Ərəb morfologiya elminə dair ilk kitab yazmış şəxs şiə Əbu Osman Əl-Mazinidir.
Morfologiya elminə dair ən geniş həcmli kitab isə yenə şiə olan Məhəmməd ibn Həsən Əl-Əstərabadi Ət-Tusi tərəfindən qələmə alınmışdır. Onun morfologiya elminə dair yazdığı “Şərhuş-şafiyə” və sintaksis elminə dair yazdığı “Şərhul-kafiyə” kitabları öz sahələrində ən dəyərli əsərlərdən hesab olunurlar. Süyutinin məlumatına görə, Tusinin “Kafiyə” kitabına yazdığı şərh bu kitaba yazılmış şərhlər içərisində tayı-bənzəri olmayan ən üstün şərhdir.
Leksikologiya sahəsində də şiələr içərisindən nüfuzlu şəxsiyyətlər çıxmışdır. Bunların başında, heç şübhəsiz Xəlil ibn Əhməd Əl-Fərahidi dayanır. Xəlil şiə olmuş və imamətə dair kitab yazmışdır. Onun həmin kitabını Məhəmməd ibn Cəfər Əl-Maraği “Əl-Xəlili” adlı bir kitabda tam şəkildə gətirmiş və sonda mövzuya dair Xəlilin qeyd etmədiyi bəzi şeyləri əlavə etmişdir. Əllamə Hilli “Əl-Xülasə” kitabında: “Xəlil ibn Əhməd ədəbiyyatda insanların ən üstünü olmuş, bu elmdə sözü qanun sayılmışdır. O, əruzun yaradıcısıdır. Fəzilətləri qeyd olunmağa ehtiyacı olmayacaq qədər məşhurdur. On iki imamçı şiə olmuşdur”, - demişdir.1
Həmçinin digər məşhur şiə leksikoloqlara misal olaraq Əban ibn Təlğib, İbn Həmdun Ən-Nədim (Əbül-Abbas Sələbin ustadı), İbn Düreyd Əl-Əzdi, Sahib ibn Əbbad (“Uyunu-əxbarir-Riza” kitabı onun üçün yazılmışdır) və digərlərini göstərə bilərik.
Habelə, qeyd edildiyi kimi, əruz elmi də bir şiə - Xəlil ibn Əhməd Əl-Fərahidi tərəfindən yaradılmışdır. Xəlil və Sahib ibn Əbbad məşhur əruzçulardan hesab olunurlar.
Həmçinin, məşhur şairlər Qeys ibn Səd ibn Übadə (səhabə olmuşdur), Fərəzdəq, Kumeyl ibn Ziyad, Dibil Əl-Xüzai və Əbu Firas şiə məzhəbli olmuşlar. Şiə şairləri barədə ətraflı məlumatı “Əl-Ədəb fi zıllıt-təşəyyu” (Abdullah Nemət), “Təsisuş-şiə” (Həsən Sədr) və “Əl-Ğədir” (Əmini) kitablarından əldə etmək olar.
Təfsir sahəsində də şiələr öndə gedən kəslərdən olmuşlar. Əban ibn Təğlib (vəf. 758 m., əsəri: “Ğəribul-Quran”), Məhəmməd ibn Saib Əl-Kəlbi (İmam Sadiqin tələbələrindən olmuşdur, əsəri: “Ğəribul-Quran”), Əbu Rauq Ətiyyə ibn Haris Əl-Həmədani (əsəri: “Ğəribul-Quran”), Əbdür-Rəhman ibn Məhəmməd Əl-Əzdi (əsəri: “Ğəribul-Quran”) və Əbu Cəfər Əhməd ibn Məhəmməd Ət-Təbəri (vəf. 925 m., əsəri: “Ğəribul-Quran”) bunlardandırlar.
____________________________
1 “Xülasə”: birinci hissə, səh. 67.
Mənbə: “Dauruş-şiə fi binail-hadaratil-islamiyyə” kitabı
Müəllif: Cəfər Sübhani
313news.net