Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (8-ci hissə)

  1. Əhməd İsmayılın səfirlik iddiası
  2. İmamın səfiri necə təyin olunur?
  3. Böyük qeyb dövründə səfirlik və «Səmərinin məktubu»
  4. «Səmərinin məktubu» rəvayətinin səhih olduğunu isbat edən digər dəlillər

İmamın səfiri necə təyin olunur?

Səfirlik və səfirlərin tarixinə nəzər saldıqda görürük ki, səfirin təyin edilməsi və onun səfirliyinin insanlara çatdırılması bir neçə yolla aparılmışdır:

Birinci: Məsum İmamın (əleyhis-səlam) səfirin səfirliyini nişan verməsi. Necə ki, əl-Əmri (radiyallahu-təala anh) barədə belə olmuşdur. Şeyx Kuleyni (quddisə sirruh) Abdullah ibn Cəfər əl-Himyəridən belə dediyini nəql edir: Əbu Əli Əhməd ibn İshaq mənə xəbər verib dedi ki:

“Əbul-Həsən (Hadi) (əleyhis-səlam)-a sual verib dedim: “Kiminlə əlaqə saxlayım, kimdən əxz edim və kimin sözünü qəbul edim?” Buyurdu: “əl-Əmri mənim güvəndiyim şəxsdir, məndən sənə nə çatdırsa, (bil ki həqiqətən) məndən çatdırır. Məndən sənə nə desə, (bil ki, həqiqətən) məndən deyir. Onu eşit və itaət et. Həqiqətən də o siqə və etibarlıdır”. Həmçinin, Əbu Əli mənə xəbər verdi ki, o Əbu Muhəmməd (Əsgər) (əleyhis-səlam)-dan da bu cür sual soruşmuş, o həzrət də cavab vermişdir ki: “əl-Əmri və onun oğlu mənim güvəndiyim şəxslərdirlər. Məndən sənə nə çatdırsalar, (bil ki həqiqətən) məndən çatdırırlar. Məndən sənə nə desələr, (bil ki, həqiqətən) məndən deyirlər. Onları dinlə və onlara itaət et. Həqiqətən də onlar siqə və etibarlıdırlar”. (əl-Kafi, 1/330, hədis 1.)

Həmçinin, Şeyx Tusi (quddisə sirruh) “əl-Ğeybə” kitabında Muhəmməd ibn Həmmamdan belə nəql edir:

“Abdullah ibn Cəfər əl-Himyəri mənə dedi: Əbu Əmr (birinci naib) – Allahu-təala ondan razı olsun – vəfat etdikdə hər zaman bizə gələn xətt ilə (İmam Məhdi (əleyhis-səlam)-ın xətti ilə) Əbu Cəfərin – Allahu-təala ondan razı olsun – onun yerinə təyin olunduğunu bildirən məktublar gəldi”. (əl-Ğeybə, 362/324.)

İkinci: Əvvəlki səfirin özündən sonrakı səfiri nişan verməsi. Bu belə baş tutur ki, səfir ölümündən qabaq öz yerinə başqa bir səfir təyin edir və onu insanlara tanıtdırır. Elə bir şəkildə tanıtdırır ki, heç kəs onun barəsində ixtilaf etmir. Bunun bir bənzəri Hüseyn ibn Ruh Novbəxti (üçüncü naib) (radiyallahu-təala anh) üçün baş vermişdir. Belə ki, Muhəmməd ibn Osman əl-Əmri (radiyallahu-təala anh) onun özündən sonrakı səfir olduğunu bildirmişdir.

Şeyx öz sənədi ilə İbni-Qəzda kimi tanınan Əba Əbdillah Cəfər ibn Muhəmməd əl-Mədainidən nəql edir ki, deyir:

“Mənim adətim bu idi ki, əlimdə olan (şəri) pulu Şeyx Əbu Cəfər Muhəmməd ibn Osman əl-Əmriyə (quddisə sirruh) aparanda ona bir söz deyərdim ki, heç kəs onunla görüşdüyü zaman belə demirdi. O bu idi ki, deyirdim: Məbləği filan qədər olan bu pullar İmam (əleyhis-səlam) üçündür. O da mənə deyirdi: “Bəli. Qoy (bura)”. Mən yenidən təkrar edir və ona deyirdim: Sən mənə deyirsən ki,o İmam üçündür? Deyirdi: “Bəli, İmam üçündür”. Sonra onu götürürdü. Axırıncı dəfə onun (quddisə sirruh) yanına gedəndə dörd yüz dinarla getmişdim. Həmişə dediyimi şeyi ona dedim, bu dəfə o dedi: “Onu Hüseyn ibn Ruha apar”. Mən duruxsunub dedim: “Sən həmişə olduğu kimi onu məndən almırsan?” O sözümü inkar edərcəsinə cavab verib dedi: “Qalx, Allah səni saxlsın. Onu Hüseyn ibn Ruha ver”. Elə ki, onun üzündə qəzəb gördüm, evdən çıxıb miniyimə mindim. Yolun yarısına çatmışdım ki, şəkkə edər halda geri qayıtdım. Qapını döydüm. Xidmətçi qapıya çıxıb dedi: Kimsən? Dedim: Mən filankəsəm, mənim üçün icazə al. Bu zaman o mənim sözümdən və qayıtmağımdan narahat oldu və (geri dönməyimi bildirdi). Mən isə dedim: İçəri get və icazə al. Mütləq görüşməliyəm. O içəri daxil olub mənim qayıtmağımı ona bildirdi. Həmin vaxt şeyx istirahət otağında idi. Otaqdan çıxdı və ayaqları yerdə çarpayının üzərində əyləşdi.. Mənə dedi: “Nə səbəblə geri qayıtmısan? Nə üçün sənə dediyimi yerinə yetirməmisən?” Dedim: Hər zaman etdiyin şeyi etməyini istədim. Bu zaman qəzəbli şəkildə mənə dedi: “Qalx, Allah səni saxlasın. Mən Əbul-Qasim Hüseyn ibn Ruhu öz yerimə qoymuşam, onu öz mənsəbimə təyin etmişəm. Dedim: İmamın əmri ilə? Dedi: “Qalx, Allah səni saxlasın, sənə dediyim kimidir”. Bundan sonra mən getməli oldum”. (əl-Ğeybə, 367-368, hədis 335.)

Üçüncü: Səfirlik möcüzə ilə də sübuta yetə bilər. Xüsusən, onun səfir təyin olunmasına şəkk və şübhə edən kimsələr olarsa. Buna görə də İmam Məhdi (əleyhis-səlam)-ın naiblərindən bir sıra kəramətlər aşkar olmuşdur ki, bununla öz iddialarının doğruluğunu sübuta yetirmişlər.

Məsələn: Qeybi işlərdən xəbər vermişlər. Necə ki, Səməri (radiyallahu-təala anh) barədə belə bir şey nəql edilmişdir. Şeyx Tusi (quddisə sirruh) Qum əhlindən olan bir dəstə şəxsdən belə nəql edir:

“Əbu Əli ibn Hüseyn ibn Musa ibn Babuveyhin vəfat etdiyi ildə Bağdada getmişdik. Əbul-Həsən Əli ibn Muhəmməd əs-Səməri (quddisə sirruh) bizdən tez-tez Əli ibn Hüseynin (rəhiməhullah) barəsində soruşurdu və biz də deyirdik ki, (sağdır,) onun sağ olduğunu bildirən məktub gəlib. Nəhayət Əli ibn Hüseynin (rəhiməhullah) vəfat etdiyi gün olunca bizdən yenə həmin sualı soruşdu və biz də eyni cavabı dedik. Bu vaxt o dedi: “Allah Əli ibn Hüseyn barədə sizə əcr versin, elə bu saat dünyadan köçdü!” Deyirlər: Biz həmin vaxtı, günü və ayı bir yerə qeyd etdik. Bunun üzərindən on yeddi və ya on səkkiz gün keçmişdi ki, onun ölüm xəbərini bildirən məktub gəldi. Onun ölüm vaxtı Şeyx Əbul-Həsənin (quddisə sirruh) dediyi vaxtda idi!” (əl-Ğeybə, 395-396, hədis 366.)

O cümlədən: Vəfat tarxilərini bilmələri. Necə ki, ikinci naibdən belə bir şey sadir olmuşdur. Şeyx Tusi (quddisə sirruh) öz sənədi ilə Əbul-Həsən Əli ibn Əhməd əd-Dəllal əl-Qummidən nəql edir ki, deyir:

“Bir gün salam vermək üçün Əbu Cəfər Muhəmməd ibn Osmanın (radıyallahu anh) yanına getdim. Gördüm ki, qarşısında bir sac ağacı və oyucu alət var. Alətlə ağacın üstünü oyurdu. Onun kənarlarına Qurandan bəzi ayələr və İmamların (əleyhimus-səlam) adlarını yazırdı. Ona dedim: Ey ağam, bu ağac nədir? Buyurdu: “Bu qəbrim üçündür, qəbrimdə olacaq. Mən onun üzərinə qoyulacağam – yaxud dedi – : Mən ona söykənəcəyəm. Qəbri hazırlamışam.2 Mən hər gün oraya enir, bir cüz Quran oxuyur, sonra çıxıram. Elə ki, filan gün, filan ay və filan il oldu Allah əzzə və cəlləyə tərəf gedəcəyəm. Orada dəfn ediləcəyəm və bu ağac da mənimlə birgə olacaq. (Ravi deyir: ) elə ki, onun yanından çıxdım, dediklərini bir yerə yazdım. O gündən etibarən buna diqqət edirdim. Çox keçmədi ki, Əbu Cəfər xəstələndi. Dediyi gündə, dediyi ayda və dediyi ildə vəfat etdi və həmin qəbrdə də dəfn edildi”. (əl-Ğeybə, 364-365, hədis 332.)

O cümlədən: Bzəilərinin başqa dilləri bilmələri. Şeyx Tusi (quddisə sirruh) öz sənədi ilə Muhəmməd ibn Əli ibn Mətildən belə nəql edir:

“Abə camaatından olan bir qadın var idi ki, adı Zeynəb idi. O Muhəmməd ibn Abdil əl-Abinin xanımı idi. Onun yanında üç yüz dinar pul var idi. Bir dəfə o, əmim Cəfər ibn Əhməd ibn Mətilin yanına gedib dedi: İstəyirəm bu pulları öz əlimdə Hüseyn ibn Ruha (radiyallahu anh) təslim edim. Ravi deyir: Əmim tərcümə etmək üçün məni onunla birgə göndərdi. Elə ki, o Əbul-Qasim ibn Ruhun (radiyallahu anh) yanına daxil oldu, Əbul-Qasim (radiyallahu anh) fəsahətli Abi dili ilə ona dedi: “Zeynəb, çuni, çun budi, qulye çunəste?” Mənası bu idi ki, necəsən, necə idin? Uşaqlar necədirlər? Beləcə tərcümə lazım olmadı və o pulları təslim edib qayıtdı”. (əl-Ğeybə, 321, hədis 268.)

Bu və sair rəvayətlər sübut edirlər ki, bu səfirlər İmam Sahibəl-əmr (əleyhis-səlam)-la əlaqədə olmuşlar. Bəlkə də qeyd etdiyimiz rəvayətlərin bəzilərindən belə başa düşmək olar ki, onlar daim şiələr tərəfdən sınanırmışlar. Necə ki, ravi deyir “elə ki, onun yanından çıxdım, dediklərini bir yerə yazdım. O gündən etibarən buna diqqət edirdim”, həmçinin digər rəvayətdə deyilir: “Biz həmin vaxtı, günü və ayı bir yerə qeyd etdik”.

Bütün bunlar sübut edir ki, bu hadisələr və xəbərvermələr əbəs yerə və ya ümumi camaata güc göstərmək məqsədilə olmamışdır. Əksinə, öz səfirlikərini gücləndirmək, Əhməd ibn Hilal əl-Əbərtai, Muhəmməd ibn Əli ibn Bilal və s. fitnəkarlar kimi onların səfirlikləri barədə şəkk ortaya atanları susdurmaq məqsədilə olmuşdur. Bilmək gərəkdir ki, səfirlər camaat arasında məchul olan şəxslərdən olmamışlar. Əksinə, elmlə tanımış, təqva və saleh olmaları ilə məşhur olmuşlar. Hətta öz dövrlərindəki şiələr onların ədalət və güvənirliklərində icma etmişlər, onların səfirliyə layiq olmalarında şübhə etməmişlər.

Buna əsasən, səfirlik yuxarıda qeyd olunan yollarla sübuta yetir. Gərək səfir elmlə, ədalətlə məşhur olsun və dost və müxalif qarşısında öz mövqeyini sübut etməyi bacarsın.

Şeyx Təbərsi (quddisə sirruh) demişdir:

“Onların heç biri bu işi Sahibəl-əmr (əleyhis-səlam) tərəfdən nəss (işarə, dəlil) gəlmədən və özündən əvvəlki şəxs onu bu məqama təyin etmədən yerinə yetirməmişlər. Şiələr də onların sözlərini yalnız İmam Sahibəl-əmr tərəfindən olub onların əli ilə baş verən və onların dediklərinin və səfirliklərinin doğruluğuna dəlalət edən möcüzəvi bir əlamət aşkar olduqdan sonra qəbul etmişlər”. (əl-İhticac, 2/297.)

_________________________________________________________

2 Digər nüsxələrə görə: Qəbrin yerini bilirəm. Müt.

Страница 2 из 4«1234»
Рейтинг

В этом разделе