Sual:
Səlahəddin Əyyubi kimdir? Səlib yürüşçülərinə qarşı hansı xidmətləri olmuşdur? Şiələrə münasibəti necə idi? Fatimilər dövlətini necə devirmişdir?
Cavab:
Adı Yusif, atasının adı Əyyub, babasının adı Şazidir. Ləqəbi “Səlahəddin” (dinin rifahi, xeyri, faydası), nisbəsi isə “Əyyubi”dir.1 İslam tarixində ən məşhur sərkərdələrdən və dövlət başçılarından biri sayılır. Müsəlmanlar xeyrinə bir çox qələbələr əldə etmiş, ərazilər ələ keçirmiş, müsəlman ölkələrini avropalı səlibçilərin işğalları qarşısında müdafiə etmişdir.
Atası Nəcməddin Əyyub indiki İraqın Tikrit şəhərində yaşamış, Səlahəddin də həmin şəhərdə dünyaya gəlmişdir.2 Həmin vaxtlar Tikrit şəhərində kürdlər yaşayırdı və Səlahəddinin ailəsi də həmin kürd3 ailələrindən biri idi.4
Nəcməddin Əyyub İmadəddin Zənginin vaxtında Bəəlbək şəhərinin hakimi olmuşdur.5 Deyilənə görə, Səlahəddinin uşaq yaşlarından döyüş sənətinə böyük marağı olmuş, qılınc vurmağı və xəncər oynatmağı çox sevmişdir. Həmçinin ehtimallara görə, sonradan böyük cəhdlə yaymağa çalışdığı şafei fiqhi ilə tanışlığı da elə kiçik yaşlarından başlamışdır.6 Səlahəddin qatı və təəssübkeş şafei məzhəbi tərəfdarı olmuş, bir qədər sonra qeyd edəcəyimiz kimi, Misirdə hakimiyyətə yiyələndikdən sonra şiə məzhəbinin qarşısını alıb bu məzhəbi yaymağa çalışmışdır.
Səlahəddinin Misirə daxil olması və Fatimilərin süqutu
Xristianlar səlib yürüşlərinin ilk illərində bir çox müsəlman şəhərini tutmağa nail olmuşdular. Əldə edilən bu uğur və nailiyyətlər onları Fatimilər dövlətinin paytaxtı olan Qahirə şəhərini tutmağa şirnikləndirmişdi. Bu tamahla böyük sayda səlibçi Qahirə şəhərinə üz tutdu. Yol boyu bir neçə şəhəri ələ keçirib talan edən səlibçilər, Qahirənin yaxınlığına çatdılar. Tutulan şəhərlərin aqibətindən yaxşı xəbərdar olan qahirəlilər şəhəri təslim etmək istəməyərək, müqavimət göstərməyə başladılar. Həmin vaxt səlibçilər qarşısında tab gətirə bilməyəcəyini başa düşən Fatimi xəlifəsi Adid Səlcuqluların Hələb atabəyi Nurəddin Zəngiyə müraciət edərək, ondan kömək üçün hərbi qüvvə göndərməsini xahiş etdi. Bundan sonra “Nurəddin Zəngi (Səlahəddinin əmisi olan) Əsəduddin Şirkuhu Homsdan öz yanına çağırtdırdı. Ona 200 min dinar pul verib, lazımi geyim, minik və silahla təchiz etdi, qoşunu və qoşun xəzinəsini onun ixtiyarına verdi. Daha sonra öz adamlarından İzzəddin Xərdək, İzzəddin Qəlic, Şərəfuddin Tərəş, İzzuddövlə Baruqi, Qütbüddin Niyal bin Həssab Əl-Mənbəci və qardaşı oğlu Səlahəddin Yusif ibn Əyyubu ona qoşdu. Şirkuh Misirə yaxınlaşdığı vaxt avropalılar geriyə qayıtdılar. Beləcə Şirkuh çətinlik çəkmədən Misirə daxil oldu”.7
Misirə daxil olduqdan sonra ölkənin vəzirliyi Şirkuha keçdi.8 Lakin Şirkuhun qəfil ölümündən sonra ordu sərkərdələri arasında ixtilaf baş verdi. Nəticədə xəlifənin və bəzi ordu başçılarının səyi ilə Səlahəddin əmisinin vəzifəsini ələ keçirdi. Bir müddət sonra o, bütün işləri öz əlinə aldı. Bu ərəfədə Adid bərk xəstələndi və xəstəliyi nəticəsində vəfat etdi. Bundan sonra Səlahəddin Misirin şəriksiz liderinə çevrildi.
Səlahəddin və şiəlik
Şiəliyin Misirdə yayılması, əsas olaraq, Fatimilərlə bağlıdır. Fatimilər şiəliyi Misirin rəsmi məzhəbinə çevirmişdilər. Misirdən fərqli olaraq, digər müsəlman ölkələrində isə sünni məzhəbi rəsmi məzhəb hesab olunurdu.
Qeyd etmək lazımdır ki, tarix boyunca sünni hakimiyyətlərin şiələrə münasibəti xoşagəlməz olmuşdur. Onlar əksər hallarda şiəliyi aradan aparmağa çalışmış, şiələrə dözümsüz münasibət göstərmişlər. Hətta bir çox hallarda sünni hakimlər yəhudi və xristianlar kimi digər etiqad daşıyıcılarının nümayəndələrinə xoş münasibət göstərdikləri (və bəzən onları yüksək vəzifələrə təyin etdikləri) halda, şiələrə bunun əksini etmişlər.
Başda Səlahəddin Əyyubi olmaqla Əyyubi hökmdarları da bu şəkildə davranmışlar. S.Əyyubi böyük səylə şiəliyi Misirdə aradan aparmağa çalışmışdır. Onun bu münasibətinin müxtəlif səbəbləri ola bilsə də, məsələnin məzhəbi tərəfi gün kimi aydındır.
Səlahəddin bir tərəfdən qatı və sadiq bir şafei olaraq şiəlik kimi başqa bir məzhəbin varlığını qəbul edə bilmir, onlarla mübarizə aparmağı özünün dini vəzifələrindən biri hesab edirdi. Digər tərəfdən isə, Fatimilər dövləti şiəliyi rəsmi dövlət məzhəbinə çevirmiş və əsas tərəfdarları şiələrdən ibarət olan bir dövlət idi; Səlahəddin də bu dövləti devirmiş bir şəxs olaraq, şiələri özünə əsas rəqib hesab edir və onların nə vaxtsa özünə qarşı qiyam qaldıra biləcəklərindən ehtiyatlanırdı. Məhz bu səbəbdən də şiələrlə mübarizəyə girişmişdi. Lakin o, müharibələrinin çoxunu Misirdən kənarda apardığı üçün əsas hərbi qüvvəsini xaricdə cəmləmiş, ölkə daxilində az sayda hərbi qüvvə saxlamaqla kifayətlənmişdi. Buna görə də şiəliyə qarşı mübarizəsində əsas diqqəti məhz mədəni mübarizə üzərinə cəmləmişdi. Burada onun şiələrə qarşı yürütdüyü zalım siyasətin bir neçə nümunəsinə nəzər salaq:
1. Şiəliyin təlimi və şiə dini ayinlərinin icrasının qadağan edilməsi: Səlahəddin şiə alimlərini tədris mərkəzlərindən uzaqlaşdırmış, şiə məktəblərini ləğv edərək onları sünni məktəblərinə çevirmişdi. Fatimilərin böyük kitabxanasının yandırılmasını əmr etmişdi. Bütün bunlardan daha mühümü, şiə dini mərasimlərini qadağan etmiş, Aşura gününün sevinc və şadlıq günü kimi qeyd edilməsini göstəriş vermişdi.
2. Azandan “hayyə alə xayril-aməl” cümləsinin çıxarılmasını əmr etmişdi. Bu hadisə 1170-ci ildə, Zilhiccə ayında baş vermişdi.
3. Bütün xütbələrdə “raşidi xəlifələri”nin adının çəkilməsini əmr etmişdi.
4. Şiə qazıları məhkəmə işlərindən uzaqlaşdırmış, onların yerinə şafei qazılarını təyin etmişdi.
5. Səlahəddinin hakimiyyəti dövründə Misirin müxtəlif bölgələrində şiə üsyanları baş verirdi. Səlahəddinin izlədiyi üslub mədəni və ideoloji mübarizə üslubu olsa da, bir sıra hallarda onun mübarizəsi hərbi üsula əl atmaq şəklində təzahür edirdi. Şiələri təqib etmək Səlahəddinin valilərinin ən sevimli işi idi. Ümumiyyətlə, onun dövründə şiə olmaq cinayət sayılırdı.
Bu və bu kimi digər işlər Səlahəddinin şiəliyə qarşı münasibətinin yaxşı olmadığını göstərir.
Səlahəddin və səlib yürüşləri
“Səlib” yürüşləri dedikdə xristianların müsəlmanlara qarşı 1096-cı ildən başlayıb təxminən 2 əsr qədər davam etmiş və bir neçə mərhələdən ibarət olmuş hücumları başa düşülür. Bu mövzuda yazılmış ən təfsilatlı əsərlərdən biri İbn Əl-Əsirin “Əl-Kamil” əsəridir. Sözügedən kitabın 22-ci cildindən 24-cü cildinə qədərki cildlərində yer alan məlumatların təxminən 80%-i səlib yürüşləri və Səlahəddin barədədədir. Səlib müharibələri əsnasında Səlahəddin bir tərəfdən müxtəlif şəhərlərə bir sıra güclü hakimlər təyin edir, əcnəbilər daxil ola bilməsin deyə şəhərlərin müdafiəsini gücləndirdi, digər tərəfdən isə səlibçilər tərəfdən işğal edilmiş şəhərlərə hücumlar təşkil edib onları geri qaytarır, əsirlər ələ keçirir, düşmənləri qovub çıxarırdı. Onun əldə etdiyi uğurlar içərisində ən mühümü Qüdsün səlib işğalından azad edilməsi idi.
Səlahəddinin səlibçilərə qarşı apardığı mübarizə ona müsəlmanlar, xüsusən də sünni müsəlmanlar arasında böyük şöhrət və xüsusi hörmət qazandırmışdır. Lakin təbii ki, bu hörmət və şöhrət onun bütün işlərinə haqq qazandırmağa və onun əxlaq və şəriətə zidd əməllərini, xüsusilə də şiələrə və qeyri-şiələrə qarşı etdiyi işləri görməzdən gəlməyə səbəb ola bilməz.
Səlahəddin Əyyubi 1193-cü ildə Dəməşq şəhərində vəfat etmişdir.9
_______________________________
1 İbn Xəldun, “Divanul-mubtəda vəl-xəbər”: 1/316 (Beyrut, 1408 h.).
2 Zirikli, “Qamus”: 2/38 (Beyrut, 1989).
3 Səlahəddin Əyyubinin əslən azərbaycanlı olduğunu, onun mənsub olduğu Əyyubilər nəslinin isə Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən orta şərqə köçdükləri də deyilir. (red.)
4 Zirikli, “Əl-Əlam”: 3/138.
5 Davud Kazımpur, “Auda şiati-Mısr fi asri-Salahiddin əl-Əyyubi”: səh.143; “Fasilətut-tarix fi mir`atit-tahqiq”, beşinci il, say: 2, 1387 h.ş.
6 “Auda şiati-Mısr fi asri-Salahiddin əl-Əyyubi”: səh.143.
7 İbn Xəldun, “Tarix”: 5/330.
8 Zəhəbi, “Tarixul-islam”: 39/196.
9 İbn Əl-Əsir, “Əl-Kamil”: 29/78.
313news.net
Ərəbcə mətn: islamquest.net