Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

  1. "Vəsiyyət" hədisinin mətninin tənqidi
  2. Birinci dəlil
  3. İkinci dəlil
  4. Üçüncü dəlil

İKİNCİ DƏLİL

İkinci dəlil bundan ibarətdir ki, məhdilərdən hakimiyyətindən bəhs edən rəvayətlər, mütəvatir olub Əhli-Beyt İmamların (əleyhimus-səlam) qayıdışlarından xəbər verən və onların ilk qayıdanlarının İmam Hüseyn (əleyhis-səlam) olduğunu bildirən rəcət rəvayətləri ilə ziddiyyət təşkil edirlər.

Əhməd İsmayılın ardıcılları bu iki qisim rəvayətlərin bir-birləri ilə ziddiyyət təşkil etməsi məsələsini həll etməyə çalışmış və demişdir:

Yenidən mövzuya qayıdır və deyirəm: İmam Məhdidən (əleyhis-səlam) sonra məhdilərin hakimiyyət etməsi məsələsi ilə rəcət arasında heç bir ziddiyyət yoxdur. Belə ki, məhdilərin hakimiyyəti Qaimdən (əleyhis-səlam) dərhal sonra başlayacaq. İmam Məhdinin övladlarından olan on ikinci məhdi(nin ölümün)dən sonra isə rəcət başlayacaq. Onun övladı olmayacaq. Çünki o İmam Məhdinin (əleyhis-səlam) vəsilərinin sonuncusudur. Onunla imamətin (bir) övlad(dan digər övlada ötürülməsi) sona yetəcək. Beləcə İmam Hüseynin (əleyhis-səlam) qayıdışı ilə rəcət başlayacaq və məhdilərin sonuncusunun qüsulu və dəfni işini İmam Hüseyn (əleyhis-səlam) yerinə yetirəcək. (əl-Vəsiyyətu vəl-Vəsi, Əhməd əl-Həsən, səh.100)

Bəlkə də rəvayətlərlə tanış olmayan şəxslərə elə gələcək ki, bu izah yaxşı izahdır və bu, qeyd olunan iki qisim rəvayətlər arasında uyğunluq yaratmağa çalışan yaxşı cəhddir. Lakin bir dəstə rəvayət bu növ uyğunluğun olmasını batil edir. Çünki bu rəvayətlər bildirirlər ki, rəcət bu şəxsin iddia etdiyi kimi məhdilərin sonuncusu ilə deyil, on ikinci İmamla (əccəlallahu-təala fərəcəhuş-şərif) başlayır.

Belə rəvayətlərə misal olaraq aşağıdakılar göstərə bilərik:

Birinci: Cumadə və Rəcəb ayları arasında baş verəcək İmam Muhəmməd ibn Həsənin (əleyhis-səlam) zühur əlamətlərindən bəhs edən rəvayətlər.

Şeyx Müfid “əl-İrşad” kitabında deyir:

Əbdül-Kərim əl-Xəsəmi rəvayət edib dedi: Əba Əbdillaha (əleyhis-səlam) dedim: “Qaim (əleyhis-səlam) nə qədər hakimiyyət edəcək?” Buyurdu: “Yeddi il. Lakin günlər və gecələr onun üçün uzanacaq. Onun illərinin biri ili sizin on ilinzə bərabər olacaq. Beləcə onun hakimiyyət illəri sizin illərinizlə yetmiş il olacaq. Onun qiyam etmə vaxtı yaxınlaşdıqda Cümadəl-axirə ayı və Rəcəb ayının on günündə elə bir yağış yağacaq ki, məxluqat hələ belə yağış görməyib. Allah bu yağışla qəbirlərdəki möminlərin ətlərini və bədənlərini bərpa edəcək. Sanki mən onların başlarındakı torpağı çırpa-çırpa Cuheynə tərəfdən gəldiklərini görürəm”. (əl-İrşad, 2/381)

Məlumdur ki, rəvayətdə barəsində sual soruşulan “Qaim”, on ikinci İmamdan başqası deyil. Ona görə ki:

1) Rəvayət onun (əleyhis-səlam) qiyamının əlamətinin nə olduğunu bəyan etmək məqsədilə deyilib. Məhdilərin sonuncusunun (var olacağını fərz edərsək) hakimiyyəti üçün isə onu özündən əvvəlki məhdilərdən ayıracaq bir əlamətə ehtiyacı yoxdur. Ona görə ki, onların hamısı on ikinci İmamın (əleyhis-səlam) təsis etdiyi ilahi ədalət dövlətində olacaqlar.

2) Sual verən şəxs İmam Məhdi Müntəzər (əleyhis-səlam) barədə sual verir. Sual verənin məhdilərin sonuncusu barədə sual verməsi mümkün deyil. Ona görə ki, məhdilər məsələsi Nazim əl-Uqeylinin iddia etdiyi kimi gizli qalmış məsələlərdəndir.

Belə ki, Nazim əl-Uqeyli deyir:

“Bu heç də təəccüblü deyil. Əhli-Beytdən (əleyhimus-səlam) nəql edilən bir neçə rəvayətdə gəlmişdir ki, Qaim gizli qalmış və insanların uzaq düşdükləri bir işə tərəf dəvət edəcək. Bu məsələ (məhdilər məsələsi) gizli qalmış və insanların alim və cahil qarışıq hamısının uzaq düşdükləri ən mühüm işlərdən biridir”.

İndi ki, məhdilər məsələsi gizli və qaranlıq bir məsələdir, o zaman sual verənin sonuncu məhdi barədə sual verməsi uzaq ehtimaldır. Necə ki, özləri deyirlər ki, insanların əksəriyyəti ümumiyyətlə məhdilər məsələsindən bixəbərdirlər, o ki qala məhdilərin sonuncusu barədə sual verələr.

Rəvayətdə barəsində sual soruşulan “Qaim” adlı şəxs ixtilafsız İmam Muhəmməd ibn Həsən Əsgəridir (əleyhis-səlam). Çünki bu adla yalnız o nəzərdə tutulur. Rəcət də onun zühuru ilə başlayacaq. Hətta rəcət həmçinin onun qiyamının əlamətidir. Bu, Uqeylinin dediyi fikrin batilliyini sübut edir.

Bu deyilənlərə Cumadə və Rəcəb ayları arasında rəcət baş verəcəyini bildirən başqa bir dəstə rəvayətlərin olduğunu da əlavə edin. Məsələn, “Muxtəsəru bəsairid-dərəcat” kitabında gələn bir rəvayətdə deyilir:

Əmirəl-möminin (əleyhis-səlam) buyurdu: “Bizim işimiz çətindir və çətinlik tələb edir.5 Onu yalnız müqərrəb mələk və ya mürsəl peyğəmbər, və yaxud da Allahın qəlbini imanla imtahan etdiyi bəndə daşıya bilər. Bizim sözümüzü yalnız möhkəm qalalar, əmin sinələr və aram düşüncələr dərk edə bilər. Təəccüb, çox təəccüb Cumadə və Rəcəb arasında baş verəcək hadisələrə görə”. “Şərətətul-xəmis”dən6 olan bir şəxs dedi: “Nə üçün təəccüb edirsiniz, ey möminlərin əmiri?” Buyurdu: “Niyə də təəccüb etməyib. Sizin barənizdə artıq hökm verilib. Lakin söz başa düşmürsünüz. Bilin, içlərində ölüm olan səslər (şivənlər) olacaq. Bitkilər biçiləcək, ölülər artacaq. Təəccüb, çox təəccüb Cumadə və Rəcəb arasında baş verəcək hadisələrə”. Həmin şəxs yenə də dedi: “Nədir o şey ki, hələ də ona təəccüb edirsiniz?” Buyurdu: “Bundan da təəccüblü nə ola bilər ki, ölülər dirələrin boyunlarını vuracaq”. Dedi: “Bu necə olacaq, ey möminlərin əmiri?” Buyurdu: “And olsun dənəni yarıb məxluqatı yaradan, sanki onları görürəm ki, Kufə küçələrini doldurmuşlar. Qılınclarını sırıb çiyinlərinə qoymuş, Allahın, Onun Rəsulunun və möminlərin bütün düşmənlərini qılıncdan keçirirlər. Bu həmin sözdür ki, Allah buyurur: “Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyin)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər” (Mumtəhinə surəsi, 13). (Biharul-Ənvar, 53/81)

Hətta İmam Məhdinin (əleyhis-səlam) əshabının sayına işarət edən bəzi rəvayətlər o həzrətə yardım etmək üçün dirilib dünya həyatına qayıdacaq ölülərdən bəzilərinin adlarını qeyd etmişdir.

O cümlədən: Şeyx Təbərinin “Dəlailul-İmamə” kitabında İmam Sadiqdən (əleyhis-səlam) nəql etdiyi bir hədisdə (hansı ki, orada həzrət Sadiq (əleyhis-səlam) İmam Məhdinin (əleyhis-səlam) əshabının sayının üç yüz on üç olduğunu buyurur) həzrət deyir:

“Və yeddi nəfərdən ibarət olan Əshabi-Kəhf: Maksilmina və yoldaşları onun əshabından olacaqlar”. (Dəlailul-İmamə, səh.304)

Əhməd İsmayılın ardıcılları bu hədisi təvil edə bilmirlər. Ona görə ki, qəti şəkildə qəbul edilən məsələlərdəndir ki, üç yüz on üç nəfər ənsarı olacağı bildirilən imam İmam Məhdidir (əleyhis-səlam), məhdilərin sonuncusu deyil.

Bununla yanaşı, onlar bu hədisdən istifadə edərək iddia edirlər ki, Əhməd İsmayıl İmam Məhdinin (əleyhis-səlam) əshabındandır; ona görə ki, onun adı Əhməddir və o Bəsrədəndir.

Nazim əl-Uqeyli deyir:

“Sadiqdən (əleyhis-səlam) nəql olunan uzun bir hədisdə həzrət, Qaimin (əleyhis-səlam) əshabının adlarını sadalayır və deyir: Bəsrədən: Əbdür-Rəhman ibn Ətəf ibn Səd, Əhməd, Muleyh və Həmmad ibn Cabir”. (əl-Bəlağul-Mubin, səh. 3)

Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, Nazim əl-Uqeyli bu hədisi “Bişarətul-İslam” kitabından nəql edib və bu kitab “Dəlailul-İmamə” kitabından sonra yazılıb. Bunun səbəbi ondan ibarətdir ki, “Bişarətul-İslam” kitabında qeyd olunana əsasən, İmam Məhdinin (əleyhis-səlam) köməkçilərindən biri Bəsrədən olan Əhməd adlı bir şəxsdir. Halbuki, hədisin əsl mənbəsi olan “Dəlailul-İmamə” kitabında (hansı ki, “Bişarətul-İslam” kitabının müəllifi də hədisi buradan nəql edib) belə qeyd olunur: “Bəsrədən: ...Əhməd ibn Muleyh!” Bu onu göstərir ki, adı çəkilən şəxs Əhməd İsmayıldan ayrı bir şəxsdir!

Buna məhz ona dəlalət edir ki, bu şəxslər həva-həvəs əhlidirlər, haqqı istəmirlər və istəkləri batilə yardım etməkdir!

Mən əminəm ki, Uqeyli “Bişarətul-İslam” kitabının müəllifinin bu xütbənin ardınca verdiyi bu şərhi oxuyub:

“Bu nüsxədə çoxlu səhvlər vardır. Orada bəzi hərflər düşmüşdür. Bəziləri də dəyişdirilmişdir. Mən öz naqis nəzərimə uyğun olaraq belə səhvlərin bəzilərini bir sıra hədislər vasitəsilə düzəltməyə çalışmışam”. (Bişarətul-İslam, səh.247)

Başqa bir rəvayətdə Əmirəl-möminin (əleyhis-səlam) Əshabi-Kəhfin qayıtmasını qeyd edərək buyurur:

“Ramazan ayında bir carçı şərq tərəfdən sübh vaxtı nida edib deyəcək: Ey hidayət əhli, toplanın! Bir carçı da qərb tərəfdən şəfəq itdikdən sonra nida edib deyəcək: Ey batil əhli, toplanın! Səhəri gün zöhr vaxtı günəş rəngdən-rəngə düşəcək. Saralacaq, sonra dönüb qap-qara olacaq. Üçüncü gün Allah haqq əhli ilə batil əhlini bir-birindən ayıracaq. “Dəbbətül-ərz” çıxacaq. Rumlular dənizin sahilinə, (Əshabi-Kəhf) cavanlarının mağaralarının yanına gələcəklər. Allah o cavanları itləri ilə birgə dirildəcək. Onların içlərində bir nəfər var ki, adı Məlixadır. Bir digərlərinin adı isə Xəmladır. O ikisi Qaimə (əleyhis-səlam) təslim olan şahidlərdirlər”. (Muxtəsər Bəsairud-Dərəcat, səh.200 və 201)

Şeyx Müfidin (quddisə sirruh) “əl-İrşad” kitabında nəql etdiyi başqa bir hədisdə isə deyilir ki, Əshabi-Kəhflə birgə İmam Məhdiyə (əleyhis-səlam) kömək üçün Musanın (əleyhis-səlam) qövmündən və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) əshabından olan bir dəstə şəxs də dirlib rəcət edəcəkdir. Deyir:

Müfəzzəl ibn Ömər Əba Əbdillahın (əleyhis-səlam) belə buyurduğunu nəql edir: “Qaim (əleyhis-səlam) Kufənin arxasından iyirmi yeddi nəfər şəxs çıxaracaq. Onların on beş nəfəri Musanın (əleyhis-səlam) qövmündən olan və haqqa dəvət edib ona əməl edən şəxslərdirlər. Yeddi nəfəri isə mağara əhlindəndirlər. Həmçinin, Yuşə ibn Nun, Salman, Əbu Ducanə əl-Ənsari, Miqdad və Malik əl-Əştər də onlardandır. Bu şəxslər Qaimin (əleyhis-səlam) yardımçıları və (yer üzərindəki) hakimləri olacaqlar“. (əl-İrşad, 2/386)

Hətta Şeyx Təbərinin “Dəlailul-İmamə” kitabında nəql etdiyi bir rəvayətdə imamımız Sahibəz-zəman (əleyhis-səlam) zühuru zamanı baş verəcək hadisələrdən xəbər verdiyi nəql olunur və həzrət burada Əli ibn Məhziyara belə buyurur:

“Ey Məhziyarın oğlu, əgər bir (dəstənizin) digər bir dəstəniz üçün istiğfar diləməsi olmasaydı, sözləri əməllərinə uyğun olan xas şiələrdən başqa yer üzərindəki bütün kəslər həlak olardı. Sonra dedi: Ey Məhziyarın oğlu, – həzrət əlini uzadıb dedi – : Sənə (zühur) xəbər(i) barədə məlumat verimmi? Elə ki, uşaq oturdu, məğribli hərəkətə keçdi, Əmmanlı yola düşdü və Süfyani ilə beyət olundu, Allah öz vəlisinə izin verəcək. Beləcə düz üç yüz on üç nəfər şəxslə birlikdə Səfa və Mərvə arasında xüruc (zühur) edəcəyəm. Sonra Kufəyə gələcəyəm. Onun məscidini uçuracağam və onu ilk əvvəlki quruluşunda tikəcəyəm. O məscidin ətrafındakı zalım şəxslərin tikililərini də uçuracağam. Sonra camaatla birgə Həcc edəcəyəm...”

Sonra ardını qeyd edir və gəlib bura çataraq deyir:

“...Bu zaman bir carçı belə nida edəcək: “Ey səma, məhv et, ey yer ud!”. O gün yer üzündə yalnız qəlbini imanla xalis etmiş şəxlər qalacaqlar. Dedim: “Ey ağam, bundan sonra nə olacaq?” Buyurdu: “Qayıdış, qayıdış, rəcət, rəcət”. (Dəlailul-İmamə, səh.542)

Deməli, bütün bu rəvayətlər sübut edir ki, rəcət məhdilərin sonuncusu ilə deyil Sahibəl-əmrin (əleyhis-səlam) zühuru ilə başlayır və hətta o həzrətin zühurunun əlamətlərindən biri sayılır!

Biz qeyd etdiyimiz bu rəvayətlərə Qaimin (əleyhis-səlam) ardınca, yəni o həzrətdən sonra ilk rəcət edən şəxsin İmam Hüseyn (əleyhis-səlam) olduğunu bildirən rəvayətləri də əlavə edirik. Belə rəvayətlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

1) Hilli “Muxtəsəru bəsirid-dərəcat” kitabında Əhməd ibn Əqbədən, o da atasından nəql edir ki, Əba Əbdillahdan (əleyhis-səlam) rəcətin haqq olması barədə sual soruşdu. Həzrət buyurdu:

“Bəli, (haqdır)”. Bu vaxt deyildi: “İlk (qəbirdən) çıxan şəxs kimdir?” Buyurdu: “Hüseyndir (əleyhis-səlam) ki, Qaimin ardınca çıxacaq”. Dedim: “Digərləri də hamılıqla onunla birgə çıxacaq?” Buyurdu: “Xeyr. Bu, Allahu-təalanın öz kitabında dediyi kimi olacaq: “O gün sura üfürüləcək və siz dəstə-dəstə gələcəksiniz”. (Yəni,) bir dəstə digər bir dəstənin ardınca”. (Muxtəsərul-Bəsair, səh.48)

2) Hilli öz sənədi ilə Muhəmməd ibn Müslimdən nəql edir ki, deyir:

Humran ibn Ə`yənin və Əbul-Xəttabın – Əbul-Xəttab məlum işini görməmişdən qabaq – bir-birləri ilə söhbət etdiyini gördüm7 və eşitdim ki, onlar Əba Əbdillahın (əleyhis-səlam) belə buyurduğunu eşidiblər: “Yerin onun üçün yarılacağı və ilk dünyaya qayıdacaq şəxs Hüseyn ibn Əlidir (əleyhis-səlam). Rəcət ümumi deyildir, o xüsusidir. Yalnız xalis iman sahibləri və xalis küfr sahibləri rəcət edəcəklər.” (Muxtəsərul-Bəsair, səh.48; Biharul-Ənvar, 53/39)

3) Humran ibn Əyən Əbu Cəfər Baqirdən (əleyhis-səlam) belə buyurduğunu nəql edir:

“İlk rəcət edən şəxs sizin qonşunuz Hüseyn ibn Əlidir (əleyhis-səlam). O, o qədər hakimiyyət edəcək ki, qocalıqdan qaşları gözlərinin üstünə düşəcək”. (Muxtəsərul-Bəsair, səh. 117, 120; Biharul-Ənvar, 53/43)

4) Hilli “Muxtəsərul-Bəsair” kitabında öz sənədi ilə Müəlla ibn Xuneys və Zeyd ibn Şəhhamdan nəql edir ki, Əba Əbdillahdan (əleyhis-səlam) nəqlən dedilər:

“Rəcət zamanı qayıdan ilk şəxs Hüseyn ibn Əlidir (əleyhis-səlam). O, qırx il yer üzündə qalacaq. Nəhayət, qaşları gözlərinin üstünə düşəcək”. (Muxtəsərul-Bəsair, səh.91)

5) Həmçinin, Müfəzzəldən rəvayət edilən bu hədisdə də bu həqiqətə açıqca işarə edilmişdir. Müfəzzəl deyir:

“Ey mövlam, Məhdi nə edəcək? İmam Sadiq (əleyhis-səlam) buyurdu: Dəməşqə Süfyaninin üzərinə qoşunlar göndərəcək. Onlar Süfyanini ələ keçirəcək və qayanın üzərində başını kəsəcəklər. Sonra on iki min siddiqlə və Kərbəla günündəki yetmiş iki nəfər əsahabı ilə birgə Hüseyn (əleyhis-səlam) zühur edəcək.. Sonra “siddiqul-əkbər” Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhis-səlam) rəcət edəcək. Onun üçün Nəcəfdə bir qübbə qoyulacaq. O qübbənin sütünlarının biri Nəcəfdə, biri Hicrdə, biri Sən`ada, biri də Teyyibədə (Mədinə) olacaq. Sanki mən onun çıraqlarının səmada və yerdə günəş və ay işıqları kimi parladığını görürəm. O zaman sirlər aşkar olacaq, “övlad əmizdirən analar körpələrini yaddan çıxaracaqlar...” (sonra ayəni axıra kimi qeyd etdi). Sonra “seyyidul-əkbər” Muhəmməd Rəsulullullah (sallallahu əleyhi və alihi və səlləm) öz ənsarı və mühacirləri ilə; ona iman gətirən, onu təsdiq edən və onunla birgə şəhid olan kəslərlə rəcət edəcək. Onu inkar edən, onun barəsində şəkk edən, onu rədd edən və onun üçün “sehirbazdır, kahindir, ağlını itirmiş və boş sözlər danışan bir şəxsdir”, - deyən kəslər, onunla müharibə edən və onunla döyüşən şəxslər onun hüzuruna gətiriləcəklər. Beləliklə o onlardan haqq əsasında intiqam alacaq. Onlar Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) zamanından Məhdinin (əleyhis-səlam) zühuru zamanınadək hər bir imamın dövründə və hər bir vaxtda etdikləri əməllərə görə cəzalandırılacaqlar. Beləcə bu ayənin təvili həyata keçəcək: “Biz istəyirik ki, yerdə zəif salınmış kəslərə mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək” (Qəsəs surəsi, 5)”. (Biharul-Ənvar, 53/18)

6) Həmçinin, Mirzə Hüseyn Nurinin səhih sənədlə nəql etdiyi bir rəvayətdə deyilir ki, İmam Hüseyn (əleyhis-səlam) qətlə yetirildiyi gündən bir gecə öncə səhabələrini toplayaraq onlara gedə biləcəklərini söyləyir, lakin səhabələrindən onu tərk etməyəcəklərini eşitdikdə buyurur:

“Elə isə Cənnətlə müjdə olsun sizə. Biz başımıza gələnlərdən sonra Allahın istədiyi qədər (qəbirlərimizdə) qalacağıq. Sonra Qaimimiz qiyam etdiyi zaman Allah bizi və sizi (qəbirlərimizdən) çıxaracaq. O zalımlardan intiqam alacaq. Mən və siz onların zəncirlərə və qandallara vurulduqlarını, cürbəcür əzab gördüklərini müşahidə edəcəyik”. Həzərətə (əleyhis-səlam) dedilər: “Sizin Qaiminiz kimdir, ey Allah Rəsulunun oğlu?” Buyurdu: “Övladım Muhəmməd ibn Əli əl-Baqirin nəslindən olan yeddinci şəxs. O, oğlum Əlinin oğlu Muhəmmədin oğlu Cəfərin oğlu Musanın oğlu Əlinin oğlu Muhəmmədin oğlu Əlinin oğlu Həsənin oğlu Höccətdir (əleyhimus-səlam). O uzun müddət qeybə çəkiləcək. Sonra zühur edəcək və yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə dolduracaq”. (ən-Nəcmus-Saqib, 1/511-512)

Bu rəvayətlər ona dəlalət edir ki, İmam Hüseyn (əleyhis-səlam) Qaimin (əleyhis-səlam) ardınca, yəni ondan dərhal sonra rəcət edəcək. Buna əsasən, İmam Məhdidən (əleyhis-səlam) sonra məhdilərin hakimiyyətinin olacağını isbat etmək üçün heç bir yol qalmır. Ona görə ki, heç kəs iddia edə bilməz ki, İmam Hüseyn (əleyhis-səlam) ola-ola o həzrətin rəiyyətindən biri olan Əhməd İsmayıl bu ümmətə hakimlik edəcək!

Bəlkə də onların rəcətin məhdilərin sonuncusundan sonra baş verəcəyinə olan dəlilləri Şeyx Tusinin “əl-Ğeybə” kitabında öz sənədi ilə Həsən ibn Əli əl-Xəzzazdan nəql etdiyi aşağıdakı rəvayətdir. Həsən ibn Əli əl-Xəzzaz deyir:

“Əli ibn Əbu Həmzə Əbul-Həsən Rzadan (əleyhis-səlam) məhzərinə daxil olub dedi: “Sən imamsan?” Buyurdu: “Bəli”. Dedi: “Mən sənin baban Cəfər ibn Muhəmməddin (əleyhis-səlam) belə dediyini eşitmişəm: Bütün imamların özlərindən sonra övladları olur”. Həzrət buyurdu: Ya şeyx, məgər unutmusan, yoxsa özünü unutqanlığa vurmusan? Cəfər (əleyhis-səlam) belə deməmişdir. Cəfər (əleyhis-səlam) məhz belə demişdir ki: Bütün imamların özlərindən sonra övladları olacaq, yalnız o imamdan başqa ki, Hüseyn ibn Əli (əleyhis-səlam) onun üçün (qəbirdən) çıxacaq. Həmin imamın nəsli yoxdur”. Əli ibn Əbu Həmzə dedi: Düz dedin, sənə fəda olum. Babandan da belə dediyini eşitmişdim”. (əl-Ğeybə, səh.224)

Həmçinin, Kəşşi Əli ibn Əbu Həmzə əl-Bətaini barədə nəql edir ki, Əbul-Həsənə (əleyhis-səlam) deyir:

“Biz belə rəvayət nəql etmişik ki, imam övladlarını görmədən dünyadan köçməz. Əbul-Həsən (əleyhis-səlam) dedi: “Siz bu hədisi bundan başqa cür nəql etməmisiniz?” Dedi: “Xeyr”. Buyurdu: “Xeyr, Allaha and olsun ki, siz bu hədisi “yalnız Qaimdən başqa” şəklində rəvayət etmisiniz. Lakin siz onun mənasının nə olduğunu başa düşmürsünüz və bu sizə deyilməyib”. Dedi: “Xeyr, Allaha and olsun ki, hədis bu şəkildədir”. Əbul-Həsən (əleyhis-səlam) ona dedi: “Vay olsun sənə, bir hissəsini atdığın sözü ilə mənə qarşı necə cürət edirsən?!” Sonra dedi: “Ey şeyx, Allahdan qorx və Allahu-təalanın dinindən üz döndərən şəxslərdən olma”. (İxtiyaru mərifətir-rical, səh.764)

Bu hədisdən bu şəkildə dəlil olaraq istifadə edirlər ki, deyirlər: Bu hədisdəki Məhdidən məqsəd bizim imamımız Muhəmməd ibn Həsən (əccəllallahu təala fərəcəhuş-şərif) deyil. Əksinə, bu şəxs, on ikinci məhdidir. Ona görə ki, hədislər işarət edirlər ki, Sahibəl-əmrin (əleyhis-səlam) övladları vardır.

Halbuki, bu hədislərdə deyilir ki, onu övladları yoxdur.

Cavab: Birinci hədisin sənədi Əli ibn Süleyman ibn Rəşidin cəhalətinə görə zəifdir. Sənədə göz yumsaq belə, yenə də hədisin mətninin bir hissəsini təsdiq etmək mümkün deyil. Çünki burada Əli ibn Əbu Həmzə əl-Bətaininin İmam Rzanın (əleyhis-səlam) sözünü təsdiqlədiyi bildirilir. Halbuki, bütün şiə məzhəbi icma etmişdir ki, o imamın ən qatı düşməni olub və elə bu cür də ölüb. Lakin burada görürük ki, o özünü imama fəda edir!

Nəzərə almaq lazımdır ki, Kəşşi Yunis ibn Əbdür-Rəhmandan belə nəql etmişdir ki, deyir:

Rzanın (əleyhis-səlam) yanına daxil oldum. Həzrət mənə dedi: “Əli ibn Əbu Həmzə öldü?” Dedim: “Bəli”. Buyurdu: “Oda daxil olmuşdur!” Yunus deyir: Mən bundan qorxuya düşdüm. Həzrət buyurdu: “Ondan atam Musadan sonrakı imam barədə soruşdular. Dedi ki, ondan sonra imam tanımıram. Dedilər: Xeyr! Bundan sonra onun qəbrinə elə bir zərbə vurdular ki, qəbri od tutub yandı”. (İxtiyaru mərifətir-rical, səh.742.)

İkinci hədisə gəlincə, Əhməd ibn Süleyman və İsmayıl ibn Səhlə görə və habelə, Seyyid Xoinin (quddisə sirruh) də bildirdiyi kimi8 mürsəl olmasına görə zəifdir.

Mətn baxımından isə hədis onların əleyhinə dəlildir. Çünki hədis bildirir ki, İmam Qaimin övladları yoxdur. Bununla isə ondan (əleyhis-səlam) sonra onun nəslindən məhdilər olacağını bildirən əqidə batil olur. Xüsusən də nəzərə aldıqda ki, hədislərdə “Qaim” sözü İmam Muhəmməd ibn Həsən əl-Əsgəriyə (əleyhis-səlam) aid edilir. Hər kəs bu adın o həzrətdən başqası üçün deyilməsini iddia edərsə, gərək isbat edə. Şübhəsiz ki, hədisdə “Qaim” deyilərkən imamət işini öz üzərinə alan imam nəzərdə tutulmur. Belə ki, bu mənada ”qaim” sözü bütün imamlara aid ola bilər.

Lakin hədisdə bu nəzərdə tutulmur. Ona görə ki, əgər bu məna nəzərdə tutulmuş olsaydı, o zaman hədisdə istisna gətirilməsinin heç bir mənası olmazdı. Bu, açıq-aydın bir məsələdir.

Bundan başqa, hədisdə “əqib” sözü işlənmişdir. “Əqib” sözü ilə isə “vuld” sözü arasında açıq-aşkar fərq vardır.10

İbn Mənzur deyir: “Əqib, əqb, aqibəh: bir şəxsin özündən sonra qalan övladı və övladının övladı”. (Lisanul-Ərəb, 1/613)

Əbu Hilal əl-Əskəri deyir: ”Əqib” ilə “vuld” sözləri arasındakı fərq bundan ibarətdir ki, bir kəsin “əqib”-i onun oğlan və qız övladları və oğlan övladlarının övladlarıdır. Lakin onlar yalnız o şəxs öldükdən sonra əqib adlanarlar. Buna baxmayarq bu uşaqlar hər bir halda (istər o şəxs diri olsun, istərsə də ölü) onun “vuld”-u sayılırlar. İki söz arasındakı fərq aydındır”. (əl-Furuq fil-Luğa, səh.277)

Zubeydi isə deyir: “əl-Əqb: kişinin özündən sonra qalan övladı, övladının övladı”. (Tacul-Ərus, 3/396)

Buna əsasən, İmam Məhdinin (əleyhis-səlam) zürriyyəsinin və övladlarının olacağını bildirən rəvayətlərlə o həzrətin əqibinin olmayacağını bildirən rəvayətləri belə uyğunlaşdıra bilərik ki, İmam Məhdinin (əleyhis-səlam) övladları olacaq, lakin onlar o həzrətdən sonra qalmayacaqlar. Beləcə o həzrət “əqib”siz olacaq. Bu, o Həzrətin (əleyhis-səlam) nəslindən məhdilərin olacağı fikrini inkar edir.

Deyilənlərə əsasən, rəcət rəvayətləri təvatür həddində olmaları, şiə məktəbinin onlar üzərində icma etməsi və məzmunlarının açıq-aşkar rəcətin İmam Məhdinin (əleyhis-səlam) zühuru ilə başladığını bildirməsi səbəbindən məhdilərdən bəhs edən rəvayətlər üzərində hakimdirlər.

____________________________________________________________________________

5 Və ya: çətin hesab edilir. (Müt.)
6 Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm)-dən sonra əhdlərinə sadiq qalıb İmam Əli (əleyhis-səlam)-ın yanında olan şəxslər. (Müt.)
7 Əbul-Xəttab (ləənəhullah) əvvəllər etiqadında sabit bir şəxs idi. Lakin daha sonra özündən bidətlər qondarıb peyğəmbərlik və s. kimi işlər iddia etdi. Onun barəsində İmam Sadiq (əleyhis-səlam) demişdir: “Mən Bəni-Əsədin qulu olan şeytan (xislət) dəmirçi Əbul-Xəttabın –Allah ona lənət etsin – mənim barəmdə dediyi sözlərdən Allaha sığınıram”.
Həmçinin, buyurur: “Əbul-Xəttaba gəlincə mənə yalan yaxmışdır. Demişdir ki, güya mən ona demişəm ki, o və adamları filan ulduzu, hansı ki, ona “Qənadi” deyirlər, görməyincə məğrib namazını qılmasınlar. Allaha and olsun mən belə bir ulduz tanımıram”. (Ricalul-Kəşşi, 226/403 və 228/407)
8 Mucəmu-ricalil-hədis, 12/241
9 “Qaim” sözü ərəb dilində bir neçə məna ifadə edə bilir. Buna əsasən, “qaim” sözü imamət işini öz üzərinə alan şəxs mənasında işləndiyi zaman bütün imamlara aid olur. Xüsusi mənada, yəni qiyamçı mənasında işlədildiyi zaman isə yalnızca həzrət Höccət ibnil-Həsən (əleyhis-səlam)-a aid olur. Yunis ibn Əbdür-Rəhman nəql edir ki, İmam Musa Kazim (əleyhis-səlam)-a sual verib dedi: “Ey Allah Rəsulunun oğlu, siz siz “qaim bil-haqq”-sınız (haqqı dirçəldən, haqqı həyata keçirənsiniz)? Buyurdu: Bəli, mən “qaim bil-haqq”am. Lakin yer üzünü Allah düşmənlərindən təmizləyib onu haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq “qaim” (mən deyil), mənim nəslimdən olan beşinci şəxsdir (yəni, İmam Məhdi (əleyhis-səlam)”. (Biharul-Ənvar: 51/152). Göründüyü kimi, “qaim” ümumi məna daşıdıqda bütün imamlara, xüsusi məna daşıdıqda isə yalnızca on ikinci İmama (əccəlallahu təala fərəcəhuş-şərif) aid edilir. (Müt.)
10 Söhbət gedən hər iki hədisdə “övladlar” kimi tərcümə etdiyimiz sözün ərəbcə qarşılığı “əqib” sözü kimi qeyd olunub. İstər “əqib” sözü, istərsə də “vuld” sözü Azərbaycan dilində eyni cür – “övladlar” şəklində tərcümə edilir. Lakin bu iki söz arasında dəqiq məna fərqi vardır ki, müəllif yuxarıda bunu izah etməyə çalışmışdır. (Müt.)

Страница 3 из 4«1234»
Рейтинг

В этом разделе