) bizdən sümük9 gətirməmizi istədi ki, oraya ümmətin ondan sonra azmayacağı və ixtilaf etməyəcəyi bir şey yazdırsın? O vaxt sənin dostun demədi ki: "Allah Rəsulu sayıqlayır?" Bundan sonra da Allah Rəsulu qəzəblənərək yazmaq fikrindən daşındı. Dedi: "Bəli, şahidəm."

Dedi: "Elə ki, siz çıxıb getdiniz Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) yazdırmaq istədiyi və camaatı şahid tutmaq istədiyi şeyin nə olduğunu mənə dedi. Cəbrail də ona xəbər verib bildirdi ki, Allahu-təala (öz əzəli elmi ilə) bilmişdir ki, bu ümmətin ixtilaf edib parçalanacaq. Sonra bir səhifə istədi və sümük üzərinə yazmaq istədiyi şeyi mənə imla etdi. Buna üç nəfər şahid oldu: Salman Farisi, Əbu Zərr və Miqdad. Peyğəmbər Allahın itaətlərini qiyamətə qədər vacib etdiyi hidayət imamlarının adlarını sadaladı. Onların birinci olaraq mənim adımı çəkdi, sonra bu oğlum Həsənin, ondan sonra da bu oğlum Hüseynin adını çəkdi. Sonra da bu oğlum Hüseynin nəslindən gələn doqquz nəfər şəxsin adını çəkdi. Elə deyil, ey Əbu Zərr? Elə deyil, ey Miqdad? Dedilər: "Allah Rəsulunun (səllallahu əleyhi və alihi və səlləm) belə etdiyinə şəhadət veririk”. (Süleym ibn Qeysin kitabı, səh. 211)

Gördündüyü kimi, Süleymin kitabındakı rəvayət məhdiləri qeyd etmir və yaxından-uzaqdan onlara heç bir işarə etmir. Əksinə rəvayət yalnızca Allahın itaətlərini vacib etdiyi höccətləri qeyd etməklə kifayətlənir. Belə ki, deyir: “Peyğəmbər Allahın itaətlərini qiyamətə qədər vacib etdiyi hidayət imamlarının adlarını sadaladı”.

Bu onu təsdiq edir ki, “məhdilər”dən məqsəd on iki İmamdır (əleyhimus-səlam). Əks halda, əgər başqa imamlar da mövcud olsaydı o zaman Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu vəsiyyətində onları da açıqlayardı.11

Ola bilər ki, onlardan biri rəvayətə irad tutub desin ki, rəvayət vəsiyyətin məzmununu qeyd etməyib və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Əmir əl-mömininə (əleyhis-səlam) nə dediyini bəyan etməyib.

Cavab: Əgər rəvayət vəsiyyətin məzmununun bir hissəsini açıqlayıbsa, o zaman bu irad düzgün sayılmır. “əl-Ğeybə” kitabında qeyd olunan vəsiyyət rəvayəti də Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyətinin hamısını nəql etməyib. Əksinə bir hissəsini qeyd etməklə kifayətlənib ki, bu hissə də – imam, yaxud məhdi olmalarından aslı olmayaraq – höccətlərin adlarının açıqlandığı hissədir. Bəlkə də burada müəyyən məsləhətlər vardır ki, (məsələn, vəsiyyətin insanların bilmələrinin istənilmədiyi şeyləri əhatə etməsi kimi) bu məsləhətlər vəsiyyətin məzmununun hamısının qeyd edilməsinə imkan vermir.

Qəribəsi odur ki, Nazim əl-Uqeyli iddia edir ki, bu rəvayətdən başqa vəsiyyətdən söz açan başqa bir rəvayət yoxdur. Mən bilmirəm bunu Əhli-Beyt (əleyhimus-səlam) hədislərindən bixəbər olmaq kimi başa düşüm, yoxsa belə başa düşüm ki, vəsiyyət rəvayətlərindən xəbərdardır, lakin camaatı aldatmaq istəyir?! Şiə kitablarında vəsiyyətdən bəhs edən rəvayətlər çoxdurlar.

Məsələn: Şeyx Kuleyninin (quddisə sirruh) “əl-Kafi” kitabında İsa ibn Mustəfad Əbu Musa əd-Zərirdən nəql etdiyi rəvayət. Deyir:

“Musa ibn Cəfər (əleyhiməs-səlam) mənə nəql edib dedi: Əba Əbdillaha (əleyhis-səlam) dedim: Məgər Əmir əl-möminin (əleyhis-səlam) vəsiyyəti yazan, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ona imla edən, Cəbrail və müqərrəb mələklər də (əleyhimus-səlam) şahidlər deyildilər? Həzrət uzun müddət başını aşağı saldı, sonra dedi: “Ya Əbəl-Həsən, dediyin kimi idi. Lakin elə ki, Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) əmr nazil oldu, vəsiyyət Allah dərgahında yazılı şəkildə nazil oldu. Onu Cəbrail Allah təbarək və təalanın əmin kəslərindən olan mələklərlə birgə nazil etdi. Cəbrail dedi: “Ey Muhəmməd, vəsindən başqa yanında olanlara göstəriş ver ki, çıxsınlar. (Onu saxla ki) vəsiyyəti bizdən təhvil alsın. Sən də vəsiyyəti ona verməyinə və onun bu vəsiyyətdə (gələnlərə əməl etməsi ilə bağlı) verəcəyi zəmanətə bizi şahid tut”. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) əmr etdi ki, Əlidən (əleyhis-səlam) başqa otaqda olan hər kəs çölə çıxsın. (Bu vaxt) Fatimə də pərdə ilə qapı arasında idi. Cəbrail dedi: Ey Muhəmməd, Rəbbin sənə salam deyir və deyir: Bu sənə əhd etdiyim, şərt etdiyim, sənin barəndə ona şəhadət etdiyim, sənin barəndə mələklərimi ona şahid tutduğum kitabdır. Və Mən şahid olaraq kifayət edərəm, ya Muhəmməd. Buyurur: Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bədəni titrədi və buyurdu: Ey Cəbrail, Rəbbim özü Salamdır, salam ondandır və ona tərəf qayıdır. Doğru və düz deyib (əzzə və cəll). Gətir kitabı. Cəbrail kitabı ona verdi və göstəriş verdi ki, onu Əmirəl-mömininə (əleyhis-səlam) ötürsün. Həzrət ona dedi: “Oxu onu”. Əmir əl-möminin (əleyhis-səlam) onu hərf-hərf oxudu. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: "Bu, Rəbbimin mənə olan əhdi, şərt etdiyi şey və əmanətidir. Mən çatdırdım, nəsihət etdim və vəzifəmi yerinə yetirdim". Əli (əleyhis-səlam) dedi: "Atam-anam sənə fəda olsun, mən də sənin çatdırdığına, nəsihət etdiyinə və düz dediyinə şəhadət verirəm. Sənin bu işi gördüyünə buna mənim qulağım, gözüm, ətim və qanım şəhadət verir. Bu vaxt Cəbrail (əleyhis-səlam) dedi: Mən də bu barədə sizin hər ikiniz üçün şəhadət verirəm". Allah Rəsulu (əleyhis-səlam) buyurdu: "Ey Əli, mənim vəsiyyətimi götürüb onunla tanış oldunmu və Allaha və mənə orada yazılanlara vəfa edəcəyinə dair zəmanət verirsənmi?" Əli (əleyhis-səlam) dedi: "Bəli, atam-anam sənə qurban olsun. Ona əməl etməyə zəmanət verirəm. Orada yazılanları yerinə yetirməkdə Allahdan yardım və tövfiq istəyirəm". Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) dedi: "Ey Əli, istəyirəm bu vəsiyyət barədə sənin üzərinə şahid tutum..." Əli (əleyhis-səlam) dedi: "Bəli, tutun". Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: "Cəbrail və Mikayıl hal-hazırda mənimlə sənin arandadırlar. Onlar və onlarla birgə müqərrəb mələklər (şahid durmağa) hazırdırlar". Dedi: "Bəli, (razıyam). Qoy şahid olsunlar. Mən də – atam-anam sənə fəda olsun – onları şahid tuturam". Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) onları şahid tutdu. Peyğəmbərin Allahın əmri əsasında olan Cəbrailin göstərişi ilə ona şərt etdiyi şeylərdən biri belə idi ki, ona dedi: "Ey Əli, vəsiyyətdəki bu şeylərə vəfa edəcəksənmi: səbr etməli olsan da, qəzəbini udmalı olsan da, haqqın aradan getsə də, xümsün qəsb olunsa da və hörmətin pozulsa da Allaha və Onun Rəsuluna dost olan kəsləri dost tutacaqsan, Allaha və Onun Rəsuluna düşmən olan kəslərdən də uzaq olacaq, onları düşmən biləcək və onlardan bəraət edəcəksən?" Dedi: "Bəli, ey Allahın Rəsulu". Əmir əl-möminin (əleyhis-səlam) deyir: "Dənəni yarıb məxluqatı yaradana and olsun ki, Cəbrailin Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) belə dediyini eşitdim: "Ey Muhəmməd, ona de ki, hörməti aradan aparılacaq. O hörmət ki, Allahın və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) hörmətidir. Saqqalı başının al qanına boyanacaq." Əmirəl-möminin (əleyhis-səlam) deyir: "Cəbrail-Əminin bu sözünü eşitdikdə sarsıldım və üzü üstə yerə yıxıldım. Və dedim: Bəli, qəbul etdim və razıyam. Hərçənd hörmətim aradan aparılsa, sünnələr tərk olunsa, kitab parçalansa, Kəbə uçurulsa, saqqalım başımın al qanına boyansa belə, daim səbr edəcək və dözəcəyəm, taki (başıma gələnləri) sənə təqdim edəcəyəm". Sonra Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Fatiməni, Həsəni və Hüseyni (əleyhimus-səlam) çağırdı. Əmirəl-mömininə dediklərini onlara da dedi. Onlar da eyni cavabı verdilər. Beləcə vəsiyyət od dəyməmiş qızıl möhürlərlə möhürləndi və Əmir əl-mömininə (əleyhis-səlam) verildi”. Mən Əbul-Həsənə (əleyhis-səlam) dedim: “Atam-anam sizə fəda olsun, vəsiyyətdə nə olduğunu xatırlayırsınız?” Buyurdu: “Allahın və Onun Rəsulunun sünnələri”. Dedim: “Vəsiyyətdə onların Əmir əl-mömininə (əleyhis-səlam) qarşı çıxacaqları və ona müxalifət edəcəkləri var idimi?” Buyurdu: “Allaha and olsun ki, bəli. Bir-bir, hərfbəhərf var idi. Məgər Allahın (əzzə və cəll) bu sözünü eşitməmisən: “Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi açıq aşkar imamda ətraflı surətdə sayıb hesablamışıq”? Allaha and olsun ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Əmir əl-mömininə və Fatiməyə (salamullahi əleyhima) dedi: "Mənim sizə dediklərimi başa düşdünüz və onu qəbul etdiniz?" Dedilər: "Bəli, bizi kədərləndirən və bizi qəzəbləndirən şeylərə səbr edəcəyik". (Kafi, 1/281)

O cümlədən: Əllamə Məclisi (quddisə sirruh) İmam Kazimdən (əleyhis-səlam), o həzrət də atasından (əleyhis-səlam) nəql edir ki, (həzrət Rza (əleyhis-səlam)) buyurdu:

“Əli ibn Əbu Talib (əleyhis-səlam) demişdir: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyətinin əvvəlində belə yazılmışdı: “Bismillahir rəhmanir rəhim. Bu, Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alihi və səlləm) əhdi və vəsiyyətidir ki, onu Allahın əmri ilə vəsisi Əli ibn Əbu Talibə (əleyhis-səlam) verir”. Vəsiyyətin sonunda isə belə yazılmışdı: “Cəbrail, Mikayıl və İsrafil Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) Əli ibn Əbu Talibə (əleyhis-səlam) vəsiyyət etdiyi şeyə şəhadət verirlər. Muhəmmədin vəsisi onu almış və orada olanları (yerinə yetirəcəyinə) zəmanət vermişdir. Necə ki, Yuşə ibn Nun Musa ibn İmran üçün zəmanət vermişdi. Necə ki, İsanın vəsisi zəmanət verib yerinə yetirmişdi. Necə ki, onlardan öncə gələn vəsilər Muhəmmədin ən üstün peyğəmbər, Əlinin də ən üstün vəsi olduğuna zəmanət vermişdilər. Muhəmməd Əliyə vəsiyyət etdi və (işi) ona təslim etdi. Əli də təsdiqlədi və vəsiyyəti peyğəmbərlərin vəsiyyət etdiyi şey üzərə qəbul etdi. Muhəmməd (rəhbərlik) işi(ni) Əli ibn Əbu Talibə təslim etdi. Bu, Allahın əmri və itaətidir. Və onu vəliyyi-əmr etdi. Bu şərtlə ki, Muhəmməddən sonra nə Əlinin, nə də qeyrisinin peyğəmbərliyi yoxdur. Allah şahid olaraq kifayət edər”. (Biharul-Ənvar, 22/481)

O cümlədən: Vəsilərin (əleyhimus-səlam) vəsiyyətlərinin səmadan nazil olduğunu və hər bir imamın vəsiyyətinin öz əlində olduğunu bildirən rəvayət. Kuleyni (quddisə sirruh) öz sənədi ilə Muhəmməd ibn Əhməd ibn Ubeydullah əl-Əmridən, o atasından, o babasından, o da Əba Əbdillahdan (əleyhis-səlam) belə nəql edir:

“Allah (əzzə və cəll) öz Peyğəmbərinə (sallallahu əleyhi və alihi və səlləm) vəfatından qabaq bir kitab endirdi və (onu gətirən Cəbrail) dedi: “Ey Muhəmməd, bu sənin öz ailəndən olan nəcib şəxslərə olan vəsiyyətindir”. Buyurdu: “Nəcib şəxslər kimdirlər, ey Cəbrail?” Dedi: “Əli ibn Əbu Talib və övladları (əleyhimus-səlam)”. Kitabın üzərində qızıldan möhürlər var idi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onu Əmir əl-mömininə (əleyhis-səlam) verdi. Əmr etdi ki, onun bir möhürünü açsın və orada yazılana əməl etsin. Əmir əl-möminin (əleyhis-səlam) möhürü açdı və orada yazılana əməl etdi. Sonra onu oğlu Həsənə (əleyhis-səlam) ötürdü. O da bir möhür açdı və orada yazılana əməl etdi. Sonra onu Hüseynə (əleyhis-səlam) ötürdü. O da bir möhür açdı və orada belə yazıldığını gördü: “Bir dəstə şəxslə birgə şəhadət (üçün) qiyam et. Onlar üçün şəhadət yalnız səninlə birgədir.14 Özünü Allaha (əzzə və cəll) sat”. O da buna əməl etdi. Sonra onu Əli ibn Hüseynə (əleyhis-səlam) verdi. O da bir möhür sındırdı və orada belə yazıldığını gördü: “Başını aşağı sal, sus və evində otur. Sənə yəqin gələnə qədər Rəbbinə ibadət et”. O da belə etdi. Sonra onu oğlu Muhəmməd ibn Əliyə (əleyhis-səlam) ötürdü. O da bir möhür açdı və belə yazıldığını gördü: “İnsanlara hədis söylə, onlar üçün fətva ver və Allahdan başqa heç kəsdən qorxma. Heç kəs sənə bir şey edə bilməyəcək”. O da belə etdi. Sonra onu oğlu Cəfərə (əleyhis-səlam) ötürdü. O da bir möhür qırdı və belə yazıldığı gördü: “İnsanlara hədis söylə, onlar üçün fətva ver, Əhli-Beytinin elmlərini yay və saleh atalarının doğru söylədiklərini göstər. Allahdan (əzzə və cəll) başqa heç kəsdən qorxma. Sən qoruma və hifz altındasan”. O da belə etdi. Sonra onu oğlu Musaya (əleyhis-səlam) verdi. Musa da onu bu şəkildə özündən sonrakına verəcək. Ondan sonrakılar da bu şəkildə Məhdiyə qədər sallallahu əleyh onu ötürəcəklər”. (Kafi, 1/280)

Əhməd İsmayılın ardıcılları elə zənn etməsinlər ki, hədisdəki “Məhdi” onların başçıları Əhməd İsmayıldır. Necə ki, daim belə edirlər və “Məhdi” sözünü on ikinci İmamımızdan (əleyhis-səlam) uzaqlaşdırıb öz başçılarına aid edirlər. Əksinə, rəvayət səmadan vəsiyyətin nazil olduğu vəsilərin sayını açıqlamışdır və bu, on ikidir. Necə ki, az əvvəl Süleym ibn Qeysin kitabından nəql edilən rəvayət də buna işarə etmişdir.

O cümlədən: Şeyx Numani (quddisə sirruh) “əl-Ğeybə” kitabında Muaz ibn Kəsirdən, o da Əba Əbdillah Cəfər ibn Muhəmməddən (əleyhis-səlam) belə nəql edir:

“Vəsiyyət səmadan Allah Rəsuluna (səlləllahu əleyi və alih) möhurlənmiş bir kitab halında endi. Allah Rəsuluna (səlləllahu əleyi və alih) səmadan möhürlənmiş kitab şəklində nazil olan tək şey vəsiyyətdir. O zaman Cəbrail (əleyhis-səlam) dedi: “Ya Muhəmməd, bu sənin Əhli-Beytin barədə ümmətinə olan vəsiyyətindir”.

Allah Rəsulu (səlləllahu əleyi və alih) dedi: “Hansı Əhli-Beytim barədə, ey Cəbrail?”

Dedi: “Allahın nəcib bəndəsi və onun övladları (barədə). Hansılar ki, İbrahimdən qabaq nübüvvət elmini səndən miras almışlar16”.

Vəsiyyətin üzərində möhürlər var idi. Əli (əleyhis-səlam) birinci möhürü açdı və orada yazılana əsasən hərəkət etdi. Sonra Həsən (əleyhis-səlam) ikinci möhürü açdı və orada ona əmr edilənə əməl etdi. Sonra Hüseyn (əleyhis-səlam) üçüncü möhürü açdı və orada belə yazıldığını gördü: Döyüş, öldür, öldürül. Bir dəstə insanla birlikdə qiyam et və (bil ki) onlar yalnız sənin yanında şəhadətə çatacaqlar. Həzrət orada yazılanlara əməl etdi və sonra vəsiyyəti Əli ibni Hüseynə (əleyhis-səlam) verib dünyadan köçdü. Əli ibni Hüseyn (əleyhis-səlam) dördüncü möhürü açıb orada belə yazıldığını gördü: Elm hicab altda qaldığı üçün sus və otur. Sonra həzrət onu Muhəmməd ibn Əliyə (əleyhis-səlam) verdi və o da beşinci möhürü açıb orada belə yazıldığını gördü: Allahu-təalanın kitabını təfsir et, atanı təsdiq et, övladına elm ver və ümməti yetişdir. Qorxu vaxtı da, əmin-amanlıq vaxtı da haqqı de, Allahdan başqa heç kəsdən qorxma. O da eyniylə belə etdi və sonra onu özündən sonra gələn şəxsə ötürdü.

Muaz ibn Kəsir deyir: Həzrətə dedim: "Siz həmin şəxssiniz?" Buyurdu: "Ey Muaz, sənin üzərinə düşən vəzifə gedib bu hədisi məndən nəql etməyindir, bəli, mən o şəxsəm". Bundan sonra həzrət mənim üçün on iki ad sadaladı, sonra susdu. Dedim: "Sonra kim?" Dedi: "Kifayətdir". (əl-Ğeybə, səh. 60)

O cümlədən: Yenə Şeyx Numani Yunis ibn Yaqubdan, o da Əba Əbdillahdan (əleyhis-səlam) nəql edir ki:

“Əba Əbdillah (əleyhis-səlam) buyurdu: Allah Rəsulu (səllallahu əleyhi və alih) Əliyə (əleyhis-səlam) on iki möhürlə möhürlənmiş bir səhifə verib dedi: Birinci möhürü qır və onda yazılana əməl et, sonra səhifəni Həsənə (əleyhis-səlam) ver və o da ikinci möhürü qırıb ona əməl etsin. Sonra isə onu Hüseynə (əleyhis-səlam) versin və o da üçüncü möhürü qırıb onda yazılana əməl etsin. Bundan sonra isə bir-bir Hüseynin (əleyhis-səlam) övladlarına ötürülsün”. (əl-Ğeybə, səh. 61)

Həzrətin buyurduğu “on iki möhürlə möhürlənmiş...” sözü göstərir ki, vəsilərin sayı on ikidir. Nə az, nə də çox.

Nəticə budur ki, bu rəvayətlər ona dəlalət edir ki, məhdilər (onların on iki İmamdan (əleyhimus-səlam) fərqli şəxslər olduğunu qəbul etsək) imam və ya vəsi deyillər və vəsiyyət hədisi heç bir halda onunla zidd olan bu qədər çox sayda rəvayət qarşısında tab gətirə bilməz.

___________________________________________________________

1 O dövrdə üzərində yazı yazmaq üçün istifadə edilən materiallardan biri də heyvanın enli və yastı sümük hissəsi idi. (Müt.)
2 Onların bu hədisi bəzi şəxslərin vəsiyyət hədisinə şahid olduqlarını göstərmək üçün dəlil gətirmələrindən belə nəticə əldə edilir ki, onların nəzərincə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdiyi gecə söylədiyi vəsiyyət elə “rəziyyətul-xəmis” günü yazdırmaq istədiyi vəsiyyətdir. Ona görə ki, Süleymin kitabından gətirdikləri bu hədisdən belə başa düşülür ki, hədisdə baş verən hadisələr “rəziyyətul-xəmis” günü baş vermişdir (O vaxt sənin dostun demədi ki: Allah Rəsulu sayıqlayır?). Əgər onlar “vəsiyyət hədisi”nə şahid olan kəslər kimi, “rəziyyətul-xəmis” günü Peyğəmbərin etdiyi vəsiyyətə şahid olan kəsləri göstərirlərsə, deməli bu mənaya gəlir ki, “vəsiyyət hədisi” ilə “rəziyyətul-xəmis” günü deyilən vəsiyyət eynidirlər. İndi ki, belədir, o zaman Süleym ibn Qeysin kitabında “rəziyyətul-xəmis” günü edilən vəsiyyət barədə nəql edilən digər hədislərə nəzər salaq. Çünki “rəziyyətul-xəmis” günü edilən vəsiyyətin nə olduğunu bilərsək, vəfat gecəsindəki vəsiyyətin də nə olduğunu biləcəyik. O zaman doğrudan da “vəsiyyət hədisi”nin vəfat gecəsindəki vəsiyyətlə eyni olub-olmadığını görəcəyik. Əgər uyğun olsa, çox gözəl. Yox əgər uyğun olmasa, o zaman məşhurun ziddinə olan, alimlərin rədd edib mübhəm, şazz və ammə hədisi adlandırdığı, nə sənəd və də mətn baxımında höccət olmayan “vəsiyyət hədisi”nin batil olduğu bir daha ortaya çıxacaq. Biz bu rəvayətlərə misal olaraq Süleym ibn Qeys əl-Hilalinin kitabında gələn digər iki rəvayəti təqdim edirik (biri yuxarıda deyildi). Rəvayətlər belədir:

1- Süleym ibn Qeys deyir: “Salmanın belə dediyini eşitdim: O şəxs məlum sözü dedikdən və Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) qəzəblənib sümyü geri qaytardıqdan sonra Əlinin (əleyhis-səlam) belə dediyini eşitdim: “Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sümüyə yazmasını istədiyi şeyin nə olduğunu soruşmayaq? Hansı ki, əgər yazsaydı heç kəs azmayacaq və ixtilaf etməyəcəkdi”. Mən susdum. Elə ki, evdəkilər çıxdılar və (evdə) yalnız Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimus-səlam) qaldı, mən və iki dostum Əbu Zər və Miqdad ayağa qalxıb getmək istədik. Bu zaman Əli (əleyhis-səlam) bizə dedi: “Oturun”. İstədi ki, Allah Rəsulundan soruşsun və biz də eşidək. O soruşmamışdan Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) sözə başlayıb dedi: “Ey qardaşım, Allah düşməninin nə dediyini eşitdin? Az əvvəl Cəbrail yanıma gəlib dedi ki, o şəxs bu ümmətin Samirisidir, onun dostu da bu ümmətin buzovudur. (Həmçinin, dedi ki,) Allah məndən sonra ümmətim üçün parçalanma və ixtilaf təqdir edib. Cəbrail mənə bildirdi ki, yazmaq istədiyim o kitabı sənin üçün sümük üzərinə yazam və bu üç nəfəri də buna şahid tutam. Mənim üçün bir səhifə gətir”. Həzrət onun üçün bir səhifə gətirdi. Peyğəmbər özündən sonra gələn hidayət imamlarının adlarını bir-bir ona imla etdi, Əli (əleyhis-səlam) da öz xətti ilə onu yazırdı. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Mən sizi şahid tuturam ki, mənim qardaşım, vəzirim, varisim və ümmətim arasında xəlifəm Əli ibn Əbu Talibdir. Sonra Həsəndir, sonra Hüseyndir. Onlardan sonra Hüseynin nəslindən olan doqquz şəxsdir”. Mən onların adlarından yalnız ikisini yadda saxlaya bildim: Əli və Muhəmməd. Digər İmamların (əleyhimus-səlam) adlarını isə tam yadda saxlaya bilmədim. Lakin Məhdinin xüsusiyyətini, ədalətini və görəcəyi işi eşitdim: Allah onun vasitəsilə yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq. Sonra Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Mən istədim ki, bunu yazam, sonra onu məscidə aparam, sonra hamını çağıram və bunu onlara oxuyub onları şahid tutam. Lakin Allah belə istəmədi və öz istədiyini həyata keçirdi...” (Kitabu Suleym ibn Qeys: 398-399, hədis 49).

2- Süleym deyir: “Əmir əl-möminin (əleyhis-səlam) dedi: Ey Təlhə, məgər sən şahid deyilsən ki, Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) bizdən sümük gətirməmizi istədi ki, oraya ümmətin ondan sonra azmayacağı və ixtilaf etməyəcəyi bir şey yazdırsın? O vaxt sənin dostun demədi ki: Allah Rəsulu sayıqlayır? Bundan sonra da Allah Rəsulu qəzəblənərək yazmaq fikrindən daşındı. Dedi: "Bəli, şahidəm."

Dedi: Elə ki, siz çıxıb getdiniz Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) yazdırmaq istədiyi və camaatı şahid tutmaq istədiyi şeyin nə olduğunu mənə dedi. Cəbrail də ona xəbər verib bildirdi ki, Allahu-təala (öz əzəli elmi ilə) bilmişdir ki, bu ümmətin ixtilaf edib parçalanacaq. Sonra bir səhifə istədi və sümük üzərinə yazmaq istədiyi şeyi mənə imla etdi. Buna üç nəfər şahid oldu: Salman Farisi, Əbu Zərr və Miqdad. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Allahın itaətlərini qiyamətə qədər vacib etdiyi hidayət imamlarının adlarını sadaladı. Onların birinci olaraq mənim adımı çəkdi, sonra bu oğlum Həsənin, ondan sonra da bu oğlum Hüseynin adını çəkdi. Sonra da bu oğlum Hüseynin nəslindən gələn doqquz nəfər şəxsin adını çəkdi. Elə deyil, ey Əbu Zərr? Elə deyil, ey Miqdad? Dedilər: "Allah Rəsulunun (səllallahu əleyhi və alihi və səlləm) belə etdiyinə şəhadət veririk."

Təlhə dedi: “Allaha and olsun ki, Allah Rəsulunun (səllallahu əleyhi və alihi və səlləm) Əbu Zərr barəsində belə dediyini eşitmişəm: Əbu Zərr qədər doğru danışan və onun qədər saleh və yaxşı olan başqa bir insanı nə yer öz üzərində daşıyıb, nə də səma belə birisinə kölgə salıb. Mən şəhadət verirəm ki, bu iki şəxs yalnız haqq olana şəhadət verərlər. Sən isə mənim yanımda onlardan daha doğruçu və daha saleh şəxssən”. Sonra Həzrət (əleyhis-səlam) Təlhəyə üzünü tutub dedi: “Allahdan qorx ey, Təlhə. Və sən ey Zübeyr, sən ey Səd və sən ey İbn Ovf, Allahdan qorxun. Onun rizasını üstün tutun, Onun yanında olanı seçin və Allah yolunda qınayanın qınamasından qorxmayın”.

Elə isə, bu hədislərin harasında məhdilərdən danışılır? Gördüyünüz kimi, bu rəvayətlərin heç birində məhdilərdən söz açılmır. Halbuki, Əhməd İsmayıl və ardıcılları bu rəvayətlərdəki vəsiyyətlə vəfat gecəsi deyilən vəsiyyətin eyni oluduğunu iddia edirlər! Əgər elədirsə, haradadır “məhdilər”?

İndi ki, belədir, o zaman başa düşürük ki, rəvayətlərin heç birinin “vəsiyyət hədisi” ilə uyğun gəlməməsi “vəsiyyət hədisi”nin batilliyini, məşhura ziddliyini və bu şəxslərin cəhalətini göstərir. Üstəlik Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyətinin məzmununu rəvayət edən onlarca rəvayətin heç birində məhdilərdən söz açılmır. Necə ki, az sonra təqdim ediləcək. (Müt.)
3 Yalnız səninlə gəldikləri zaman şəhadətə yetişə biləcəklər. (Müt.)
4 İbrahimdən məqsəd, həzrəti Peyğəmbərin səlləllahu əleyi və alih və səlləm oğlu İbrahimdir. (Müt.)

[page]

Vəsiyyət hədisi mötəbər kitabda nəql edilmişdir

Nazim əl-Uqeyli deyir: “Bu rəvayət etimad edilən kitablardan birində nəql edilmişdir. Bu kitab hədis, hədis təriqləri və ricalı sahəsində görkəmli alim olan “rəisut-taifə” Şeyx Tusinin “əl-Ğeybə” kitabıdır. Daha öncə qeyd edildi ki, o öz kitablarındakı rəvayətlərin səhihliyinə dair şəhadət vermiş və bildirmişdir ki, qeyri-mötəbər rəvayətlə işi yoxdur və belə rəvayətdən istifadə etmir. Hürr Amuli də “Vəsail” kitabının sonunda qeyd etmişdir ki, Şeyx Tusinin “əl-Ğeybə” kitabı etimad edilən kitablardandır. Bununla “vəsiyyət hədisi” də səhihlik baxımından problemsiz olur”. (Difaən ən əl-Ğeybə, səh.18)

Bu, cəhli-mürəkkəbdir.20 Belə ki, “əl-Ğeybə” kitabı dəlil gətirmə məzmunlu bir kitabdır. Burada “Şeyxut-taifə” şiə-imamiyyə məzhəbinin on ikinci İmamla (əleyhis-səlam) bağlı etiqad etdikləri qeybə çəkilmənin səhihliyini isbat etməyə çalışmışdır. Məlumdur ki, dəlil gətirmə məzmunlu kitablarda bütün mənbələrdən dəlillər qeyd olunur. Hətta demək olar ki, ən əsas dəlillər “onları qəbul etdikləri şeylə susdurun” babından çıxış edərək müxalifin nəql etdiyi şeydən gətirilən dəlillər olur. Şeyx Tusi on iki imam rəvayətlərini qeyd etdikdən sonra buna işarət edərək demişdir:

“Bu bir qisim hədislər idi ki, onları qeyd etdik. Əgər bu barədə xassə (şiə) tərəfində deyilən hədisləri gətirmək istəsəydik, kitab çox uzanardı. Biz yalnız bu qədərini gətirməklə (kifayətləndik) ki, bu mövzuda hər iki tərəfin hədis nəql etməsi barədə dediyimiz sözün doğru olduğunu göstərək. Hər kəs (bu barədə şiənin nəql etdiyi hədislərlə) tanış olmaq istəsə, bu mövzuda yazılan kitablara müraciət etsin. Belə olduqda o bu barədə bizim dediyimizdən də çox şey tapacaq”. (əl-Ğeybə, səh.156)

Şeyx Tusinin (quddisə sirruh) sözü açıqca buna dəlalət edir ki, onun “əl-Ğeybə” kitabında nəql etdiyi rəvayətlər içində həm şiə, həm də müxaliflər tərəfdən nəql edilən rəvayətlər vardır. Hətta ammə tərəfinin hədislərinə daha çox yer verilib. Xassə tərəfinin hədislərindən isə az bir miqdar gətirməklə kifayətlənib, qalan hədisləri bu mövzuda yazılan başqa kitablara həvalə edib.

___________________________________________________________

5 Cəhli-mürəkkəb adından da görüldüyü kimi cəhalətin daha mürəkkəb formasıdır. Bu zaman cahil olan şəxs öz cahilliyindən bixəbər olur və onlara nəyisə başa salmaq fayda vermir.

[page]

Rəvayətin məzmununun mütəvatir olması

Nazim əl-Uqeyli deyir: “Bir çox rəvayətlər vəsiyyət hədisinin məzmununu təsdiqləmişdir ki, bununla da rəvayət(in məzmunu) təvatür həddinə çatmışdır”. (Difaən ən əl-Vəsiyyə, səh.19)

Cavab: Bu iddianın heç bir dəlili yoxdur. Nə asandır dəlil olmadan iddia etmək!

Bəli, Nazim Uqeyli bir sıra rəvayətlər sadalamışdır ki, bunlar İmam Məhdinin (əleyhis-səlam) övladlarının olacağını bildirməkdən ötəyə bir şeyə dəlalət etmirlər. Hətta fərzən İmamın övladlarının olması barədə təvatürün olduğunu qəbul etsək, o zaman bu yenə də sübut etməyəcək ki, onlar ataları İmam Məhdidən (əleyhis-səlam) sonra imam və vəsi olacaqlar. Həmçinin, bu, bu məhdilərin birincisinin adının Əhməd olmasının və onun atasından sonra imam və s. olmasının mütəvatir olduğunu sübut etməyəcək. Əksinə, İmamın oğlunun adının Əhməd olması və onun atasından sonra höccət olması yalnız bu hədisdə gəlmişdir. O hədisdə ki, daha öncə də dediyimiz kimi alimlərimizin onun şazz, nadir və məşhura müxalif olduğunu demişlər. Hətta demişlər ki: o ammə məzhəbinin rəvayətlərindəndir.

[page]

Rəvayətə zidd olan başqa bir rəvayətin yoxluğu

Nazim əl-Uqeyli deyir: “Vəsiyyətin mətninə zidd olan hər hansısa bir rəvayətin olmaması. Bu da həmçinin, qəti bir dəlildir”. (Difaən ən əl-Vəsiyyə, səh.19)

Bu söz rədd edilir. Biz daha öncə sübut etdik ki, vəsiyyət hədisi mütəvatir rəcət rəvayətlərinin ziddinədir. Hətta isbat etdik ki, rəcət rəvayətləri bu rəvayət üzərində hakimdir. Həmçinin, isbat etdik ki, vəsiyyət hədisi Süleym ibn Qeysin kitabındakı rəvayətin və imamət və vəsiliyin yalnız on iki İmama (əleyhimus-səlam) məxsus olduğunu bildirən digər mütəvatir rəvayətlərin ziddinədir.

Bundan əlavə, rəvayətə zidd (müxalif) başqa rəvayətin olmaması rəvayətin məsumdan sadir olmasına qəti dəlil deyildir. Bu ən uzağı rəvayətin məsumdan sadir olması barədə ehtimal yarada bilər, qətilik yox. Rəvayətin məsumdan sadir olması ehtimalı isə onu höccət etmir.

[page]

Təqiyyə ehtimalının olmaması

Nazim əl-Uqeyli deyir: “Bu rəvayətin təqiyyə ilə deyilməsi ehtimalının mövcud olmaması. Belə ki, əgər bir rəvayət məzhəbin əsaslarına zidd olar, başqa məzhəblərkinə isə uyğun olarsa, ehtimal edilər ki, imam hədisi düşmənlərindən təqiyyə edərək demişdir. Lakin əgər məzhəbin əsaslarına uyğun və digərlərinə müxalif olarsa, o zaman bu ehtimal aradan qalxar”. (Difaən ən əl-Vəsiyyə, səh.19)

Cavab: Bu deyilənlər heç də hər rəvayətin səhihliyi üçün əsas ola bilməz. Çünki isbat etdiyimiz kimi hədis ammə məzhəbli hədisdir və şiə təriqi ilə nəql edilməyib. Ravilərinin əksəriyyəti də məchul şəxslərdir.

Onun ammə məzhəbinin əqidələrinə müxalif olması, onun bizim yanımızda höccət olmasını gərəkli etmir. Ola bilər ki, onu ravilərdən biri şiələrə məsxərə etmək üçün, yaxud əqidələrini təhrif etmək üçün qondarıb. Yaxud ola bilər ki, məsələn, rəvayətdə gələn İmam Məhdi (əleyhis-səlam)-ın oğlunun adının Əhməd olması ravinin xətası olub. Biz ravinin dəqiq olub-olmadığını bilmirik. Hətta heç bir ravinin tərcümeyi-halını bilmirik!

Şiə kitablarında çoxlu sayda hədis var ki, şiə əqidəsinə də, əhli-sünnə əqidəsinə də müxalifdir. Lakin biz bu hədislərin təqiyyə ilə deyildiyi ehtimalını vermirik. Ona görə ki, onların sənədləri zəifdir, necə ki, vəsiyyət hədisində olduğu kimi. Hədisin təkcə ammə məzhəbi ilə müxalif olması, onun səhih olmasını gərəkli etmir. Xüsusən də hədis bizim yanımızda şazz və mütəvatir Əhli-Beyt (əleyhimus-səlam) rəvayətlərinə müxalif olarsa.

Əhli-Beyt İmamları (əleyhimus-səlam) bəzi dinsizlərin hədisləri dəyişdiyinə işarə etmişlər. Necə ki, Müğeyrə ibn Səid barəsində belə bir söz deyilmişdir. Şeyx Kəşşi (quddisə sirruh) Yunisdən, o da Hişam ibn Həkəmdən nəql edir ki, (sonuncu) Əba Əbdillahın (əleyhis-səlam) belə buyurduğunu deyir:

“Müğeyrə ibn Səid bilə-bilə atama yalan yaxırdı. Atam əshabının kitablarını alırdı. Onun adamları atamın səhabələri arasında gizlənmişdilər. Onlar atamın səhabələrindən kitabları alır və onu Müğeyrəyə verirdilər. Müğeyrə də bu kitablar(a dəyişiklik edərək) onlara küfr və zındıqlıq (dinsiz fikirlər) əlavə edir və onları atama nisbət verirdi. Sonra da bunları öz adamlarına verirdi və əmr edirdi ki, onları şiələr arasında yaysınlar. Atamın səhabələrinin kitabları içində nə ğüluvv varsa, Müğeyrə ibn Səidin (lənəhullah) əlavə etdiyidir”. (İxtiyaru mərifətir-rical, səh.195)

Qəribəsi budur ki, əl-Uqeyli iddia edir ki, məhdilərə dəlalət edən vəsiyyət hədisi ammə məzhəbi rəvayətlərinə ziddir. Halbuki, özünün “əl-Ərbəunə hədisən fil-məhdiyyin və zurriyyətil-Qaim” kitabında əhli-sünnə kitablarından məhdilərə və ya “ilk məhdi”yə dəlalət edən rəvayətlər qeyd etmişdir:

Məsələn: İbn Əbu Hatəm öz təfsirində Kəb əl-Əhbardan belə nəql edir:

“Onlar on iki nəfərdirlər. Elə ki, onların müddəti başa çatdı, (Allah) bu on iki nəfərin yerinə onlar kimi olan başqa on iki nəfər qoyar. Allah bu ümmətə belə vədə vermişdir”. (əl-Ərbəunə hədisən, səh. 36, İbn Əbu Hatəmin təfsirindən nəqlən: 8/2628, hədis 14769)

Həmçinin: Qazi ən-Numan əl-Məğribi deyir:

Yəhya ibn Səlamın hədisində mərfu şəkildə Abdullah ibn Ömərdən nəql olunur ki, dedi: “Müjdə olsun sizə, zalımların dövrünün bitməsinə az qalır. Onlardan sonra bir qüdrətli şəxs olacaq ki, Allah onunla Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətinə yardım edəcək.27 O Məhdidir. Sonra (başqa adı) Mənsurdur”.

Bundan sonra hidayət edən imamların saylarını açıqlayır. (əl-Ərbəunə hədisən, səh. 37, Şərhul-Əxbar kitabından nəqlən: 3/400, hədis 1283)

Həmçinin: Süyuti “əl-Ərf əl-Vərdi” kitabında sənədlə Salim ibn Əbul-Cəddən nəql edir ki, deyir:

“Məhdi iyirmi bir, yaxud iyirmi iki il (hakimiyyətdə) olacaq. Ondan sonra başqa saleh bir şəxs on dörd il, ondan sonra da başqa saleh bir şəxs doqquz il (hakimiyyətdə) olacaq”. (əl-Ərbəunə hədisən, səh. 65)

Süyuti, İbn Əbu Hatəm, Kəbul-Əhbar və Abdullah ibn Ömər şiə deyillər. Əksinə, şiənin müxaliflərindəndirlər. Onlar bu rəvayətləri nəql etmişlər və bu, Nazim əl-Uqeylinin etdiyi iddianı batil edir.

Buna əsasən, təqiyyə rəvayətlərin və ya onların məzmunlarının fərqli olmasının yeganə səbəbi deyil. Əksinə, başqa bir neçə səbəb də vardır ki, bunlara misal olaraq dəyişikliklər etməyi, uydurmağı, xəta etməyi göstərə bilərik. Buna görə də bu rəvayətdə təqiyyə ehtimalının olmaması, onun səhih olması anlamına gəlmir.

___________________________________________________________

6 Yaxud: onunla Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) ümmətini sağaldacaq, dirildəcək. (Müt.)

[page]

Alimlərin rəvayətdən dəlil olaraq istifadə etməsi

Nazim əl-Uqeyli deyir: “Bəzi böyük alimlərin və mühəddislərin vəsiyyət hədisindən dəlil olaraq istifadə etmələi onun mötəbərliyinə və ona etimad etməyin düzgünlüyünə dəlalət edir. Çünki əgər o zəif olsaydı, o zaman bu böyük alimlərin ona əsaslanması mümkün olmazdı”.(Difaən an əl-Vəsiyyə, səh. 23)

Görünür bu “şeyx” hədisi nəql etməklə onun məzmununu qəbul etməyi bir-birindən ayıra bilmir. O Şeyx Tusini rəvayətə etimad edən şəxslərdən hesab etmişdir. Bir halda ki, Şeyx bu hədisi sadəcə olaraq rəvayət etmişdir və ona heç bir rəy bildirməmişdir. Məlumdur ki, Şeyx (quddisə sirruh) on iki İmama (əleyhimus-səlam) dəlalət edən hədisləri qeyd etmişdir. Bu hədisi də onların içində gətirmişdir və onun lazım olan hissəsindən dəlil olaraq istifadə etmişdir; bu hissə isə onun on iki imama dəlalət etdiyi hissəsidir. Amma hədisin qalan məzmununa gəlincə, (məsələn, İmam Məhdinin (əleyhis-səlam) övladları olacaq və bu övladlar ondan sonra imam olacaqlar və s.), Şeyx Tusi (quddisə sirruh) özü daha əvvəldə dediyi bir sözündə bunları rədd etmişdir. Belə ki, deyir:

“O şəxslərə gəlincə ki, deyirlər: “Xələfin övladı var və imamlar on üçdürlər”, bu şəxslərin sözləri İmamların (əleyhimus-səlam) on iki nəfər olması barədə gətirdiyimiz dəlillərə əsasən batildir. Bu söz bir kənara atılmaldır. Özü də bu firqələr hamısı – Allaha həmd olsun ki – aradan gediblər və onların sözünü deyən bir kimsə qalmayıb. Bunun özü bu sözlərin batilliyinə dəlildir”. (əl-Ğeybə, səh. 137)

Biz daha öncə alimlərimizin bu məsələ ilə bağlı dedikləri sözləri nəql etdik. Biz bu rəvayətə əməl edən və onun məzmununu, xüsusən də son hissəsini qəbul edən bir alimə rast gəlməmişik.

Budur onların bu rəvayətin mötəbərliyi və ona əməl etməyin vacibliyi üçün dedikləri ən əsas dəlillər. Hörmətli oxucunun da gördüyü kimi onların qeyd etdikləri dəlillərin heç biri bu rəvayətin səhihliyini isbat etmək üçün yaramır. Hətta nəinki bu qədər böyük bir əqidəvi məsələdə, adi bəsit fiqhi məsələdə belə dəlil olaraq yaramır.

Əgər fərzən onların vəsiyyət hədisinin sənədi ilə bağlı iddia etdikləri bütün şeylərlə razılaşsaq və onların rəvayətdən başa düşdükləri mənanı qəbul etsək, yenə də onların qarşısında böyük bir müşkül qalmış olacaq. O müşkül budur ki, rəvayətdə kimin nəzərdə tutulduğunu təyin etmək lazım gəlir. Rəvayət təkcə adı (Əhməd) qeyd etməklə kifayətlənib və onun İmam Məhdinin (əleyhis-səlam) övladlarından olduğunu bildirib. Biz daha öncə Əhməd İsmayılın İmam Məhdinin (əleyhis-səlam) nəslindən olması iddiasını müzakirə etdik və bu iddianın puçluğunu və batilliyini isbat etdik. Tək ada gəlincə isə adı “Əhməd” olan minlərlə və bəlkə milyonlarla müsəlman vardır. Buna görə də Əhməd İsmayılın ardıcılları yeni bir qayda qondarmışlar və o qayda bundan ibarətdir ki, “vəsiliyi yalnız onun sahibi iddia edə bilər!” Bizim müzakirə edəcəyimiz növbəti məsələ budur və biz onun batilliyini göstərəcəyik, inşəAllahu-təala.

Şeyx Əhməd Salman

Ardı var...

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!