Qədim şiə alimləri və ərəb sintaksis elmi

»»

Qədim şiə alimləri və ərəb sintaksis elmi

Qurani-Kərimin tədqiqi və öyrənilməsi bu işin açarı sayılan bir sıra elmlər olmadan mümkünsüzdür. Əgər bu elmlər olmasaydı, Quran başa düşülməz, onun dünyanın müxtəlif yerlərində yayılması mümkünsüz olardı. Əgər bu elmlər olmasa və inkişaf etməsəydi, bütün müsəlmanlar, hətta ərəblərin özləri belə Qurani-Kərimdən lazımınca yararlana bilməzdilər.

İslam fütuhatları genişləndikcə, ərəblər başqa millətlərlə qarışıb, onlarla bir mühitdə yaşamağa məcbur oldular. Bu amil ərəblərin başqa millətlərdən təsirlənməsinə və ərəb ədəbi dilinə ədəbi dilin qayda-qanunları ilə ziddiyyət təşkil edən bir sıra təsirlərin (bunları “dialekt” adlandırırlar) girməsinə səbəb oldu. Qısa müddət sonra bu dialektlər Quranın oxunuşuna da sirayət etdi. Belə olunca, Quranın oxunuşunun düzgünlüyünün təmin edilməsi zərurəti ilə əlaqədar dilin qayda-qanunlarının sistemləşdirilməsi ehtiyacı yarandı.

Beləliklə Əbül-Əsvəd Əd-Duvəli İmam Əlinin göstərişi ilə ərəb dilinin sintaksisinin (“nəhv” elminin) qayda-qanunlarını yazmağa başladı.

1. Əbül-Əsvəd Əd-Duvəli

Əbul-Əsvəd Əd-Duvəli ərəb sintaksis elminin yaradıcısı və ya yazıçısı hesab olunur. O, tabeilərin nüfuzlu şəxslərindən olmuş, İmam Əlinin ətrafında olmuş, onunla birgə Siffin döyüşündə iştirak etmiş, Bəsrədə ömür sürmüşdür.

Sintaksis alimi Şeyx Əbul-Həsən Səlamə Əş-Şami Əbül-Əsvədin fəaliyyəti barədə belə yazır: Bir gün Əbül-Əsvəd Əd-Duəli Əlinin yanına gəlir və Əlinin fikirli olduğunu görür. Əliyə deyir: “Nə olub, səni fikirli görürəm, ey möminlərin əmiri”. Əli deyir: “Bəzi şəxslərin dialektlə danışdığını gördüm. Buna görə də içində ərəb dilinin qaydalarını toplayacağım bir kitab yazmaq qərarına gəldim”. Əbül-Əsvəd deyir: “Əgər bunu etsən, camaatı məhvə uğramaqdan qurtararsan”. Bunu dedikdən sonra Əli ona içində belə yazılmış bir vərəq verir: “Bütün sözlər ya isim (yəni, ad qruplu sözlər: isimlər, sifətlər, saylar və s. – red.), ya fel, ya da “hərf” (köməkçi nitq hissələri – red.)dirlər. İsim dedikdə anlayış və ya məfhuma dəlalət edən söz başa düşülür. Fel dedikdə anlayış və ya məfhumun hərəkətinə dəlalət edən söz başa düşülür. Hərf dedikdə isə hansısa bir mənadan xəbər verən və nə isim, nə də fel olan söz başa düşülür.” Əli bu yazılanlara başqa şeyləri də əlavə edir. Daha sonra Əbül-Əsvəd Əlidən dediklərini bir yerə yazmaq üçün icazə istəyir, Əli də icazə verir. Bundan sonra Əbül-Əsvəd onun dediklərini bir kitabçaya yazır və Əlinin yanına gətirir. Əli kitabçaya bəzi əlavə və ixtisarlar edir.

Bütün bunlar Əbül-Əsvədin özündən nəql olunur. Başqa bir rəvayətə görə isə, Əli Əbül-Əsvədə bir kitabça verərək, “(sintaksisə dair kitab yazarkən) burada yazılanları təqib edərək (burada yazılan istiqamətdə) yaz”, - deyir. Buradan da sintaksis elminin ərəbcə adı -  “nəhv” (istiqamət, forma) adı formalaşır.1

Əbül-Əsvəd Əd-Duvəli ərəb dilininin sintaksisinin qayda-qanunlarını təkmilləşdirib dəqiqləşdirmiş, təsirlik halda olan isimlərlə adlıq halda olan isimləri, habelə isimlərlə felləri “erab əlamətləri” adlandırılan işarələrlə bir-birindən fərqləndirmişdi. Bütün tarixi mənbələr məzhəb baxımından şiə olan Əbül-Əsvədin ərəb sintaksis elminin ya yaradıcısı, ya da bu elmin qaydalarını ilk dəfə yazıya alan şəxs olduğunu bildirir. Əbdül-Əsvədin yazdıqları sonradan bu elmin əsas mənbələrindən birinə çevrildi. İbn Nədim yazır:

“Məhəmməd ibn İshaq deyir: Alimlərin əksəriyyəti sintaksis elminin Əbül-Əsvəddən başladığını, onun da bu elmi Əmirəlmöminin Əli ibn Əbu Talibdən öyrəndiyini bildirirlər... Təbəri yazır: Nəhv elmi Əbül-Əsvəd Əd-Duvəlinin dediyi “Əlidən (sintaksisi yazarkən) onun yazdığı formada (istiqamətdə) yazmaq üçün icazə istədim” sözündən yaranmışdır”.2

2. Xəlil ibn Əhməd Əl-Fərahidi

Əgər Əbül-Əsvəd Əd-Duvəli ərəb sintaksis elminin banisi sayılırsa, Xəlil ibn Əhməd Əl-Fərahidi də bu elmi “arıtlayan” və genişləndirən şəxs sayılır. Əbu Bəkr Məhəmməd ibn Həsən Əz-Zübeydi deyir:

“Xəlil ibn Əhməd: zəmanəsinin misilsiz şəxsiyyəti, ümmətin dahisi, dərrakəlilərin ustadı, dünyada tayı-bərabəri görülməyən bir şəxs olmuşdur. Sintaksis elmini genişləndirib ətraflı işləyən, bu elmin qayda-qanunlarının səbəbini göstərən, mənalarını açıqlayan, dəlillərini izah edən və onun ən yüksək zirvəsini fəth edən bir kəsdir.”

Daha sonra da qeyd edəcəyimiz kimi, Xəlil ibn Əhməd İmam Sadiqin tələbələrindən olmuşdur.

Sonradan hər iki məzhəbin nümayəndələrindən olan alimlər bu elmi daha inkişaf etdirmişlər. Əlbəttə, biz burada şiə qrammatiklərinin adını çəkərkən digər məzhəb nümayəndələri olan alimlərin zəhmət və işlərini görməzdən gəlmirik, sadəcə məqsəd şiələrin elmə verdikləri töhfələri qeyd etmək olduğundan yalnız onların adlarını qeyd edirik. Aşağıda ərəb sintaksis elminin görkəmli nümayəndələri olan digər şiələrə nəzər salaq:

3. Əta ibn Əbül-Əsvəd:

Şeyx Tusi yazır: “Əbül-Əsvəd Əd-Duvəlinin oğlu Əta. Hafiz Süyuti “Ət-Təbəqat” kitabında onun (böyük ərəb filoloqları olan – red.) Əl-Əsməi və Əbu Übeydənin müəllimi olduğunu demişdir”.3

4. Əbu Cəfər Məhəmməd ibn Həsən ibn Əbu Sara Ər-Rəvasi Əl-Kufi:

Süyuti yazır: “O, kufəlilər arasında sintaksisə dair kitab yazan ilk şəxsdir. Onun kitabı “Əl-Feysəl” adlanırdı. O, (Kufə qrammatika məktəbinin görkəmli nümayəndələri olan – red.) Kisainin və Fərranın ustadıdır”.4

Nəcaşi isə yazır: “O və atası İmam Baqir və İmam Sadiqdən hədis nəql etmişlər. Onun “Kitabul-vəqf vəl-ibtida”, “Kitabul-həmz” və “Kitabu-irabil-Quran” adında kitabları olmuşdur”.5

5. Zürarə ibn Əyənin qardaşı Humran ibn Əyən:

Böyük sintaksis alimi olmuş, bu elmin öndərlərindən sayılmış, hədis, leksikologiya və Quran elmlərini mükəmməl bilmişdir. Sintaksis elmini Əbül-Əsvədin oğlu Ətadan öyrənmişdir. Ondan da Fərra və yeddi qiraət sahiblərindən biri olan Həmzə öyrənmişdir. Hədis elmini İmam Səccad, İmam Baqir və İmam Sadiqdən öyrənmişdir. Ümumiyyətlə Əyən ailəsi Kufəninin böyük və ən sayılıb-seçilən şiə ailələrindən olmuşdur. Əbu Ğalib Ər-Razinin Əyən ailəsinin tərcümeyi-halına dair yazdığı traktatda Humran barəsində belə deyilir: “Humran şiələrin böyük şəxsiyyətlərindən idi, sintaksis və leksikologiya elmlərinin bilicisi idi”.6

6. Əbu Osman Bəkr ibn Məhəmməd Əl-Mazini:

Nəcaşi deyir: “Sintaksis, ərəb dili və leksikologiyası alimlərinin ağası olmuş, bu elmin məşhur öndərlərindən sayılmışdır. İmamiyyə alimlərindən olmuşdur. (Böyük şiə sxolastiklərindən olan) İsmayıl ibn Meysəmdən dərs almışdır. Dilçiliyə dair “Kitabus-sərf”, “Kitabu mə yəlhanu bihil-ammə” və “Ət-Təliq” əsərləri vardır”.7

7. İbn Sikkit:

Yaqub ibn İshad Əs-Sikkit. İmam Cavab və İmam Hadinin xas ardıcıllarından və yaxın şəxslərindən olmuşdur. İmam Cavaddan bir rəvayət və bir sıra məsələlər nəql etmişdir. Şiəliyinə görə xəlifə Mütəvəkkil tərəfindən öldürülmüşdür (bu hadisə məşhurdur). Ərəb dili və leksikologiyası sahəsində böyük şəxsiyyət olmuşdur. “İslahul-məntiq”, “Kitabul-əlfaz”, “Kitabu mət-təfəqa lafzuhu vəx-tələfə mə`nahu”, “Kitabul-addad”, “Kitabul-müzəkkər vəl-müənnəs”, “Kitabul-məqsur vəl-məmdud” və s. adda kitablar yazmışdır.8

8. İbn Həmdun:

Öz adı Əhməddir. Nəcaşi onu “leksikologiya alimlərinin görkəmli şəxsiyyəti və (böyük sintaksis alimi – red.) Əbül-Abbasın (Əbül-Abbas Sələbin) müəllimi” – kimi vəsf etmişdir. İmam Hadi və İmam Həsən Əskərinin xas adamlarından olmuşdur. Çoxlu kitabların müəllifidir.9

9. Əbu İshaq Ən-Nəhvi:

Adı Sələbə ibn Məymundur. Nəcaşi onun barəsində belə deyir: “Şiələrin böyüklərindəndir. Qari, fəqih, sintaksisçi, leksikolok və ravi olmuşdur. Yaxşı əməl sahibi, çox ibadətkar və zahid bir şəxs olmuşdur. İmam Sadiqdən və İmam Kazimdən hədis nəql etmişdir”.10

10. Qüteybə Ən-Nəhvi:

Nəcaşi onun barəsində deyir: “Qüteybə Ən-Nəhvi Əl-Cufi Əl-Kufi: ədib və qari olmuşdur. Çox günənilən şəxs hesab olunur. İmam Sadiqdən hədis nəql etmişdir.”11 Həmçinin Süyuti “Buğyətul-vua” kitabında onun barəsində məlumat vermişdir.

Bu qeyd etdiyimiz şəxslər yalnız hicri birinci əsrdə yaşamış şiə sintaksisçilərindən çox cüzi bir qismidir. Hicri 1-ci əsrdə və sonrakı əsrlərdə yaşamış digər şiə alimlərinin ad və tərcümeyi-hallarını qeyd etmək istəsək ayrıca bir kitab yazmağımız lazım olar. Lakin bu mövzuda Seyyid Həsən Əs-Sədrin yazdığı kitaba müraciət etmək kifayət edər. Müəllif bu kitabda 7-ci hicri əsrinə qədər yaşamış görkəmli şiə qrammatiklərindən 140 nəfər barədə məlumat vermişdir.

________________________________

1 Həsən Əs-Sədr, “Təsisuş-şiə”: səh.51.

2 İbn Nədim, “Fihrist”: səh.66.

3 “Təsisuş-şiə”: səh.65.

4 “Təsisuş-şiə”: səh.65.

5 “Rical”: 2/200, rəqəm: 884.

6 Əbu Ğalib, “Risalətun fi ali-Ə`yən”: səh. 2-3.

7 “Rical”: 1/272, rəqəm: 277. Onun barəsində İbn Nədim və Xətib Bağdadi də məlumat vermişlər.

8 Həmin mənbə: 2/425, rəqəm: 1215.

9 Həmin mənbə: 1/237, rəqəm: 228.

10 Həmin mənbə: 1/294, rəqəm: 300. Onun barəsində İbn Həcər də məlumat vermişdir.

11 Həmin mənbə: 2/185, rəqəm: 867.

Mənbə: “Dauruş-şiə fi binail-hadaratil-islamiyyə”  kitabı

Müəllif: Cəfər Sübhani

313news.net

Рейтинг

В этом разделе