Hz. Fatimənin (s.ə) dəyəri - Şeyx Əli Ali-Muhsin

»»

Hz. Fatimənin (s.ə) dəyəri - Şeyx Əli Ali-Muhsin

Furat Əl-Kufi özünün “Təfsir” kitabında İmam Sadiqdən belə nəql etmişdir:

من عرف قدر فاطمة فقد أدرك ليلة القدر، وانّما سُمّيت فاطمة لأن الخلق فُطموا عن معرفتها

“Kim Fatimənin dəyərini bilsə, qədr gecəsini dərk etmişdir. Fatimə məxluqat onu tanımaqdan “fatm” (məhrum) olduğu üçün “Fatimə” adlanmışdır”.

Hədislə bağlı mülahizələr:

“Kim Fatimənin dəyərini bilsə”: Bu cümlə insanları hz. Fatimənin dəyərini bilməyə təşviq edir, onlara bu işin böyük savaba malik olduğunu çatdırır. Belə ki, hədisə görə, bu işi bacarmaq, qədr gecəsini dərk etməyə bərabərdir (bu barədə az sonra danışacağıq).

Burada belə bir sual yaranır: Hz. Fatimənin “dəyəri” dedikdə nə nəzərdə tutulur?

Hz. Fatimənin “dəyəri” dedikdə o xanım barəsində açıqlanan məqam, fəzilət və üstünlüklər nəzərdə tutulur. Peyğəmbər və imamlar camaata hz. Fatimənin dəyərini açıqlamış, o xanımın kim olduğunu bildirmişlər. Onlardan nəql olunan mötəbər hədislər o xanımın sahib olduğu  məqam və dərəcələrin bir çoxuna toxunmuş, onun bir çox fəzilətlərini açıqlamışdır. Məsələn, Peyğəmbəri-Əkrəm hz. Fatimənin bütün xanımların ən üstünü olduğunu söyləmişdir. Bütün müsəlmanlar bunu öz kitablarında nəql etmişlər. (Belə şəxslərdən biri Buxaridir. O, özünün “Səhih” kitabında (3/1117) Aişədən nəql etmişdir ki, Peyğəmbəri-Əkrəm hz. Fatiməni “Cənnət xanımlarının rəhbəri” və ya “möminlərin xanımlarının rəhbəri” adlandırmışdır).

“Kim Fatimənin dəyərini bilsə, qədr gecəsini dərk etmişdir”:

Qeyd: Ərəb dilində “ədrəkə” feli iki fərqli mənaya malikdir:

A - Dərk etmək, başa düşmək.

B - Yetişmək, çatmaq.

Məqalənin müəllifi hədisdəki “dərk” sözünü “idrak etmək” mənası əsasında deyil, digər məna – “çatmaq, yetişmək” mənası əsasında izah etmişdir. Buna əsasən, hədisi belə başa düşməliyik: “Kim Fatimənin dəyərini bilsə, qədr gecəsinə çatmışdır”. Digər alimlər isə cümlədəki “ədrəkə” felini “çatmaq-yetişmək” mənasında deyil, “dərk etmək-başa düşmək” mənasında izah etmişlər. Belə olunca, təbii ki, hədis daha fərqli məna daşımış olur.

Şeyx Əli Muhsin davam edərək yazır:

Bu cümlə iki cür başa düşülə bilər:

1. Kim hz. Fatimənin dəyərini bilsə, Allah-taala ona qədr gecəsinə yetişən, o gecəni oyaq qalıb Allaha ibadət edən adamın savabını bəxş edər. Bu gecədə ibadət etmək Qurani-Kərimə görə min ayda edilən ibadətdən daha üstündür. Deməli, kim o xanımın dəyərini bilsə, qədr gecəsinə yetişmiş, o gecə layiqli şəkildə ibadət etmiş və min ayın ibadətinin savabını qazanmış kimi olar.

2. Hz. Fatiməni tanımağın nəticələrindən və bərəkətlərindən biri qədr gecəsinə yetişməkdir. Allah o xanımın dəyərini bilən kəsləri həyatları boyunca qədr gecəsini görməyi və o gecəni yaşamağı nəsib edər.

“Fatimə məxluqat onu tanımaqdan “fatm” (məhrum) olduğu üçün “Fatimə” adlanmışdır”: Hz. Fatimənin “Fatimə” (ayıran, uzaqlaşdıran, məhrum edən) adının mənşəyi barədə bir-birindən fərqli (lakin bir o qədər yaxın mənalı) bir neçə səbəb göstərilmişdir.

Bəzi hədislərə görə, Allah o xanımın nəslini istər dünya, istərsə də axirət odundan uzaq (ayrı) etdiyinə görə o, belə adlanmışdır. (Bəzi hədislərdə bu üstünlüyün yalnız Həsən, Hüseyn, Zeynəb və Ümm-Külsümə aid olduğu bildirilmişdir).

Bəzi hədislərə görə isə, Allah o xanımın nəslini və onu sevənləri Cəhənnəm odundan uzaq etdiyinə görə o, belə adlanmışdır.

Bu hədisə görə isə, o xanımın adının mənası tam fərqli bir amillə izah olunur. Belə ki, bu hədisə əsasən, insanlar o xanımın həqiqətini dərk etməkdən aciz olduqları üçün o xanım “Fatimə” (ayıran, məhrum edən) adlanmışdır. Yəni, insanlar onu nə qədər tanısalar da, tam mənası ilə tanıya bilməz, onun həqiqi məqamını dərk edə bilməzlər. Onların onun barəsində bildikləri yalnız onun fəzilət və məqamlarından çox cüzi bir hissədir.

Burada belə bir sual yarana bilər: Hədisin əvvəlindən o xanımı tanımağın mümkün olduğu deyildiyi halda, sonunda onu tanımağın mümkünsüz olduğunun deyilməsini necə başa düşməliyik?

Qeyd edək ki, hədisin əvvəlində danışılan “dəyərini bilmə” məfhumu ilə o xanımın bütün xanımlardan üstün olması, məsumluğu, Allahın höccəti olması, Allahın onun razı qaldığı şeydən razı qalması, onun qəzəbləndiyi şeyə qəzəblənməsi və s. bu kimi digər fəzilətləri tanımaq və bilmək nəzərdə tutur.

Hədisin sonunda deyilən cümlə ilə isə, o xanımın həqiqətinin və Allah yanındakı həqiqi məqamının dərkedilməz olması nəzərdə tutulur.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе