Dünya və axirət xanımlarının səyyidəsi Fatimənin (sə) fəzilətləri

»»

Dünya və axirət xanımlarının səyyidəsi Fatimənin (sə) fəzilətləri

Bağışlayan və mehriban Allahın adı ilə

1. Yunus ibn Zəbyan İmam Sadiqdən (ə) nəql edib: Allah-təalanın dərgahında Fatimənin doqquz adı var: 1. Fatimə, 2 Siddiqə, 3 Mubarəkə, 4 Tahirə, 5 Zəkiyyə, 6. Raziyyə, 7. Mərziyyə, 8. Muhəddisə, 9. Zəhra. (Biharul-ənvar 43/10).

2. Rəsulullah (s): "Qızım ona görə Fatimə adlanıb ki, Allah onu, onun pak nəslini və onu sevənləri Cəhənnəmin odundan amanda saxlayıb" (Yənabiul məvəddə 395; Nurul-əbsar səh. 41).

3. Rəsulullah (s): "Allah-təala Fatimənin nurunu şölə saçan bir məşəl kimi xəlq etdi, sonra onu ərşin ətrafına asdı. Asimanı və yerin üzünü Fatimənin nuru ilə işıqlandırdı. Ona görə də Fatiməni Ərşdə Zəhra adlandırdı. Mələklər Allaha bu nura görə təsbih deyirdilər. Allah-təala buyurdu: İzzət və cəlalıma and içirəm ki, bu təsbihlərin səvabını Qiyamətin gününə qədər Fatiməni, Atasını, onun ərini və övladlarını sevənlərə əta edəcəyəm." (Biharul-ənvar 43/17).

4. Rəsulullah (s): "Mənim qızım Fatimə dünyanın əvvəlindən axırına qədər bütün qadınların seyyidəsidir. O mənim canımın bir parçasıdır, gözümün nurudur, qəlbimin meyvəsidir, bədənimdə olan ruhumdur, .... O insan simasında olan mələkdir." (Biharul-ənvar 43/73).

5. Rəsulullah (s): "Allah-təala ərşi qızım Fatimənin nurundan xəlq etdi. Qızım Fatimənin nuru Allahın nurundan xəlq olub" (Biharul-ənvar, 15/10).

أفضل نساء أهل الجنة خديجة بنت خويلد وفاطمة بنت محمد وآسية بنت مزاحم امرأة فرعون ومريم ابنة عمران رضي الله عنهن أجمعين


6. Rəsulullah (s): "Cənnət qadınlarının ən əfzəli Xədicə bintə Xuvəylid, Fatimə bintə Muhəmməd, Asya bintə Muzahim və Məryəm bintə İmrandır" (Musnəde Əhməd 1/293 hədis 2668).

7. Rəsulullah (s): "Fatimə! İstəmirsən ki, dünya xanımlarının və  bu ümmətin xanımlarının seyyidəsi olasan?" (Musnəde Əhməd 3/170 hədis 4740; Muslim 4/1904 hədis 2450; Buxari 5/2317 hədis 5928).

8. Rəsulullah (s): "Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbə gətirib" (Səhih Buxari, kitab fəzailu əshabin nəbiy, bab mənaqibu Fatimə, hədis 3767).

9. Rəsulullah (s): "Fatimə mənim canımın bir parçasıdır, onu incidən məni incidib" (Səhih Muslim, kitab fəzailul səhabə bab 15, hədis 6308,  səh 1108).

10. Rəsulullah (s): "Əgər Allah-təala Əlini xəlq etməsəydi yer üzündə bəni adəmdən Fatiməyə layiq zövc tapılmazdı" (əl-Fəqih, 3/169, hədis 4383).

11. Rəsulullah (s): "Mən də sizin kimi bir bəşərəm. Sizin kimi evlənirəm, amma qızım Fatimənin evlənmə hökmünün asimandan nazil olmasını gözləyirəm" (əl-Fəqih, 3/169, hədis 4382).

12. Rəsulullah (s): "Qızım Fatimə Qiyamətin günündə Məhşərə əlində qanlı köynəklə gələcək. Ərşdən yapışıb fəryad edəcək: "Ey Ədalət sahibi Mənimlə oğlumun qatili arasında hökm et!" Allah o zaman Fatimənin xahişi ilə hökm edəcək. And olsun Kəbənin Rəbbinə Allah Fatimənin qəzəbi ilə qəzəblənər onun razılığı ilə razı olar" (Uyunul əxbar, 2/8 hədis 8).

13. Rəsulullah (s): "Qiyamətin günü Allahın əmri ilə munadi səslənəcək: Ey Məhşər əhli! Gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı keçsin" (Uyunul əxbar, 2/25 hədis 55).

14. Rəsulullah (s): "Ey Əli! Dünya qadınlarının seyyidəsi və səndən sonra mənə ən əziz olan qızım Fatiməni sənə təzvic edirəm. Cənnət cavanlarının ağaları sizin iki övladınız olacaq. Məndən sonra zülm ilə qanlarına qəltan olan şəhidlər onların övladları olacaq. Allah onların vasitəsilə zalımın odunu söndürəcək, onların əli ilə haqqı dirildəcək və batili məhv edəcək. Onların sayı ilin aylarının sayı qədərdir. Axırıncısının arxasında İsa ibn Məryəm (ə.s) namaz qılacaq." (Qeybəte Nomani səh. 90).

15. Əbdullah ibn Səmurə: Rəsulullaha dedim: Ya rəsuləllah! Mənə nicat yolunu göstər! Həzrət (s) buyurdu: "Ey Səmurənin oğlu! Elə ki, gördün ara qarışdı və nəzərlər müxtəlif oldu onda Əlidən yapış! Çünki o mənim ümmətimin imamı və məndən sonra xəlifəmdir. O haqq ilə batili ayırandır. Hər kəs haqqı axtarsa Əli ona cavab verər. Hər kəs hidayət yolunu ondan soruşsa Əli onu hidayət edər. Hər kəs haqqı onun yanında axtarsa haqqı tapar. Hər kəs ona pənah apartsa asayişə yetişər. Hər kəs ona iqtida etsə onu hidayət edər. Ey Səmurənin oğlu! Hər kəs Əlini sevib ona təslim olsa amanda olar və onu rədd edib ona düşmən olan məhv olacaq. Ey Səmurənin oğlu! Əli məndəndir və ruhu mənim ruhumdandır. Onun tinəti mənim tinətimdəndir. Əli mənim qardaşımdır və mən də onun qardaşıyam. Dünyanın əvvəlindən axırına qədər bütün qadınların seyyidəsi olan qızım Fatimə (s.ə) onun zövcəsidir. İki oğlu Həsən və Hüseyn cənnət cavanlarının ağaları və ümmətimin imamlarıdır. Hüseynin doqquz övladı sonrakı imamlardırlar. Onların doqquzuncusu Qaimdir. Yer üzü zülm və sitəm ilə dolduğu bir zamanda onların doqquzuncusu qiyam edib yer üzünü ədalətlə dolduracaq" (Əmali şeyx Səduq 26).

16. Səid ibn Cubeyr İbn Abbasdan nəql edib: "Rəsulullahdan (s) Adəmin (ə) Allahdan tövbə etmək üçün öyrəndiyi kəlimələr haqqında soruşdum, O, Həzrət (s) buyurdu:  "İlahi Səni Muhəmməd, Əli, Fatimə, Həsən  və Hüseynin  haqqına and verirəm ki, mənim tövbəmi qəbul edəsən! Allah da onun tövbəsini qəbul etdi" (Əmali şeyx Səduq 26).

17. İmam Sadiq (ə): "Fatimə can verəndə Əliyə belə vəsiyyət etdi: Mən öləndən sonra özün mənim cənazəmə qüsl verib kəfən tut. Məni qəbrə qoyandan sonra qəbrimin üstünü yerlə bərabər et. Qəbrimin yanında üzümün muqabilində otur və çoxlu Quran oxuyub dua et. Çünki meyyitin həmin anlarda insanlarla üns bağlamağa çox ehtiyacı var....." (Mustədrəkul vəsail 2/33).

18. İmam Sadiq (ə): "Fatimə Əliyə vəsiyyət etdi ki, Əbu Bəkr və Ömərə onun ölüm xəbərini verməsin. Çünki mən istəmirəm onlar mənim cənazəmə namaz qılsınlar. Mənim təşiyyə cənazəmlə özün məşğul ol. Fatimə vəfat edəndən sonra İbn Abbas Əlinin yanına gəlib nə edəcəyini soruşdu. Əli dedi: Gecənin qaranlığında dəfn edəcəyəm......." (Mustədrəkul vəsail 2/304 hədis 2042)

19. İmam Əli (ə) "Fatimə Əliyə dedi: Ya Əbul Həsən mənim səndən bir istəyim var. Əli dedi: Ey Peyğəmbərin qızı hacətini istə ki, mən onu edim. Fatimə dedi: Səni and verirəm Allaha və Muhəmməd Rəsulullahın haqqına mən öləndən sonra filankəs və filankəs mənim cənazəmə namaz qılmasınlar" (Mustədrəkul vəsail 2/290 hədis 12992)

Rəsulullahın əzizinə zülm edənlərin peşman olmasının faydası olarmı?

20. "....Əbu Bəkr dedi: Dünyada heç bir şey haqqında təəssüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!" (İbn Cərir Təbəri "Tarixul-uməmi vəl-muluk" 2/353).

21. "....Əbu Bəkr dedi: Mənim əncam verdiyim üç işdən  başqa heç bir şeydən  qorxum yoxdur.....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim" (Məsudi "Murucuz-zəhəb" 2/194).

فوددت أني لم أكن كشفت بيت فاطمة وتركته

22. "....Əbu Bəkr dedi: Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar" (Təbərani "əl-Mucəmul-kəbir" 1/62).

23. "....Əbu Bəkr dedi: Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar" (İbn Əbil Hədid "Şərhu Nəhcul-bəlağə" 2/47).

أني لم أكن أكشف بيت فاطمة وتركته وإن كانوا قد غلقوه

24. "...Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar" (Muttəqi Hindi "Kənzul-ummal" 5/252, hədis 14113).

25. Aişə: "Fatimə (ə.s) Rəsulullahın (s) yanına gələndə o Həzrət onun üçün ayağa durardı və alnından öpüb yerində oturdardı" (əl-Mənaqib, 3/332).

26. Səhl ibn Əbdullah xəlifə Ömər ibn Əbdul Əzizin yanına gəlib dedi: Camaat şikayət edir ki, sən Fatimə övladlarını onlardan üstün tutursan. Ömər ibn Əbdul Əziz dedi: Mən etibarlı bir səhabədən eşitdim deyirdi, Rəsulullah (s) buyurub: "Fatimə mənim canımın bir parçasıdır, onu sevindirən  məni sevindirib, onu qəzəbləndirən məni qəzəbləndirib". And olsun Allaha mən Rəsulullahın razılığını qazanmağa çalışıram. Bilirəm ki, Rəsulullahın (s) razılığı Fatimənin razılığındadır və Fatimənin razılığı övladlarının razılığındadır (əl-Mənaqib, 3/332).

Elman İbadov

Рейтинг

В этом разделе