Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

  1. Əhməd İsmayılın səfirlik iddiası
  2. İmamın səfiri necə təyin olunur?
  3. Böyük qeyb dövründə səfirlik və «Səmərinin məktubu»
  4. «Səmərinin məktubu» rəvayətinin səhih olduğunu isbat edən digər dəlillər

Böyük qeyb dövründə səfirlik və «Səmərinin məktubu»

Şiələr böyük qeyb dövründə İmam Məhdi (əleyhis-səlam)-ın xüsusi səfirliyinin və naibliyinin bitdiyinə hamılıqla icma etmişlər.

Onlar bunun üçün bir neçə dəlil təqdim etmişlər ki, bəlkə də onların ən ümdəsi “Səmərinin məktubu” kimi tanınan və hədis kitablarında məşhur olan aşağıdakı rəvayətdir.

Şeyx Səduq (quddisə sirruh) “Kəmalud-din” kitabında öz sənədi ilə Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Mukəttəbdən nəql edir ki, deyir:

“Şeyx Əli ibn Muhəmməd (quddisə sirruh) vəfat edən il Səlam şəhərində idim. Vəfatından bir neçə gün əvvəl onun yanına getdim. O camaata belə bir məktub göstərdi: “Bismillahir rəhmanir rəhim. Ey Əli ibn Muhəmməd Səməri, Allah sənin (ölümün) səbəbilə qardaşlarının əcrini artırsın; sən altı gün içərisində vəfat etmiş olacaqsan, işlərini səhmana sal və kimsəyə vəfatından sonra sənin məqamına keçməsi üçün vəsiyyət etmə. Artıq tam (böyük) qeyb dövrü başlamışdır. Zühur yalnız izzət və cəlal sahibi olan Allah izin verdikdən sonra baş tutacaq. Bu isə çox uzun bir zaman keçdikdən, qəlblər qəsavət bağladıqdan və yer üzü haqsızlıqla dolduqdan sonra olacaq. O zaman bəziləri şiələrimin yanına gəlib “müşahidə” iddiası edəcəklər. Bilin, hər kim Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən öncə müşahidə iddiası edərsə, yalançı və iftiraçıdır! Allahdan başqa güc və qüvvət (sahibi) yoxdur!” Ravi deyir: “Bu məktubun nüsxəsini çıxarıb onun hüzurundan ayrıldıq. Altıncı gün olduqda onun yanına getdik. Bu zaman o son nəfəslərini verirdi. Ona deyildi: Səndən sonra vəsin kimdir? Dedi: “Allahın bir işi vardır ki, özü onu tamam edəcəkdir”. Beləcə o cənab (radiyallahu anh) vəfat etdi və bu, ondan eşidilən son söz oldu”. (Kəmalud-din, 516, bab 45, hədis 41.)

Bu rəvayət açıq-aşkar göstərir ki, Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən qabaq “müşahidə”, yəni böyük qeyb dövründə naiblik və səfirlik iddiası edən hər bir kəsə qarşı şiələrin vəzifəsi o şəxsi təkzib etmək və onun iddiasına məhəl qoymamaqdır. İndi ki, Əhməd İsmayıl adı çəkilən iki əlamətdən öncə səfirlik iddiası edir, o zaman onun təkzib edilməsi vacibdir.

Buna əsasən, bu rəvayət Əhməd İsmayıl və ardıcıllarının dəvəti qarşısında böyük bir maneəyə çevrilmişdir. Ona son dərəcə diqqət ayırmış, onun barəsində “Rivayətu əs-Səməri fil-mizan” (Səmərinin rəvayəti tərəzi gözündə) kimi müstəqil kitablar yazmış və bu barədə öz qondarma imamlarından bir yox, bir neçə dəfə sual soruşmuşlar!

Bu rəvayət mühüm olduğundan biz səfirlik iddiaçısı Əhməd İsmayılın cavabını qeyd edəcək və onun dediyinə cavab verəcəyik ki, hörmətli oxucuya bu şəxsin elmi səviyyəsinin nə olduğu bəlli olsun.

Əhməd İsmayıl bu rəvayətlə bağlı ona mənsub edilən cavabda deyir:

“Bu rəvayətlə bağlı çoxlu mübahisəli məqamlar vardır və bu kifayətdir. Buna görədir ki, onlar bu rəvayəti tərk etmiş və uzun zamandan bəri onu bir kənara qoymuşlar. Çünki onlar bilirlər ki, bu rəvayətlə dəlil gətirməyin heç bir dəyəri yoxdur. Ona görə ki, rəvayət sənəd baxımından problemlidir. Hətta əgər səhih sənədli olsa belə, onların nəzərində onun məsumdan sadir olmasına yəqinlik yaradacaq başqa bir şey (rəvayət) onu dəstəkləmədiyi müddətcə etiqad hasil etməyəcək. Bundan başqa, onun mətni mütəşabehdir.3 Onların bəziləri mətni birdən çox müxtəlif mənada başa düşmüşlər. Bununla yanaşı, cümlə qeyri-müsəvvərdi.4 Bu isə onların (qaydalarına) əsasən cümlənin külli olmadığını bildirir.5 Olmaya onların qaydaları onlar üçün oyuncaqdır: istəyəndə əməl edirlər, istəmədikdə isə yox?! Bundan əlavə, bu rəvayət bir sıra rəvayət və hədislərə görə batildir. Belə hədislərə misal olaraq Yəmani rəvayətini, həmçinin, Şeyx Müfidə göndərilən məktubları göstərə bilərik. Bu rəvayətlə dəlil gətirmək hər bir halda qeyri-məqbul bir işdir”. (Məəl-əbdi-s-saleh, səh.30.)

Hörmətli oxucunun da gördüyü kimi Əhməd İsmayılın sözü rəvayətin sənədinə tutulan iradlardan, onun höccət olması barədə edilən şəkkdən, mətninin müzakirəsindən və onun səfirlik iddiası edən şəxsin təkzib edilməsinə dəlalət etdiyini inkar etməkdən ibarətdir. Kitabın müəllifi öz imamının rəvayət barədə dediyi sözləri izah edərək rəvayət barədə geniş bəhs aparmağa çalışmışdır. Biz onun dediklərinə bir neçə baxımdan cavab verəcəyik:

Deyir:

“Bu rəvayətlə bağlı çoxlu mübahisəli məqamlar vardır və bu kifayətdir. Buna görədir ki, onlar bu rəvayəti tərk etmiş və uzun zamandan bəri onu bir kənara qoymuşlar. Çünki onlar bilirlər ki, bu rəvayətlə dəlil gətirməyin heç bir dəyəri yoxdur”.

Bu söz rədd edilir. Ona görə ki, şiə alimləri böyük qeyb dövründə səfirliyin kəsilməsini isbat etməkdən ötrü daim bu rəvayətdən istifadə etmişlər və onundan dəlil gətirmişlər. Bu barədə onlar ittifaq etmişlər və onların içərisində buna müxalif fikir söyləyən bir kəs tapa bilməzsiniz. Bu, rəvayətin mötəbər olması üçün kifayətdir.

Buna əsasən aydın olur ki, onun dediyi “buna görə də onlar bu rəvayəti tərk etmiş və uzun zamandan bəri onu bir kənara qoymuşlar” sözü bilərəkdən deyilmiş yalandır. Onun yalan dediyinin sübutu üçün bunu göstərmək kifayətdir ki, o alimlər içərisində bu rəvayəti bir kənara qoyan və onun böyük qeyb dövründə səfirliyin kəsilməsinə dəlalət etməsini qəbul etməyən bircə alim sözü belə qeyd etməmişdir.

Həmçinin, onun rəvayətdə çoxlu mübahisəli məqamların olmasını iddia etməsi də qeyri-səhihdir. Hətta bu sözü qəbul etsək belə, yenə də bir rəvayətdə mübahisəli məqamların olması onu batil etməz. Çünki mübahisəli məqamlar rəvayətin məsumdan sadir olub-olmaması barəsində deyildir ki, bununla onun səhihliyi üçün problem yaratsın. Əksinə, bu məqamlar onun məzmunu ilə bağlıdır. Buna qalarsa, alimlər bir çox mötəbər rəvayətlərdə mübahisəli məqamlar qeyd etmişlər, lakin bu onların höccət olmalarını batil etmir.

Əgər mübahisəli məqamlar və rəvayətin dəlil kimi istifadə edilməməsi rəvayəti qüvvədən salırsa, o zaman Əhməd İsmayıl bilsin ki, on iki məhdidən bəhs edən vəsiyyət rəvayətini də alimlər inkar etmiş və onu bir kənara qoymuşlar. Elə isə nə üçün Əhməd İsmayıl və ardıcılları onu səhih hesab edir və ona əməl edirlər?!

Daha sonra deyir:

“Ona görə ki, rəvayət sənəd baxımından problemlidir”.

Bu söz olduqca qəribədir. Ona görə ki, Əhməd İsmayıl və ardıcılları rical eliminə tənə edirlər. Onlar hədislərin sənədlərinin müzakirə edilməsini inkar edirlər və rəvayətlərin – hətta zəif olsalar belə – rədd edilməsini qəbul etmirlər. Ona görə ki, onların iddialarına əsasən bu rəvayətlər Əhli-Beyt (əleyhimus-səlam)-ın kəlamlarındadır və onların (əleyhimus-səlam) sözlərini rədd etmək böyük günahdır.

Üstəlik, Əhməd İsmayıl rəvayətin sənədinin nəyə əsasən zəif olmasını açıqlamamışdır. Lakin onun sözlərini şərh edən müəllif rəvayətin hansı səbəblərlə zəif olmasına işarə etmiş və demişdir:

“Onların nəzərində rəvayətin zəif olmasının səbəbi iki şeydən birinə görədir:

Birinci: Mürəsəl olmasına görə. Məclisi deyir: “Bu mürsəl xəbəri-vahiddir” (Biharul-Ənvar: 53/318). Həmçinin, “Bişarətul-İslam” kitabının müəllifi əl-Kazimi də belə demişdir.

İkinci: Əhməd ibn Həsən əl-Mukəttəbin zəif olmasına görə. Necə ki, özləri bunu bəyan etmişlər”. (Məəl-abdis-saleh, səh.30, haşiyədə.)

Bu sözün eynisini Ziya əz-Zeydi “Qiraətun cədidə fi təvqii əs-Səməri” (Səmərinin məktubuna yeni bir baxış) kitabında qeyd etmişdir.

Cavab: Rəvayəti Şeyx Tusi (quddisə sirruh) “əl-Ğeybə” kitabında aşağıdakı sənədlə nəql etmişdir:

“Bizə bir dəstə şəxs Əbu Cəfər Muhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyhin belə dediyini nəql etdilər: mənə Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Mukəttəb nəql edib dedi: Şeyx Əbul-Həsən Əli ibn Muhəmməd əs-Səməri (quddisə sirruh) vəfat etdiyi il Səlam şəhərində idim...”.

Şübhə yoxdur ki, rəvayətin mürsəl olduğunu deyənlər yalnızca Şeyx Tusinin (quddisə sirruh) “əl-Ğeybə” kitabında nəql etdiyi rəvayətə nəzər salmışlar. Çünki Şeyxin nəql etdiyi “bir dəstə şəxs” naməlum şəxslərdirlər. Lakin məlumdur ki, Şeyx Tusi kimi elm sahibi və rical elminə agah olan bir şəxsin belə bir mühüm hədisi heç biri siqə olmayan bir dəstə şəxsdən nəql etməsi gözlənilə bilməz. Nəzərə almaq lazımdır ki, eyni hədisi Şeyx Səduq (quddisə sirruh) “Kəmalud-din” kitabında birbaşa olaraq Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Mukəttəbdən nəql etmişdir.6 Bu isə ona işarət edir ki, Şeyx Tusinin bu hədisi nəql etdiyi “bir dəstə şəxs” siqə və doğru danışan kəslər olmuşlar.

Hicri 381-ci ildə təqribən yetmiş yaşlarında vəfat edən Şeyx Səduq (quddisə sirruh) hicri 329-cu ildə vəfat edən edən dördüncü naibin zamanını görmüş və bu zaman onun təxminən iyirmi yaşı olmuşdur. Şübhə yoxdur ki, o dördüncü naibin müasiri olan Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Mukəttəblə də eyni zamanda yaşamışdır. Buna əsasən, rəvayətin Şeyx Səduqun (quddisə sirruh) nəqli əsasında olan sənədində heç bir irsal (mürsəllik) yoxdur.

Səmərinin (quddisə sirruh) rəvayətini zəif adlandıran Əhməd İsmayılın ardıcıllarının gördüyü saxtakarlıqlardan biri də budur ki, onlar rəvayətin zəif hesab edilməsini Əllamə Məclisiyə (quddisə sirruh) nisbət vermişlər. Halbuki, “sənəd mürsəldir” sözünü deyən şəxs Əllamə Məclisi deyil, Mirzə Nuri Təbərsidir ki, özünün “Cənnətul-Məva” kitabında (“Biharul-Ənvar”ın 53-cü cildinin sonlarında çap edilib) bu sözü demişdir!

Onların bunu etmələrində əsas səbəb budur ki, şiənin nəzərində rəvayətin zəif hesab edilməsi fikrinin Əllamə Məclisiyə (quddisə sirruh) nisbət verilməsi onun “Faslul-xitab” kimi bir kitabla şiəyə tənə gətirən Mirzə Nuri Təbərsiyə nisbət verilməsindən daha əhəmiyyətlidir. Əlbəttə ki, bu onların elmi əmanətdarlıqlarının olmamasından qaynaqlanır.

Biz bilmirik özünü məsum imam və məhdi hesab edən və vəd olunmuş Yəmani və beşinci səfir olduğunu iddia edən Əhməd İsmayıl necə razı olur ki, bir neçə yalançı və saxtakar şəxs onun adından danışıb kitabını təhqiq etsinlər. Əgər bu kitablar Əhməd İsmayılın rəsmi saytında olmasaydılar, o zaman onu məzəmmət etməzdik. Lakin bu kitablar onun saytında olduğuna və özünə mənsub edilən cavablarda sual verən şəxsləri bu kitablara yönləndirdiyinə görə, burada olan bütün saxtakarlıqlara, yalanlara və xətalara görə tam məsuliyyət daşıyır.

Həmçinin, onların rəvayətin “xəbəri-vahid” olmasını demələri rəvayətə nöqsan gətirmir və onu höccət olmaqdan çıxarmır. Belə ki, rəvayətin “ahad”7xəbərlərdən olmasına hökm verilməsi mütəvatirin müqabilindədir. Şiələr arasında məşhur rəy bundan ibarətdir ki, hər iki qism xəbərlər höccətdirlər.

Bəli, onların arasındakı fərq bundan ibarətdir ki, mütəvatir xəbər elm hasil edir və bu zaman onun sənədlərini araşdırmağa ehtiyac qalmır. Halbuki “ahad” xəbərlər yalnızca zənn hasil edir və bu zaman onların sənədlərini araşdırmaq, yaxud ona əməl edilməsinə səbəb olan “qərinə”lər (dəlil və sübutlar) tapmaq lazım gəlir.

Səmərinin (quddisə sirruh) rəvayətinin xəbəri vahid olması fikri doğrudur və biz bunu təsdiq edirik. Lakin biz onların dediyi xəbəri vahidin əqidədə dəlil olmaması fikrini qəbul etmirik.

Burada mühüm bir məsələyə diqqət yetirməliyik və o da bundan ibarətdir ki, şiə alimləri əqidələri iki qisimə bölmüşlər: üsulul-əqaid (üsuliddin) və füruul-əqaid (füruiddin). Onlar təvatürü yalnız üsulul-əqaiddə şərt qoşmuşlar. Məsələn, İmamların (əleyhimus-səlam) imamətinə kimi məsələlərdə. Füruul-əqaidə gəlincə isə, (məsələn, İmamların (əleyhimus-səlam) xüsusiyyətləri və məqamları, yaxud imamların peyğəmbərlərdən (əleyhimus-səlam) üstünlüyü və s.), burada təvatürü şərt etməmişlər.

Böyük qeyb dövründə səfirliyin bitməsi məsələsi mütəvatir nəss ilə sübuta yetəcək məsələlərdən deyil. Əksinə, hücciyyət8 şərtlərini özündə cəm edən vahid bir nəssin (hədisin) olması bunun üçün kifayət edər.

Sənədlə bağlı üçüncü məqam isə Əhməd ibn Həsən əl-Mukəttəbin zəif olması ilə bağlıdır.

Onlar iddia etmişlər ki:

Bu şəxs məchul və hətta muhməldir və rical kitablarında onunla bağlı heç bir şey qeyd edilməmişdir!

Cavab: Bu şəxslər iddialarını sübuta yetirməkdən ötrü hər vasitəyə əl atırlar. Buna görə də siz görə bilərsiniz ki, onlar əllərinə keçən və onlara fayda verən hər bir şeylə dəlil gətirməyə çalışırlar və iddialarını batil edən bütün hədislərdən üz döndərirlər.

Hər kəs onların kitabları ilə tanış olsa görər ki, onlar daim rical elmini əhəmiyyətsiz göstərməyə çalışır və daim ona tənə edirlər. Onların bu barədə çoxlu sözləri vardır. Lakin bu məqamda görürük ki, rical alimlərinin sözlərinə müraciət edirlər; hansı ki, başqa kitablarında bu sözlərə tənə vururlar.

İndi ki, bu şəxslər rical elminə və rical alimlərinin sözlərinə heç bir dəyər vermirlər, mən öz sözümü hörmətli və insaflı oxuculara yönləndirirəm və deyirəm:

Tövsiqat9 iki cürdür: ümumi tövsiqat, xüsusi tövsiqat.

Nəcaşi, Tusi, İbnil-Ğəzairi və s. kimi (qəddəsAllahu əsrarəhum) keçmiş alimlərin kitablarında qeyd olunan tövsiqatlar xüsusi tövsiqatlardır. Ümumi tövsiqatlara gəlincə isə, bunlar bir sıra işarələr, əlamətlər və qərinələrdən (əsaslar) ibarətdir ki, hər vaxt bir ravidə cəm olsalar, rical alimi həmin ravinin siqə olduğuna qərar verər.

Onların zəif olduğunu göstərməyə çalışdıqları ravi həqiqətən də keçmiş rical alimlərinin kitablarında qeyd olunmamışdır və onun barəsində xüsusi tövsiq gəlməmişdir. Lakin heç də hər barəsində xüsusi tövsiq gəlməyən ravinin hədisi bir kənara atılmaz. Əgər belə olsaydı, o zaman ravilərinin əksəriyyəti barələrində heç bir tövsiq gəlməyən şəxslərdən ibarət olan vəsiyyət hədisi də bir kənara atılmalı olardı.

Bunun səbəbi ondan ibarətdir ki, ravinin siqə olduğunu başqa yollarla da başa düşmək olar. Məsələn, barəsində “razılıq” oxunması yolu ilə, habelə onun məzhəbin böyük alimlərinin biri üçün “icazə şeyxlər”indən biri olması, yaxud, məzhəbinin bəzi böyük şəxsiyyətlərinin ondan çoxlu rəvayət nəql etməsi ilə və s.

Onun siqə olmasına dəlil olaraq bunu göstərmək kifayət edər ki, Şeyx Səduq (quddisə sirruh) öz kitabında birdən çox yerdə ona “razılıq” oxumuşdur.

Belə ki, deyir:

“Bizə Muhəmməd ibn Musa əl-Mütəvəkkil radiyallahu anh (Allah ondan razı olsun), Muhəmməd ibn Muhəmməd ibn İsam əl-Kuleyni,Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Muəddib, Əli ibn Əbdül-Vərraq və Əli ibn Əhməd ibn Muhəmməd ibn İmran əd-Dəqqaqradiyallahu anhum (Allah onlardan razı olsun) nəql edib dedilər: bizə Muhəmməd ibn Yaqub əl-Kuleyni nəql etdi ki...” (Uyunu əxbarir-Riza (əleyhis-səlam), 2/187, bab 43, hədis 1.)

Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Muəddib, Səmərinin (ə`lAllahu-təala məqaməhuş-şərif) məktubundakı həmin ravidir.

Başqa bir yerdə Şeyx Səduq deyir:

“Bizə bu hədisi Muhəmməd ibn Muhəmməd ibn İsam əl-Kuleyni, Əli ibn Əhməd ibn Muhəmməd ibn İmran əd-Dəqqaq, Əli ibn Abdullah əl-Vərraq, Həsən ibn Əhməd əl-Muəddib və Hüseyn ibn İbrahim ibn Əhməd ibn Hişam əl-Muəddib radiyallahu anhum (Allah onlardan razı olsun) nəql edib dedilər...” (Uyunu əxbarir-Riza (əleyhis-səlam), 1/200, bab 20, hədis 2.)

Şeyx Səduq (quddisə sirruh) kimi şəxsiyyətlərin razılıq oxuması siqəliyə işarədir. Necə ki, bir sıra böyük şəxsiyyətlər bunu demişlər.

Şeyx Abdullah Mamaqani (quddisə sirruh) deyir:

“Sənə gizli qalmasın ki, bir şəxsin siqə olmasını – istər o şəxsin siqəliyinə işarə etsinlər, istərsə də yox – bir neçə şeydən əldə etmək olar...”

Sonra ardını qeyd edir və gəlib bura çatır:

“Həmçinin: İmam (əleyhis-səlam)-ın bir şəxsə rəhmət oxuması, yaxud razılıq diləməsi və s. bu kimi şeylər. Belə ki, İmam (əleyhis-səlam) belə bir şeyi yalnız siqə və ədalətli şəxs barədə edər. Həmçinin ağıl sahibinə gizli deyil ki, şeyxlərin də bir şəxs barədə rəhmət və razılıq diləməsi bu nəticəni verir (o şəxsin siqəliyini göstərir)”. (əl-Fəvaid əl-Ricaliyyə min tənqihil-Məqal fi ilmir-Rical, 2/280.)

Onun nəvəsi isə haşiyədə deyir:

“Bunu Vəhid (rəhiməhullah) da özünün “əl-Fəvaidur-Ricaliyyə” kitabında, hansı ki, “Mənhəcul-Məqal” kitabının əvvəlində çap olunmuşdur, demişdir (daş çapı: 11, təhqiq olunmuş çap: 1/157):

“Bundan başqa: Böyük məqamlı bir şəxsin bir kəsi rəhmətlə, razılıqla... yad etməsi. Belə ki, bundan o şəxsin yaxşı (kəs) olduğu, hətta uca məqamlı olduğu nəticəsi əldə edilir. Bunu başqa bir neçə şəxs də demişdirdir ki, əl-Kazimi (“İddətur-Rical”: 1/134-135) onlardan birdir”. (əl-Fəvaid əl-Ricaliyyə min tənqihil-Məqal fi ilmir-Rical, 2/280.)

Şeyx Muhyiddin Mamaqani (quddisə sirruh) bu ravini siqə bilmişdir və demişdir:

“Adı çəkilən şəxs istər həsən (yaxşı) olsun, istərsə də hüseyn (az yaxşı), ən azından mənim nəzərimdə həsəndir (yaxşıdır). Hətta həsənin ən yüksək mərtəbəsindədir və onun rəvayətləri mənim nəzərimdə mötəbərdir. Ona görə ki, o Şeyx Səduqun (rəhiməhullah) şeyxidir.10 Həmçinin, məktubu görən şəxslərdən biridir. (Həmçinin) Əli ibn Muhəmməd əs-Səmərinin hüzuruna çatmışdır. Rəvayətləri möhkəmdir və s. digər dəlillər. Allah daha yaxşı bilər”. (Tənqihul-Məqal, 18/353.)

Deməli nəticə çıxır ki, rəvayətin sənədi səhihdir və onda heç bir problem yoxdur.

_________________________________________________________

3 Mətnində başa düşülməyəcək və anlaşılmaz məqamlar var. Müt.
4 Məntiq elminə aid termindir. Azərbaycan dilində qarşılığı “kvantor” sözüdür. “Qeyri-müsəvvərdir”, yəni kvantorsuzdur. Müt.
5 Əhməd İsmayılın nəzərincə hədisin ərəbcəsində kvantor işlənmədiyinə görə cümlə külli (burada: ümumi iqrari) deyil, cüzidir (xüsusi iqrari). Lakin o bununla sadə tələbənin belə düşməyəcəyi bir bir səhvə düçar olmuşdur ki, daha sonra aydın olacaq. Müt.
6 Kəmalud-din, s.516.
7 Xəbəri-vahidin cəmidir. Müt.
8 Höccət olma. Müt.
9 Tövsiq, tövsiqat: rical alimi tərəfindən ravinin siqə (güvənilir) olduğunu bildirilməsi. Müt.
10 Bir başa hədis nəql etdiyi kəs. Müt.

Страница 3 из 4«1234»
Рейтинг

В этом разделе