Qədim şiə alimlərinin “sirə” və “məğazi” elmlərində yeri və rolu

»»

Qədim şiə alimlərinin “sirə” və “məğazi” elmlərində yeri və rolu

Dövrün xəlifələrinin ciddi qadağasına baxmayaraq, şiələr Peyğəmbərin həyat yolu və hərbi yürüşləri barədə məlumatları dəyərli kitablar halında toplayıb gələcək nəsillərə ötürmüşlər. Belə şəxsiyyətlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

1. İbn İshaq (ölümü: m. 768): Şeyx Tusi “Rical” kitabında (səh.281) onun İmam Sadiqin səhabələrindən olduğunu demişdir. Peyğəmbər ailəsinə olan dostluğu səbəbindən İbn Həcər “Ət-Təqrib” əsərində (2/144) onun barəsində, “məğazi elminin öndəridir, doğru danışandır, müdəllisdir, şiəlikdə və qədərilikdə ittiham edilmişdir”, - demişdir.

Zəhəbi isə “Əl-Müxtəsər” kitabında onun barəsində, “elm dənizi və düzdanışan olmuşdur”, - demişdir.

Yafeinin “Tarix” kitabında Şubə ibn Həccacdan belə nəql olunur: “Məhəmməd ibn İshaq hədis elmində möminlərin əmiridir” (“Miratul-cinan”: 1/313).

Həmçinin Şafeidən belə nəql olunur: “Kim məğazi elminin dərinliyinə varmaq istəsə, (bu elmdə) Məhəmməd ibn İshaqın uşağı(sayılacaq)dır” (yaxud: Kim məğazi elminin dərinliyinə varmaq istəsə, (bilməlidir ki) Məhəmməd ibn İshaqın yanında uşaq sayılacaq). (“Tənqihul-məqal”, Mamaqani: 3/79, 1038).

Müsəlman tədqiqatçılar dünya kitabxanalarını gəzib İbn İshaqın “Sirə” kitabının orijinal-ana nüsxəsini tapmağa və bu nəfis xəzinəni nəşr etməyə çalışmalıdırlar. Bir vaxtlar şərqşünaslardan biri bu kitabın əsl nüsxəsini tapdığını bildirmiş və onu “İbn İshaqın sirəsi” adı altında çap etdirmişdi, lakin bu əsər “Sirə” kitabının hamısını deyil, yalnız bir hissəsini əhatə edirdi.

Bununla belə, İbn İshaqın “Sirə” kitabının orijinalının əlimizdə olmamasına baxmayaraq, xoşbəxtlikdən o, dağınıq halda da olsa müxtəlif tarix kitablarınnın tərkibində gəlmişdir. Məsələn, Təbərsi “Məcməul-bəyan”, İbn Əl-Cəvzi “Əl-Müntəzəm”, İbn Kəsir “Tarix” və başqaları da öz kitablarında bu kitabın məlumatlarını qeyd etmişlər. İndi tədqiqatçılara düşən bu məlumatları həmin mənbələrdən toplayıb bir araya yığmaqdır. (Əlbəttə, onu da qeyd etmək lazımdır ki, bu məlumatlar bir dəfə müxtəsər şəkildə toplanmış və “İbn Hişamın sirəsi” adı ilə tanınan kitab ərsəyə gəlmişdir).

2. Abdullah ibn Əbu Rafe: O, İbn İshaqdan əvvəl yaşamış və İmam Əlinin səhabələrindən olmuşdur. “Cəməl, Siffin və Nəhrəvan döyüşlərində möminlərin rəhbəri Əli ilə birgə döyüşmüş səhabələrin adları” adında bir kitab qələmə almışdır. Bu barədə məlumatı Şeyx Tusi vermişdir (“Əl-Fihrist”: səh.202). Lakin, adından da göründüyü kimi kitab Peyğəmbərin  “məğazi”si barədə deyil, İmam Əlinin “məğazi”si barədə olmuşdur. Bununla belə, “məğazi” sahəsində yazılmış ilk kitablardan olması səbəbindən onu önəmli əsərlərdən saymaq olar.

3. Cabir Əl-Cufi: O, bu sahəyə dair bir neçə kitab yazmışdır. Nəcaşi bunlardan “Kitabul-Cəməl”, “Kitabu-Siffin”, “Kitabu-Nəhrəvan”, “Kitabu-məqtəli-Əmiril-mumininin” (“Möminlərin rəhbərinin qətlə yetirilməsi”), “Kitabu-məqtəlil-Hüseyn” (“Ricalun-Nəcaşi”: 1/313, 330).

4. Əban ibn Osman Əl-Bəcli Əl-Kufi: Əbu Übeydə Əl-Muammar ibn Əl-Müsənna və Əbu Abdullah ibn Qasim ibn Səllam ondan dərs almış, şairlərin nəsəbləri, nəsəblər və qədimdə baş vermiş hadisələrlə bağlı ondan çoxlu faktlar nəql etmişlər. “Mübtəda, məğazi, vəfat və riddə” şərti adı ilə tanınan yaxşı bir kitab qələmə almış, burada Peyğəmbərimizə vəhyin gəlişi (mübtəda), onun yürüşləri (məğazi), vəfatı (vəfat), vəfatından sonra baş vermiş Səqifə hadisəsi və bəzi qəbilələrin dindən dönməsi (riddə) barədə məlumatlar qeyd etmişdir (“Ricalun-Nəcaşi”: 1/80, “Əl-Fihrist”: səh.62).

5. Əbu Mixnəf Lut ibn Yəhya Əl-Əzdi Əl-Ğamidi: “Məğazi” və “sirə” sahəsində məşhur şəxslərdən sayılır. “Kitabul-məğazi”, “Kitabus-Səqifə”, “Kitabur-riddə”, “Kitabu-futuhil-islam” və s. kmi kitablar yazmışdır (“Ricalun-Nəcaşi”: 2/384).

6. Nəsr ibn Müzahim: O da bu sahənin böyük şəxsiyyətlərindən olmuş və bu sahəyə dair çoxlu kitab yazmışdır. Bunlar içində bəlkə də ən məşhuru “Vaqatu-Siffin” kitabıdır (“Ricalun-Nəcaşi”: 2/191-192).

7. Hişam ibn Məhəmməd Əs-Saib Əl-Kəlbi: Nəsəb, sirə və məğazi elminin ən məşhur simasıdır. Nəcaşi onun barəsində mədhedici sözlər demiş, onun şiə olduğunu bildirmiş və daha sonra kitablarını sadalamışdır.

Burada adları çəkilən şəxslər ilkin islam dövlərində yaşayıb İslam mədəniyyətini sirə və məğazi yönündən zənginləşdirən şiələr barədə qısa məlumatdır. Sonrakı əsrlədə də bu sahədə saysız-hesabsız şiə alim yetişmişdir. Ətraflı məlumat almaq istəyənlər Seyyid Əmin Əl-Amulinin “Əyanuş-şiə” və Bozorg Tehraninin “Zəriə” kitablarına müraciət edə bilərlər.

________________________________

* “Sirə” – “həyat yolu” deməkdir. Bununla islam Peyğəmbərinin həyat və fəaliyyətini araşdıran elm nəzərdə tutulur.

** “Məğazi” – “ğəzv” (“yürüş”, “hücum”) sözündən yaranmışdır. Bununla islam Peyğəmbərinin zamanında baş vermiş hərbi yürüş və əməliyyatlarda bəhs edən və bu yürüş və əməliyyatların tarixini araşdıran elm nəzərdə tutulur.

Mənbə: “Dauruş-şiə fi binail-hadaratil-islamiyyə”  kitabı

Müəllif: Cəfər Sübhani

313news.net

Рейтинг

В этом разделе