- "əl-Müsənnəf" kitabında vəhy evinə hücum rəvayəti
- Rəvayəti səhih hesab edən alimlər
- Rəvayətin təhrif edilməsi
- Hadisəni dəstəkləyən şahidlər
"ƏL-MÜSƏNNƏF" KİTABINDA VƏHY EVİNƏ HÜCUM RƏVAYƏTİ
Əziz müsəlmanlar! Əsrlərdir əhli-xilaf nümayəndələri cənnət qadınlarının xanımı həzrət Fatimənin (əleyhəs-səlam) evinə hücum hadisəsini saxta adlandırır, bəziləri daha da irəli gedərək bu hadisənin şiələrin uydurması olduğunu iddia edirlər. Bu məqalədə bu mövzu ilə bağlı son dərəcədə mühüm məqamlar işıqlandırılacaq, klassik və müasir əhli-xilaf alimlərinin fikirləri ilə yanaşı, bu mövzunu şiddətlə inkar edən bir sıra əhli-xilaf alimlərinin sözləri qeyd ediləcəkdir, həmçinin bəzi “alimlər”in bu hadisəni necə təhrif etməyə çalışdıqları gözlər önünə səriləcəkdir.
Qeyd edək ki, biz bu yazımızda həzrət Fatimənin (əleyhəs-səlam) evinin yandırılması hadisəsi barədə hədislər göstərməyəcəyik. Bizim bu yazımızda göstərəcəyimiz hədislərdə evin yandırılması hadisəsi deyil, Ömərin evi yandırmaqla təhdid etməsi hadisəsi qeyd olunmuşdur. Məlumdur ki, evin yandırılması məsələsi şiə mənbələrində səhih və sabit bir məsələdir. Lakin, əhli-xilaf mənbələrində bu məsələyə açıqca deyil, üstüörtülü şəkildə işarə edilmişdir. Aşağıda göstərəcəyimiz mənbələr də məhz bu növdəndirlər. Burada Ömərin bir dəstə şəxslə birgə gəlib həzrət Fatimənin evinə hücum etməsi və o Xanımın evini yandırmaqla hədələməsi göstərilmişdir. Lakin, ardınca Ömərin evi yandırması məsələsi zikr edilməmişdir. Əlbəttə, bu başadüşüləndir. Başqa cür düşünülə də bilməzdi. Görəsən, tarixin yüzlərlə həqiqətini gizlədən məkrli əllər belə bir hadisəni tam çılpaqlığı ilə ortada saxlaya və nəql edə bilərdimi? Cavab, şübhəsiz ki, xeyrdir. Bu səbəbdən də aşağıda qeyd edəcəyimiz hədislərdə təkcə Ömərin bir dəstə şəxslə birgə evə hücum edib ev əhlini təhdid etməsi hadisəsini zikr edilmişdir. Lakin, əlbəttə ki, həqiqətlər tamamilə gizli qalmaz, bütün mənfi cəhdlərə rəğmən həqiqət günəşi yenə də qaranlıq buludların arxasından öz şüasını saçar. Bu hədislər şiələrin tarix boyunca dedikləri sözün həqiqət olduğuna açıqca işarə etmişdir. Elə isə gəlin hədislərlə tanış olaq.
Biz bunun üçün ilk öncə İbn Əbi Şeybənin rəvayətinə müraciət edəcəyik. İlk öncə qeyd etmək lazımdır ki, istinad edəcəyimiz müəlliflər “əl-Musənnəf” kitabının müxtəlif nəşrlərinə müraciət etdikləri üçün hər birinin qeyd etdikləri cild, səhifə və hədis nömrələri bir-birindən fərqlənir. Buna görə də biz əvvəlcə həmin nəşrlərin hər birinin fotoşəklini burada yerləşdirəcəyik ki, bəzi inadkar şəxslər yersiz iradlar bildirməsinlər.
İbn Əbi Şeybə “əl-Musənnəf” kitabında belə nəql edir:
مُحَمَّدُ بْنُ بِشْرٍ , نا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ , حَدَّثَنَا زَيْدُ بْنُ أَسْلَمَ , عَنْ أَبِيهِ أَسْلَمَ أَنَّهُ حِينَ بُويِعَ لِأَبِي بَكْرٍ بَعْدَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ عَلِيٌّ وَالزُّبَيْرُ يَدْخُلَانِ عَلَى فَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيُشَاوِرُونَهَا وَيَرْتَجِعُونَ فِي أَمْرِهِمْ , فَلَمَّا بَلَغَ ذَلِكَ عُمَرَ بْنَ الْخَطَّابِ خَرَجَ حَتَّى دَخَلَ عَلَى فَاطِمَةَ فَقَالَ: «يَا بِنْتَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ , وَاللَّهِ مَا مِنْ أَحَدٍ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ , وَمَا مِنْ أَحَدٍ أَحَبَّ إِلَيْنَا بَعْدَ أَبِيكِ مِنْكِ , وَايْمُ اللَّهِ مَا ذَاكَ بِمَانِعِي إِنِ اجْتَمَعَ هَؤُلَاءِ النَّفَرُ عِنْدَكِ ; أَنْ أَمَرْتُهُمْ أَنْ يُحَرَّقَ عَلَيْهِمِ الْبَيْتُ» , قَالَ: فَلَمَّا خَرَجَ عُمَرُ جَاءُوهَا فَقَالَتْ: تَعْلَمُونَ أَنَّ عُمَرَ قَدْ جَاءَنِي وَقَدْ حَلَفَ بِاللَّهِ لَئِنْ عُدْتُمْ لَيُحَرِّقَنَّ عَلَيْكُمُ الْبَيْتَ وَايْمُ اللَّهِ لَيَمْضِيَنَّ لِمَا حَلَفَ عَلَيْهِ , فَانْصَرِفُوا رَاشِدِينَ , فَرَوْا رَأْيَكُمْ وَلَا تَرْجِعُوا إِلَيَّ , فَانْصَرَفُوا عَنْهَا فَلَمْ يَرْجِعُوا إِلَيْهَا حَتَّى بَايَعُوا لِأَبِي بَكْرٍ
Bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atası Əsləmdən nəql edib dedi ki: Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr Fatimə binti Rəsulillahın (sallallahu əleyhi [və alihi] və səlləm) yanına daxil olur, onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatınca (evindən) çıxıb Fatimənin yanına gəldi. Dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Lakin, Allaha and olsun ki, bu (xüsusiyyətin) bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” Ömər gedincə onlar Fatimənin yanına gəldilər. Fatimə onlara dedi: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi sizinlə birlikdə yandıracaq! And olsun ki, o and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda geri dönün, özünüz bir qərara gəlin və mənim yanıma gəlməyin.” Onlar da Fatimənin yanından ayrıldılar və Əbu Bəkrə beyət edənə qədər onun yanına qayıtmadılar.
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.13, səh.468-469, hədis 38042; MƏktəbə ər-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1425/2004; təhqiq: Həməd ibn Abdullah əl-Cuma və Muhəmməd ibn İbrahim əl-Luhəydan
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.7, s.432, h.37045; Dar əl-Tac, Beyrut, 1409/1989; təhqiq: Kamal Yusif əl-Hut
Fotoşəkil: İbn Əbi Şeybə, əl-Müsənnəf, c.20, s.579, h.38200; Dar əl-Qiblə/Muəssisə Ulum əl-Quran - Ciddə/Diməşq, 1427/2006; təhqiq: Muhəmməd Əvvamə