Şeyx Muhəmməd əl-Munəccid: «Allah Adəmi Öz surətində yaratdı» hədisinin şərhi

»»

Şeyx Muhəmməd əl-Munəccid: «Allah Adəmi Öz surətində yaratdı» hədisinin şərhi

Sual:

Rəsulullahın (s) «Allah Adəmi Öz surətində yaratdı» hədisində «Öz surətində» kimə aiddir və bu hədis necə başa düşülməlidir?

Cavab:

Əlhəmdulillah.

əl-Buxari (6227) və Müslim (2841) Əbu Hureyrədən nəql edirlər ki, Rəsulullah (s) buyurdu: «Allah Adəmi öz surətində yaratdı və o, 60 dirsək uzunluğunda idi. Allah onu yaratdıqda buyurdu: «Get (orada) oturmuş mələkələrin yanına, onları salamla və sənin salamına necə cavab verdiklərinə qulaq as. Çünki bu sənin və sənin nəslinin salamlaması olacaq.» Beləliklə, Adəm dedi: «əs-salamu əleykum.» Onlar cavab verdilər: «əs-salamu əleykə və rəhmətullah.» Beləcə onlar «və rəhmətullah» sözünü əlavə etdilər. Hər cənnətə girən şəxs Adəmin surətində olacaq, lakin insan nəsli bu günə qədər kiçilməkdə davam etdi.»

Müslim (2612) rəvayət edir ki, Əbu Hureyrə dedi: Rəsulullah (s) buyurdu: «Sizlərdən kimsə qardaşı ilə döyüşsə, üzündən vurmaqdan çəkinsin. Çünki Allah Adəmi Öz surətində yaratdı.»

İbn Əbi Asim «əs-Sünnə» kitabında (517) rəvayət edir ki, İbn Ömər dedi: Rəsulullah (s) buyurdu: «Allah səni çirkinləşdirsin» deyə qarğış etməyin, çünki Adəm övladı Rəhmanın surətində yaradılıb.» Şeyx Abdullah bin əl-Ğunəyman (h) dedi: «Bu hədis səhihdir və imamlar da, həmçinin İmam Əhməd və İshaq bin Rahəveyh səhih hesab ediblər. Bu hədisi zəif hesab edənlərin İbn Xuzeymənin (hədisin zəif olması) fikrindən başqa bir dəlilləri yoxdur. Lakin, bu hədisi səhih hesab edənlər ondan daha biliklidirlər.»

Həmçinin İbn Asim (516) rəvayət edir ki, Əbu Hureyrə dedi: Rəsulullah (s) buyurdu: «Sizlərdən kimsə qardaşı ilə döyüşsə, üzündən vurmaqdan çəkinsin. Çünki Allah Adəmi öz surətində yaratdı.» Şeyx əl-Albani dedi: «Sənədi səhihdir.»

Bu iki hədis göstərir ki, «Öz surətində» ifadəsindəki əvəzlik Allaha-Təalaya aiddir.

ət-Tirmizi (3234) İbn Abbasdan nəql edir ki, Rəsulullah (s) buyurdu: «Rəbbim mənə ən gözəl surətdə göründü və dedi: «Ya Muhəmməd.» Mən cavab verdim: «Ya Rəbbim, buyur, əmrinə amadəyəm.» Allah buyurdu: «Bu böyük mələklər nə barədə mübahisə edirlər?...» əl-Albani «Səhih ət-Tirmizi» kitabında səhih hesab etmişdir.

Şəfaət haqqında uzun bir hədisdə deyilir: «...sonra əl-Cabbar (yəni, Allah) onu ilk dəfə gördüklərindən fərqli bir surətdə gələcək...» əl-Buxari (7440) və Müslim (182) rəvayət etmişdir.

Bu hədislərdən öyrənirik ki, Allah-Təalanın özünəlayiq surəti olması sabitdir. Allahın surəti Onun sifətlərindən biridir və Onun zatı yaradılmışların zatına bənzəmədiyi kimi sifətləri də yaradılmışların sifətlərinə də bənzəməz.

Şeyxul-İslam İbn Teymiyyə dedi: «Bu hədisdəki «surət» sözü (hədislərdə) rəvayət edilmiş digər ad və sifətlər kimi məhdud çərçivədə məxluqlara da aid edilə bilər. Bu sözlər Allaha aid ediləndə mütləq məna daşıyırlar. Məsələn: «əl-Alim» (Hər şeyi bilən), «əl-Qədir» (Hər şeyə qüdrəti çatan), «ər-Rəhim» (Ən rəhimli), «əs-Səmi» (Hər şeyi eşidən), «əl-Bəsir» (Hər şeyi görən) və həmçinin «Əlləri ilə yaratması», «Ərşə yüksəlməsi» və s.» (bax: Nəqd ət-təsis, c.3, s.396)

Lüğətdə «surət» sözünün mənası: şəkil, forma, vücud, sifət. Mövcud olan hər bir şey surətə malik olmalıdır. Şeyxul-İslam dedi: «Mövcud olan hər bir şey sifətə malik olduğu kimi surətə də malik olmalıdır. Mövcud olan bir şeyin surətə malik olmaması mümkün deyil.»

(«Allah Adəmi Öz surətində yaratdı» hədisini gəldikdə isə) dedi: «İlk üç nəsil sələf arasında hədisdəki əvəzliyin Allaha aid olması barədə ixtilaf yoxdur və bu, bir çox səhabədən bir çox sənədlərlə rəvayət edilmişdir. Hədislərin məzmunu buna (yəni, «Öz» əvəzliyinin Allaha aid olmasına) işarə edir... lakin III əsrdə Cəhmiyyə firqəsi meydana çıxdıqda bəziləri (hədisdəki) əvəzliyin Allahdan qeyri bir kəsə aid olduğunu iddia etməyə başladılar və bu, elmləri ilə və bir çox məsələlərdə sünnəyə əməl etmələri ilə məşhur olan Əbu Səur, İbn Xuzeymə, Əbu əş-Şeyx əl-İsfəhani və s. kimi bir qrup alimlərdən nəql edilmişdir. Beləliklə, onlar İslam imamlarına və digər sünni alimlərinə əks çıxdılar.» (bax: Nəqd ət-təsis, c.3, s.302)

İbn Quteybə (r) dedi: «Allahın surətə malik olması Onun iki ələ, barmaqlara, yaxud gözlərə malik olmasından daha təəccüblü deyil. Əksinə, Quranda zikr olunduqları üçün onlar qəbul edilirlər. Lakin bu fikir (yəni, surət) təəccüb doğurur, çünki Quranda zikr edilməyib. Bununla belə, biz onların hamısına iman edirik, lakin necəliyini müzakirə etmirik.» (Təvil muxtəlif əl-hədis, s.221)

Şeyx əl-Ğunəyman dedi: «Beləliklə, surətin digər ilahi sifətlər kimi olması aydındır. Allahın vəhylə sabit etdiyi hər bir sifəti biz isbat etməli və ona iman gətirməliyik.» (Şərh Kitab ət-təuhid min Səhih əl-Buxari, c.2, s.41)

Şeyx İbn Bazdan (r) soruşurlar: Peyğəmbərin (s) «Allah səni çirkinləşdirsin» deməyi barədə hədis rəvayət edilib. Həmçinin buyurur ki, «Allah Adəmi öz surətində yaratdı.» Bu hədisi düzgün şəkildə necə başa düşək?

Cavab: «Peyğəmbərin (s) belə dediyi sabit olmuşdur: «Sizlərdən kimsə (digərini) vursa, üzündən vurmaqdan çəkinsin. Çünki Allah Adəmi Öz surətində yaradıb.» Digər bir versiyaya görə «Rəhmanın surətində.» Bu, təşbih1 və təmsil2 deyil.

Alimlərin fikrincə, Allah Adəmi eşitmək və görmək, istədiyi zaman danışmaq qabiliyyəti ilə yaratdı. Allah da bu sifətlərə malikdir, axı O hər şeyi eşidən, hər şeyi görəndir. O, istədiyi vaxt danışar və Onun vəchi (üzü) vardır.

Lakin bu o demək deyildir ki, Allahın surəti ilə məxluqu arasında təşbih və təmsil var. Allahın hər şeyi eşidən, hər şeyi görən olması, istədiyi vaxt danışması nəzərdə tutulur və O, Adəmi də eşitmək, görmək qabiliyyəti ilə, üz, əllər və ayaqlara (pəncələr) malik şəkildə yaradıb. Lakin insanın eşitməyi Allahın eşitməyi kimi deyil, görməyi Allahın görməyi kimi deyil, danışmağı Allahın danışmağı kimi deyil. Allah öz böyüklüyünə və əzəmətinə layiq sifətlərə malikdir, insan da özünə uyğun sifətlərə malikdir və insanın sifətləri qeyri-kamil və məhduddur. Ancaq Allahın sifətləri kamil, qüsursuz, hüdudsuz və sonsuzdur. Belə ki, Allah buyurur: «Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir.» (əş-Şura, 11) «Onun heç bir tayı-bərabəri yoxdur.» (İxlas, 4) Ona görə də  bir kəsin üzünə vurmaq və «Allah səni çirkinləşdirsin» demək olmaz.»  (bax: Məcmu əl-fətava əş-Şeyx İbn Baz, c.4, s.226)

Bu hədisin başa düşülməsində Peyğəmbərdən (s) rəvayət edilən başqa bir hədis yardımçı olacaq. Hədis belədir: «Cənnətə ilk daxil olacaq şəxslər ay surətində olacaqlar.» (əl-Buxari (3245) və Müslim (2834) rəvayət etmişdir). Peyğəmbər (s) burada demək istəyir ki, cənnətə ilk daxil olan zümrə insan formasında olacaq, ancaq onların təmizliyi, gözəlliyi, üzlərindəki nura görə aya bənzəyəcəklər, buna görə də aya bənzədiliblər, lakin ay ilə mütləq şəkildə oxşar deyillər. Ona görə də «bir şey digər bir şeyin surətindədir» demək, onunla bütün aspektlərdə eyni olması mənasına gəlmir.

Peyğəmbərin (s) «Adəm Onun surətində yaradılıb» sözlərinin mənası budur ki, Allah onu Öz surətində yaratdı. Onun da üzü, gözü, əli, ayağı var, Adəmin də üzü, gözü, əli və ayağı var... lakin bu o demək deyil ki, bunlar təmamilə eynidir. Müəyyən oxşarlıqlar var, lakin mütləq şəkildə eyni deyillər. Necə ki, cənnətə girəcək ilk zümrə aya bənzədilib, lakin mütləq şəkildə eyni deyillər. Bu, əhli-sünnə vəl-cəmaətin – Allahın heç bir sifəti məxluqların sifətlərinə bənzədilə bilməz və bu sifətlər təhrif olunmadan, mənasından çıxarılmadan, necəliyi müzakirə edilmədən və məxluqa bənzədilmədən qəbul edilir – fikrini dəstəkləyir. (bax: Şeyx Muhəmməd bin Useymin, Şərh əl-əqidə əl-vasitiyyə, c.1, s.107, 293)

Əlavə məlumat üçün Şeyx əl-Ğunəymanın «Şərh Kitab ət-Təuhid min Səhih əl-Buxari» kitabına (c.2, s.33-98) müraciət edə bilərsiniz. Şeyx burada Şeyxul-islam İbn Teymiyyədən (r) kəlam əhlinin və onlarla razılaşanların bu hədisə verdikləri yanlış izahatı təkzib edən böyük həcmdə sitat qeyd etmişdir.

Allah daha yaxşı bilir.

MƏNBƏ: http://islamqa.com/ar/ref/20652

1 Təşbih: Allaha xas olan hüquq və sifətlərdə Onun bənzərinin olduğunu isbat etmək.

2 Təmsil: Eyniləşdirmək anlamındadır. Yəni, Allaha xas olan hüquq və sifətlərdə Onun eynisinin olduğunu isbat etmək.

Vacib qeyd:

1960-cı ildə ər-Riyadda anadan olan Şeyx Muhəmməd əl-Munəccid İslam fiqhini Əbdül-Əziz bin Bazın yanında öyrənmişdir. İbn Baz onu dərs deməyə ruhlandırmış, sonra əd-Dəmmam şəhərindəki Dəvət və İrşad Mərkəzinə yazdıraraq dərs və xütbə demək şəraiti yaratmışdır. Beləliklə, İbn Bazın təkidi nəticəsində əl-Munəccid imam, xətib və müəllim olmuşdur.

Onun müəllimləri arasında Salih bin əl-Fauzan, Əbdür-Rəhman əl-Bərrak, Muhəmməd bin əl-Useymin, Abdullah bin Cibrini saymaq olar.

Hal-hazırda Səudiyyə Ərəbistanının ən vacib neft-sənaye mərkəzlərindən biri olan əl-Xubar şəhərində Ömər bin Əbdül-Əziz adına məsciddə Təfsir İbn Kəsir, Səhih əl-Buxarinin şərhi, Sünən ət-Tirmizinin şərhi, Muhəmməd bin Əbdül-Vəhhabın ət-Təuhid kitabının şərhi, Şeyxul-İslam İbn Teymiyyənin fətvaları üzrə dərs deyir.

1997-ci ildə Şeyx əl-Munəccid tərəfindən yaradılan www.islamqa.com saytı Səudiyyə Ərəbistanında İslamı təbliğ edən ilk internet sayt hesab edilir. Hal-hazırda sayt 11 dildə fəaliyyət göstərir. www.almunajjid.com saytında Şeyxin video və səs yayımları toplanmışdır.

Bundan əlavə, Şeyx əl-Munəccid 8 saytı özündə birləşdirən www.islam.ws şəbəkəsinə rəhbərlik edir.

Рейтинг

В этом разделе