Təcrübi elmlər baxımından İmam Mehdinin (ə.f) uzunömürlülüyü

»»

Təcrübi elmlər baxımından İmam Mehdinin (ə.f) uzunömürlülüyü

Müqəddimə

Məhdəviyyət mövzusunun ən mühüm və diqqəti cəlb edən məsələlərindən biri də İmam Mehdinin (ə.f) uzunömürlülüyü  məsələsidir. Bu movzu daim islam mütəfəkkirləri arasında diskusiya və müzakirə movzusu olmuş. Bu barədə müxtəlif iradlar və bu iradlara cavablar verilmişdi.

Bu yazıda isə məqsədim mövzunun dini qaynaqlarımızda qeyd olanlara (Quran və hədislərə) əsasən deyil, təcrübi elmlər vastəsi ilə araşdırılmasıdır. Güman edirəm ki, bu yazıda qeyd edilənlər dəyərli oxucular üçün faydalı və bu məslə barədə zehnlərindəki pərdəni az da olsa, kənara çəkə biləcək təsir gücünə malik olacaq.

Mövzunun təcrübi elmlər vasitəsi ilə araşdırılması

Ruhi və cismi xəstəliklər insan ömrünü qısaldan amillərdən biridir.

Allah-taala insanları yaratdıqda onların ömrünü birinin digərininki ilə müqayisədə bərabər təyin etməmişdir. Təcrübə və elmin də isbatladığı kimi, insan ömrünün müddətinin təbii amillərlə birbaşa əlaqəsi vardır. Yaşadığımız dünyada bir çox müxtəlif bakteriya, mikrob və virus növləri kəşf edilmişdir ki, insan həyatının müddətinə təsir etmə məsələsində bilavasitə rol oynaya bilər.

Bu məcmuənin bəzi amilləri insan yaşayışı üçün təhlükəli olub onun həyatını təhdid etməkdədir. Lakin onların varlığı da bəşərin naqis elmi sayəsində zədələnmiş ekosistemin dövr etməsi üçün zəruridir. Digər tərəfdən də bu gün bəşərin müdaxiləsi nəticəsində müxtəlif növ zərərli və öldürücü zəhərli maddələr yer kürəsində yayılmaqdadır. Maşınqayırma, yeyinti və digər sənaye məhsullarının qarışıq və zərərli tərkibi buna misal ola bilər. Həmçinin məlum statistik göstəricilərə əsasən, dünya cəmiyyətinin yüz milyondan çoxu aclıq və səfalət içindədir. Belə olan halda yer kürəsinin əhalisinin çox hissəsi ilkin gigiyenik vasitələrdən belə məhrumdurlar. Bunun nəticəsində insan bədəninin həyatverici qüvvələri yalnız qismən olaraq fəaliyyət göstərir, getdikcə zəifləyir və nəticədə bədən öz müqavimətini itirir.

Bəşərin özü üçün yaratdığı müəyyən çətinliklər nəticəsində qazanılan ruhi sarsıntıları da bu məcmuəyə əlavə etsək, məsələnin əhəmiyyəti bir az da artacaq. Həqiqətən də, ruhi sarsıntılar insan ömrünün tükənməsinə gətirib çıxaran amillərdəndir. Cismi xəstəliklərin 80%-i ruhi xəstəliklər və sarsıntılar nəticəsində baş verir. İnsan fiziologiyası ilə işləyən həkimlərin əksəriyyəti insan bədənindəki xəstəliklərin elə bədənin özündən və əsəb sisteminin pozulmasından qaynaqlandığını desə də, əsəb sisteminin özü də cismin bir hissəsi olub beyin vasitəsi ilə birbaşa ruha tabedir.

Sual oluna bilər ki, “bəs nəyə görə keçmiş zamanlarda da insanların həyatı qısa olub?” Cavabında deyərik ki, əgər keçmiş dedikdə uzaq keçmiş nəzərdə tutulursa, görəcəyik ki, o zamanlarda insanların ömrü bugünkü qədər qısa olmamışdır. Həmin dönəmlərdə statistik qurumlar və bu statistikanı qeyd edəcək təşkilatlar olmadığından onların yaşları və yaşadıqları müddət barədə məlumatlar bizə gəlib yetişməyib.  Lakin öz zamanında fərqlənən və cəmiyyətdə müəyyən statusa malik olan şəxslərin həyatı və onların uzunömürlülüyü  barədə məlumatlar tarixi, dini mətnlər vasitəsi ilə və yaxud da dildən-dilə ötürülərək günümüzə qədər gəlib çatmışdır. Biz bu məsələyə “Mövzunun Quran və hədislər vastəsi ilə araşdırılması” bölməsində işarə edəcəyik. Yox əgər keçmiş dedikdə yaxın keçmiş nəzərdə tutulursa, bunun da səbəbi uzaq keçmişdəkindən fərqli olaraq cəmiyyətdəki kütləvi artımdır. Cəmiyyət artdıqca isə onların tələbatlarının ödənilməsi, cismi və ruhi baxımdan sağlamlıq problemlərinin aradan qaldırılması çətinləşir. Bu baxımdan da həyat müddəti getdikcə qısalır.

Bu deyilənləri nəzərə almasaq belə, bu gün elm sübut edib ki, insan sosial tələbatlarından qaynaqlanan ehtiyaclarını doğru-düzgün ödəyib cismi və ruhi aramlığa və sağlamlığa nail olarsa, həyat müddətini uzada bilər. Bəşərə təcrübələr və ya digər vasitələr nəticəsində aydın olub ki, insanın həyatı və diri qalması üçün deyil, ölümü üçün səbəb lazımdır. Məhz elə buna görə də kiminsə ölüm xəbərini eşitdikdə dərhal “nədən öldü?”, “nə xəstəliyi vardı?” və s. soruşuruq.

Bu kiçik müqəddimədən sonra mövzu barədə əhatəli izahata başlayaq.

İmam Mehdinin (ə.f) sağ qalması barədə tibbi arqumentlər

Dünyadan köçən hər bir kəsin ölüm səbəbi hər hansısa bir xəstəlikdir. Tibb deyir ki, əgər hər bir insan gigiyenik qaydalara riayət edərsə, daim sağlam qalaraq uzun müddət yaşamağa qadirdir. Bu insan orqanizmindəki bütün hüceyrələrə də aiddir. Bu mənada ki, insan orqanizmini təşkil edən hər bir kiçik hüceyrə zərərli və məhvedici təsirlərdən uzaq olarsa, uzun müddət yaşama qabiliyyətinə malikdir.

Bioloq, fizioloq və cərrah Dr. Aleks Karl deyir: “Zaman ötməsi qocalığa gətirib çıxaran səbəb deyil”.

Dr. Karl “İnsan adlı məchul” kitabının beşinci fəslində bu barədə əhatəli şəkildə danışaraq qeyd edir ki, əgər qidaların tərkibi sabit saxlanılarsa (yəni, gen modifikasiyasına uğraramış sağlam qida qəbul edib sabit qida rasionuna malik olsaq), hüceyrələr kompleksi daim öz fəaliyyətinə davam edəcəkdir. Əgər həcmin artmasının (kökəlmənin) qarşısı alınarsa, insanda qocalma da baş verməyəcək.

Dr.Karl Amerikanın “Rokfeller” elmi-tədqiqat mərkəzində tədqiqatla məşğul olduğu zaman heyvanın bədənindən ayrılmış üzvünün heyvanın adi yaşayış müddətindən də çox saxlanılmasına nail olmuşdur. O, cücənin bədənindən ayrılmış üzvü 8 il diri və canlı saxlamağa nail olmuşdur. Bu alim öz elmi araşdırmaları və apardığı təcrübələr barədə ətraflı söhbət açaraq deyir: “Əgər diri hüceyrələrdə qida çatışmamazlığı olmayıb onlara mikrobların nüfuzunun qarşısı alınarsa, onlar davamlı olaraq sağ və diri qalacaqdır. Əlavə olaraq qeyd olunan bu üzvlər (hüceyrələr) heyvanın bədəninin bir parçası olduğu zaman inkişaf edib çoxalmağa malik olduqları kimi, diri olduqda da inkişaf və çoxalma qabiliyyətinə də malikdirlər. Hətta bu inkişaf və çoxalmanın əndazəsini onları qidalandırmaqla da ölçmək olar”.

Bu böyük alimin əhatəli araşdırmasının nəticəsi bundan ibarətdir ki, hüceyrələrin zəifləməsinin və onların fəaliyyətinin dayanmasının səbəbi zamanın ötməsi ola bilməz. Onlarda qocalığın azacıq da olsa təsiri müşahidə olunmur. Deməli, məlum olur ki, qocaqlıq səbəb deyil, nəticədir.

Qocalıq səbəb deyil, nəticədir

Dr. Aleks və həmçinin digər elm adamları bu təcrübəni insandan ayrılan ürək, böyrək, əzələ, dəri və s. üzvlər üzərində keçirmişlər. Nəticədə həmin üzvlərə lazımi qida maddəsinin ötürüldüyü müddətcə diri qaldığının və inkişaf etdiyinin şahidi olmuşlar.

Dr. Aleks toyuqdan ayrılmış bir ürək üzərində apardığı təcrübə zamanı onu qida maddələri ilə zəngin bir mühitdə saxlamışdır. Əldə etdiyi böyük elmi nailiyyət və nəticədən biri də zamanın ötməsinin həmin ürəyin zəifləməsinə, inkişaf və fəaliyyətinin dayanmasına az da olsa təsir etməməsi olmuşdur. Buna əsasən, alimlərin əldə etdiyi nəticə budur ki, lazımi qida maddələri və diri bir mövcudun ehtiyac duyduğu hər bir şey ona yetişərsə, zamanın ötməsi onun zəifləmə və qocalmasına azacıq da olsa, təsir etmə imkanına malik deyil.

Bu təcrübəni ilk dəfə heyvanlardan ayrılmış üzvlər üzərində aparan şəxs “Rokfeller” elmi-tədqiqat mərkəzində fəaliyyət göstərən Dr. Bob Lob olmuşdur. O, mayalandırılmış yumurta hüceyrələrindən qurbağaların inkişafını tədqiq etdiyi zaman onlardan bəzilərinin uzun müddət yaşadığını və bəzilərinin isə tez öldüyünü müşahidə etmişdir. Elə bu məsələ onun bu təcrübəni qurbağadan ayrılmış üzvlər üzərində həyata keçirməsinə bais olmuşdur. Bu təcrübələr nəticəsində onların uzun müddət diri qalmasına nail ola bilmişdir.

Qocalığın səbəb olmadığı aşkarlandıqdan sonra insanın nə üçün və hansı səbəbdən ölməsini və yaşayış müddətinin qısalmasını araşdırmaq maraqlı olardı.

Nəyə görə qocalırıq?! Bu sualın cavabında deyə bilərik ki, insanın və heyvanın bədən üzvləri çox və müxtəlifdir. Bu üzvlərin arasında müxtəlif rabitə və bağlılıq vardır ki, birinin həyatı digərinə bağlı və ondan üstündür. Əgər hər hansısa bir səbəbdən bu üzvlərdən biri zəifləyib ölərsə, digərlərinin də zəifləməsinə və nəticədə ölməsinə gətirib çıxaracaq. Buna dəlil olaraq mikrobların hücumundan baş verən ani ölümləri misal göstərmək olar. Bu məsələlər insanlardakı orta ömür müddətin 80 ildən az olmasına gətirib çıxarmışdır. Xüsusilə də bəzi uşaqlar bu təsirlər nəticəsində hələ körpə ikən dünyasını dəyişir. Bu günə qədər isbatlanan şey budur ki, bir şəxsin ölümünün səbəbi onun 70 və ya 80 il yaşaması deyil, hansısa xəstəlik və dağıdıcı amil bədən üzvlərindən (hüceyrələrindən) birinə həmlə edərək, onun müqavimətini sarsıdaraq məhv etməsidir. Üzvlər arasındakı rabitənin varlığını nəzərə alaraq deyə bilərik ki, bir üzvün ölməsi (hüceyrə kompleksinin dağılması) digərinin də zəifləməsi və nəticədə ölümünə gətirib çıxarır. Deməli, elm bu yan təsirlərin və insan orqanizminin məhvinə gətirib çıxaracaq amilləri zərərsizləşdirərək onların təsirinin qarışını alacaq vasitələri taparsa, artıq bir neçə yüz və ya min il yaşamaq üçün heç bir maneə olmayacaqdır.

Gofland adı ilə tanınmış almaniyalı alim bəşərin adi yaşayış müddətinin 200 il, 19-cu əsrin məşhur fiziloqu Flüger bunun 600, ingiltərəli Cou Bink isə min ilə bərabər olduğunu qeyd etmişlər. Lakin onlar bu dedikləri konkret yaş sərhədləri üçün heç bir dəlil təqdim etməmişlər.

Həkimlərdən biri deyir: “İnsanın ömrünün müddəti və həmin müddəti keçdikdən sonra yaşamasının qeyri-mümkün olması üçün heç bir hədd təyin olunmamışdır. İnsanın bədən üzvləri ayrı-ayrılıqda uzun müddət yaşamaq xüsusiyyətinə malik olaraq qurulub”.

Alimlərdən biri insan ömrünün digər varlıqların ömrü ilə müqayisəsi barədə geniş araşdırmalar apardıqdan sonra insan bədəninin min illərlə yaşamaq xüsusiyyətinə malik olaraq qurulduğu qənaətinə gəlmişdir.

İnsanın bədən üzvləri uzunmüddətli yaşayış qabiliyyətinə malikdir. Bəzi alimlər deyirlər: “Canlıların bədən üzvləri uzunmüddətli yaşamaq qabiliyyətinə malikdirlər. Heç bir hadisə baş verməzsə (yan təsirlər olmazsa), insan min illərlə ömür sürə bilər”.

“Cons Mans” Universitetinin müəllimi Raymon Virl deyir: “İnsanın bədən üzvlərini uzunmüddətli yaşamaq qabiliyyətinə malikdir. Bu məsələ dəfələrlə aparılmış təcrübələr nəticəsində də öz tsdiqini tapmışdır“.

“Kaliforniya” Universitetinin patoloji dəyişkənliklər üzrə mütəxəssisi olan Roy Li və Valfordun dediklərinə əsasən, qocalıq hüceyrələrin yerini dəyişməsindən qaynaqlanan uzunmüddətli bir xəstəlikdir. Qocaqlığın müəyyən mərhələləri maddələr mübadiləsinin, vəzilərdəki ifrazatın və s. pozulması kimi fiziologiyanın dağılmasındakı qanunauyğunluqlarla bağlıdır.

Qərb alimlərindən biri deyir ki, bağırsaqdakı mikrobların fermentasiyasından yaranan zəhərli maddələr və qəbizlik qocalığa gətirib çıxaran amillərdən olması mümkündür. Əgər bunların qarşısı alınarsa, insan ömrünün müddəti uzana bilər. Elmi cəhətdən də bu xəstəliyin müalicəsi mümkündür. Təcrübəli mütəxəssislərin səyi nəticəsində bu iş gələcəkdə praktiki olaraq həyata keçiriləcək.

Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, İmam Mehdinin (ə.f) uzunömürlü olması elm və əqlin ziddinə deyil. Bəlkə də, bu cür məsələlər yeni elmi kəşflərin yaranmasına səbəb olmuşdur. Belə ki bu inanc nəticədə bəşərin uzun müddət elmi araşdırmalardan sonra uzunömürlülüyün sirrini kəşf edəcəyinə gətirib çıxaracaq.

Bəşərin uzunömürlü olmasının mümkünlüyünü ortaya qoyan bir çox alimin apardıqları təcrübələr barədə məlumat verdik. Əldə etdiyimiz nəticə bundan ibarət oldu ki, əgər münbit şərait, düzgün qidalanma və yaşayış şərtləri, o cümlədən insanın sağlamlığına təsir edəcək kənar amillər olmazsa, uzunömürlülüyə nail olmaq olar.

İstisnalar barədə müzakirə

İmam Mehdinin (ə.f) uzunömürlülüyünün tarixdə analoqu görünməmiş və yeni bir məsələ olduğunu fərz edək. Bəs elmdə, ixtiralarda, incəsənətdə və s. sahələrdə qeyri-adi istedada malik vunderkindlərin analoqu varmı?! Əgər İmam Mehdinin (ə.f) uzunömürlü olmasını absurd hesab ediriksə, o zaman gərək qeyd edilən sahələrdəki qeyri-adi bacarığa malik olan insanların varlığını da absurd hesab edək. Halbuki istisnalar təbiətdəki heyvanlar, bitkilər və s. də özünü qabarıq şəkildə biruzə verir ki, onların bəzilərinə işarə edək:

a) Heyvanlar

Bəzi balinalar 1700 ilə qədər ömür  sürmüşlər.

Sabiq Sovetlər İttifaqının tədqiqatçı alimləri Şimal Qütbünə yaxın olan Yakutsk vilayətində neçə min illər bundan öncə o zamana qədər sağ qalmış bir ilbizin növünü tapmışdılar.

Atlanik okeanındakı balıqların 3 milyon il ömür sürdükləri müşahidə olunub ki, onların arasında neçə min il ömür sürən ilan balıqları da vardır.

Eyni halda yer üzündə elə heyvanlar vardır ki, bir neçə andan artıq ömür sürmür.

b) Bitkilər

Meksikada 2000 il ömür sürmüş bir Suri adlı ağac, Amerikada isə “Meşənin anası” adı ilə tanınan bir ağac vardır. Onun uzunluğu 300 addımdır (müasir tədqiqatçı və səyyahlardan bəziləri 400 addım olduğunu deyir). Onun gövdəsinin yerə yaxın olan hissəsinin eni 300 addım, qabığının qalınlığı isə 18 qarışdır.

Kaliforniyada 300 addım uzunluğu olan, 30 addıma yaxın ərazini əhatə edən və 6000 il yaşayan Kaci ağacı vardır. Bu ağacdan da qeyri-adisi Kanadanın adalarından olan (Cəzairül-Xalid kimi tanınmış) Tetrif adasının Urutava şəhərindədir. Bu ağacın əhatə etdiyi ərazi o qədər böyükdür ki, əgər on nəfər əl-ələ versələr belə, yenə də onun gövdəsini bütünlüklə dövrəyə ala bilmirlər. “Allahın aşkar nişanələri” kitabının müəllifi yazır: “1882-ci miladi ilidir. Artıq 482 ildi ki, o ada kəşf edilib. Bu ağac ada kəşf olunan gün necə idisə, heç bir dəyişikliyə uğramadan bu günə qədər də elə o cür qalıb. Belə ağaclar sürətli inkişaf prosesinə malik olmadığından kim bilir bu ağac neçə əsrlərlərdən sonrakı inkişaf nəticəsində bu səviyyəyə gəlib çatıb. Botaniklərdən biri bu ağacın yaşının təyin edilməsindən aciz olduğunu qeyd edərək “Bəşər bu sirri kəşf etməyə və bu ağacın təqribi yaşını belə təyin etməyə acizdir.”

c) Maddələr

Bütün mayelərin həcmi hərarət zamanı artır, kristallaşdıqda isə azalır. Halbuki su maye olduğu halda müstəsna olaraq bu qaydaya aid deyil. Əgər belə olmasaydı, qışda temperaturun aşağı düşməsi ilə çay, dəniz və okean sularının həcmi azalar və havada öz təsirini buraxardı.

İmam Mehdinin (ə.f) uzunömürlü olmasını absurd hesab edib inkar edənlərə demək lazmdır ki, necə ola bilər ki, bitkilərdə, heyvanlarda və təbiətdə istisnaların varlığını, onlardan bəzilərinin müstəsna olaraq ömrünün uzunluğunu qəbul edirsiniz, lakin Allahın höccəti olan İmam Mehdinin (ə.f) müstəsna olaraq uzunömürlü olmasını qəbul etməyib absurd hesab edirsiniz?! Allahpərəst olmayan bir şəxsin imamın uzünömürlülüyünü elmin də isbatladığı müstəsna hal olaraq qəbul etməsi gərəkdiyi halda bu mövzunu inkar etməsi təbii qarşılana bilər. Lakin bəzi Allahpərəstlərin, İsanın (ə) atasız dünyaya gəldiyini, Musanın (ə) əsasının əjdahaya çevrildiyini qəbul etdikləri halda İmam Mehdinin (ə.f) uzunömürlü olmasını inkar etmələri heç bir çərçivəyə sığmır. Məgər Allahın qüdrəti inandıqlarınıza çatır, lakin öz Höccətini diri və uzun müddət sağ saxlamağa çatmır?!

Mühit, qidalanma və tibbi preparatların təsiri

Son illərdə tibbin inkişafı nəticəsində canlı varlığın ömrünü uzatma xüsusiyyətinə malik olan dərmanlar kəşf edilib. Misal olaraq canlı varlıqların ömrünü iki dəfə artıran “Liostrol” adlı dərmanı göstərə bilərik. İngiltərəli bir doktor bu mövzu barədə geniş və əhatəli qeydlərinin birində deyir ki, alimlər meyvə həşəratlarının birinin ömrünün həmin növdən olan həşəratların adi yaşayış müddətindən 900 dəfə artırılmasına nail ola bilmişlər. Bu nailiyyətin səbəbi isə bu həşəratı zəhərli maddələr və onun həyatı üçün təhlükə törədəcək bütün amillərdən uzaqda saxlayıb onun üçün münasib yaşayış mühitinin hazırlanması olmuşdur. Deməli, belə bir mühit insan üçün də yaradılarsa, onun da ömrünün uzanmasına nail olmaq olar. Başqa sözlə desək, Peyğəmbər (s) və imamların (ə) nəql etdiyi hədislərdən aldığımız nəticə budur ki, onlar özlərinin, xüsusilə də İmam Mehdinin (ə.f) yaşayış tərzini bir növ fərqli və xariqüladə olaraq vəsf etmişlər. Xariqüladəlik isə qeyri-mümkün və absurd demək deyil. Elmi cəhətdən də hər bir xariqüladə işin absurd və ya qeyri-mümkün adlandırılması doğru hesab edilmir.

Bəşərin təbii və adi məsələlərə inamı

İnsanlar yaşadıqları müddətcə bir sıra təbii və adi məsələlərə adət edirlər ki, onun əksini duyduqda onu həqiqətdən uzaq və qeyri-mümkün hesab edirlər. Fəlsəfə deyir: “Təbiətdə baş verən hadisələr adi və nadir olmaqla yanaşı, bir çox qeyri-adi hadisələrin də baş verməsini müşahidə etmək mümkündür.  Bu şeylər dəqiq hesablamalar, arqumentlər əsasında dərk olunmadığından, onlar barədə dəqiq və qəti elmi dəlillər olmadığına görə inkar edilə bilməz”.

Diqqət olunası məqam budur ki, bugünkü elm bir çox şeyləri əhatə etməmişdir və hazırda bəşər bir çox şeylərin həqiqətindən qafildir. Bu məqamda bu sual yerinə düşərdi ki, uzunömürlülüyün qeyri-mümkün hesab edilərək inkar olunmasına dair hansısa əqli və məntiqi arqument varmı?! İndiyə qədər insanın yaşayış müddətini təyin edən (onun nə qədər olduğunu deyən) mövzular barədə yazılmış kitablar oxumusunuzmu?! Hansı alim və ya filosof insan ömrünün müddətini təyin etmişdir?!

İndi isə adi məsələni qeyri-adi məsələdən fərqləndirmək üçün bir misal çəkək. Buğda dənəsini adi halda bir-iki ildən artıq anbarda saxlamaq mümkün deyil. Lakin onu sünbülün üzərində 70-80 il və ya daha çox saxlamaq mümkündür. Belə ki Misir ehramlarında sağlam və inkişaf qabiliyyətinə malik sünbül üzərində olan buğda dənələri aşkarlanmışdır ki, bəzilərini əkmiş və yaşıllaşdığının şahidi olmuşlar. Bunlar adi halda iki ildən artıq qalması mümkün olmayan buğda dənələridir ki, saxlanma şəraiti dəyişdikdə onların qalma müddəti 2000 dəfə artmışdır. Belə ki bu ehramlardan tapılmış buğda dənələri 4000 il bundan öncəyə aiddir.

Bu yazılanlardan alınan nəticə budur ki, elmi cəhətdən müəyyən şəraitdə insanın uzun müddət diri qalmasının mümkünlüyü və onun min illər boyu yaşaması qeyri-mümkün hesab edilə bilməz. Çünki bu qeyri-təbii iş əqli baxımdan qeyri-mümkün deyil və onun inkarı üçün də heç bir qəti arqument yoxdur.

Bəhruz Camal

313news.net

Рейтинг

В этом разделе