Zürarə ibn Əyən: həyatı və şiə rical elmində yeri

»»

Zürarə ibn Əyən: həyatı və şiə rical elmində yeri

Adı: Əbdürəbbih

Ata adı: Əyən

Baba adı: Sinsan

Künyəsi: Əbülhəsən

Nisbəsi: Şeybani

Ləqəbi: Zürarə

Həyatı:

Şeyx Tusi “Əl-Fihrist” kitabında (səh.74, rəqəm: 302) deyir:

وكان أعين بن سنسن عبداً رومياً لرجل من بني شيبان تعلّم القرآن ثم أعتقه،فعرض عليه أن يدخل في نسبه فأبى أعين أن يفعله وقال له: أقرني على ولائى، وكانسنسن راهباً في بلد الروم.

Zürarənin atası Əyən ibn Sinsan əslən rumlu olmuş, Bəni-Şeybandan olan bir nəfərin qulu olmuşdur. Quranı öyrənmiş, sahibi də onu azad etmişdir. Keçmiş sahibi ona Bəni-Şeyban qəbiləsinin bir üzvü olmağı təklif etdikdə, o bunu qəbul etməyərək, “məni sadəcə bir mövla1 bil”, - demişdir. Zürarənin babası Sinsan Rum diyarında bir rahib olmuşdur.”

Zürarənin bir neçə kitabı olmuşdur. Alimlər bu kitablar içərisindən “Kitabul-istitaə vəl-cəbr” (“Bacarıq və məcburiyyət”) kitabının adını xüsusi qeyd etmişlər.

Zürarə iki imamın – İmam Baqir və İmam Sadiqin (hər ikisinə Allahın salamı olsun) səhabəsi olmuş və onlardan hədis nəql etmişdir.

Onun vəfatı ilə bağlı müxtəlif nəzərlər vardır. Bir nəzərə görə o, İmam Sadiqin vəfatında 2 ay sonra vəfat etmişdir. İmam Sadiq vəfat edən vaxt xəstə yatağında olmuş, elə həmin xəstəliyindən də vəfat etmişdir. Digər bir nəzərə görə isə, İmam Sadiqin vəfatından 1 il sonra vəfat etmişdir. Başqa bir nəzərə görə isə, 2 il sonra vəfat etmişdir.

Fəzilətləri:

Zürarənin fəzilətləri və barəsində deyilən müsbət sözlər saymaqla bitməz. Şiə alimləri ilk dövrlərdən bu günədək onu “siqə” (güvənilən) bilmiş və onu imamların ən xas adamlarından hesab etmişlər.

Şeyx Kəşşi özünün “Rical” kitabında (səh.206) Zürarəni əvvəlki dövrlərin ən güclü 6 fəqihindən biri hesab etmiş, həmin 6 fəqih içərisində də ən güclüsünün məhz Zürarə olduğunu bildirmişdir:

قالوا: أفقه الاولين ستة: زرارة ومعروف بن خربوذ، وبريد، وأبو بصير الاسدى، والفضيل بن يسار، ومحمد بن مسلم الطائفى. قالوا: وأفقه الستة زرارة.

“Alimlər demişlər ki, əvvəl(ki dövlərdə)dəki fəqihlərin ən güclüləri 6 nəfərdir: Zürarə, Məruf ibn Xərrəbuz, Büreyd, Əbu Bəsir Əl-Əsədi, Füzeyl ibn Yəsar və Məhəmməd ibn Müslim Ət-Tai. Həmçinin demişlər ki, bu altı nəfərin ən güclüsü Zürarədir”.

Seyyid Xoi özünün “Mucəmu-ricalil-hədis” kitabında Zürarənin İmam Baqir və İmam Sadiqin “həvarilərindən” olduğunu bildirən bir hədis nəql etmişdir (8/206):

وتقدّم في ترجمة أويس القرني حديث أسباط بن سالم، عن أبي الحسن موسى عليهالسلام، أنه حواري محمد بن علي وجعفر بن محمد عليهما السلام.

“Üveys Əl-Qərəninin tərcümeyi-halını qeyd edərkən Əsbat ibn Salimin hədisini qeyd etdik. Həmin hədisə görə Əbülhəsən Musa Zürarənin İmam Baqir və İmam Sadiqin həvarilərindən olduğunu demişdir”.

Ümumiyyətlə, Seyyid Xoi sözügedən kitabında Zürarənin tərifinə dair 20-dən çox rəvayət nəql etmiş və həmin rəvayətlərlə bağlı “bu rəvayətlər müstəfiz həddinədir və onların bir hissəsi səhih hədislərdir”, - demişdir (8/237).

Burada həmin rəvayətlərdə Zürarə barəsində deyilən bəzi sözlərə nəzər salaq (ətraflı məlumat üçün “Mucəmu-ricalil-hədis” kitabına müraciət edə bilərsiniz):

- İmam Sadiq:

يازرارة إنّ اسمك في أسامي أهل الجنة...

“Ey Zürarə, sənin adın Cənnət əhlinin adları sırasındadır”.

- İmam Sadiq:

لولا زرارة لظننت أنّ أحاديث أبي ستذهب

“Əgər Zürarə olmasaydı, atamın hədisləri aradan gedəcəyini düşünərdim”.

- Cəmil bin Dərrac:

إي واللّه ما كنا حول زرارة بن أعين إلاّ بمنزلةالصبيان في الكتاب حول المعلّم.

“Allaha and olsun ki, Zürarənin yanında biz müəllimin yanındakı azyaşlı uşaqlar kimi idik”.

- İmam Sadiq:

بريد بن معاوية العجلي وزرارة ومحمد بن مسلم والاحول...

“Dirilər və ölülər içərisində mənə ən sevimli şəxs dörd nəfərdir: Büreyd ibn Müaviyə Əl-İcli, Zürarə, Məhəmməd ibn Müslim və Əl-Əhval”.

- İmam Sadiq:

زرارة وأبو بصير ومحمد بن مسلم وبريد من الذين قال اللّه تعالى: (والسابقون السابقون. أولئك المقرّبون).

“Zürarə, Əbu Bəsir, Büreyd və Məhəmməd ibn Müslim o şəxslərdəndirlər ki, Allah onlar barəsində “Və (dünyada imanda və xeyirdə) öndə olanlar. Onlar (axirətdə də) öndə olacaqlar. Onlar (Allah dərgahına, Allah lütfünə) yaxınlaşdırılmış kimsələrdir”, - demişdir (Vaqiə surəsi, 10-11)”.

- İmam Rza:

أترى أحداً كان أصدع بحقّ من زرارة

“Zürarədən daha doğru danışan bir adam görmüsən?”.

Və sair.

Şübhələrə cavab:

Mənbələrdə Zürarəni öyüb tərifləyən belə rəvayətlərlə yanaşı, bu rəvayətlərin tam əksi olan – məzəmmətedici rəvayətlər də yer almışdır. Seyyid Xoi “Mucəmu-ricalil-hədis” kitabında bu rəvayətləri tək-tək qeyd edərək, onları sənəd yönündən cavablandırmışdır. Seyyid Xoinin qeydlərinə nəzər saldıqda, sözügedən rəvayətlərin çox cüzi hissəsi istisna olmaqla hamısının zəif sənədli olduğunu görürük.

Seyyid Xoi bu rəvayətləri 3 qrupa ayırmışdır:

Birinci qrup rəvayətlər: Zürarənin İmam Kazımın imamlığına şəkk etdiyinə dəlalət edir. Bu rəvayətlərə görə, İmam Sadiq vəfat etdikdən sonra Zürarə növbəti imamın kim – İmam Kazım, yoxsa Abdullah olduğunu öyrənmək üçün qulunu Mədinəyə göndərmiş, lakin qul geri qayıtmadan vəfat etmişdir.

Seyyid Xoi böyük əksəriyyəti zəif olan bu rəvayətlərə belə cavab vermişdir:

Bu rəvayətlər Zürarənin məzəmmətinə və ya həqarətinə dəlalət etmir. Çünki şəri baxımdan insanlara vacib olan sonrakı imamı deyil, zəmanəsinin imamını tanımaqdır. Əgər zəmanə imamı vəfat etsə, şəxs növbəti imamı axtarmalıdır. Əgər axtarış zamanında vəfat etsə, onda üzürlü sayılır və belə bir şəxsə, şəxsən tanımasa belə, Allahın təyin etdiyi imamın ardıcılı olduğunu niyyət etməsi kifayət edir.

Buna əsasən, (bu rəvayətləri məqbul hesab etsək) Zürarənin heç bir təqsiri yoxdur. O, öz zəmanəsinin imamını – İmam Sadiqi tanıyır və onun zamanında ondan sonra gələn imamı tanıması vacib deyildi. İmam Sadiq vəfat etdiyi vaxt o araşdırmağa başlamış, lakin cavabı öyrənə bilmədən “(haqqı tapmaq üçün) Allaha tərəf hicrət edən şəxs kimi” vəfat etmişdir.

Hədislərdə də bu dediyimizə işarə edilmişdir. Məsələn Yaqub ibn Şüeybdən nəql olunan bir hədisdə deyilir:

قلت لابي عبد اللّه عليهالسلام، إذا حدث على الامام حدث كيف يصنع؟ قال عليه السلام: أين قول اللّه عزّوجلّ: (فلولا نفر من كلّ فرقة منهم طائفة ليتفقهوا في الدين ولينذروا قومهم إذارجعوا إليهم لعلّهم يحذرون) قال عليه السلام: هم في عذر ماداموا في الطلب،وهؤلاء الذين ينتظرونهم في عذر حتى يرجع إليهم أصحابهم

“Əbu Abdullaha dedim: İmamın başına bir iş gəlsə (vəfat etsə) nə etmək lazımdır?

Dedi: Allahın bu sözü harda qaldı: “Barı, hər tayfadan bir dəstə (həqiqəti öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun”? (Tövbə surəsi, 9). İnsanlar (növbəti imamın) axtarış(ın)da olduqları müddətcə üzürlüdürlər. (İmamı axtarmaq üçün getmiş) yoldaşları qayıdanadək bu adamların üzrləri var.” (Əl-Kafi: c.1, “kitabul-huccə”, bab: 89, hədis: 1).

Hətta, bu dediyimizə elə bu birinci qrup rəvayətlər içində də işarə edilmişdir. Belə ki, bizim Kəşşidən nəqlən qeyd etdiyimiz son iki səhih rəvayətdə Zürarənin “(haqqı tapmaq üçün) Allaha tərəf hicrət edən şəxs kimi” öldüyü bildirilmişdir. (Həmin iki hədisdə İmam Kazım Zürarənin bu şəkildə dünyadan köçdüyünü bildirir. Əlavə məlumat üçün kitaba müraciət edin – red.).

Əlbəttə, bütün bunlar rəvayətləri səhih hesab etdiyimiz təqdirdə belədir. Halbuki qeyri-halda onlar Şeyx Tusinin Zürarəni İmam Kazımın səhabəsi hesab etməsi faktı ilə ziddiyyət təşkil edirlər. Şeyx Tusinin məlumatınına əsasən Zürarə İmam Kazımın səhabəsi olmuşdur və məlum məsələdir ki, onun səhabəsi ola-ola onu tanımaması absurddur.

Bundan əlavə, bu rəvayətlər İbn Fəzzalın nəql etdiyi Zürarənin İmam Sadiqin vəfatından təxminən bir il sonra vəfat etməsi, habelə Şeyx Tusi və Nəcaşinin nəql etdiyi Zürarənin 150-ci ildə vəfat etməsi faktları ilə ziddiyyət təşkil edirlər. Belə ki, İmam Sadiq 148-ci ildə vəfat etdiyini nəzərə alsaq, birinci fakta görə Zürarə İmam Sadiqdən 1 il sonra, ikinci fakta görə isə 2 il sonra vəfat etmiş olur. Bu isə kifayət qədər geniş bir zaman kəsiyidir. Bu qədər müddətdə İmam Kazımın imamlığı xəbərinin gəlib çatmaması mümkünsüz bir şeydir, xüsusən də nəzərə aldıqda kı, Abdullah atası İmam Sadiqin vəfatından 70 gün sonra vəfat etmişdir.

Üstəlik, Zürarənin araşdırma aparmaq üçün öz qulunu Mədinəyə göndərməsi hələ onun İmam Kazımı tanımaması mənasına gəlmir. Bunun izahı Şeyx Səduqun İbrahim ibn Məhəmməd Əl-Həmədanidən nəql etdiyi aşağıdakı hədisdən aydın olur:

قلت للرضا عليه السلام،ياابن رسول اللّه صلّى اللّه عليه وآله، أخبرني عن زرارة، هل كان يعرف حقّ أبيك؟ فقال عليه السلام: نعم، فقلت له فلم بعث ابنه عبيداً ليتعرف الخبر إلى من أوصى الصادق جعفر بن محمد عليه السلام، فقال: إنّ زرارة كان يعرف أمر أبي عليه السلام، ونصّ أبيه عليه، وإنما بعث ابنه ليتعرف من أبي هل يجوز له أن يرفع التقية في إظهار أمره، ونصّ أبيه عليه؟ وأنه لما أبطأ عنه طولب باظهار قوله فيأبي عليه السلام، فلم يحب أن يقدم على ذلك دون أمره فرفع المصحف، وقال: (اللهم إنّ إمامي من أثبت هذا المصحف إمامته من ولد جعفر بن محمد عليه السلام.

“Rzaya dedim: Ey Peyğəmbərin oğlu, mənə Zürarədən xəbər verin, o sizin atanızın imam olduğunu bilirdi?

Dedi: Bəli.

Dedim: Bəs niyə İmam Sadiqin kimə vəsiyyət etdiyini öyrənmək üçün qulunu Mədinəyə göndərmişdi?

Dedi: Zürarə atamın imam olduğunu və babamın ona vəsiyyət etdiyini bilirdi. O, qulunu məhz bir məsələni dədiqləşdirməkdən ötrü göndərmişdi. O məsələ də bu idi ki, Zürarə təqiyyənin götürülüb-götürülmədiyini, atamın adının və babamın ona vəsiyyət etdiyinin camaata açıqlamasına icazə olub-olmadığını öyrənmək istəyirdi. Xəbər gecikdikdə, ondan atamla bağlı fikrinin nə olduğunu soruşdular, o da atamdan bir göstəriş gəlmədən heç nə demək istəmədi. Məhz buna görə də Quranı qaldırıb başının üstünə qoydu və: “İlahi, mənim imamım imamətini bu Quranın sübuta yetirdiyi Cəfər ibn Məhəmmədin nəslindən olan şəxsdir”, - dedi.” (8/240-242)

İkinci qrup rəvayətlər: Zürarənin imana zidd hərəkətlər etdiyinə dəlalət edən rəvayətlərdir. Seyyid Xoi bu rəvayələri də tək-tək təhlil edərək onların sənəd və mətn yönündən batil olduğunu ortaya qoymuşdur. Bu məqalədə həmin rəvayətləri və onlara cavabları qeyd etmək mümkün olmadığından, ərəb dilini bilən hörmətli oxuculara “Mucəmu-ricalil-hədis” kitabına müraciət etmələrini məsləhət görürük (8/242-245).

Üçüncü qrup rəvayətlər: İmam tərəfindən Zürarə barəsində məzəmmətedici sözlərin deyildiyinə dəlalət edən rəvayətlərdir. Seyyid Xoi bu rəvayətlərin də sənədlərini tək-tək təhlil edərək, əksəriyyətinin zəif olduğunu göstərmiş və belə demişdir:

Bu rəvayətlərə cavabımız budur ki, sənədlərinin zəiflikləri səbəbindən onların əksəriyyətinin məsum imam tərəfindən deyilməsi sübuta yetmir. Sənədləri səhih olan rəvayətlərin isə təqiyyə ilə deyildiyini və həmin hədislərdə gələn məzəmmətlərin Zürarənin reallığını əks etdirmək üçün deyil, məhz onu təhlükə və bəlalardan qorumaq üçün deyildiyini qəbul etmək lazımdır. Bu dediyimizi - Zürarənin mədhində gəlmiş müstəfiz həddə rəvayətlərdən əlavə - Abdullah ibn Zürarədən nəql olunmuş bu səhih hədis də təsdiqləyir:

عن عبد اللّه بنزرارة، قال: قال لي أبو عبد اللّه عليه السلام: اقرأ مني على والدك السلام وقلله: إني إنما أعيبك دفاعاً مني عنك، فإنّ الناس والعدو يسارعون إلى كلّ منقرّبناه وحمدنا مكانه لادخال الاذى في من نحبه ونقرّبه ويرمونه لمحبتنا له وقربهودنوّه منا، ويرون إدخال الاذى عليه وقتله ويحمدون كلّ من عيناه نحن فانما أعيبكلانك رجل اشتهرت بنا وبميلك إلينا وأنت في ذلك مذموم عند الناس غير محمود الاثربمودتك لنا ولميلك إلينا، فأحببت أن أعيبك ليحمدوا أمرك في الدين بعيبك ونقصكويكون بذلك منا دافع شرهم عنك. يقول اللّه عزّ وجلّ: (أما السفينة فكانتلمساكين يعملون في البحر فأردت أن أعيبها وكان ورائهم ملك يأخذ كلّ سفينةغصباً) هذا التنزيل من عند اللّه صالحة، لا واللّه ما عابها إلاّ لكي تسلم منالملك، ولا تعطب على يديه، ولقد كانت صالحة ليس للعيب فيها مساغ والحمد للّه،فافهم المثل يرحمك اللّه، فانك واللّه أحبّ الناس إلي وأحبّ أصحاب أبي حياًوميتاً. فانك أفضل سفن ذلك البحر القمقام الزاخر، وإنّ من ورائك ملكاً ظلوماًغصوباً يرقب عبور كلّ سفينة صالحة ترد من بحر الهدى ليأخذها غصباً ثم يغصبهاوأهلها، ورحمة اللّه عليك حياً ورحمته ورضوانه عليك ميتاً...

“Abdullah ibn Zürarədən belə nəql olunur: İmam Sadiq mənə dedi:

Atana məndən salam de. Ona de ki, mən onu məzh onu müdafiə etmək məqsədilə pisləyirəm. Camaat və düşmən2 əziyyət vermək üçün bizim yaxınımıza aldığımız, sevdiyimiz və təriflədiyimiz şəxslərin üstünə şığıyır, onları sevdiyimizə və onların bizə yaxınlıqlarına görə onlara iftira atır, əziyyət vermək və öldürmək istəyirlər. Sən bizimlə və bizə meylinlə məşhur bir şəxs olduğun üçün səni pisləyirəm. Sən bizim tərəfdarımız olduğun və bizi sevdiyin üçün camaatın nəzərində pis və məzəmmətə layiq hesab olunursan. Ona görə də səni pisləyirəm ki, bu pisləməmi görüb səni sevsinlər, tərifləsinlər və beləcə şərləri səndən uzaq olsun. Allah-taala buyurur: “Gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların önlərində hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi” (Kəhf surəsi, 79). Ayəyə diqqət et. Ayədə söz açılan gəmi saz vəziyyətdə idi. Peyğəmbər məhz padşah xarab olduğunu görüb toxunmasın və ələ keçirməsin deyə o gəmini xarab etdi. Elə isə bu məsəli yaxşı başa düş, Allah sənə rəhmət eləsin. Allaha and olsun, sən camaat içərisində, habelə atamın ölmüş və diri səhabələri içərisində mənə ən sevimli şəxssən. Sən o nəhəng və təlatümlü gəminin ən yaxşı gəmisisən. Sənin önündə malını-mülkünü qəsb etmək üçün hidayət dənizindən gələn hər saz gəmini güdən zalım və qəsbkar bir padşah vardır. Allah sağ ikən sənə rəhmət etsin, ölü ikən onun rəhməti və məğfirəti sənin üzərinə olsun...” (8/252-253).3

Bu hədis açıq-aşkar şəkildə göstərir ki, İmam Zürarəni məhz onu müdafiə etmək və onu düşmənlərin əzab-əziyyətindən qurtarmaqdan ötrü pisləmişdir. İmamın bu səhih hədisdə dediyi sözlər çox az adam barəsində deyilmişdir. İmamın bu hədisdə dediyi “sən camaat içərisində, habelə atamın ölmüş və diri səhabələri içərisində mənə ən sevimli şəxssən” sözü hər şeyə kifayət edir. Bu hədisin ardınca Seyyid Xoi oxşar məzmunda başqa bir neçə hədis də qeyd etmişdir.

Deməli, Zürarə İmamlar yanında kifayət qədər nüfuza malik xas şiələrdən olmuş, barəsində çoxlu müsbət sözlər deyilmiş və ən güclü fəqihlərdən sayılmışdır. Onun Əhli-Beytə dostluğu və sevgisi o həddə olmuşdur ki, bəzi hallarda məsum imamlar həyatına təhlükə yaranmasın deyə onun barəsində əks məzmunlu sözlər deməyə məcbur olmuşlar. Aydındır ki, bu sözlər onun məqamını alçatlmır, əksinə onun məsumlar üçün nə qədər dəyərli şəxsiyyət olduğunu göstərir.


1 Bir qəbilənin hansısa bir üzvünün qulu olmuş və sonradan azad edilmiş bir şəxsin həmin qəbiləyə (qulluq mənasında deyil, müttəfiqlik mənasında) tabe olması. (Red.)

2 Çox güman ki, xəlifə nəzərdə tutulur. (Red.)

3 Seyyid Xoi rəvayəti daha öncə 233-234-cü səhifələrdə qeyd etdiyi üçün burada qısa şəkildə nəql etmiş, biz isə onu geniş şəkildə təqdim etdik. (Red.)

 

313news.net

Рейтинг

В этом разделе