Qədim şiə alimlərinin morfologiya, leksikologiya elmləri, əruz və şer sənətinin inkişafında yeri və rolu

»»

Qədim şiə alimlərinin morfologiya, leksikologiya elmləri, əruz və şer sənətinin inkişafında yeri və rolu

Ərəb morfologiya elminə dair ilk kitab yazmış şəxs şiə Əbu Osman Əl-Mazinidir.

Morfologiya elminə dair ən geniş həcmli kitab isə yenə şiə olan Məhəmməd ibn Həsən Əl-Əstərabadi Ət-Tusi tərəfindən qələmə alınmışdır. Onun morfologiya elminə dair yazdığı “Şərhuş-şafiyə” və sintaksis elminə dair yazdığı “Şərhul-kafiyə” kitabları öz sahələrində ən dəyərli əsərlərdən hesab olunurlar. Süyutinin məlumatına görə, Tusinin “Kafiyə” kitabına yazdığı şərh bu kitaba yazılmış şərhlər içərisində tayı-bənzəri olmayan ən üstün şərhdir.

Leksikologiya sahəsində də şiələr içərisindən nüfuzlu şəxsiyyətlər çıxmışdır. Bunların başında, heç şübhəsiz Xəlil ibn Əhməd Əl-Fərahidi dayanır. Xəlil şiə olmuş və imamətə dair kitab yazmışdır. Onun həmin kitabını Məhəmməd ibn Cəfər Əl-Maraği “Əl-Xəlili” adlı bir kitabda tam şəkildə gətirmiş və sonda mövzuya dair Xəlilin qeyd etmədiyi bəzi şeyləri əlavə etmişdir.  Əllamə Hilli “Əl-Xülasə” kitabında: “Xəlil ibn Əhməd ədəbiyyatda insanların ən üstünü olmuş, bu elmdə sözü qanun sayılmışdır. O, əruzun yaradıcısıdır. Fəzilətləri qeyd olunmağa ehtiyacı olmayacaq qədər məşhurdur. On iki imamçı şiə olmuşdur”, - demişdir.1

Həmçinin digər məşhur şiə leksikoloqlara misal olaraq Əban ibn Təlğib, İbn Həmdun Ən-Nədim (Əbül-Abbas Sələbin ustadı), İbn Düreyd Əl-Əzdi, Sahib ibn Əbbad (“Uyunu-əxbarir-Riza” kitabı onun üçün yazılmışdır) və digərlərini göstərə  bilərik.

Habelə, qeyd edildiyi kimi, əruz elmi də bir şiə - Xəlil ibn Əhməd Əl-Fərahidi tərəfindən yaradılmışdır. Xəlil və Sahib ibn Əbbad məşhur əruzçulardan hesab olunurlar.

Həmçinin, məşhur şairlər Qeys ibn Səd ibn Übadə (səhabə olmuşdur), Fərəzdəq, Kumeyl ibn Ziyad, Dibil Əl-Xüzai və Əbu Firas şiə məzhəbli olmuşlar. Şiə şairləri barədə ətraflı məlumatı “Əl-Ədəb fi zıllıt-təşəyyu” (Abdullah Nemət), “Təsisuş-şiə” (Həsən Sədr) və “Əl-Ğədir” (Əmini) kitablarından əldə etmək olar.

Təfsir sahəsində də şiələr öndə gedən kəslərdən olmuşlar. Əban ibn Təğlib (vəf. 758 m., əsəri: “Ğəribul-Quran”), Məhəmməd ibn Saib Əl-Kəlbi (İmam Sadiqin tələbələrindən olmuşdur, əsəri: “Ğəribul-Quran”), Əbu Rauq Ətiyyə ibn Haris Əl-Həmədani (əsəri: “Ğəribul-Quran”), Əbdür-Rəhman ibn Məhəmməd Əl-Əzdi (əsəri: “Ğəribul-Quran”) və Əbu Cəfər Əhməd ibn Məhəmməd Ət-Təbəri (vəf. 925 m., əsəri: “Ğəribul-Quran”)  bunlardandırlar.

____________________________

1 “Xülasə”: birinci hissə, səh. 67.

Mənbə: “Dauruş-şiə fi binail-hadaratil-islamiyyə”  kitabı

Müəllif: Cəfər Sübhani

313news.net

Рейтинг

В этом разделе