Şiələrin əsli məcusi və yəhudilərə dayanır?

»»

Şiələrin əsli məcusi və yəhudilərə dayanır?

İnternet saytından ünvanlanmış sualın məzmunu:

Şiələrin əsli məcusi və yəhudilərə dayanır? Belə ki, İranlı şiələrin zahiri görkəmləri yəhudi və məcusilərə bənzəyir.

Cavab:

Allaha şükür şiələr müsəlmandırlar, çünki, kəlmeyi-şəhadəti deyir, Allahın məbudluğunu və peyğəmbərin nübuvvət və risalətini etiraf edir, islami ayinləri icra edir, gündəlik 5 namazı qılır, zəkatı verir, ramazan ayının orucunu tutur, Allahın evinə həccə gedir, Allahdan başqa məbuda ibadət etmirlər. Şiə kitabları dünyanın hər yerində yayılıb. Kim istəsə insaf və düşüncə əsasında kitabları oxusun və düşmənlərin dedikləri yalan və iftiraları bir kənara qoysun.

İran camaatı Əməvi dövləti, Abbasi dövləti  və digər hakimiyyətlərin zamanında sünni məzhəbinə mənsub idilər. Daha sonra, bundan yüz illər əvvəl şiə oldular. Əgər kökləri 1400 ildən öncəki zamanda, islamdan öncəki bir vaxtda məcusi idisə, o zaman İranın sünnilərdən olan keçmiş insanları da məcusi olublar. Lakin həqiqətdə bu hal onlara heç bir zərər yetirməz. Çünki islam əvvəldə olanları silib atır. Müsəlmanların hamısı islamdan əvvəl ya bütə və ya başqa şeylərə ibadət edən müşriklər olub, ya da yəhudi, xristian və ya məcusi dinində olublar. Yoxsa düşünürsən ki, əhli-sünnə Adəmdən bu yana haqq üzərində (tovhid əhli) olublar?

Әgər özünə nəzər yetirsən görərsən ki, islamdan öncə bütə sitayiş edən, şərab içən, qız uşaqlarını diri-diri torpağa basdıran, pis işlərdən əl çəkməyən bəzi səhabələrə təzim edirsən. Həmçinin, islamdan öncə yəhudi və ya xristian dinində olan bəzi səhabələrə təzim edirsiz. Ancaq islam həyatları gözəl olduqdan sonra bu keçmişin onlara heç bir ziyan vurmadığını düşünürsüz. Belə olan halda, nəyə görə şiənin kökünü araşdırır, onun kökünün yəhudi və məcusi olduğunu güman edirsən, ancaq digərlərinin köklərini görməzlikdən gəlirsən?

Sənə veriləcək ən önəmli sual budur ki, şiənin kökünü araşdırmaqda məqsədin nədir? Görəsən onların islamdan öncə etdikləri əmələ görə, hətta Allahdan başqa bütün ilah və məbudlardan uzaq durduqları halda indikilərimi qınayacaqsınız?

Yoxsa sən Allahın “Sizə salam verən (beləliklə, müsəlman olduğunu bildirən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin!” (Nisa, 94) ayəsinə xilaf çıxaraq, indiki şiələrin islamında insanları şəkkə salıb onların hələ də yəhudilik və məcusilikdə qalmaqda davam etdiklərini deyərək, onlara töhmətmi vurmaq istəyirsən?

Bilmirsən ki, ay qardaş, İranda sünni də var, şiə də? Yoxsa məcusilik və yəhudilikdən təşəkkül tapmış şəxslərin yalnız şiə olduqlarına, həmçinin İrandakı sünnilərin köklərinin Kisra və Yezdəgerdin zamanından bəri tövhid əhli olduqlarına inanırsan?

Şiənin yalnız İranda yaşadıqlarını düşünürsən? Şiələrin İraq, Liviya, Şam, körfəz ölkələri və s. kimi bir çox ölkələrdə yayıldıqlarını və İran camaatının şiə olmasından yüz illər öncə şiəliyin bu məntəqələrdə olduğunu bilmirsən?

Әgər İrana qarşı hansısa siyasi mövqedəsənsə və ya ona qarşı şəxsi düşmənçiliyin varsa, o zaman İranın yalnızca şiə məzhəbli ölkə olmadığına gərək diqqət edəsən.

Əgər sənin İran hökümətinə qarşı hər hansı bir siyasi mövqeyin, yaxud şəxsi düşmənçiliyin varsa, o zaman bilməlisən ki, İran demək, şiə məzhəbi demək deyildir.

İrana qarşı düşmənçiliyin səni şiə məzhəbinə qarşı düşmənçiliyə sövq etməsin. Necə ki, sünni hökümətlərdə olan çatışmazlıqları heç vaxt sünni məzhəblərinə aid etmirsən, eləcə də İran barəsində düşündüyün bütün çatışmazlıqların şiə məzhəbi ilə heç bir əlaqəsi yoxdu.

Bundan əlavə, İranda olduğuna inandığının məcusi və yəhudiliyin əlamətləri hansılardır görəsən? Çünki, İrana səyahət edən, onun siyasi mövqelərini, Livandakı və Fələstindəki müqavimət hərəkatına olan dəstəyini təhlil edən, iran xalqına və onun islamla əlaqəsinə nəzər salan hər kəs bilir ki, bu söz ortada baş verənlərdən xəbəri olmayan kəsin sözüdür və sadəcə olaraq digərlərinin sözlərini düşünüb araşdırmadan dilində təkrarlayır.

Ey qardaşım...

Düşüncəli və diqqətli ol. Eşitdiyin hər yalan və iftiranı tez təsdiqləmə. Şiə əleyhinə deyilən bütün sözlər üzrü olmayan yalan və iftiralardır.

Nəsihət edirəm ki, ey qardaşım, islamın haram edib müsəlmanları ondan çəkindirdiyi təəssübkeşliyi cəmiyyət arasında oyatmayasan. Ərəblə fars arasında təqvadan savayı başqa bir fərq yoxdur. Müsəlman millətlər arasında dil, rəng və milliyyətləri fərqlənsə belə, aralarında fərq yoxdur. Çünki Allah xarici görünüşlərinizə deyil, düşüncə və əməllərinizə baxır.

Həmçinin səmimi nəsihətim budur ki, ey qardaşım, hadisələrə insafla nəzər yetirəsən ki, qərb imperialist qüvvələrinin müsəlmanları parçalamaq və vəhdətlərini aradan aparmaq üçün etdikləri hiylələrinə aldanmayasan. Əgər insafli araşdırmaçısansa, o zaman hər hansı bir höküməti müəyyən məzhəbin haqq və ya batil olması üçün meyar qərar vermə. Necə ki, sünni məzhəblərinə onlara dəvət edib yayan sünni hökümətlərindən asılı olmayaraq nəzər yetirisən, eləcə də İran və qeyri-iran olmasından asılı olmayaraq şiə məzhəbinin özünə nəzər yetir.

Vəssalamu aleykum və rəhmətullah.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе