Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

  1. "Vəsiyyət" hədisinin mətninin tənqidi
  2. Birinci dəlil
  3. İkinci dəlil
  4. Üçüncü dəlil

BİRİNCİ DƏLİL

Baxmayaraq ki, şiənin böyük keçmiş alimləri bu rəvayətlərlə tanış olmuşlar, lakin onların heç biri bu fikri qəbul etməmişlər.

Şeyx Müfid kimi tanınan Muhəmməd ibn Muhəmməd ibn Numan (quddisə sirruh) (vəf. 413 h.q.) demişdir:

Qaimdən (əleyhis-səlam) sonra heç kəsin dövləti olmayacaq. Yalnız bir rəvayətdə bildirilir ki, onun övladları (hakimiyyət) edəcəklər - əgər Allah bunu istəsə. Lakin rəvayətin dediyi bu söz qəti və dəqiq deyildir. Rəvayətlərin əksəriyyəti belədir ki, bu ümmətin Məhdisi (əleyhis-səlam) qiyamətdən qırx gün əvvəl dünyadan köçəcək. Bu zaman hərc-mərclik baş verəcək. Ölülərin dirilməsinin və hesab və cəza gününün başlamasının əlaməti aşkar olacaq. Allah nə baş verəcəyini daha yaxşı bilər. (əl-İrşad, 2/387)

Şeyxut-taifə Şeyx Tusi (quddisə sirruh) (vəf.460 h.q.) vəsiyyət hədisini nəql etdiyi həmin kitabda deyir:

O şəxslərə gəlincə ki, deyirlər: “Xələfin övladı var və imamlar on üçdürlər”, bu şəxslərin sözləri İmamların (əleyhimus-səlam) on iki nəfər olması barədə gətirdiyimiz dəlillərə əsasən batildir. Bu söz bir kənara atılmaldır. Özü də bu firqələr hamısı – Allaha həmd olsun ki – aradan gediblər və onların sözünü deyən bir kimsə qalmayıb. Bunun özü bu sözlərin batilliyinə dəlildir. (əl-Ğeybə, səh.228)

Əbu Əli Fəzl ibn Həsən ət-Təbərsi (quddisə sirruh) (vəf. 548 h.q.) deyir:

Səhih rəvayət deyir ki, Məhdinin (əleyhis-səlam) dövlətindən sonra dövlət yoxdur. Yalnız bir rəvayətdə deyilir ki, onun övladları onun yerinə keçəcəklər – əgər Allah bunu istəsə. Lakin o da qəti və sabit deyildir. Rəvayətlərin əksəriyyəti bildirir ki, o Həzrət (əleyhis-səlam) qiyamətdən qırx gün qabaq dünyadan köçəcək. Bu zaman hərc-mərclik baş verəcək. Ölülərin dirilməsinin və qiyamətin başlamasının əlaməti aşkar olacaq. Allah daha yaxşı bilər.(İlamul-vəra, 2/295)

Əllamə Əli ibn İsa əl-İrbili (quddisə sirruh) (vəf.693 h.q) deyir:

Rəvayət edilib ki, Qaimin (əleyhis-səlam) dövlətinin müddəti on doqquz ildir. Daha əvvəl də dediyimiz kimi bu illərin günləri uzanacaq. Bu, necəliyi bizim üçün gizli olan bir işdir. Bu barədə bizə Allahu-təalanın məsləhət bildiyi qədər nəql edilib. Biz bu iki işdən hansı birinin səhih olduğunu dəqiq bilmirik. Baxmayaraq ki, (bu müddətin) yeddi il olduğunu deyən rəvayətlər daha çox və daha aşkardırlar. Qaimdən (əleyhis-səlam) sonra heç kəsin dövləti olmayacaq. Yalnız bir rəvayətdə bildirilir ki, onun övladları hakimiyyət edəcəklər - əgər Allah bunu istəsə. Lakin bu söz qəti və dəqiq deyildir. Rəvayətlərin əksəriyyəti belədir ki, bu ümmətin Məhdisi (əleyhis-səlam) qiyamətdən qırx gün əvvəl dünyadan köçəcək. Bu zaman hərc-mərclik baş verəcək. Ölülərin dirilməsinin və hesab və cəza gününün başlamasının əlaməti aşkar olacaq. (Kəşful-ğummə, 3/266)

Zeynud-din Əli ibn Yunis əl-Amuli əl-Bəyazi (quddisə sirruh) (vəf. 877 h.q.) deyir:

Məhdinin (əleyhis-səlam) dövlətindən sonra bir dövlət yoxdur. Yalnız şaz2 bir rəvayətdə ondan sonra övladlarının hakimiyyət edəcəyi gəlmişdir. O rəvayət İbn Abbas vasitəsilə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) rəvayət edilmişdir: “Əvvəlində mən, axırında İsa ibn Məryəm, ortasın da Məhdi olan ümmət həlak olmayacaq”. Bunun kimi başqa bir rəvayət də Ənəsdən nəql edilmişdir. Bu iki rəvayət Məhdinin (əleyhis-səlam) dövlətindən sonra dövlət olacağına dəlalət edir. Lakin rəvayətlərin əksəriyyəti bildirir ki, o Həzrət (əleyhis-səlam) qiyamətdən qırx gün əvvəl dünyadan köçəcək. Həmin vaxt hərc-mərclik vaxtıdır. Həmin vaxt ölülərin hesab üçün qəbirlərdən çıxacağı (günün) əlaməti zahir olacaq. (əs-Siratul-Mustəqim, 2/254)

Əllamə Şeyx Muhəmməd Baqir Məclisi (quddisə sirruh) (vəf. 1110 h.q.) “on iki məhdi” rəvayətini qeyd etdikdən sonra deyir:

Bu rəvayətlər məşhurun xilafınadır. (Biharul-Ənvar, 53/148)

Şeyx Muhəmməd ibn Həsən Hürr Amuli (quddisə sirruh) (vəf. 1104 h.q.) məhdilərdən bəhs edən rəvayətlərlə İmam Məhdinin (əleyhis-səlam) qiyamətdən qırx gün qabaq dünyadan köçməsini bildirən rəvayətlərin bir-biri ilə uyğun gəlməməsi məsələsini müzakirə edərkən deyir:

On iki imamdan sonra on iki nəfərin gələcəyini bildirən hədislərə gəlincə, məlumdur ki, bu hədislər nadirlikləri, azlıqları və çoxlu ziddiyyətlərə malik olmaları səbəbindən (necə ki, bəzilərinə işarə etdik) yəqin və qətiyyət hasil etmirlər. Hədislər təvatür etmişdir ki, imamların sayı on ikidir; onların dövlətləri qiyamətədək davam edəcək; onların on ikinciləri vəsilərin və imamların sonuncusudur, xələfdir; həmçinin, imamlar qiyamətədək İmam Hüseynin (əleyhis-səlam) nəslindəndirlər və s. Əgər onlardan sonra başqa on iki nəfərin imamətini iqrar etmək bizə vacib olsaydı, o zaman bizə mütəvatir nəsslər (hədislər) çatardı. (əl-İyqaz minəl-həcə fi əl-Burhan əla ər-Rəcə, səh.368)

Seyyid Abdullah Şübbər (quddisə sirruh) (vəf.1342 h.q.) deyir:

“Necə ola bilər, bir halda ki, bu rəvayətlərin zahiri İmamların (əleyhimus-səlam) sayının on iki olduğunu bildirən mütəvatir rəvayətlərlə ziddiyyət təşkil edir. Hətta məzhəbin zəruri (etiqadı ilə) və əqli və nəqli dəlillərlə ziddiyyət təşkil edir. Buna əsasən də bu rəvayətləri təvil etmək və mənalandırmaq lazımdır. Onlar üçün bir neçə məna qeyd etmişlər”. (Məsabihul-Ənvar, 1/382)

Əhməd İsmayıl və onun yardımçıları Şeyx Səduqun (quddisə sirruh) “Kəmalud-din” kitabında dediyi sözü dəlil olaraq göstərmək istəmişlər. Belə ki, Şeyx deyir:

İmamların (əleyhimus-səlam) sayı on ikidir. Onların on ikincisi yer üzünü düzlük və ədalətlə dolduracaq şəxsdir. Ondan sonra isə özündən sonra imam olduğunu bildirdiyi şəxs (onun yerində) olacaq, yaxud da qiyamət qopacaq. Biz yalnız on iki imamı təsdiq etməyə və on ikinci İmamın (əleyhis-səlam) özündən sonra olacağını dediyi şeyə etiqad etməklə mükəlləfik.3

Cavab: Bu sözü Şeyx Səduq (quddisə sirruh) zeydi məzhəbindən olan bir şəxsin iradına cavab olaraq demişdir. Həmin irad bundan ibarət idi ki, on ikinci imam dünyadan köçdüyü zaman, yer üzü ilahi höccətsiz qalacaq. Bu isə necə ola bilər? Şeyxin cavabı isə belə idi ki, biz on iki İmama (əleyhis-səlam) iman gətirməklə mükəlləfik. Onlardan sonra baş verənlər isə zühur dövrünə aiddir. Bizə o zamanla bağlı barəsində səhih dəlil olmayan hər hansısa bir şeyə etiqad etmək vacib deyil.

Şeyx Səduqun (quddisə sirruh) sözü açıq-aydın onu göstərir ki, şiələrə on iki İmamdan (əleyhis-səlam) sonra məhdilərin olacağına etiqad etmək vacib deyildir. Onun sözünün dəlalət etdiyi yeganə şey bundan ibarətdir ki, İmam Məhdidən (əleyhis-səlam) sonra hər hansısa bir imam ola bilər. Burada “on iki məhdi”dən söhbət getmir. Mümkündür burada rəcət nəzərdə tutulmuş olsun. Bu mənada ki, “İmam Məhdidən (əleyhis-səlam) sonra hər hansısa bir imam ola bilər” deyərkən İmamların rəcət edəcəyi nəzərdə tutulub. Necə ki, bir çox hədislərdə xəbər verilmişdir ki, İmam Hüseyn (əleyhis-səlam) İmam Məhdidən (əleyhis-səlam) sonra rəcət edəcək. İmam Hüseyndən (əleyhis-səlam) sonra da digər İmamlar (əleyhimus-səlam) rəcət edəcəklər. Xüsusən də nəzərə almaq lazımdır ki, şeyx bunu bir ehtimal olaraq qeyd edib. Necə ki, ehtimal edib ki, on ikinci İmamın (əleyhis-səlam) ölümündən sonra qiyamət də baş verə bilər. Vacib əqidələr isə ehtimallarla deyil, qətilik və yəqin əsasında qəbul edilərlər.

Həmçinin, Əhməd İsmayılın yardımçılarından olan başqa bir nəfər Şərif Mürtəzanın (quddisə sirruh) bu sözünü dəlil gətirmək istəmişdir:

Biz qəti şəkildə deyə bilmərik ki, Sahibəz-zəman Muhəmməd ibn Həsənin (əleyhis-səlam) dünyadan köçməsi ilə təklif də aradan gedəcək. Əksinə, ola bilər ki, dünya ondan sonra da uzun müddət öz yerində qalsın. Ondan sonra zəmanənin imamlardan boş qalması mümkün deyil. Ola bilər ki, ondan sonra dini hifz edən və onun əhlinin maraqlarını qoruyan bir neçə imam olsun. Bu (sözləri) demək bizə imamət məsələsində tutmuş olduğumuz yolda zərər yetirməz. Ona görə ki, boynumuzda təklif olan və etməmiz gərəkən iş, bu on iki nəfər şəxsin imamətini tanımaq və onu yaxşıca dərk etməkdir. Çünki bu məsələ ixtilaflı və mühüm məsələdir. Buna (on iki imamdan sonra kimlərinsə gəlib gəlməməyinə) etiqad etmək bizi “on iki imamçı” olmaqdan çıxarmaz. Çünki bizim yanımızda bu söz (“on iki imamçı” sözü) on iki imamın imamətinin vacib olduğuna etiqad edən şəxslərə deyilir. Biz də buna etiqad etmişik. Bu məzhəbdə bizimlə eyni fikirdə olan yoxdur. Beləcə bu adla yalnız biz tanınmışıq. (Rəsail əl-Murtəza, 3/146)

Cavab: Şərif Mürtəza (quddisə sirruh) nə demək istədiyini bu söz ilə bəyan edib: “Ona görə ki, boynumuzda təklif olan və etməmiz gərəkən iş, bu on iki nəfərin imamətini tanımaqdır”. On ikinci imamdan sonra baş verənlər isə hazırkı dövrdə bizim təklifimiz deyil. Ona görə ki, bu barədə əlimizə qəti dəlillər çatmayıb. Mən bilmirəm bu şəxslər bu söz necə dəlil gətirmək istəyirlər?! Bir halda ki, söz onların əleyhinədir!

Əgər Şərif Mürtəza və Şeyx Səduq kimi məsumun (əleyhis-səlam) zamanına yaxın bir zamanda yaşayan şəxslər “məhdilər” məsələsinin etiqad edilməsi vacib olan məsələ hesab etmirlərsə, bu zəmanənin cılız şəxsləri necə istəyirlər ki, camaatı bu məsələyə etiqad etdirsinlər?!

Həmçinin, Seyyid Muhəmməd Sadiq Sədrin (quddisə sirruh) “Tarixu ma bədəz-zuhur” kitabında İmam Məhdidən (əleyhis-səlam) sonra məhdilərin hakim olacağı barədə dediyi sözü dəlil gətirmişlər.

Cavab: Seyyid Muhəmməd Sadiq Sədr (rəhiməhullah) sonradan bu fikrindən udul edərək dönmüşdür. Belə ki, “Bəhsun həvlə ər-rəcə” kitabında bunu qeyd etmiş və demişdir:

Hal-hazırda bəhsimiz Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonrakı xilafət deyil, Məhdidən (əleyhis-səlam) sonrakı xilafət barədədir. Bu mövzuda iki ehtimal və ya nəzəriyyə vardır:

Birinci nəzəriyyə: Ondan sonra hakimiyyətə övladları gələcək. Hansılar ki, öz növbələrində saleh şəxsiyyətlər olacaqlar. Onları həzrət Məhdi (əleyhis-səlam) özü tərbiyə etmiş olacaq və cəmiyyət qarşısında onların xəlifəliklərini elan edəcək. “Tarixu ma bədəz-zuhur” kitabında bu fikrin daha yaxın olduğunu söyləmişik.

İkinci nəzəriyyə: Ondan sonra hakimiyyətə məsum ata-babaları (əleyhimus-səlam) gələcək. Bu zaman onlar Məhdidən (əleyhis-səlam) sonra yer üzünə hakimilik etməkdən ötrü rəcət edib həyata qayıdacaqlar; ya hamılıqla, ya da bəziləri. Habelə, qayıdarkən ya – o günün məsləhətinə əsasən – öz əvvəlki ardıcıllıqları ilə deyil, dağınıq şəkildə qayıdacaqlar, ya da tərsinə sıra ilə. Yəni, rəcətləri axırıncıdan başlayacaq. Əvvəlcə İmam Həsən Əsgəri (əleyhis-səlam) qayıdacaq, sonra onun atası İmam Hadi (əleyhis-səlam), sonra onun atası İmam Təqi (əleyhis-səlam) və s. bu şəkildə. Biz dini cəhətdən birinci nəzəriyyənin səhih olduğuna hökm edə bilmərik. Bu nəzəriyyə maddi baxışdan qaynaqlanır. Çünki bu nəzəriyyə insanın öldükdən sonra həyata qayıtmasını uzaq hesab etmək səbəbindən ortaya çıxmışdır. Buna əsasən, ən azından bizim məzhəbdə qaydanın gərəyi olaraq düzgün olan nəzəriyyə ikinci nəzəriyyədir. Bunun bir neçə səbəbi vardır ki, onlardan aşağıdakılarını qeyd edə bilərik:

Birinci səbəb: Bu nəzəriyyənin Qurana müvafiq olması. Necə ki, daha sonra “dəbbətül-ərz” (yerdən çıxan canlı) ayəsinin təfsirinin Əmirəl-mömininə (əleyhis-səlam) aid olmasını izah edərkən aydın olacaq. Deməli, belə nəticə əldə edilir ki, İmamların (əleyhimus-səlam) qayıtmaları və rəcət etmələri icmali olaraq sabitdir. Çünki Əmirəl-möminin də (əleyhis-səlam) onlardandır. Belə olduğu təqdirdə ki, deyə bilirik ki: İmamlar qayıdacaqlar, hərçənd bu təkcə Əmirəl-mömininin (əleyhis-səlam) qayıtması ilə olsa belə.

İkinci səbəb: Bu barədə bizim çoxlu rəvayətlərimiz var. Rəcətdən bəhs edən rəvayətlərin əksəriyyəti İmamların (əleyhimus-səlam) qayıdacaqlarına işarə edir. Onlardan başqalarının qayıdacaqlarına işarət edən rəvayətlər isə azdırlar. Bu, həmin rəvayətlərlə tanış olan hər kəsə məlumdur və hal-hazırda biz həmin rəvayətləri gətirmək imkanında deyilik.

Üçüncü səbəb: Biz “Tarixu ma bədəz-zuhur” kitabında demişdik ki, cəmiyyət hidayət və iman baxımından getdikcə dərinləşir və möhkəmlənir. Hidayət imamının vəfatından sonra tənəzzül etməyə başlamır. Əksinə, yüksəlişə davam edir. Bu, mənəvi rəcətin birinci qismi barəsində danışarkən dediyimiz sözə də uyğun gəlir. Əgər belə olarsa, o zaman cəmiyyət getdikcə tənəzzül edən və ya olduğu vəziyyətdə duran bir rəhbərliyə deyil, getdikcə inkişaf edən və yüksələn bir rəhbərliyə ehtiyac duyar.

Məlumdur ki, İmam Məhdidən (əleyhis-səlam) sonrakı hakimiyyətlə bağlı birinci nəzəriyyəni qəbul etmiş olsaq, o zaman rəhbərlik olduğu vəziyyətdə duran və hətta tənəzzül edən bir rəhbərlik olacaq. Çünki İmam Məhdidən (əleyhis-səlam) sonra bu hakimləri daha da dərinləşən (və inkişaf edən) bir tərbiyə ilə kim tərbiyə edə biləcək? Ən çoxu bu olacaq ki, həzrət Məhdi (əleyhis-səlam) özündən sonrakını tərbiyə edəcək, o da özündən sonrakını, o da özündən sonrakını və s.4 (Bəhsun həvlə ər-rəcəh, səh.19)

Alimlərimizin sözləri bunlar idi. Bu sözlər ona dəlalət edir ki, İmam Höccətdən (əleyhis-səlam) sonra o həzrətin övladlarının dövləti yoxdur və bu barədə varid olan rəvayətlər höccət deyillər.

Maraqlısı budur ki, Əhməd İsmayıl özünün çapdan çıxan ilk kitabında müsəlman şəxsə etiqad etməsi vacib olan əqidələri sadalamış, lakin yaxından-uzaqdan məhdilər məsələsinə toxunmamışdır. Belə ki, deyir:

İman edilməsi gərəkən ən əsas etiqadlar Bəqərə surəsinin axırında qeyd olunan etiqadlardır. Bunlar həmin etiqadlardır ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onlara iman gətirmişdir. Bunlar: Allaha iman, mələklərə iman, səmavi kitablara iman, elçilərə (göndərilənlərə) iman; istər peyğəmbərlər olsun, istər vəsilər, istərsə də subhan olan Allah tərəfindən göndərilən hər hansı bir şəxs. Hətta yalnız dünyəvi rəhbərlik üçün göndərlmiş olsa belə, məsələn, Talut kimi. Hər bir müsəlman vahid, əhəd, fərd və saməd olan Allaha iman gətirməlidir. Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbərliyinə iman gətirməlidir. Mələklərə, kitablara, keçmiş peyğəmbərlərə, onların vəsilərinə və şəriətlərinə iman gətirməlidir. Onlara ehtiram etməlidir, hərçənd nəsx olunmuş olsalar belə. Çünki bu şəriətlər nə vaxtsa Allahın yer üzərindəki şəriəti olmuşlar. Müsəlman olan şəxs Muhəmməd peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) on iki vəsisinə iman gətirməlidir. Onlardan nəql edilən səhihliyi sübuta yetmiş hədisləri qəbul etməlidir. Həmçinin, hər bir müsəlmana vacibdir ki, həzrət Muhəmmədin (sallallahu əleyhi və alihi və səlləm) vəsilərinin on ikincisinin İmam Muhəmməd ibn Həsən (əleyhis-səlam) olduğuna iman gətirsin. Etiqad etsin ki, o bu günədək sağdır və yaşayır. Babası (sallallahu əleyhi və alihi və səlləm) qiyam etdiyi kimi qılıncla qiyam edəcək. Hər bir müsəlmana onu dost tutmaq, onu candan, maldan və övladdan irəli bilmək, onun sözünün ucalması, işinin və məzlumiyyətinin aşkar olması üçün iş görmək, dövlətinə hazırlıq görmək, düşmənini düşmən tutmaq vacibdir... (əl-Əcəl, səh.28)

Deməli, bu dəstənin imamı Əhməd İsmayılın etirafına əsasən, məhdilər məsələsi vacib etiqadlardan deyil. Belə ki, o qeyd edir ki, vacib olan on iki vəsiyə iman gətirməkdir. Əgər on iki məhdiyə etiqad etmək də vacib olsaydı, onda gərək belə deyəydi: “Vacibdir ki, iyirmi dörd vəsiyyə iman gətirilə”. Lakin bilmirik nə dəyişib!

____________________________________________________________________________

2 Məşhurun ziddinə olan rəvayət. (Müt.)
3 Yəni, əgər özündən sonra bir imamın olacağını desə, həmin imama, qiyamətin baş verəcəyini desə həmin qiyamət xəbərinə etiqad etməklə mükəlləfik. (Müt.)
4 Beləcə hakimiyyət ən yaxşı halda olduğu vəziyyətdə duran bir hakimiyyət olacaq. Bu isə getdikcə inkişaf edən cəmiyyəti idarə etməyə kifayət etməyəcək. (Müt.)

Страница 2 из 4«1234»
Рейтинг

В этом разделе