Sələfi alimi Saleh ibn Abdullah əd-Dərvişin "Nəhcül-bəlağə" haqqında şübhəsinə cavab

»»

Sələfi alimi Saleh ibn Abdullah əd-Dərvişin "Nəhcül-bəlağə" haqqında şübhəsinə cavab

Saleh ibn Abdullah Əd-Dərviş Şeyx Cəfər Sübhaniyə ünvanladığı bir məktubda Nəhcül-Bəlağənin İmam Əliyə mənsubluğuna şübhə ilə yanaşaraq belə yazır:

... والصنعة الأدبية ظاهرة على أبوابه ومحتوياته، فيمكن لكم المقارنة بين البلاغة العربية في عهد النبوة وما كان عليه أمير المؤمنين من فصاحة وبلاغة... وكتاب النهج وما فيه من سجع متكلف، وغرائب في بعض الألفاظ وما ساد في بلاغة القرن الرابع ـ زمن جامع الكتاب ـ وأقل ما يقال فيه أنّه: زاد فيه، وأيضاً انقطاع السند بين جامعه وقائله وبين ذلك خرط القتاد

“...Nəhcül-Bəlağənin ehtiva etdiyi mətnlərin ədəbi fəaliyyət məhsulu olması aşkar görünür. Peyğəmbərin zamanında mövcud olan, habelə Əmirəlmöminin Əlinin sahib olduğu fəsahət və bəlağət ilə Nəhcül-Bəlağə kitabını və ondakı süni “səc” (qafiyələnmə və vəznlənmə) və qəribə sözləri – kitabın toplandığı dördüncü əsrdə yayılmış bəlağət normalarını nəzərə almaqla – müqayisə etdikdə, ən azı kitaba müəyyən əlavələr edildiyini demək olur. Hələ buna kitabı toplayan ilə kitabdakı sözlərin müəllifinin arasındakı sənəd zəncirinin qopuqluğunu əlavə etsək, bu deyilənlər daha çox əhəmiyyət qazanır”.

Cavab:

Sizin tutduğunuz bu irad ilk dəfə İbn Xallikan tərəfindən ortaya atılmışdır. İbn Xallikan Nəhcül-Bəlağə kitabını Şərif Rəziyə nisbət verməklə kitab barəsində şübhə yaradan ilk şəxsdir.

Ondan sonra Safədi, ondan sonra da digər yazıçılar eyni mövqeni tutmuşlar. Onlar kitabın sizin qeyd etdiyiniz ədəbiliyini və oradakı qafiyələnmə və vəznlənməni əsas tutaraq, kitabdakı mətnlərin müəllif (Şərif Rəzi) tərəfindən qələmə alındığını iddia etmişlər. Biz bu barədə sizə yazdığımız birinci məktubda (14-20-ci səhifələrdə) danışmış və belə demişdik: Şərif Rəzi İmam Əlinin məktublarını, yazılarını və sözlərini toplayan ilk adam deyil. Ondan qabaq çox sayda şəxs (onların adlarını və kitablarının adlarını sadalamışdıq) bu işi görmüşlər. Şərif Rəzinin əksər mətnlərin mənbəsini qeyd etməyə lüzum görməməsi, başqa səbəbdən deyil, məhz onun qeyd etdiyi mətnlərin səhihliyinə əmin olmasına görə olmuşdur. Mənbəsini qeyd etdiyi məntləri isə, məhz səhihliyinə qəti şəkildə əmin olmaması səbəbindən belə etmişdir. Baxın Rəzidən qabaq yaşamış böyük tarixçi Məsudi İmam Əlinin xütbələri barədə nə deyir:

والّذي حفظ الناس عن الإمام من خطبه في سائر مقاماتهم هو أربعمائة ونيف وثمانون خطبة يوردها على البديهة تداول الناس ذلك عنه قولاً وعملاً

“Camaat İmamın bədahətən söylədiyi xütbələrindən 480-dən artığını hifz etmişlər. Onlar bu xütbələri şifahi və əməli şəkildə bir-birlərinə ötürmüşlər”. (Murucuz-zəhəb: 2/45).

Biz bu barədə ötən məktubda geniş danışmışdıq. Görünür işlərinizin çoxluğu səbəbindən həmin hissəni oxumağa fürsətiniz olmayıb. Özünüz də məktubunuzda buna işarə edərək, “mən bu məktubu tələsik yazır və işlərimin çoxluğu səbəbindən üzrxahlığımı bildirirəm”, - demişsiniz.

Hər halda, qeyd etdiyiniz şübhəyə: kitabdakı mətnlərin ədəbi fəaliyyətin məhsulu olması şübhəsinə qayıdaq. Bu şübhə Məhəmməd Muhyiddin Əl-Misrinin Məhəmməd ibn Əbduhun "Nəhcül-Bəlağə"yə yazdığı şərhdə qeyd etdiyi dörd şübhədən biridir. O yazır:

أنّ فيه من السجع والنميق اللفظي وآثار الصنعة ما لم يعهده عصر علي، ولا عرفه، وإنّما ذلك شيء طرأ على العربية بعد العصر الجاهلي وصدر الإسلام، وافتتن به أدباء العصر العباسي و الشريف الرضي جاء من بعد ذلك على ما ألفوه فصنف الكتاب على نهجهم وطريقتهم.

“Bu kitabda Əlinin dövründə mövcud olmayan və yayılmayan növdən vəznlənmə, qafiyələnmə və ədəbilik vardır. Bu üslub məhz cahiliyyə və ilkin islam dövründən sonrakı dövrdə meydana çıxmış, Abbasilər dövrünün ədibləri bu üsluba məftun olmuşlar. Sonralar Şərif Rəzi gəlib bu üslubda bu kitabı qələmə almışdır.”

Sonra elə özü həmin müqəddimədə bu irada cavab verərək belə demişdir:

ليس ما في الكتاب كله سجعاً، وما فيه من السجع فهو ممّا لم تدع إليه الصنعة، ولا اقتضاه الكلف بالمحسنات، وأكثره ممّا يأتي عفواً بلا كد خاطر ولا تجشم هول، ومثله في عبارات عصره واقع، ومن عرف أنّ ابن أبي طالب كان حامي عرين الفصاحة وابن بجدتها لم يعسر عليه التسليم.

“Kitabda mövcud olan mətnlərin hamısı qafiyəli və vəznli deyildir. Qafiyəli və vəznli olan mətnlər də ədəbi fəaliyyətin və süni qafiyəyaratma meylinin məhsulu deyildir. Mətnlərin əksəriyyəti öncədən düşünülmədən bədahətən deyilmiş mətnlərdirlər. Bu növ cümlələr Əlinin dövründə yaşamış başqa şəxslərin sözlərində də mövcuddur. Əli ibn Əbu Talibin necə fəsahət sahibi olduğunu bilən kəslər kitabdakı mətnlərin ona məxsus olmasına şübhə etməzlər”. (Nəhcül-bəlağə, Şərhul-imam Muhamməd Əbduh: səh. “vav”).

Yaxşı olar ki, Nəhcül-bəlağə kitabındakı mətnlərin süni düz-qoş olmadan, bədahətən deyilməsini bilmək üçün, Abbasilər dövründə geniş yayılmış “süni səc” (qafiyələndirmə və vəznləndirmə) janrının bir nümunəsinə nəzər salaq.

Məşhur “Əl-Məqamat” əsərinin müəllifi Əbu Məhəmməd Qasim ibn Əli ibn Məhəmməd ibn Osman Əl-Misri yazır:

فمذ اغبر العيش الأخضر، وازوّر المحبوب الأصفر، اسودّ يومي الأبيض، وابيض فؤادي الأشيب، حتّى رثى لي العدو الأزرق، فياحبذا الموت الأحمر

“Fə-muz uğbirul-ayşəl-axdar, və uzəvvirul-məhbubəl-asfar, usəvvidu yaumil-abyad, ubayyidu fuadil-əşyəb, hattə rasə lil-aduvvul-əzraq, fə-ya habbəzəl-mautul-əhmar”.

Bu sözlərlə İmam Əlinin dünyaya aldanmamaqla bağlı dediyi bu cümləni müqayisə edin:

فإنّ الدنيا قد أدبرت، وآذنت بوداع، وإنّ الآخرة قد أشرفت باطّلاع، ألا وإنّ اليوم المضمار وغداً السباق، والسبقة الجنة، والغاية النار، أفلا تائب من خطيئته قبل منيته؟

“Fə-innəd-dunyə qad ədbarat, və əzənət bi-vədain, və innəl-əxiratə qad əşrəfət bittilain, ələ və innəl-yauməl-midmara və ğadənis-sibaqa, vəs-səbəqatul-cənnətu vəl-ğayətun-naru, ə fəla təibun min xatiətihi qablə məniyyətihi”.

Əmirəlmöminin hamının qəbul etdiyi kimi, öz dövrlərini çox-çox qabaqlamış fitri istedadlı şəxslərdən olmuşdur. Zövqünə və ədəbi biliklərinə hörmət edən heç kəs Nəhcül-bəlağədəki kəlamların ona məxsus olmasına şübhə etməz. Nəhcül-bəlağəni toplayan Şərif Rəzi “Əl-Məcazatun-nəbəviyyə” (“Peyğəmbərin dilindən çıxmış məcazi mənalı sözlər”) adında başqa bir kitab da yazmışdır. Bu kitab dəfələrlə çap edilmişdir. İki kitab arasında yeganə fərq birincinin Peyğəmbərin adından, ikincinin isə onun tələbəsinin adından qələmə alınmasıdır. Lakin nə hikmətdirsə, birinci kitab barəsində heç kim şübhə etməmiş, amma ikincidə etmişdir! Maraqlıdır, görəsən nə üçün? Müəllif də eynidir, üslublar da eyni.

Cəfər Sübhani

313news.net

Рейтинг

В этом разделе