Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (5-ci hissə)

  1. "Vəsiyyət" hədisinin mətninin tənqidi
  2. Birinci dəlil
  3. İkinci dəlil
  4. Üçüncü dəlil

ÜÇÜNCÜ DƏLİL

Bu şəxslər bir neçə rəvayətə istinad edərək on ikinci İmamdan sonra məhdilərin hakimiyyətinin olacağını isbat etməyə çalışmışlar. Nazim əl-Uqeyli “əl-Ərbəinə hədisən fil-Məhdi” adlı bir kitab yazaraq burada məhdilər məsələsində dəlil olaraq istifadə edilə bilən bütün hədisləri toplamışdır.

Bu rəvayətlərin hamısı İmam Məhdidən (əleyhis-səlam) sonra məhdilərin olacağı üzərində ittifaq etmişdir, lakin təfsilatında ixtilaf etmişdir. Belə ki:

- Bəziləri İmam Məhdinin (əleyhis-səlam) nəslindən məhdilərin olacağını bildirir; bunlar bəzi rəvayətlərdə “quvvam” (rəhbərlər), bəzilərində isə “əimmə” (imamlar) kimi təqdim edilirlər.

- Bəziləri məhdilərin olacağını bildirir, lakin onların nəsəblərini və ya rollarını açıqlamır. Təkcə saylarını açıqlamaqla kifayətlənir.

- Üçüncü dəstə rəvayətlər isə onların nəsəblərini qeyd edir, onların İmam Höccətin (əleyhis-səlam) övladları olduğunu bildirir və onların rollarının bir hissəsini açıqlayır, lakin saylarını bildirmir.

Buna görə də bu rəvayətlər arasında müştərək olan məzmun İmam Məhdidən (əleyhis-səlam) sonra bir hökumətin olmasıdır. Yaxud: “məhdilər”lə tanınan başqa bir mərhələni olmasıdır.

Qeyd edim ki, mən bilərəkdən bu rəvayətlərin müzakirəsini sona saxladım və bunu üçüncü dəlil qərar verdim. Halbuki, adətən üsulun gərəyi olaraq rəvayətləri əvvəldə təqdim edirlər. Lakin belə etməyimizin iki səbəbi vardır:

Birincisi: Alimlərimizin bu rəvayətləri məqbul hesab etməmələri və məhdilərdən bəhs edən rəvayətləri nadir və şazz adlandırmaları onların zəifliklərinə və höccət olmamalarına dəlalət edir. Bu səbəbdən də bu rəvayətləri bir-bir müzakirə etməyə ehtiyac qalmır. Belə ki, məzhəbin böyük şəxsiyyətlərinin sözləri bu məzmunu ehtiva edən bütün rəvayətlər verilən ümumi cavabdır. Bu da bizi onları tək-tək müzakirə etməkdən ehtiyacsız edir.

İkincisi: Bu rəvayətlərin mütəvatir rəcət rəvayətləri ilə qarşı-qarşıya durması bizi iki seçim qarşısında qoyur: ya məhdilərdən bəhs edən rəvayətləri tamamilə bir kənara atmalıyıq, ya da onunla rəcət rəvayətlərini şiə-imamiyyə əqidəsinə uyğun olan bir şəkildə uzlaşdırmalıyıq.

Bu müqəddimədən sonra deyirik: məhdilərdən bəhs edən rəvayətlər arasında az əvvəl qeyd etdiyimiz müştərək məzmunu qəbul etməyimizdə bir problem yoxdur. Lakin təfsilatda yenə də ixtilaf qalmaqda davam edəcək. Görəsən bu rəvayətlərdə qeyd olunan məhdilər İmam Höccətin (əleyhis-səlam) övladlarıdırlar, yoxsa yox?

İndi ki, vəsiyyət hədisindən başqa (hansı ki, biz elə onu müzakirə edir və mətninin batilliyini isbat etməyə çalışırıq) İmam (əleyhis-səlam)-ın övladlarının ondan sonra hakimiyyət edəcəklərinə dəlalət edən aşkar bir rəvayətin olmadığını gördük, o zaman bu bizə belə deməyə əsas verir ki, rəvayətlərdə qeyd olunan bu “məhdilər” İmam Məhdinin (əleyhis-səlam) övladları deyil, məhz o həzrətin pak ata-babalarıdırlar (əleyhimus-səlam).

Məhdilərin hakimiyyətindən və s.-dən bəhs edən digər rəvayətləri isə Əhli-Beyt İmamlarının (əleyhimus-səlam) hakimiyyəti anlamına gələn rəcət mərhələsinə uyğunlaşdıra bilərik.

Deməli məhdilərdən məqsəd Əhli-Beyt İmamlarıdır (əleyhimus-səlam). Lakin onlar (əleyhimus-səlam) bunu açıqca bəyan etməkdən çəkinmişlər. Ona görə ki, bu söz o zamanlarda təhlükəli söz sayılırdı. Belə ki, o dövrdə rəcət etiqadı ümumi kütlə nəzərində küfrə bərabər idi. Bu səbəbdən də Əhli-Beyt İmamları (əleyhimus-səlam) bu etiqadı zəif iman sahiblərindən gizlədirdilər; bəzilərindən rəfət səbəbindən, bəzilərindən də təqiyyə üzündən. Bu fikri məzhəbin bir sıra nəhəng şəxsiyyətləri də qəbul etmişlər. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. Həsən ibn Süleyman əl-Hilli (quddisə sirruh). Deyir:

“Bil ki, – Allah səni öz hidayəti ilə hidayət etsin – Muhəmməd ailəsinin elmində bir ixtilaf yoxdur. Əksinə, onun bir hissəsi digər hissəsini təsdiq edir. Biz on iki imamın rəcəti ilə bağlı onlardan (salavatullahi əleyhim) çoxlu sayda hədis nəql etmişik. Sanki burada İmam (əleyhis-səlam) sual verən kəsin bu xüsusi elmi daşıya bilməyəcəyini başa düşüb, buna görə də onu gözəl bir şəkildə təvil edib. Elə bir şəkildə ki, ona çətin olmasın, qəlbi onu inkar hesab edib rədd etməsin. Bir hədisdə onlardan (əleyhimus-səlam) nəql edilmişdir ki: “Hər bilinən şey deyilməz. Hər deyilən şey də vaxtında deyilməz. Hər vaxtında deyilən şeyin də lazımı əhli olmaz”. Həmçinin, nəql edilmişdir ki: “(İlk iki şəxsə) büt və tağut deməyin. Həmçinin, rəcət(ə etiqad edirik də) deməyin. Əgər desələr ki, əvvəllər deyirdiniz, deyin ki, indi demirik”. Bu təqiyyəyə görə belədir. Hansı ki, Allah vəsilərin zamanında bəndələrə ona riayət etməyi əmr etmişdir”. (Muxtəsəru bəsairid-dərəcat, səh.212)

2. Hürr Amuli (quddisə sirruh). Deyir:

“Bu (hədislər) rəcətə aid edilə bilər. Sən xüsusi olaraq onların (əleyhimus-səlam) rəcət edəcəkləri ilə bağlı gəlib çatan və həmçinin, ümumiyyətlə “xalis iman sahiblərinin və xalis küfr sahiblərinin” rəcət edəcəkləri ilə bağlı gəlib çatan rəvayətlərin bir hissəsi ilə tanış oldun. Və bu iki qisim rəvayətlər keçən bablarda da gördüyün kimi mənəvi təvatür həddindən bir neçə mərtəbə yuxarıdadırlar. Buna əsasən, İmam Məhdidən (əleyhis-səlam) sonrakı “imamlar” elə ondan əvvəlki İmamlardırlar. Sadəcə olaraq öldükdən sonra rəcət etmişlər. Bu, imamların sayının on iki olması ilə ziddiyyət təşkil etmir. Çünki say rəcətlə birlikdə artmır. Bu izahla “on iki imam” rəvayəti ilə “on bir imam” rəvayəti arasında uyğunluq da hasil etmək olar. Belə ki, birincidən belə başa düşülür ki, Məhdi (əleyhis-səlam) və ya Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) da bu saya daxil edilib. İkincidən isə belə görünür ki, başqa bir səbəbə görə onlardan hansısa biri bu saya daxil edilməyib. Danışıq vaxtı belə şeylər çox olur. Söz zamanı bir şeyin xüsusi olaraq deyilməsi, həmin şeyin hökmünün də yalnız ondan ibarət olması demək deyildir”. (əl-İyqaz minəl-həcə, səh.403)

Sonra arıdını qeyd edir və gəlib buraya çatıb deyir:

“Həzrətin (əleyhis-səlam) Əbu Həmzənin hədisində buyurduğu bu sözə gəlincə ki, deyir: “Hüseynin (əleyhis-səlam) övladlarından olan on iki məhdi..”, mümkündür ki, burada bu nəzərdə tutulub ki, yəni: “əksəriyyəti Hüseynin (əleyhis-səlam) nəslindəndir”. Gizli deyil ki, bəzi hallarda danışan şəxs müəyyən səbəbə görə və ya ümumilik bildirmək istədiyi zaman çoxluğa və əksəriyyətə əsasən söz deyir. Bunu təsdiqləyən şeylərdən biri də on iki İmamdan (əleyhimus-səlam) bəhs edən rəvayətlər içində gələn “onlar Əlinin və Fatimənin nəslindəndirlər” hədisidir. Hədis Kuleyninin “Usul” kitabında gəlmişdir. Gərək biz bu hədisi də Əmir əl-mömininin (əleyhis-səlam) bu hökmdən xaric olması və onun on iki imama (əleyhimus-səlam) daxil olması səbəbindən dediyimiz mənaya yozaq”. (əl-İyqaz minəl-həcə, səh.404)

3. Şeyx Muhəmməd Baqir Məclisi (quddisə sirruh). Deyir:

“Bu hədislər məşhurun xilafınadır. Bunları iki cür təvil etmək olar:

Birinci: On iki məhdi deyərkən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) və Qaim (əleyhis-səlam) xaric olmaqla digər İmamlar (əleyhimus-səlam) nəzərdə tutulub. Bu mənada ki, onlar Qaimdən (əleyhis-səlam) sonra hakimiyyət edəcəklər. Daha öncə də deyildiyi kimi, Həsən ibn Süleyman bu hədisləri bütün imamlara təvil etmişdir və Qaimin (əleyhis-səlam) öldükdən sonra rəcət edəcəyini bildirmişdir. Bununla isə öz növbəsində Qaimin (əleyhis-səlam) hakimiyyət müddəti ilə bağlı varid olan müxtəlif məzmunlu hədisləri bir araya cəm etmək olar.

Seyyid Abdullah Şübbər (quddisə sirruh) deyir: “Ola bilsin ki, Qaimin (əleyhis-səlam) rəcətindən sonra İmamların (əleyhimus-səlam) rəcət edəcəkləri mənasındadır. Belə ki, bu barədə çoxlu rəvayətlər varid olmuşdur (və bildirilir) ki, onlar rəcət edəcəklər. Hətta Peyğəmbər də (sallallahu əleyhi və alihi və səlləm) rəcət edəcək”. (Məsabihul-Ənvar, 1/348.)

İkinci: Bu məhdilər İmam Məhdinin (əleyhis-səlam) vəsilərindən olacaqlar və rəcət edən sair İmamların zamanında insanları doğru yola yönləndirəcəklər. Ona görə ki, zaman höccətdən xali qalmasın. Hərçənd ki, peyğəmbərlərin vəsiləri və imamlar özləri höccət olsalar belə. Allahu-təala daha yaxşı bilər”. (Biharul-Ənvar, 53/148)

Nəticə budur ki, hədislərlə daha çox məşğul olan və onların hansının məşhur hansının şazz olduğunu bilən bu böyük alimlər məhdilərdən bəhs edən rəvayətlərlə imamların sayının yalnız on iki olduğunu bildirən rəvayətləri bir araya gətirərək “məhdilər” hədislərinin hansı mənaya gəldiyini bəyan etmişlər, elə bir şəkildə ki, əlavə bəyana ehtiyac yoxdur.

Burada məsələyə Əllamə Məclisinin (quddisə sirruh) sözündən çıxardığımız başqa bir ehtimal da əlavə edə bilərik ki, məhdilərdən məqsəd zühur dövründə və zühur dövründən sonrakı dövrdə mövcud olan bir dəstə saleh şəxsdir ki, İmam Məhdinin (əleyhis-səlam) və rəcət edib hakimiyyətə gəldikləri zaman digər İmamların (əleyhimus-səlam) yardımçıları və naibləri olacaqlar. Bu ehtimal da öz növbəsində, bu iki qurup rəvayətləri bir araya cəm etmək üçün yaxşı izahdır.

Bəlkə də bu fikrə dəlil olaraq Şeyx Səduqun (quddisə sirruh) Əbu Bəsirdən nəql etdiyi aşağıdakı rəvayəti göstərmək olar.

Deyir: “Cəfər ibn Muhəmməd əs-Sadiqə (əleyhiməs-səlam) dedim: Ey Allah Rəsulunun oğlu, mən sizin atanızın belə dediyini eşitdim: ”Qaimdən sonra on iki məhdi olacaq”. Həzrət buyurdu: “Atam deyib ki, on iki məhdi olacaq, deməyib ki, on iki imam olacaq. Onlar (məhdilər) bizim şiələrimizdən olan bir dəstə şəxsdirlər ki, insanları bizim dostuluğumuza və bizim haqqımızı tanımağa dəvət edəcəklər”. (Kəmalud-din və təmamun-nimə, səh.358)

Rəvayət açıqca göstərir ki, İmam (əleyhis-səlam) məhdilərin imam olmalarını, hətta insanlara höccətlər olmalarını inkar etmişdir. Ona görə ki, əgər fərz etsək ki, onlar höccətdirlər, o zaman onların dostluqları və haqlarını tanımaq vacib olmalıdır. Halbuki, İmam (əleyhis-səlam) buyurur ki, onlar Əhli-beytin (əleyhimus-səlam) dostluğuna və haqlarını tanımağa dəvət edəcəklər.

Habelə bu rəvayət onu göstərir ki, bu məhdilər Əhli-Beytdən (əleyhimus-səlam) deyillər. Çünki İmam (əleyhis-səlam) onlar barəsində “şiələrimizdən olan bir dəstə şəxs” təbiri işlətmişdir, “Fatimə övladlarından və ya bizim övladlarımızdan olan bir dəstə şəxs” deməmişdir. Halbuki, Əhli-Beyt (əleyhimus-səlam) rəvayətləri ilə tanış olan kəslər bilirlər ki, onlar nəsəbi özlərinə çatan bütün kəsləri “həsəni” və ya “hüseyni” adlandırmışlar, yaxud da onun barəsində “bizdən..” sözünü işlətmişlər.

Başqa təbirlə desək: “Məhdilər” sözü ilə iki şeydən biri nəzərdə tutulur:

Birinci: On iki İmam (əleyhimus-səlam). Necə ki, bir sıra hədislərdə onların sayı on bir və ya on iki kimi qeyd edilmiş,11 onların Allahu-təalanın höccətləri olduğu bildirilmişdir. Onların məsum, pak və insanların ehtiyac duyduqları elmə sahib kəslər olduqları, itaətləri və dostluqlarının, onların ardınca gedib onlardan sarılmanın insanlara vacib olduğu açıqlanmışdır.

İkinci: Az öncə də deyildiyi kimi, Əhli-Beytin (əleyhimus-səlam) vilayətinə və onların haqlarını tanımağa dəvət edən bir dəstə şiə. Ola bilsin ki, onların bəziləri İmam Məhdinnin (əleyhis-səlam) övladları olacaqlar. Həmçinin, ola bilər ki, onlar yer üzündə hakimlər və valilər olaraq təyin ediləcəklər. Ona görə ki, onlar saleh və hidayət edən şəxslər olacaqlar.

Xülasə, məhdilərdən bəhs edən rəvayətlər İmam Məhdinin (əleyhis-səlam) zühurundan sonrakı zaman kəsimində baş verəcək hadisələrdən xəbər verir. Bu barədə ixtilaf etmək isə zərər etmir. Ona görə ki, biz on iki imama, xüsusən də zəmanənimizin imamına etiqad etməklə mükəlləf olmuşuq. O imama ki, mükəlləf şəxs onu tanımadan ölərsə cahiliyyət ölümü ilə ölmüşdür. Ondan sonra baş verəcəklərə gəlincə isə, bizə bu barədə nəyəsə etiqad etmək vacib edilməyib. Necə ki, daha öncə məktəbin böyük şəxsiyyətlərinin sözlərində qeyd edildi.

Hətta əgər biz fərzən Əhməd İsmayılın ardıcıllarının etiqad etmiş olduqları İmam Məhdidən (əleyhis-səlam) sonra on iki məhdinin gələcəyini bildirən nəzəriyyənin səhih olduğunu qəbul etmiş olsaq, yenə də bir şey dəyişməyəcək. Çünki əgər fərz olaraq vəsiyyət hədisinin İmam Məhdinin (əleyhis-səlam) oğlu olan Əhmədin imamətinə dəlalət etdiyi qəbul etsək, o zaman bu şəxslərə lazım gələcək ki, hər şeydən əvvəl Əhməd İsmayılın İmam Məhdinin (əleyhis-səlam) oğlu olduğunu isbat etsinlər. Bu isə qeyri-mümkündür. Əgər bunu isbat etsələr (ki, mümkün deyil, amma hər halda) bu dəfə də onlara lazım gələcək ki, hədisdə Əhməd deyilərkən məhz Əhməd İsmayılın nəzərdə tutulduğunu sübut etsinlər. Hətta əgər bunların hamsını keçsək və qəbul etsək ki, hədisdəkindən məqsəd Əhməd İsmayıldır, bununla belə onun itaəti camaat üzərinə yalnızca (öz iddiasına əsasən) beşinci babası olan İmam Məhdinin (əleyhis-səlam) vəfatından sonra vacib olar. İndi deyil! Halbuki, Əhməd İsmayıl İmam Məhdinin (əleyhis-səlam) imaməti dövründə insanları özünə tərəf dəvət edir. Bu isə olduqca qəribədir!!

Üçüncü yer: Rəvayətdə deyilir: “Və sən, ey Əli, on iki imamın birincisisən. Allahu-təala səni öz səmasında Əliyyul-mürtəza, Əmirəl-möminin, siddiqul-əkbər, faruqul-əzəm, məmun və məhdi adlandırıb. Bu adlar səndən başqası üçün deyilə bilməz!”

Bu hissədə nəql olunduğuna əsasən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) on iki imamın birincisinin İmam Əli (əleyhis-səlam) olduğunu bildirir və həzrət üçün beş ad sadalayır.

Burada diqqət çəkən məqam odur ki, burada, qeyd olunan adların yalnızca Əmirəl-mömininə (əleyhis-səlam) məxsus olduğu bildirilir və hətta bu adların ondan başqası üçün deyilə bilməməsi vurğulanır. Bu adlardan biri də “Məhdi” adıdır. Hansı ki, rəvayətin sonunda məhidlərin birincisi üçün işlədilmişdir! Biz bilmirik bu iki şey necə bir araya gəlir?

Rəvayətə bu iradın ediləcəyini başa düşən Əhməd İsmayıl ardıcıllarından biri üzərinə əqidələrini inşa etdikləri bu rəvayəti çıxılmaz vəziyyətdən qurtarmaq üçün bir yola icad etməyə çalışıb. və deyib:

Bu adlar hamısı birlikdə Əmirəl-möminindən (əleyhis-səlam) başqası üçün deyilə bilməz. Lakin ayrı-ayrı işlədildikdə ondan başqası üçün deyilə bilər.

Cavab: Bu, rəvayəti alt-üst etməkdir. Burada heç bir dəlil və sübut olmadan “hamısı birlikdə” sözünün işlədilməsi həva-həvəsə tabe olmaqdan və hədisləri ağıllarının uydurduğu vəhmə tətbiq etməkdən başqa bir şey deyil. Bu istidlalı batil edən dəlillərdən biri budur ki, şiələr “Əmirəl-möminin” sözünü Əli ibn Əbu Talibdən (əleyhis-səlam) başqa bir şəxsə, hətta digər məsum İmamlara (əleyhimus-səlam) belə deyilməsini haram bilmişlər. İstər cəm halda olsun, istərsə də ayrılıqda.

Həmçinin, demişlər:

Düzdür, bu adlar Əmirəl-möminindən (əleyhis-səlam) başqası üçün deyilə bilməz, lakin səmada! Yerə gəlincə isə, bunda problem yoxdur.

Cavab: Bu söz bu ziddiyyəti ört-basdır etmək üçün deyilən ən zəif sözlərdən biridir. Çünki ki, səmada baş verən şey adların Əmirəl-mömininə (əleyhis-səlam) verilməsidir. Orada bu adlar mütləq şəkildə o həzrətə məxsus edilib. Rəvayətdə gəlməyib ki, bu adlar səmada o həzrətdən başqası üçün deyilə bilməz. Əksinə, açıq-aşkar hökm verilib ki, bu adlar o həzrətdən başqası üçün deyilə bilməz.

Beləcə, bununla rəvayətə güclü bir irad gəlir ki, dəf edilməsi mümkün deyil.

Dördüncü yer: Deyir: “Ey Əli, sən Əhli-Beytimdən sağ olanlar və ölənlər üzərində mənim vəsimsən. Həmçinin, xanımlarım üzərində vəsimsən. Sən onlardan hansı birini saxlasan, sabah mənimlə görüşəcək, hansı birinə də talaq versən mən ondan uzağam. Qiyamət meydanında nə o məni görəcək, nə də mən onu görəcəyəm. Və sən məndən sonra ümmətim üzərində mənim xəlifəmsən”.

Hər kim bu hissəni oxusa və onun üzərində düşünsə, mütləq aşağıdakı qənatə gələcək və o budur ki, Əmirəl-mömininin (əleyhis-səlam) sabit edib saxladığı (talaq vermədiyi) bütün Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımları Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) görəcəklər.

Burada görməkdən məqsəd xüsusi görmədir. Xüsusi görmə dedikdə ya qiyamət səhnəsində şəfaət anlamına gələn görmə nəzərdə tutulur, ya da müxaliflər yanında məşhur olan Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) xanımlığın davam etməsi nəzərdə tutulur. Belə ki, onların iddiasına əsasən, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) dünyadakı xanımlarından bəzisi həm də o həzrətin axirətdə xanımları olacaqlar.

Əks halda, rəvayətdəki görməni ümumi görmə olduğunu qəbul etsək, o zaman bunun sabit saxlanıb-saxlanmamaqdan asılı olduğunu demək mənasız olar. Çünki ümumi görmə kafir və ya müsəlman olmasından asılı olmayraq bütün şəxsləri əhatə edir.

Buna əsasən, hər kəs bu rəvayəti höccət hesab edirsə, gərək Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əmirəl-möminin (əleyhis-səlam) tərəfdən talaq verilmiş qadınlarından başqa bütün qadınlarının cənnətə daxil olacaqlarını qəbul etsin. Məlumdur ki, talaq verilmiş qadın bir nəfərdir. Necə ki, bəzi hədislərdə bu barədə məlumat gəlmişdir. Elə isə Əhməd İsmayıl səhih hədislərin və şiənin icmasının xilafına olan bu fikri qəbul edirmi?12

Bundan başqa, hədisin bu hissəsində inkar ədatı olaraq “ləm” ədatı işlədilmişdir. Məlumdur ki, bu ədat keçmişdə olan müzare felin inkarı üçün işlədilir. Halbuki, məhşər gələcəkdə olacaq. Doğru olan “ləm” ədatının deyil, “lən” ədatının işlədilməsi idi. Ərəblərin ən fəsahətlisi olan Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) kəlamında belə bir bəsit xətanın baş verməsini ehtimal etmək mümkün deyil.

Beşinci yer: Rəvayətdə deyilir: “Ondan sonra on iki məhdi olacaq. Ona ölüm gəldiyi zaman vəsiyyəti müqərrəblərin birincisi olan oğluna versin. Onun üç adı vardır: Biri mənim adımdır və atamın adıdır. Ki bu Abdullahdır. (Digəri) Əhməd, üçüncü ad isə Məhdidir”.13

Bu hissə rəvayətdəki ən əsas yerlərdən sayılır və onların bu rəvayəti seçmələrinin səbəbi məhz bu hissədir. Çünki o adı onların başçılarının adı ilə eyni olan ilk məhdinin adını qeyd edir!

Biz bu şəxslərin iddialarının batilliyini göstərmək üçün bu cümlənin üzərində bir neçə yerdə dayanacağıq:

Birinci: Rəvayət açıqca göstərir ki, ilk Məhdinin rolu Sahibəl-əmrdən (əleyhis-səlam) sonra başlayır. Ona görə ki, burada onun vilayət işlərini öz öhdəsinə alması göstərilir. Bir halda ki, Əhməd İsmayıl camaatı indi özünə tərəf dəvət edir və onlardan beyət tələb edir. Elə isə bu iki iş necə bir araya gəlir?

İkinci: Rəvayət bu məhdinin adlarını açıqlamışdır. Bunlar aşağıdakılardır:

İlk adı açıqlayaraq deyir: “Onun üç adı var: (birincisi) mənim adımdır”. Yəni, Muhəmməd.

İkinci adı da açıqlayaraq deyir: “...(ikincisi) atamın adıdır”. Yəni, Abdullahdır.

Üçüncü ad: Əhməd.

Lakin bundan sonra dördüncü bir ad da qeyd edir ki, bu da Məhdidir.

Deməli, rəvayət bildirir ki, ilk məhdinin üç adı var, lakin görürük ki, o dörd ad sayır. Bu, bu rəvayəti batil edəcək bir ziddiyyətdir.

Adəti üzrə, bu şəxslər bəzi təvillər icad etməklə bu vəziyyətdən çıxmağa çalışmışlar və demişlər:

“Burada heç bir işkal yoxdur. Çünki birinci ad Muhəmməd deyil, Əhməddir. Bunun izahı belədir ki, rəvayətdəki bu sözün: “bir ad mənim adımdır, (digəri) atamın adıdır” -sözünün təfsiri ondan sonra gələn “ki bu, Abdullah və Əhməddir” cümləsi ilə aydınlaşır. Beləcə adlar üç olur: Əhməd, Abdullah və Məhdi”.

Cavab: Bu çox gülünc bir izahdır. Belə ki, necə olur ki, hədisdə ki, “və huvə” sözü hər iki ismə qayıdır? “Huvə” əvəzliyi mütləq zikr olunan ən axırıncı şeyə qayıtmalıdır, hansı ki, burada o, “ismu əbi” (atamın adı) sözüdür.

Bəli, bu vəziyyətdən çıxış yolu kimi deyilə bilər ki, rəvayətdə təshif (xəta) baş verib, lakin bu cavabdakı vəziyyətdən qaçma cəhdi oxucu üçün qaranlıq deyil.14

Bundan başqa:

“Onun üç adı var” (ləhu səlasətu əsami) sözündəki əvəzlik (ləhu) onların iddia etdikləri kimi ilk məhdiyə qayıtmır. Əvəzlik məhz on ikinci imama, İmam Məhdi (əleyhis-səlam)-a qayıdır. Bu bir neçə dəlilə görə belədir:

Birinci: Rəvayətdə qeyd olunan “ona ölüm gəldiyi zaman” (fə-iza hadarathu əl-vəfat) cümləsindəki əvəzlik (..hu) İmam Məhdiyə (əleyhis-səlam) deyil, İmam Həsən Əsgəriyə (əleyhis-səlam) qayıdır. Həmçinin, “..müqərrəblərin birincisi olan oğluna” (..ibnihi) sözündəki əvəzlik (..hi) də İmam Məhdiyə (əleyhis-səlam) deyil, İmam Əsgəriyə (əleyhis-səlam) işarət edir. Buna əsasən də, “onun üç adı vardır” sözündəki əvəzlik (ləhu) İmam Məhdiyə (əleyhis-səlam) işarət edir, onun oğluna deyil.

İkinci: Başqa rəvayətlərdə gəlmişdir ki, bu üç ad, yəni: Əhməd, Abdullah və Məhdi adları İmam Məhdi Müntəzərin (əleyhis-səlam) adlarıdırlar.

Məsələn, Şeyx Tusi (quddisə sirruh) öz sənədi ilə Hüzeyfədən belə nəql etmişdir:

“Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Məhdi barədə danışdığını eşitdim. Həzrət buyurdu: “Onunla rükn və məqam arasında beyət ediləcək. Onun adı Əhməd, Abdullah və Məhdidir. Bu üç adın hər üçün onun adlarıdır”. (əl-Ğeybə, səh.274)

Məlumdur ki, “Məhdi” adı qeyd olunduğu zaman bununla on ikinci imam İmam Məhdi (əleyhis-səlam) nəzərdə tutulur, başqası deyil.

Üçüncü: Bu rəvayətdə – onların qiraəti ilə oxuduğumuz zaman – qeyd olunur ki, İmam Məhdi (əleyhis-səlam) vəsiyyəti oğluna təhvil verəcək. Məhdəviyyat iddiaçısının ardıcılları buradakı oğulun Əhməd İsmayıl olduğunu iddia edirlər. Halbuki, Əhməd İsmayıl öz iddiasına əsasən İmamın beşinci oğludur. Başqa sözlə, İmamın birbaşa öz övladı deyil, nəvəsinin nəvəsidir. Bu isə hədisin zahiri ilə uyğun gəlmir. Belə ki, “oğul” sözü rəvayətdə səkkiz dəfə işlədilmişdir və hamısında da birbaşa övlad mənasında işlənmişdir. Elə isə necə olur ki, bu söz birdən birə heç bir dəlil olmadan nəvənin nəvəsinə aid edilir?

Onların imamətin birbaşa övladda deyil, sonrakı övladda və hətta sonrakı övladdan da sonrakı övladda ola bilməsi ilə bağlı gətirdikləri rəvayətlər onlara heç bir fayda vermir. Ona görə ki, övladın övladı birbaşa övlad olduğu müddətcə imamətə çata bilməz. Elə isə övladın övladının övladının övladı necə çata bilər? O da fərz etsək ki, Əhməd İsmayıl İmam Məhdinin (əleyhis-səlam) övladının övladının övladının övladıdır. (Halbuki, daha əvvəl də dediyimiz kimi bunun isbatı qeyri-mümkündür.) Xüsusən də nəzərə almaq lazımdır ki, bəzi rəvayətlər bildirmişlər ki, imamət böyük oğulda olur. Yalnız o vaxt istisnadır ki, böyük oğulda bir nöqsan ola.

Şeyx Kuleyni (quddisə sirruh) səhih sənədlə İbn Əbu Nəsrdən nəql etmişdir ki, deyir:

Əbul-Həsən Rzaya (əleyhis-səlam) dedim: “Əgər imam ölərsə, ondan sonrakı imam nə ilə tanınar?” Buyurdu: İmamın bir neçə əlaməti vardırdır ki, (aşağıdakılar) onlardandır: Atasının böyük oğlu olar, fəzilət və vəsiyyət onda olar, bir nəfər gəlib soruşsa ki, “filankəs kimə vəsiyyət etdi?”, deyərlər ki, “filankəsə (yəni, ona)”. Bizim aramızda (Allah Rəsulunun) silah(ı), Bəni-İsraildəki tabut kimidir. Silah harada olarsa, imamət də orada olar”. (əl-Kafi, 1/284)

Hişam ibn Salimdən nəql edilir ki, Əba Əbdillah (əleyhis-səlam) buyurdu:

“Bu iş bir nöqsan olmadığı müddətcə böyük (övladda)dır”. (əl-Kafi, 1/284)

Buna əsasən, necə olur ki, imamət böyük övladdan keçib övladın övladının övladının övladına çatır?

Dördüncü: Əhməd İsmayılın ardıcılları rəvayətin sonunda ilk məhdinin “möminlərin birincisi” deyə vəsf edilməsi üzərində əqidə inşa etmişlər. Bununla məhdilərdən bəhs edən rəvayətlərlə Yəmanidən bəhs edən rəvayətləri bir-birləri ilə əlaqələndirməyə çalışmışlar. Halbuki, qeyd olunan ibarə mübhəmdir və aydın deyil. Hətta bir neçə mənaya yozula bilər ki, hamısı batildir:

Birinci yozum: Bununla o nəzərdə tutulur ki, birinci məhdi Ali-Muhəmməddən olan və Hüseynin (əleyhis-səlam) nəslindən olan doqquzuncu imamın; İmam Məhdinin (əleyhis-səlam) varlığına iman gətirmiş ilk şəxsdir.

Bu yozum şübhəsiz ki, batildir. Çünki bu səfirlik iddiaçısının İmam Məhdiyə (əleyhis-səlam) iman etməsindən əsrlər əvvəl peyğəmbərlər, vəsilər, imamlar, onların səhabələri və sair şiələr o həzrətə iman gətirmişlər.

İkinci yozum: Bu cümlənin mənası bu ola bilər ki, ilk məhdi İmam Məhdini (əleyhis-səlam) aşkarda görəcək və onu tanıyacaq ilk şəxsdir.

Bu da həmçinin, batildir. Çünki İmam Əsgəri (əleyhis-səlam) onu görmüş, tanımış, bəzi səhabələrinə tanıtmışdır. İmam Əsgəridən (əleyhis-səlam) sonra dörd naib də o həzrəti görmüşlər, hansılar ki, o həzrətlə görüşür və onunla əlaqə saxlayırdılar. Hətta şiənin böyük alimlərindən və fəzilətli şəxslərindən olan böyük sayda insan o həzrətlə görüşmüş və onu tanımışlar. Elə isə necə olur ki, ilk məhdi onu görən ilk şəxs olur? Xüsusən də, hədislərdə gəlmişdir ki, İmam (əleyhis-səlam) şiələrdən gizlində deyil, həccdə və s. yerlərə iştirak edir.

Üçüncü yozum: Cümlənin mənası bu ola bilər ki, bu şəxs zühur dövründə atasına tərəf dəvət edən ilk şəxs olacaq. O, İmam (əleyhis-səlam) tərəfdən mübarək zühur hərəkatını yerinə yetirməkdən ötrü mükəlləf olunmuş xüsusi naib olacaq. Səfirlik iddiaçısının ardıcıllarının qəbul etdikləri əsas məna budur.

Lakin onların qeyd etdikləri bu mənanı “o möminlərin birincisidir” cümləsindən əldə etmək olmur. Belə ki, o şəxs üçün iman sifətinin sabit edilməsi onun İmamın (əleyhis-səlam) naibi olacağına və ya ondan sonra hakimiyyətə gələcəyinə, yaxud da onun zühur hərəkatında, haqqın yayılmasında və yer üzünün düzlük və ədalətlə dolmasına bir rolu olacağına dəlalət etmir.

İndi ki, bu iddia mətnlərin mənalarını qeyri-məqbul yerlərə yozmağa əsaslanır, o zaman elə bunun özü onun batilliyinə dəlalət edən ən aşkar dəlildir. Çünki əgər bu iddia həqiqətən də doğru olsaydı, o zaman səhih və aşkar dəlillər içində özünü təsdiq edəcək bir şey tapardı. Daha dəlil tapmaq üçün əyri yollara baş vurmazdı.

Deməli belə nəticə alınır ki, bu cümlə mübhəmdir və “möminlərin birincisi” cümləsinin hansı mənaya gəldiyini təyin etmək mümkün deyil. Çünki dəqiq mənanı təyin etməyimiz üçün aşkar bir dəlilə ehtiyacımız var. Məsələn, Allahu-təala buyurur: “Elə ki, özünə gəldi, dedi: Sən hər şeydən pak və münəzzəhsən. Sənə tərəf tövbə etdim və mən möminlərin (iman gətirənlərin) birincisiyəm” (Əraf surəsi, 134). Bu ayədəki “möminlərin birincisi” sözünün hansı mənaya gəldiyini təyin edən dəlil İmam Rzadan (əleyhis-səlam) nəql olunan bir hədisdə gəlmişdir. Şeyx Səduq o Həzrətin (əleyhis-səlam) belə buyurduğunu nəql edir:

(“Sənə tərəf qayıtdım”, yəni) qövmümün cəhalətindən Sənə olan mərifətimə qayıtdım. “Mən möminlərin (iman gətirənlərin) birincisiyəm”, yəni, mən onlar içərisində Sənin görülmədiyinə iman gətirən ilk şəxsəm. (Uyun əxbar ər-Riza, 2/179)

Beşinci: Bu hədis ilk məhdinin adını çəkməklə kifayətlənmişdir. Digər məhdiləri barədə isə danışmamışdır. Onlar barədə bir şey qeyd edən başqa bir rəvayət də yoxdur. Yalnız saylarından bəhs edən bir neçə rəvayət vardır. Bu isə bu vəsiyyəti naqis edən bir şeydir.

Əgər onların iddia etdikləri kimi zəlalətdən qurtulmağın yeganə yolu bu rəvayətə sarılmaqdırsa, o zaman görürük ki, zəlalətin ilk məhdidən sonra da baş verməsi ehtimalı yenə də öz yerində qalır. Ona görə ki, məsələ aydın deyil və digər məhdilərin nə adları, nə də başqa xüsusiyyətləri qeyd edilməyib!

Nəticə budur ki, vəsiyyət hədisinin sənədi olduqca zəifdir (necə ki, əvvəlki bölümlərdə isbat edildi - red.) və belə mühüm işlərdə ona etimad etmək olmaz. Sənədə göz yumsaq belə, yenə də vəsiyyət hədisi elə məsələləri özündə əhatə edir ki, heç vaxt onu qəbul etmək olmaz. Bununla yanaşı, bu hədis nə Əhməd İsmayılın imamətinə, nə onun ilk məhdi olmasına və nə də iddia etdikləri hər hansısa başqa bir şeyə dəlalət edir.

Şeyx Əhməd Salman

Ardı var...

____________________________________________________________________________

11 Bəzi hədislər on birinin, bəziləri də on ikisinin qayıdacağını bildirmiş. (Müt.)
12 Çünki Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əmirəl-möminin (əleyhis-səlam) tərəfdən təlaq verilməmiş bəzi xanımları var idi ki, Əmirəl-mömininə (əleyhis-səlam) qarşı kin bəsləyir, o həzrətlə düşmənçilik edirdilər. Görəsən, Əmirəl-möminin (əleyhis-səlam) müəyyən səbəblərə görə o xanımlara təlaq verməyibsə, bu o mənaya gəlir ki, o qadınlar Cənnətdə Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) qonşu olacaqlar?! Əlbəttə ki, xeyr. Lakin bu hədisin gərəyi olaraq, bəli, olacaqlar! Çünki, hədisdə deyilir: “Onlardan hansı birini (talaq verməyib) saxlasan, sabah mənimlə görüşəcək”. (Müt.)
13 Daha öncə də dediyimiz kimi, cümlənin səhih oxunuşu bu şəkildədir. Lakin Əhməd İsmayılın ardıcılları onu fərqli şəkildə oxumuşlar və eləcə də hörmətli müəllif cümləni başqa şəkildə oxumuşdur. Lakin müəllifin hədisi necə oxumasından asılı olmayaraq Əhməd İsmayıl və ardıcıllarının oxuduğu şəkil batildir. Bu az sonra aydın olacaq, inşəallah. (Müt.)
14 Müəllif demək istəyir ki, bu şəxslərin iddiasına əsasən, hədisdə “ismun kə-ismi” (bir adı mənim adımdır) deyilərkən Muhəmməd adı deyil Əhməd adı nəzərdə tutulub. “Və ismu əbi” (və (digəri) atamın adıdır) deyirlərkən isə Abdullah adı nəzərdə tutulmuşdur. Lakin bu iddia iki yöndən yanlışdır. Birincisi ona görə ki, belə olduğu təqdirdə gərək hədisdə “və huvə” əvəzliyi deyil, “və humə” əvəzliyi işlənəydi. İkincisi ona görə ki, “huvə” əvəzliyi sadalanan əşyaların sonuncusuna işarət edir. Belə olduğu təqdirdə gərək o hədisdə “ismun kə-ismi və ismu əbi” cümləsindəki sonuncu sözə, yəni “ismu əbi” sözünə aid ola. Bu isə o deməkdir ki, belə olunca hədis təkcə Abdullah adını açıqlamış olur. “İsmun kə-ismi” deyilərkən Muhəmməd adının, yoxsa Əhməd adının nəzərdə tutulduğu isə açıqlamamış olur. Bu iş (yəni, huvə əvəzliyinin Muhəmməd, yoxsa Əhməd adını nəzərdə tutduğunu açıq şəkildə ifadə etməsi) yalnız o vaxt baş verə bilər ki, “ismun kə-ismi” sözü “və ismu əbi” sözündən sonra işlənə. Belə olsa, onda deyə bilərik ki, hədisdə təshif, yəni, yanlışlıq baş verib. Çünki burada “ismun kə-ismi” sözü “və ismu əbi” sözündən sonra işlənmək yerinə, bu sözdən əvvəl işlənib. Lakin bu da batil fikirdir. Ona görə ki, az öncə də qeyd edildiyi kimi belə olunca hədisdə “və huvə” deyil, “və humə” işarə əvəzliyi işlədilməli idi. Lakin hədisdə “huvə” əvəzliyi işlədilmişdir və bu, bu iddianın batilliyini dəlalət edir. (Müt.)

Страница 4 из 4«1234
Рейтинг

В этом разделе