- "əl-Müsənnəf" kitabında vəhy evinə hücum rəvayəti
- Rəvayəti səhih hesab edən alimlər
- Rəvayətin təhrif edilməsi
- Hadisəni dəstəkləyən şahidlər
RƏVAYƏTİN TƏHRİF EDİLMƏSİ
Lakin, bütün bunlara rəğmən batinində əməvi kini və təəssübkeşliyi olan bəzi şəxsləri yenə də hiylə işlədərək məsələni sapdırmağa çalışmış, hadisəni təhrif edərək insanları aldatmağa cəhd etmişlər. Belə şəxslərdən ikisini sizlərə təqdim edirik:
1. Əli Muhəmməd Muhəmməd əs-Səllabi:
O özünün “Əsmal-Mətalib fi sirəti Əmiril-muminin Əli ibn Əbi Talib” kitabında səh.202-də “əl-Musənnəf” kitabındakı hədisi aşağıdakı şəkildə nəql etmişdir:
عن أسلم العدوي قال: لما بويع لأبي بكر بعد النبي صلى الله عليه وسلم كان علي والزبير ابن العوام يدخلان على فاطمة فيشاورانها, فبلغ عمر, فدخل على فاطمة فقال: يا بنت رسول الله ما أحد من الخلق أحب إلينا من أبيك, وما أحد من الخلق بعد أبيك أحب إلينا منك, وكلّما, فدخل علي والزبير على فاطمة فقالت: انصرفا راشدين, فما رجعا إليها حتى بايعا.
Əsləm əl-Ədvi dedi: ... Allah Rəsulundan (sallallahu əleyhi [və alihi] və səlləm) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr ibn əl-Əvam Fatimənin yanına daxil olub onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatdı. Ömər Fatimənin yanına gəlib dedi: “Ey Allah Rəsulunun qızı, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.” Bundan sonra Fatimə ilə danışdı. Sonra Əli və Zübeyr Fatimənin yanına gəldilər. Fatimə dedi: “Alnıaçıq halda geri qayıdın.” Onlar da bir daha Fatimənin yanına gəlmədilər və nəhayət beyət etdilər.
Səllabi rəvayəti kəsib bu hala saldıqdan sonra kəsdiyi rəvayətin sənədini təqdim etmişdir:
(4) أخرجه ابن أبي شيبة في "المصنف" (14/567) وإسناده صحيح.
(4) Bunu İbn Əbi Şeybə “əl-Musənnəf” kitabında (14/567) gətirmişdir. İsnadı səhihdir.
Ardınca rəvayəti kəsib təhrif etdikdən sonra deyir:
هذا هو الثابت الصحیح والذی مع صحة سنده ینسجم مع روح ذلك الجیل وتزکیة الله له.
Sabit (sübuta yetmiş) və səhih olan məhz budur, hansı ki, sənədinin səhih olması ilə bərabər o nəslin ruhuna və Allahın o nəsli təzkiyə etməsinə* də uyğun gəlir.
_________________________
* “Allahın o nəsli təzkiyə etməsinə”: “təzkiyə etmək” bir şəxsin müsbət, təmiz, pak şəxs olduğunu bildirmək. Bunu nəzərdə tutur ki, Allah səhabələrin pak və təmiz şəxslər olduğunu bildirmişdir. Müt.
وقد زاد الروافض فی هذه الروایة واختلقوا إفكاً وبهتاناً وزوراً وقالوا بأن عمر قال: إذا اجتمع عندك هؤلاء النفر فسأحرق علیهم هذا البیت، لأنهم أرادوا شق عصى المسلمین بتأخرهم عن البیعة, ثم خرج عنها، فلم یلبث أن عادوا إلیها، فقالت لهم: تعلمون أن عمر جاءني وحلف بالله لئن أنتم عدتم إلى هذا البیت لیحرقنه عليكم وأیم الله أنه لیصدقن فیما حلف علیه، فانصرفوا عني فلا ترجعوا إليّ، ففعلوا ذلك، ولم یرجعوا إلیها إلا بعدما بایعوا.
وهذه القصة الباطلة لم تثبت عن عمر رضي الله عنه، ودعوى أن عمر رضی الله عنه همّ بإحراق بیت فاطمة، من أکاذیب الرافضة.
Rafizlər bu rəvayətə (cümlələr) əlavə edərək yalan, iftira və böhtan uydurmuşlar. Demişlər ki, Ömər belə deyib: “Əgər bu şəxslər sənin evinə toplaşsalar, evi onlarla birlikdə yandıracağam! Çünki, onlar beyətdən yayınmaqla müsəlmanları parçalamaq istəmişlər.” Sonra Fatimənin yanından getmişdir. Çox keçməmişdir ki, onlar Fatimənin yanına gəlmişlər və Fatimə onlara demişdir: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi üzərinizə yandıracaq. And olsun ki, o and içdiyi şeyi mütləq edəcək. Elə isə alnıaçıq halda mənim yanımdan gedin və mənim yanıma gəlməyin.” Onlar da Fatimənin yanından ayrılmışlar və yalnız beyət etdikdən sonra onun yanına qayıtmışlar.” Ömər barədə nəql edilən bu batil əhvalat sübuta yetməmişdir. Ömərin Fatimənin evini yandırmaq istəməsi iddiası rafizilərin yalanlarındandır.
Fotoşəkil: Əli əs-Səllabi, Əsmal-Mətalib fi sirəti Əmiril-muminin Əli ibn Əbi Talib, c.1, səh.202-203. Məktəbə əs-səhabə, əş-Şariqə, BƏƏ, 1425/2004
2. Şeyx Həsən əl-Hüseyni:
O özünün “Mausuatul-Həsəni vəl-Huseyn” adlı kitabının 191-ci səhifəsində deyir:
محبة الفارق لعلي والزهراء
أما موقف عمر رضي الله عنه من بضعة النبي صلى الله عليه وسلم وأم الحسنين السبطين فهو موقف التعظيم والإجلال, فمما قاله لفاطمة الزهراء: : يا بنت رسول الله صلى الله عليه وسلم ما أحد من الخلق أحب إلينا من أبيك, وما أحد من الخلق بعد أبيك أحب إلينا منك.
Faruqun (Ömərin) Əliyə və Fatiməyə məhəbbəti:
Ömərin Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) bədənin parçasına; Peyğəmbərin iki nəvəsi Həsən və Hüseynin anasına olan mövqeyinə gəlincə, bu, təzim və ehtiram mövqeyidir. Onun Fatimeyi-Zəhraya dediyi sözlərdən biri belədir: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.” Sabit və səhih olan budur; o nəslin ruhu ilə, Allahın onları təzkiyə etməsi ilə uyğun gələn məhz budur.
Maraqlıdır ki, Həsən əl-Hüseyni adlı bu şəxs hədisi qeyd etdikdən sonra ardıyca demişdir:
[مصنف ابن أبي شيبة (14/567) وإسناده صحيح]
[İbn Əbi Şeybənin “əl-Musənnəf” əsəri, (14/567) sənədi səhihdir.]
Fotoşəkil: Şeyx Həsən əl-Hüseyni, Mausuatul-Həsəni vəl-Huseyn, səh. 191; Camiyyatu Aal val-ashab, Bəhreyn, 2011
3. Xətib Bağdadi:
Xətib Bağdadi hədisin nə əvvəlini, nə də sonunu gətirməmiş, əvəzində Ömər ibn əl-Xəttabın həzrət Fatiməyə (əleyhəs-səlam) dediyi “Sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur” cümləsini qeyd etməklə kifayətlənmişdir. Deyir:
أخبرنا أحمد بن محمّد العتيقيّ، أَخْبَرَنَا أَبُوالْفَرَجِ أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ بشّار الصّيرفيّ- في سنة سبع وثمانين وثلاثمائة- قَالَ: حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ إِسْمَاعِيل الأدمي، حدّثنا الفضل بن سهل الأعرج، حدّثنا محمّد بن بشر، حَدَّثَنَا عُبْيَدُ اللَّهِ بْنُ عُمَرَ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ، عَنْ أَبِيهِ. قَالَ: قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ لِفَاطِمَةَ: يَا بِنْتَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، مَا كَانَ أَحَدٌ مِنَ النَّاسِ أَحَبَّ إِلَيْنَا مِنْ أَبِيكِ، وَمَا أَحَدٌ بَعْدَ أَبِيكِ أَحَبَّ إِلَيْنَا مِنْكِ.
Bizə Əhməd ibn Muhəmməd ibn Əhməd əl-Ətiqi xəbər verib dedi: bizə Əbul-Fərəc Əhməd ibn Muhəmməd ibn Bəşar əs-Seyrəfi 387-ci ildə xəbər verib dedi: bizə Əhməd ibn Muhəmməd ibn İsmayıl əl-Ədəmi nəql edib dedi: bizə Fəzl ibn Səhl əl-Ə`rəc nəql edib dedi: bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər Zeyd ibn Əsləmdən, o da atasından nəql edib dedi:
Ömər ibn əl-Xəttab Fatiməyə dedi: “Ey Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qızı, sənin atan qədər bizə əziz olan bir kəs yox idi, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.”
Kitabın mühəqqiqi doktor Bəşar Əvvad Məruf isə hədisin ardınca haşiyədə demişdir:
(3) أثر صحيح, أخرجه ابن أبي شيبة 14/567, وفيه قصة.
(3) Səhih hədisdir. Onu İbn Əbi Şeybə (“əl-Müsənnəf”də, 14/567) nəql etmişdir. Burada bir əhvalat vardır.
Fotoşəkil: əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.6, s.75; Dar əl-Ğərb əl-İslami, 1422/2001; təhqiq: Bəşar Əvvad Maruf
Əlbəttə, onun bu işi Səllabinin və Həsən əl-Hüseyninin təhrifindən forma baxımından azacıq fərqlənsə də, mahiyyət etibarilə eynidir və təhrif sayılır. Kitabın mühəqqiqi doktor Əvvad Məruf da haşiyədə bu məqama işarə etmiş və hədisin orijinal mənbəsini göstərərək “burada bir əhvalat vardır” demişdir. Bununla da qeyd olunan rəvayətin yarımçıq olduğunu bildirmişdir.
4. Əbdüs-Səlam ibn Muhsin Ali-İsa:
Əbdüs-Səlam Ali-İsa barədə məlumat da az əvvəl qeyd edildi. O da eyniylə Bağdadi kimi hədisin yalnızca ona sərf edən hissəsini gətirmiş, ardınca, haşiyədə hədisin orijinal mənbəsini qeyd edərək onun səhih olduğunu bildirmişdir. Bağdadi barədə dediklərimiz burada da keçərlidir: hərçənd ki, Əbdüs-Səlam ibn Muhsin haşiyədə hədisin orijinal mənbəsini qeyd etmiş və onu səhih bilmişdir, lakin, o, hədisin öz məqsədinə xidmət edən hissəsini gətirməklə elmi xəyanət etmişdir.
Belə ki, Əbdüs-Səlam ibn Muhsin hədisi belə bir başlıq altında gətirmişdir:
المطلب الأول: محبة عمر رضي الله عنه للنبي صلى الله عليه وسلم وعنايته ورأفته به وتوقيره له
Birinci mətləb: Ömərin Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) olan məhəbbəti, diqqəti, rəfəti və ehtiramı.
Bunun ardınca Ömərin nəzərində ən sevimli şəxsin Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) olduğunu isbat etmək üçün “əl-Müsənnəf”dəki hədisdə Ömərin dediyi sözü dəlil gətirmişdir:
قال رضي الله عنه لفاطمة بنت رسول الله صلى الله عليه وسلم: والله ما من أحد أحب إلينا من أبيك, وما من أحد أحب إلينا بعد أبيك منك.
Ömər Fatimə binti Rəsulillaha (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Allaha and olsun, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur.”
2 nömrəli haşiyədə müəllif yazır:
رواه ابن أبي شيبة /المصنف 7/432, الخطيب البغدادي/تاريخ بغداد 4/401, صحيح من طريق ابن أبي شيبة. قال: حدثنامحمد بن بِشْرٍ نا عُبید الله بن عمر حدثنا زید بن أسلَم عن أبیه أسلم.
Bu hədisi İbn Əbi Şeybə “əl-Müsənnəf”də (7/432) nəql etmişdir, həmçinin, Xətib Bağdadi “Tarixi-Bağdad”da (4/401) nəql etmişdir. Hədis İbn Əbi Şeybənin təriqi ilə səhihdir. O demişdir: Bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atası Əsləmdən nəql edib dedi.
Fotoşəkil: Əbdüs-Səlam Ali-İsa, Dirasətun nəqdiyyətun fil-mərviyyat əl-varidə, c.1, səh.467; əl-Cəmiyyət əl-İslamiyyə, Mədinə, 1423/2002
Ardınca da qeyd etdiyimiz kimi, mənbə olaraq İbn Əbi Şeybənin hədisini göstərmiş, daha sonra bu hədisin sənədini qeyd edərək onun səhih olduğunu bildirmişdir. Lakin, onun etdiyi elmi əmanətsizlik və təhrif buradadır ki, o təkcə Ömərin məlum sözünü qeyd etməklə kifayətlənmişdir və hadisəni təfsilatı ilə nəql etməmişdir. Bununla oxucuların diqqətini tamamilə fərqli yönə çəkməyə çalışmışdır. Oxucularda belə fikir yaratmağa çalışmışdır ki, Ömər Peyğəmbəri və Peyğəmbər qızını hər kəsdən çox sevirmiş. Halbuki, hədisin ardını qeyd etsəydi, bu sevginin nə həddə olduğu aşkar olardı.
Belə ki, insan ən çox sevdiyi şəxsi necə qəzəbləndirə bilər? Məgər Allah Rəsulu buyurmamışdırmı ki, “Fatimə mənim bir parçamdır. Hər kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir” (“Səhihi-Buxari”: 3/1144)? Həmçinin: “Fatimə mənim bir parçamdır. Onu incidən şey məni incitmişdir.” (“Səhihi-Müslim”: 4/1902) Əgər Ömər Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) hər kəsdən çox sevirdisə, o zaman ən çox sevdiyi şəxsə nə üçün əziyyət edirdi? Məgər Fatiməni (əleyhəs-səlam) onun evini yandırmaqla təhdid etmək və bununla onu qorxutmaq o xanıma əziyyət etmək və onu qəzəbləndirmək deyil? Elə isə harada qaldı Ömərin sevgisi?
Məhz bu ziddiyyəti başa düşdüyü üçün Əbdüs-Səlam ibn Muhsin hədisin ardını qeyd etməmiş, gətirdiyi miqdarla kifayətlənmişdir. Beləcə elmi əmanətdarlığa riayət etməyərək hədisi təhrif etmiş və bununla adını təhrifçilər cərgəsinə həkk etmişdir.
Əlbəttə, bura kimi qeyd olunan məlumatlardan və hədis barədə deyilən fikirlərdən aydın olur ki, hədis səhihdir və sabitdir. Oxucu bura qədər deyilənlərdən nəyin yalan və təhrif olduğunu, nəyin də səhih və sabit olduğunu qəti şəkildə bilmiş olur. Hörmətli oxucu özü də görür ki, istər təhrifçi Səllabi, istərsə təhrifçi Həsən əl-Hüseyni, istərsə də digər təhrifçilər təhrif etdikləri hədisin İbn Əbi Şeybənin “əl-Müsənnəf” kitabında gəldiyini etiraf etmişlər, üstəlik, bununla da kifayətlənməyərək hədisin səhih olduğunu bildirmişlər. Lakin, sahib olduqları təəssübkeşlik üzündən heç bir dəlil və səbəb göstərmədən “əl-Müsənnəf” kitabından nəql etdikləri hədisi yarıdan kəsmişlər. Heç bir səbəb göstərmədən, sırf Ömər ibn əl-Xəttabın məzəmmətinə dəlalət edir deyə hədisin bir hissəsini inkar etmiş, bilərəkdən nəql etməmişlər. Hətta, Səllabi utanmadan “bu rafizilərin uydurmasıdır” demişdir. Yəqin, Səllabinin nəzərində İbn Əbi Şeybə rafizidir. Yaxud da İbn Əbi Şeybənin nəql etdiyi rəvayətin təriqindəki şəxslər rafizidirlər.
Bəli, Səllabi və Həsən əl-Hüseyni hədisin “əl-Müsənnəf” kitabında gəldiyini və səhih olduğunu etiraf etsələr də, heç bir əsas olmadan səhih dedikləri hədisin bir hissəsini inkar etmişlər. Onlar öz iddiaları üçün bircə dəlil belə gətirə bilməmişlər, təkcə bunu deməklə kifayətlənmişlər: “Bu iş o nəslin ruhiyyəsinə uyğun gəlmir!”
Bu qədər sadə...
Şübhəsiz ki, bütün əql sahiblərinə bu işin nə qədər gülünc olduğu ap-açıq məlumdur. Səhih dedikləri rəvayətin bir hissəsini qəbul edib digər bir hissəsini inkar edən bu şəxslər bu işləri ilə özlərini bütün dünyaya güldürmüşlər. Elm və əmanətdarlıqdan uzaq düşmüş bu şəxslər hədisin bir hissəsini “o nəslin ruhiyyəsinə uyğun gəlir” deyə qəbul etmiş, digər hissəsini isə “o nəslin ruhiyyəsinə uyğun gəlmir” deyə inkar etmişlər və bunu şiələrin iftirası adlandırmışlar.
Biz bu şəxslərə deyirik: Ey Səllabi və ey Hüseyni, “bu iş o nəslin ruhiyyəsinə uyğun gəlmir” deyib səhih hədisi inkar etmək hansı elmi və əqli qaydaya sığır? Görəsən, o nəslin “ruhiyyəsini” kim təyin edir? Siz təyin edirsiniz? Bütün vur-çatlasın elə həmin nəslin “ruhiyyəsi”nin necəliyini isbat etmək üstündə deyilmi? Bütün bu hədislər elə o nəslin ruhiyyəsini təyin etmək üçün göstərilmirmi?
Ey Səllabi və ey Hüseyni, o nəslin “ruhiyyəsi” sizin ata-babalarınızdan miras aldığınız həva-həvəslə təyin olunmur. O nəslin ruhiyyəsinin necəliyini bax bu cür hədislər təyin edir. Lakin, siz həva həvəsi nəss müqabilinə keçirməkdə ustalaşdığınız üçün, bu cür işlər sizə çətin görünmür. Bu, sizin açıq-aşkar nəss müqabilində şəxsi həva-həvəslərinizə itaət etdiyiniz ilk işiniz deyildir.
Bəli, bu cür hədislər sizin qurduğunuz saxta kəramətləri alt-üst edir. Ona görə də vəziyyətdən qurtulmaqdan ötrü belə məntiqəsığmaz işlərə əl atırsınız. Sizin bu cür rəvayətləri inkar etmək üçün şəxsi nəzərlərinizi və qənaətlərinizi önə keçirməkdən başqa yolunuz yoxdur. Əks halda müqəddəs hesab etdiyiniz şəxslərin bütün müqəddəslikləri toz olub havaya sovrulacaq.
Lakin, Allaha sonsuz sayda həmd olsun ki, istənilən halda haqq aşkara çıxarır, heç bir vaxt haqqın gizli qalmasına izin vermir. Allahu-təala bu dəfə də haqqı müxaliflərin dilindən aşkara çıxarmış, onu ən açıq şəkildə ortaya qoymuşdur. Az öncə qeyd etdiyimiz səhih rəvayət və bundan sonra da şahid olaraq qeyd edəcəklərimiz digər bir rəvayət istənilən inadkarı susdurmağa yetir.