Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

  1. Əhməd İsmayılın səfirlik iddiası
  2. İmamın səfiri necə təyin olunur?
  3. Böyük qeyb dövründə səfirlik və «Səmərinin məktubu»
  4. «Səmərinin məktubu» rəvayətinin səhih olduğunu isbat edən digər dəlillər

«Səmərinin məktubu» rəvayətinin səhih olduğunu isbat edən digər dəlillər

Bununla yanaşı bilmək gərəkdir ki, rəvayətin səhihliyi təkcə bu ravidən asılı deyil. Belə ki, bir sıra daxili və xarici dəlillər vardır ki, rəvayətin səhih olduğunu çatdırırlar. Bunlar aşağıdakılardır:

Birinci dəlil: Rəvayətdə Səmərinin (rizvanullahi-təala əleyh) ölümü barədə xəbər verildiyi nəql edilir. Belə ki, deyilir: “Allah sənin (ölümün) səbəbilə qardaşlarının əcrini artırsın; sən altı gün içərisində vəfat etmiş olacaqsan”. Bu möcüzəvi bir işdir və Allahın Höccətindən (əleyhis-səlam) qeyrisi tərəfindən baş vermiş olması mümkün deyil. Adətən möcüzələrin xəbəri camaat arasında yayılır. Xüsusən də ravi hadisəyə şahid olan yeganə şəxs olduğunu iddia etmir. Əksinə, bildirir ki, hadisə ümumi kütlə qarşısında baş verib: “Vəfatından bir neçə gün əvvəl onun yanına getdim. Camaata belə bir məktub göstərdi”. Həmçinin, rəvayətin sonunda deyir: “Bu məktubun nüsxəsini çıxarıb onun hüzurundan ayrıldıq. Altıncı gün olduqda onun yanına getdik”. Elə isə bu qədər həssalığa və əhəmiyyətə malik bir məsələ Şeyx Səduq (quddisə sirruh) kimi bir şəxsiyyətə gizli qala bilməzdi.

İkinci dəlil: Bu hədisin şiələr arasında məşhur olması. Onu Şeyx Tusi “əl-Ğeybə”də, Şeyx Səduq da “Kəmalud-din və təmamun-nimə”də nəql etmişdir. Habelə Şeyx Təbərsi “əl-İhticac”da nəql etmişdir. Hansı ki, kitabın müqəddiməsində bildirir ki, burada o, şiənin icma etdiyi, yaxud aralarında məşhur olan rəvayətləri toplamışdır. Belə ki, deyir:

“Biz (bu kitabda) bir çox hədisləri sənədləri ilə birgə gətirməmişik. Bunun səbəbi ya o hədislər üzərində icma olunması, yaxud ağıl tərəfindən qəbul olunması, yaxud da müxalif və dostların kitablarında (qeyd edilib) məşhur olmasıdır”11

Üçüncü dəlil: Rəvayətin məzmununun Əhli-Beyt (əleyhimus-səlam)-dan gəlib çatan səhih rəvayətlərlə uyğun olması. Belə rəvayətlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

- İmam Məhdi (əleyhis-səlam)-ın iki qeybə çəkilməsinin olacağından bəhs edən mütəvatir rəvayətlər.

- Şiə yanında mütəvatir olub Səmərinin özündən sonra heç kimə vəsiyyət etmədiyini bildirən rəvayətlər. Şeyx Tusinin Səfvanidən nəql etdiyi bu səhih rəvayət kimi. Deyir:

“Şeyx Əbul-Qasim (radiyallahu anh) Əbul-Həsən Əli ibn Muhəmməd əs-Səməriyə (radiyallahu anh) vəsiyyət etdi və beləliklə o, Əbul-Qasimin vəzifəsini yerinə yetirməyə başladı. Elə ki, onun ölüm vaxtı yaxınlaşdı, şiələr onun yanına gəlib ondan sonrakı müvəkkilin və yerinə keçəcək şəxsin kim olduğunu soruşdular. O bu barədə heç bir şey bildirmədi və dedi ki, ona bu məsələdə özündən sonra bir kimsəyə vəsiyyət etməsi əmr edilməyib”. (əl-Ğeybə, 394, hədis 363.)

- Güclü səsin və Süfyaninin zühur əlamətlərindən olduğunu bildirən rəvayətlər. Hansı ki, bu əlamətlərlə möminlərin öz İmamlarına (əleyhis-səlam) tərəf yardıma tələsmələri vacib olacaq. Belə rəvayətlərdən biri Şeyx Kuleyninin Əys ibn Qasimdən, onun da İmam Sadiq (əleyhis-səlam)-dan nəql etdiyi bu rəvayətdir. İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Bu gün bizdən olan qiyamçı sizi nəyə səsləyir? Ali Muhəmmədin (əleyhimus-səlam) razılığına? Biz sizə şəhadət verib deyirik ki, biz ondan razı deyilik. Bu gün onunla birgə heç kəs yoxdur, bizə itaətsizlik edir, elə isə bayraqlar qalxıdığı zaman bizi heç dinləməz! Yalnız Fatimə övladlarının onun ətrafına toplaşacağı şəxs(in qiyamını qoşulun). Allaha and olsun ki, sizin sahibiniz məhz ətrafına toplaşılacaq (həmin) şəxsdir. Elə ki, Rəcəb ayı oldu Allahın (əzzə və cəll) adına tərəf gəlin.12 Əgər Şəban ayına qədər yubanmaq istəsəniz, eybi yoxdur. Əgər (Ramazan) ayının orucunu tutmaq istəsəniz, öz ailələrinizin yanında tutun. Bəlkə də bu sizin üçün daha yaxşıdır. Əlamət olaraq Süfyani sizə yetər13”. (əl-Kafi, 8/264, hədis 381.)

Həmçinin, Şeyx Kuleyni Sudeyrdən belə nəql edir:

“Əba Əbdillah (əleyhis-səlam) buyurdu: “Ey Südeyr, evində otur, evinin fərşlərindən birinə çevril (evindən çıxma). Gecə və gündüz evində sakin ol. Elə ki, sənə Süfyaninin xüruc etməsi xəbəri çatdı dizlərin üstündə olsa belə bizə tərəf gəl”. (əl-Kafi, 8/264-265, hədis 383.)

Həmçinin, Fəzl əl-Katibdən belə nəql edir:

“...Əba Əbdillah (əleyhis-səlam)-a dedim: “Bizimlə sizin (dediyiniz) şey arasında əlamət nədir?” Buyurdu: “Süfyani çıxanadək yerindən tərpənmə, ey Fəzl. Elə ki, Süfyani çıxdı, bizə tərəf gəlin (həzrət bunu üç dəfə dedi). O baş verməsi mütləq olan əlamətlərdəndir”. (əl-Kafi, 8/274, hədis 412. )

Deməli, Səmərinin məktubunun mətni şazz deyil. Əksinə, onun məzmunu Əhli-Beyt (əleyhimus-səlam) hədislərində mövcuddur və onun hər bir cümləsinə bir neçə dəlil vardır.

Dördüncü dəlil: Əsrlər boyu şiələrin (xüsusən də bu məktubun sadir olma tarixi ilə eyni dövrdə və ona yaxın dövrlərdə yaşayanların) bu məktubun məzmununa əməl etmələri və böyük qeyb dövründə xüsusi səfirlərin və ya naiblərin olmasını inkar etmələri.

Şeyx Numani (v.360 h.q) deyir:

“Qaim (əleyhis-səlam)-ın iki qeybə çəkilməsi olacağını bildirən bu hədislər, Allaha həmd olsun ki, bizim yanımızda səhih hesab olunur. Allah (Qaim (əleyhis-səlam)-ı qeybə çəkməklə) İmamların (əleyhimus-səlam) bu barədə dedikləri sözləri aydın etmiş və onların bu hədislərdə buyurduqlarının doğruluğunu aşkara çıxarmışdır. Birinci qeybətə gəlincə o həmin qeybət dövrüdür ki, o zaman İmamla (əleyhis-səlam) camaat arasında təyin edilmiş, aşkar və məlum olan səfirlər var idi. Elmin sirrləri, həmçinin, qaranlıq suallara və müşküllərə cavablar onların əli ilə gəlib çatırdı. Bu qısa olan qeybə çəkilmə idi ki, artıq bitmişdir və müddəti başa çatmışdır.14

İkinci qeybə çəkilmə zamanı isə səfirlər və vasitələr aradan qalxmışdır. Bu, Allahu-təalanın istədiyi bir işə, məxluqatı arasında dövr edən tədbirinə və bu işi iddia edənlərin imtahandan keçib sınanması, arınması və təmizlənməsinə görə baş verdi”. (əl-Ğeybə, 178-179)

Cəfər ibn Muhəmməd ibn Qovləveyh (v.367 h.q) deyir:

“Əbu Dəlf Katibə gəlincə - Allah onu bağışlamasın - biz onu dinsiz kimi tanıyırdıq, sonra isə “ğüluv”15 izhar etdi, sonra dəli olub zəncirə vuruldu, sonra da “müfəvviz”16 oldu. O Məşhədə gəldiyi zaman heç kəs ona diqqət verməmiş, dəyərsiz hesab etmişdilər. Şiələr də onu çox az bir müddət tanıdılar. Camaat ondan və onun ardıyca gedənlərdən uzaqlaşırdı. Biz onun Əbu Bəkr Bağdadi barəsində iddia etdiklərini Əbu Bəkrə dedikdə Əbu Bəkr bunu inkar edib and içdi. Biz də bunu ondan qəbul etdik. Lakin o Bağdada daxil olunca, Əbu Bəkr ona meyl etdi. Taifədən (şiəlikdən) döndü və ona vəsiyyət etdi. Biz şübhə etmirik ki, o da onun məzhəbindəndir. Buna görə də ona lənət edib uzaqlaşdıq. Çünki, bizim (şiə-imamiyyə məzhəbinin) belə etiqadı vardır ki, kim Səməridən sonra bu işi (səfirliyi-naibliyi) iddia edərsə, kafirdir, yalançıdır, azğın və saxtakardır! (əl-Ğeybəti Tusi, 412, hədis 385.)

Şeyx Müfid (vəf.416 h.q) deyir:

“Qiyam etməzdən öncə onun (əleyhis-səlam) iki qeybə çəkilməsi olacaq: Hədislərin də bildirdiyi kimi onların biri o birisindən daha uzundur. Qısa olana gəlincə, bu, o Həzrətin (əleyhis-səlam) doğumundan şiələri ilə özü arasındakı səfirliyin bitməsinə: sonuncu naibin vəfatı ilə səfirliyin qurtarmasına qədərki dövrü əhatə edir. Uzun olan isə, birincidən sonra gəlir. Onun sonunda o Həzrət (əleyhis-səlam) qılınca qiyam edəcək”. (əl-İrşad, 2/340.)

Alimlərin bu barədə sözləri olduqca çoxdur. Bütün məzhəb səfirliyin kəsilməsi barədə icma etmişdir. Lakin mən hüzur17 dövrünə yaxın zamanlarda yaşamış qədim alimlərimizin sözlərini qeyd etməklə kifayətləndim.

Deməli, Əhməd İsmayılın və ardıcıllarının rəvayətin sənədinə gətirdikləri irad bizim qeyd etdiklərimizin qarşısında dayana bilmir və beləcə onların sözləri səhih dəlildən xali şəkildə qalır.

Bundan başqa, Nazim əl-Uqeylinin vəsiyyət hədisinin səhih olduğunu göstərmək üçün gətirdiyi dəlillər bu rəvayətə uyur. Məsələn, rəvayətin Qurana müvafiq olması kimi. Allahu-təala buyurur: “De: əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Bəqərə surəsi, 111). Habelə, rəvayət mötəbər kitablarda nəql edilmişdir. Şeyx Tusinin “əl-Ğeybə” kitabında və Şeyx Səduqun “Kəmalud-din” kitabında nəql edilmişdir. Həmçinin, ona zidd olan başqa rəvayət yoxdur. Təqiyyə ilə deyilmiş ola bilməsi ehtimalı yoxdur. Böyük alimlər onundan dəlil olaraq istifadə etmişlər. Ammə məzhəbinin əqidələrinə ziddir. Görəsən Əhməd İsmayılın ardıcılları elə düşünürlər ki, bütün bu dəlillər vəsiyyət hədisini səhih edə bilir, lakin Səmərinin məktubunu yox?!

Bütün bu deyilənlərə göz yumsaq belə, yenə də sağlam əql Əhməd İsmayıl kimi səfirlik iddiası edən, lakin bu iddiasına səhih dəlil gətirə bilməyən hər bir kəsin təkzib edilməsinə və iddiasının rədd edilməsinə hökm edir. Bunun üçün hansısa bir rəvayətə ehtiyac yoxdur ki, onunla səfirlik iddiası edən şəxslə əleyhinə dəlil gətirək. Ona görə ki, böyük mənsəb və məqam qəti dəlillərlə sübuta yetməlidir, daha rəvayətləri yozub sapdırmaq və bu şəkildə onların Əhməd İsmayıl və onun kimilərə aid etməklə deyil.

Daha sonra o deyir:

“Hətta əgər səhih sənədli olsa belə, onların nəzərində onun məsumdan sadir olmasına yəqinlik yaradacaq başqa bir şey (rəvayət) onu dəstəkləmədiyi müddətcə etiqad hasil etməyəcək”.

Biz rəvayətin sənədini şərh edərkən bu sözə cavab verdik və isbat etdik ki, rəvayət səhih sənədlidir. Onun yəqin hasil etməməsinə və əqidəvi məsələlərdə höccət ola bilməməsinə gəlincə isə, biz göstərdik ki, Səmərinin rəvayəti onun məsumdan sadir olmasını isbat edən qəti dəlillərlə dəstəklənir və həmçinin, rəvayətin məzmunu müstəfiz18 rəvayətlərdə mövcuddur. Bundan əlavə, dediyimiz kimi rəvayət dəlil olmadan səfirlik iddiası edən şəxsin təkzib edilməsinə hökm edən qəti əqli hökm ilə də uyğundur. Elə isə necə olur yəqin və qətiyyət hasil etmir?!

Sonra deyir:

“Bundan başqa, onun mətni mütəşabehdir. Onların bəziləri mətni bir neçə müxtəlif mənada başa düşmüşlər”.

İmamət, ismət, vəsilik və səfirlik iddia edən bir şəxsin belə bir söz deməsi çox qəribədir. Necə olur ki, rəvayətin mətnini başa düşmür? Halbuki, rəvayətin mətni, xüsusən də Əhməd İsmayılın iddiasını batil edən bu cümlə: “O zaman bəziləri şiələrimin yanına gəlib “müşahidə” iddiası edəcəklər. Bilin, kim Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən öncə müşahidə iddiası edərsə, yalançı və iftiraçıdır!” – adi adamın belə başa düşəcəyi şəkildə açıq-aydındır və rəvayətdə qaranlıq bir şey yoxdur.

Fərzən qəbul edək ki, hədis mütəşabeh hədislərdəndir. Belədirsə görəsən, Əhməd İsmayıl mütəşabeh hədislərin və ayələrin höccət olmadığını deyəcəkmi?

Qurani-Kərimdə mütəşabeh ayələr vardır. Necə ki, Allahu-təala buyurur: “Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi “möhkəm” ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar. Digər bir hissəsi də “mütəşabih” ayələrdir” (Ali-İmran surəsi, 7). Görəsən bu ayələr höccət olmaqdan çıxırmı?

Ən kiçik elm tələbəsi belə bilir ki, vacib olan mütəşabehi möhkəmlə tutuşdurmaqdır, daha mütəşabehi bir kənara atmaq yox. Ona görə ki, mütəşabeh də – istər ayə olsun, istərsə də səhih hədis – sabit höccətdir. Biz Səmərinin rəvayəti ilə də (fərz edək ki, mütəşabehdir) məhz belə davranmışıq; belə ki, onun məzmununa başqa bir sıra səhih və aşkar rəvayətlər dəlalət etdiyini qeyd etmiş və göstərmişik.

Qəribəsi odur ki, o bir sıra alimlərin rəvayəti müxtəlif cür başa düşdüklərini iddia edir. Biz bilmirik rəvayəti müxtəlif cür başa düşən bu alimlər kimlərdirlər?

Fərz edək ki, bunu qəbul edirik, elə isə başa düşülməsində ixtilaf yaranan hər bir hədis Əhməd İsmayılın nəzərində höccət olmaqdan çıxırmı?

Əgər Əhməd İsmayılın istidlali (dəlilləri göstərilən) fiqh kitabları ilə bir qədər tanışlığı olsaydı bilərdi ki, bir çox hədislərin dəlaləti19 barədə alimlər ixtilaf etmişlər. Lakin bununla belə, bu rəvayətləri höccət olmaqdan çıxarmamışlar. Əgər mütəşabeh mənalı nə varsa hamısını höccətlikdən çıxarmaq istəsək, o zaman Qurani-Kərimin “müqəttəə” hərfləri və s. kimi bir çox ayələrini, habelə bir çox hədisləri bir kənara atmalı olarıq. Bunu isə böyük alim bir yana, hətta cahil belə deməz.

Məlumdur ki, şiə məktəbi bu hədisin mənası barədə ixtilaf etməmişlər. Buna görədir ki, hamılıqla böyük qeyb dövründə səfirliyin bitməsi və bu dövrdə səfirlik iddiası edən hər bir kəsin təkzib edilməsi barədə icma etmişlər.

Görünən budur ki, Əhməd İsmayıl hədisdəki “müşahidə”nin hansı mənaya gəldiyini başa düşməyib. Bu söz hərçənd ki, zahirdə gözlə görməyə aiddir, lakin şiə alimləri onun böyük qeyb dövründə səfirlik və naiblik iddia etmək mənasına gəldiyini bildirmişlər.

Əllamə Məclisi bu məktuba verdiyi şərhində deyir:

“Bəlkə də bu, naibliklə və səfirlər kimi İmam (əleyhis-səlam) tərəfdən şiələrə xəbərlər çatdırmaqla birgə müşahidə iddiası edən şəxsə işarədir. Ona görə ki, (bunun əksini düşünmək) o Həzrəti (əleyhis-səlam) görənlər barədə daha öncə qeyd edilən və sonradan da qeyd ediləcək hədislərlə ziddiyyət təşkil edər!” (Biharul-Ənvar, 52/151, hədis 1-in ardınca.)

Kimsə irad tuta bilər ki:

“Müşahidə”nin səfirlik mənasında olduğunu haradan çıxardınız? Bir halda ki, müşahidə lüğəvi mənada səfirlik iddiası anlamına gəlmir.

Cavab: Əgər fərzən qəbul etsək ki, hədisdəki “müşahidə”dən məqsəd gözlə görməkdir, o zaman bunun (gözlə görmənin) təkzibi elə hər şeydən əvvəl səfirliyin təkzibini gərəkli edəcək! Çünki bir şəxs İmamı (əleyhis-səlam) görmədən və onunla görüşmədən onun xüsusi səfiri ola bilməz! Hətta əgər fərz etsək ki, görmədən də xüsusi səfir olmaq olar, (məsələn; pərdə arxasından İmamla (əleyhis-səlam) danışmaqla), o zaman yenə də görmənin inkar edilməsi ondan daha üstün və əzəmətli bir şey olan səfirliyin inkar edilməsini gərəkli edəcək!

Bundan başqa bir sıra başqa dəlillər mövcuddur ki, hədisdəki “müşahidə”nin səfirlik olmasına işarə edir:

Birinci dəlil: İmam (əleyhis-səlam)-ın məktubdakı kəlamının konteksti. Çünki ki, burada söhbət Səməridən (rizvanullahi-təala əleyh) sonra səfirlik və naiblik məsələsindən gedir. Hansı ki, Səməri də özündən sonra hansısa səfirin təyin edilməsi ilə bağlı ona əmr gəlmədiyini elan etmiş və buna səbəb kimi böyük qeyb dövrünün başlanmasını göstərmişdir.

Bundan belə başa düşülür ki, bu mərhələnin əsas xüsusiyyətlərindən biri İmamla onun şiələri arasında vasitə olan naibin yoxluğudur və bu yeni mərhələ Süfyaninin çıxması və güclü səsin baş verməsinədək davam edəcək.

İkinci dəlil: Şiələrin “müşahidə” iddiası edən şəxsdən çəkindirilmələrinin əsas səbəbi onların zəlalətə və sapqınlığa düşmələrindən qorxulduğu üçündür. Buna görə də belə bir iddia edən şəxs “yalançı və iftiraçı” adlandırılıb. “Xəraic” kitabının nüsxələrinin birində isə “iftiraçı kafir” adlandırılıb. Məlumdur ki, adi “müşahidə” iddiası etmək insanları zəlalətə salmaq və sapdırmaq anlamına gəlməz. Buna əsasən də, rəvayətdəki “müşahidə”dən məqsəd səfirlik iddiası etməkdir.

Üçüncü dəlil: Mütəvatir görüş rəvayətləri və əhvalatları. Hansılar ki, hamısının yalan olduğu və ya hamısında xəta və yanlış anlaşılma baş verdiyi söylənilə bilməz. İmam Zaman (əleyhis-səlam)-la görüşdükləri nəql edilən şəxslər xas möminlər və fəzilət sahibi saleh şəxslərdirlər.

Bu rəvayətlər və əhvalatlar rəvayətdəki “müşahidə”nin ümumi görmə mənasına gələn zahiri mənasında deyil, daha dar məna olan səfirlik mənasında işlədildiyinə dəlalət edən xarici dəlillərdirlər.

Böyük qeyb dövründə bəzi şiələrin İmam Zaman (əleyhis-səlam)-la görüşə bilməsinin mümkün olmasına dəlalət edən rəvayətlərdən biri Kuleyninin (quddisə sirruh) İshaq ibn Əmmardan nəql etdiyi bu rəvayətdir:

“Əba Əbdillah (əleyhis-səlam) buyurdu: Qaimin iki qeybə çəkilməsi olacaq. Biri qısa, digəri isə uzundur. Birinci qeybət zamanı onun yerinin yalnız xas şiələri biləcək. İkinci qeybət zamanı isə onun yerini yalnız xass dostları biləcək”. (əl-Kafi, 1/340, hədis 19.)

Həmçinin: Əbu Bəsir nəql edir ki, Əba Əbdillah Sadiq (əleyhis-səlam) buyurdu:

“Bu işin Sahibinin bir qeybə çəkilməsi olacaq və bu qeybə çəkilmə zamanı o (insanlardan) uzaqda qalacaq. Nə gözəl mənzildir Təyyibə. Otuz nəfərlə birgə vəhşət də olmayacaq”. (əl-Kafi, 1/340, hədis 16.)

Yəni, o Həzrət (əleyhis-səlam) insanlardan uzaqlaşacaq və bu uzaqlaşma zamanı onunla birgə otuz nəfər şəxs olacaq. Hər kimin yanında bu sayda adam olsa, vəhşət hiss etməz.

Həmçinin: Şeyx Numani (quddisə sirruh) Müfəzzəl ibn Ömərdən nəql edir ki, Əba Əbdillah Sadiq (əleyhis-səlam) buyurdu:

“Bu işin sahibinin iki qeybə çəkilməsi olacaq. Onlardan biri o qədər uzanacaq ki, hətta bəziləri “ölüb”, bəziləri “öldürülüb”, bəziləri də “(həlak olub) aradan gedib” deyəcəklər. Bu zaman əshabı (şiələri) içərisindən ona etiqadda yalnız az saylı insan sabit qalacaq. Nə dostlarından, nə də qeyrilərindən heç kəs onun yerini bilməyəcək. Yalnız işlərindən məsul olan xidmətçidən başqa”. (əl-Ğeybə, s.176, hədis 4. )

Həmçinin: Şeyx Səduq (quddisə sirruh) Həsən ibn Əli ibn Fəzzaldan belə nəql edir:

“Əbul-Həsən Əli ibn Musa ər-Rıza (əleyhis-səlam)-ın belə buyurduğunu eşitdim: Xizr (əleyhis-səlam) dirilik suyundan içdi. O (hal-hazırda) diridir və sura üfürülməyincə də ölməyəcək. O bizim yanımıza gəlir və salam verir. Biz onun səsini eşidirik, lakin özünü görmürük. Həqiqətən də o, adı çəkilən yerə gələr. Sizdən hər kəs onun adını çəksə, ona salam desin. O hər il Həcc mövsümündə iştirak edir, bütün əməlləri yerinə yetirir, Ərəfatda dayanır və möminlərin duasına amin deyir. Allah onunla qeybə çəkildiyi zaman bizim Qaimimizin (əleyhis-səlam) tənhalığını və təkliyini aradan aparacaq”. (Kəmalud-Din, s.390-391, hədis 4.)

Deyilənlərə bunu də əlavə edin ki, kitablarımızda böyük alimlərimizin o Həzrətlə (ruhi ləhul-fida) görüşmələri, onun xidmətində olmaları və məhzərindən faydalanmaları ilə bağlı onlarla əhvalat nəql edilmişdir.

Məktubla qeyd etdiyimiz rəvayət və əhvalatları bir araya gətirdikdə aydın olur ki, məktubdakı “müşahidə”dən məqsəd, xüsusiyyətlərindən biri xüsusi naibliyin bitməsi olan böyük qeyb dövründə səfirlik iddiası etməkdir.

Daha sonra deyir:

“Bununla yanaşı, cümlə qeyri-müsəvvərdir. Bu isə onların (qaydalarına) əsasən cümlənin külli olmadığını bildirir”.

Bununla Əhməd İsmayıl rəvayətin mətni ilə oynamaq istəmiş və belə təqdim etməyə çalışmışdır ki, güya buradakı hökm külli deyil cüzidir. Beləcə məntiq qaydalarına əsasən rəvayətin mənası bu olur ki, “bəzi” müşahidə iddiası edənlər yalançı və iftiraçıdırlar (hamısı deyil)!

Onun sözünün mənası budur ki, İmam (əleyhis-səlam)-ın buyurduğu “bilin, hər kim Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən qabaq müşahidə iddiası edərsə, yalançı və iftiraçıdır!” – sözü qeyri-müsəvvərdir (kvantorsuzdur). Yəni, burada ümumilik (külli) və ya xüsusilik (cüzi) bildirən kvantor işlənməyib. İmam deməyib ki, “bütün müşahidə iddiası edənləri təkzib edin”. Buna əsasən, kvantorsuz olan bütün hökmlər “xüsusi hökm” hökmündədir və beləcə məna bu şəkildə olur: “Bəzi müşahidə iddiası edən kəslər yalançıdırlar”. Bu isə Əhməd İsmayılın təkzib edilməsini gərəkli etmir. Çünki vacib olan bəzi şəxslərin təkzib edilməsidir, hamının deyil.20

Deyirəm: Əhməd İsmayıl bu sözündə elə böyük bir səhv etmişdir ki, hətta ən kiçik dini elm tələbəsi belə bu səhvi etməz. O ki qala İmam Sahibəl-Əmr (əleyhis-səlam)-la əlaqəsi olduğunu və hətta imam və məsum olduğunu iddia edən bir şəxs bu səhvi edə!

Ona görə ki, Əhməd İsmayıl sadə hökmlə mürəkkəb hökmü bir-biri ilə qarışdırmışdır və elə zənn etmişdir ki, buradakı hökm mürəkkəb hökm deyil, sadə hökmdür!

Mürəkkəb hökmün kvantorları sadə hökmün kvantorlarından fərqlənir. Belə ki, mürəkkəb ümumi iqrari hökmün kvantorları Şeyx Müzəffərin “Məntiq” kitabında dediyi kimi belədir:

“Şərti mürəkkəb hökmlərdə: kulləma (hər dəfə), məhma (hər necə), məta (hər vaxt) və s. bu kimi kvantorlar (işlənir)”. (Məntiq, s.164.)

Şeyx Müzəffər “və s. bu kimi kvantorlar” sözü ilə “mən” (hər kim), “ma” (hər nə), “iza” (hər vaxt, əgər) və s. kimi kvantorları nəzərdə tutmuşdur.

Buna görədir ki, görürük ki, “mən” (hər kim) ilə başlayan mürəkkəb hökümlü cümlələr kvantorlu cümlələr sayılırlar və ümumi iqrari hökm bildirirlər. Necə ki, Allahu-təala buyurur: “Hər kim” bundan sonra Allaha yalan yaxsa, onlar məzh zalım olanlardırlar” (Ali-İmran surəsi, 94).

Heç kim deyə bilməz ki, Allaha yalan nisbət verən kəslərin bəziləri zalımdırlar, bəziləri isə belə deyillər.

Həmçinin, Allahu-təala buyurur: “Hər kim” Mənim hidayətimə tabe olsa, onlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar”(Bəqərə surəsi, 38).

Burada deyilə bilməz ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) gətirdiyi hidayətə tabe olanların bəzilərinə qorxu yoxdur, bəzilərinə isə var.

Həmçinin, buyurur: “Hər kim” tağuta kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir ipdən yapışmışdır. Allah eşidən və biləndir” (Bəqərə surəsi, 256).

Tağuta kafir olub onu inkar edən və Allaha iman gətirən hər bir kəs –heç bir istisna olmadan – möhkəm ipdən yapışmışdır.

Allahın kitabından “mən” əvəzliyi ilə başlayan mürəkkəb hökmün kvantorlu olmasına və ümumi iqrari hökm bildirməsinə misal olaraq çoxlu ayə göstərmək olar.

Alim bir yana, hətta ərəb dilini bilən sadə ərəbə belə “mən” (hər kim) ilə başlayan mürəkkəb hökm desələr, o ondan ümumilik başa düşəcək. Məsələn, heyvanını itirən adamın deyir ki: “Hər kim heyvanımı tapsa, ona bir dirhəm verəcəyəm”, belə olunca hamı ümumilik və küllilik başa düşür. Bu o mənaya gəlir ki, hər kəs heyvanımı tapıb mənə gətirsə, məndən bir dirhəm alacaq. Buna görə də onun heyvanını tapıb ona gətirən hər bir şəxs ondan bir dirhəm tələb edir.

Lakin Əhməd İsmayıl bunu başa düşmür. Baxmayaraq ki, tez-tez insanlar içərisində Allahın kitabına ən agah şəxs olduğunu söyləyir və “bismillah”ın “bə”-sindən “nas”ın “sin”-inə qədər Quranın hər bir yerində münazirə etməyə hazır olduğunu iddia edir. Halbuki, ən sadə nitq qaydalarını belə bilmir!

Hətta fərzən onun rəvayət üçün dediyi təfsiri, yəni, rəvayətin mənasının “bəzi müşahidə və səfirlik iddiası edən şəxslərə inanmayın” şəklində olmasını qəbul etmiş olsaq belə, o zaman rəvayət buna dəlalət edəcək ki, müşahidə iddiası edən şəxslər iki qisimdir: düz danışan və haqlı olanlar, yalançı və batil olanlar. Belə olunca da Əhməd İsmayıla vacib olur ki, birinci qisimdən olduğunu isbat etsin.

Sonra deyir:

“Olmaya onların qaydaları onlar üçün oyuncaqdır: istəyəndə əməl edirlər, istəmədikdə isə yox?!”

Bu balası ölmüş ananı güldürən bir sözdür. Ona görə ki, onun bizim qaydamız olduğunu söylədiyi məntiq elm şiəyə məxsus olmayan ümumi bəşəri elmlərdən biridir. Əvvəlcə gərək Əhməd İsmayıl ərəb dilini, məntiq elmini, üsulu-fiqh və rical elmlərini öyrənsin, ondan sonra bu elmləri batil çıxarmağa və ya onlara tənə etməyə çalışsın. Onun cahil və bu elmlərdən bixəbər olmasına baxmayaraq onlara eyb tutması və bidət olduğuna hökm etməsi heç bir halda qəbul edilə bilməz.

Biz məntiq elminin qaydalarına daim əməl edirik. Nəinki istədikdə edir, istəmədikdə etmirik. Hörmətli oxucunun da gördüyü kimi, biz məntiq elminin qaydalarını tətbiq edərək isbat etdik ki, hökm ümumi iqrari hökmdür. Həmçinin, isbat etdik ki, Əhməd İsmayıl belə zənn edib ki, biz məntiqin qaydalarına əməl etmirik, çünki o – çox təəssüflər olsun ki – bu elmdə zəifdir!

Daha sonra deyir:

“Bundan əlavə, bu rəvayət bir sıra rəvayət və hədislərə görə batildir. Belə hədislərə misal olaraq Yəmani rəvayətini, həmçinin, Şeyx Müfidə göndərilən məktubları göstərə bilərik.”

Bu olduqca qəribə bir sözdür. Çünki Yəmani rəvayəti heç bir vəchlə müşahidə iddiası edən şəxsin təkzib edilməsini bildirən rəvayətlə ziddiyyət təşkil etmir. Əhməd İsmayıl düzgün düşünmə qaydaları olan məntiq qaydalarını bilmədiyi üçün bu rəvayətlər arasında ziddiyyət olduğunu zənn edib.

Əgər doğru deyirdisə, gərək Əhməd İsmayıl iddia etdiyi ziddiyyətin nə olduğunu göstərəydi. Biz isbat etdik ki, müşahidənin mənası böyük qeyb dövründə xüsusi səfirlik iddiası etməkdir. İmam (əleyhis-səlam)-ın Şeyx Müfidlə (quddisə sirruh) məktublaşması isə şeyxin naib və səfir təyin edilməsi mənasına gəlmir. Əksinə, bu qeyb dövründə İmam (əleyhis-səlam la məktublaşmanın mümkünlüyünə bir misaldır. Bunda heç bir problem yoxdur. Biz daha öncə də deyildiyi kimi qeyb dövründə İmam (əleyhis-səlam)-ı görməyi və o həzrətlə görüşməyi mümkün hesab edirik. Necə ki, bir sıra alimlərimiz üçün bu baş vermişdir. Bundan başqa, bilmək gərəkdir ki, Şeyx Müfid (quddisə sirruh) özü öz kitablarında bir neçə yerdə böyük qeyb dövründə səfirliyin olmadığını bildirmiş və demişdir:

“Qiyam etməzdən öncə onun (əleyhis-səlam) iki qeybə çəkilməsi olacaq: Hədislərin də bildirdiyi kimi onların biri o birisindən daha uzundur. Qısa olana gəlincə, bu, o Həzrətin (əleyhis-səlam) doğumundan şiələri ilə özü arasındakı səfirliyin bitməsinə: sonuncu naibin vəfatı ilə səfirliyin qurtarmasına qədərki dövrü əhatə edir. Uzun olan isə, birincidən sonra gəlir. Onun sonunda o Həzrət (əleyhis-səlam) qılınca qiyam edəcək”. (əl-İrşad, 2/340.)

Yəmani rəvayətlərinə gəlincə isə (hansı ki, Əhməd İsmayılın Yəmani olması ilə bağlı iddiasına cavab verərkən onları müzakirə edəcəyik), bu rəvayətlərlə Səmərinin (rizvanullahi-təala əleyh) məktubu arasında heç bir ziddiyyət yoxdur.

Birinci ona görə ki: İnşəallah, sonradan da göstərəcəyimiz kimi, Yəmaninin İmam (əleyhis-səlam)-ın səfiri olacağına bir dəlil yoxdur.

İkinci: Yəmaninin hərəkatı güclü səsdən sonra baş verəcək. Məktub da “müşahidə” iddiası edən şəxsin təkzib edilməsinin müddətini Səmərinin vəfatından Süfyaninin çıxışına və güclü səsin baş verməsinə qədərki müddət olaraq təyin edib.

Nəticədə belə aydın olur ki, Əhməd İsmayılın bu mübarək məktubu rədd etmək üçün dediyi sözlər cahilləri tora salmaq məqsədiylə deyilmiş bir neçə zəif sözdən başqa bir şey deyil. Bütün insaflı və ədalətli şəxslər görürlər ki, o, Səmərinin məktubunun böyük qeyb dövründə xüsusi naibliyin bitməsinə və güclü səsdən və Süfyaninin zühurundan qabaq bu işi iddia edənlərin təkzib edilməsinə dəlalət etməsini rədd edə bilməyib. Bu məktubla Əhməd İsmayılın iddiaları kökündən batil olur.

Burada bunu da qeyd etmək gərəkdir ki, Əhməd İsmayıl ortaya çıxdığı ilk dövrlərdə böyük qeyb dövründə İmam (əleyhis-səlam)-ın səfirlərinin olacağına sadəcə bəzi rəvayətlərin dəstəklədiyi bir ehtimal olaraq etiqad edib!

O “əl-Əcəl” kitabında deyir:

“Bəlkə də o Həzrətin (əleyhis-səlam) Məkkədə qiyam etməsindən öncə bir zühur dövrü olacaq. Və bəlkə də bu, kiçik qeyb dövründəki kimi, səfirlər vasitəsi ilə olacaq. Bu ehtimalı onlardan (əleyhimus-səlam) gəlib çatan bəzi rəvayətlər gücləndirir” (əl-Əcəl, 2/88.)

Əgər bu şəxs əvvəllər böyük qeyb dövründə səfirlərin olacağına əmin olmamışdırsa, o zaman necə olur ki, sonradan bu ehtimal onun nəzərində dəyişir və dönüb bir əqidəyə, daha sonra da dönüb özü üçün səfirlik iddiasına çevrilir?!

Bu iddianın batilliyini göstərən ən yaxşı dəlillərdən biri budur ki, bu iddia dəyişkəndir; günlər keçdikcə dəyişir, zaman ötdükcə böyüyür. Ona görə ki, əsaslanacağı səhih bir üslub yoxdur. O məhz yalan, saxtakarlıq və cahilləri aldatmağa əsaslanır!

Şeyx Əhməd Salman

Ardı var...

_________________________________________________________

11 əl-İhticac, 1/4.
12 Zahirən məna: “Məkkəyə tərəf gəlin” şəklindədir. Bax: Biharul-Ənvar, 52/302.
13 Süfyaninin çıxması ilə hazırlıqlarınızı görün. Müt.
14 Bu cümlə onu göstərir ki, mərhum müəllif rizvanullahi əleyh kitabı qələmə aldığı zaman, dördüncü Səfir cənab Əli ibn Muhəmməd Səməri artıq vəfat edibmiş. Onun vəfat tarixi isə hicri 329-cu ildir.
15 Məsumlar barədə həddi aşmaq, onların ilah və s. olmalarına inanmaq. Müt.
16 Allahın özünə aid bir sıra işləri məsumlara həvalə etməsinə inanmaq. Müt.
17 Kiçik qeyb dövrü. Müt.
18 Xəbəri-vahiddən yuxarı, mütəvatir həddindən aşağı. Müt.
19 Nəyə dəlalət etməsi və mənası. Müt.
20 Məntiq elmində hökmlər iki yerə bölünür: sadə və mürəkkəb hökmlər. Sadə hökmlər özləri də ümumi və ya xüsusi olmaqla iki yerə bölünürlər. Bu ümumi və xüsusi hökmlər də iqrari və ya inkari ola bilərlər. Buna əsasən sadə hökmlər dörd cür olur: 1-ümumi iqrari, 2-ümumi inkari, 3-xüsusi iqrari, 4-xüsusi inkari. Bunların hər birinə aid misal göstərək:
1-Bütün ağaclar canlıdır; 2-Heç bir ağac canlı deyil; 3-Bəzi canlılar ağacdır; 4-Bəzi canlılar ağac deyil. Burada qeyd olunan “bütün”, “heç bir”, və “bəzi” sözləri kvantor sözlərdirlər. Əhməd İsmayılın iddiasına görə rəvayətdə kvantor (“bütün” sözü) işlənmədiyinə görə cümlə “xüsusi hökm” hökmündədir. Başqa sözlə, cümlədə “bütün” sözü işlənmədiyinə görə, cümlənin mənası belə olur: “Bəzi müşahidə iddiası edən kəslər yalançıdırlar”. Lakin o bununla çox böyük bir səhv etmişdir ki, az sonra aydın olacaq. Müt.

Страница 4 из 4«1234
Рейтинг

В этом разделе