Şiə kəlamı ilə mötəzilə kəlamı arasındakı fərqlər

»»

Şiə kəlamı ilə mötəzilə kəlamı arasındakı fərqlər

Mötəzilə məzhəbi ilə ümumi tanışlıq

Mötəzilə məzhəbinin bönövrəsini Həsən Bəsrinin tələbəsi olmuş Vasil ibn Ata qoymuşdur. Həsən Bəsri tabeinlərdən olmuş və hicri-qəməri təqvimilə 111-ci ildə vəfat etmişdir. Günlərin birində Vasil ibn Ata müəlliminin minbərinin kənarında əyləşmişdi, bu zaman bir nəfər gəlib Həsən Bəsridən soruşdu ki, böyük günah edən şəxs mömindir ya kafir? Bu şəxsin verdiyi sual xəvaric əqidəsinə bənzəyirdi, çünki xaricilərə görə böyük günah edənlər kafirdirlər və əbədi olaraq cəhənnəmdə qalacaqlarına inanırlar. Xilafət məsələsindən sonra müsəlmanlar arasında ortaya çıxan ilk kəlami məsələ bu olmuşdur.

Müəllimi cavab verməmişdən əvvəl tələbə (Vasil ibn Ata) dedi: “Nə mömindir, nə də kafirdir, bu ikisi arasında bir yerdədir. Bunu deyib oradakılardan ayrıldı və dirəyə söykənərək öz fikrini təqrir etməyə (möhkəmlətməyə, bəyan etməyə) başladı.

Bu məsələ mötəzilə adlı yeni bir cərəyanın üzə çıxmasına səbəb oldu. Mötəzilə adlanmasının səbəbi isə müəllimi Həsən Bəsridən ayrılması (اعتزل عن الحسن-Həsəndən ayrıldı) olduğu deyilir. Mötəzilə kəlamının çox hissəsi İmam Әlinin (əleyhissəlam) xütbələrindən götürülüb. Buna görə də mötəzilə alimləri öz fikirlərini Hz. Әlidən (əleyhissəlam) aldıqlarını etiraf edirlər. Bu səbəbdən mötəzilə məzhəbi bəzi məsələlərdə şiələr ilə müvafiq və bəzilərində isə müxalifdir. Mötəzilə məzhəbi öz ardıcılları tərəfindən hicri 6-7 ci əsrədək davam gətirdi, lakin sonra Səlahəddin Әyyubi mötəziləyə son qoydu və həmin məzhəbdən əsər-əlamət qalmadı. Buna baxmayaraq mötəzilə məzhəbi, hələ də Yəməndə mövcuddur. Təəssüflər olsun ki, yəmən şiələri fiqh baxımından hənəfi, əqaid baxımından isə mötəzilidirlər. Mötəzilə məzhəbinin kitabları Yəməndə çoxdur. Әbdün-Nasirin zamanında bir dəstə Yəmənə gedərək mötəzilə kitablarından nümunələr götürərək onları Misirdə çap etdilər. Çap olunan kitablardan biri də mötəzilə məzhəbinin əsaslı kitablarından sayılan Qazi Әbdül-Cabbarın "əl-Müğni" kitabıdır.

Mötəzilə və imamiyyə arasındakı oxşarlıqlar

Mötəzilə məzhəbi şiələr ilə iki məsələdə müştərəkdirlər: tövhid və ədalət...

Tövhid, yəni Allahın cisim və məxluqa bənzəməkdən uzaq olduğunu bilmək, tənzih etməkdir (yəni, onun şəriki olmadığına, bütün eyib-nöqsanlardan uzaq olmasına etiqad bəsləməkdir).

Әdalət, yəni Allah ədalətlidir, zülm etməz. Bu iki məzhəb zati yaxşılıq və pisliyin ağıl tərəfindən dərk oluna biləcəyinə inanırlar.

Mötəzilənin şüarı tövhid və ədalətdir. Mötəziləyə görə tövhid, təkcə Allahı şəriksiz və yeganə bilmək deyil, əksinə həqiqi tövhid Allahı cisim bilməmək, məxluqata bənzəməyin (təşbih və oxşarlığın) Onun zatına yol tapmayacağına inanmaqdır.

Bundan əlavə mötəzilə şiələrin inandıqları ədalət prinsipinə də inanırlar. Onlara görə ağıl əşya və feillərdəki gözəlliyi, həmçinin ədaləti dərk edir.

Mötəzilə ilə şiə arasındakı fərqlər

1. Böyük günah sahibi

Aradakı ilk fərq böyük günaha mürtəkib olmuş şəxs barəsindədir. İmamiyyəyə görə böyük günaha mürtəkib olan kəs nə xəvaricin dediyi kimi kafir, nə də mötəzilənin dediyi kimi imanla küfür arasında qalmışdır (əl-mənzilətu beynəl-mənziləteyn). İmamiyyəyə görə böyük günah sahibi fasiq mömindir. Fasiq, yəni günahkar, Allaha itaətsizlik etmiş kəsdir.

İmamiyyəyə görə imanla küfr arasında orta yer yoxdur, çünki insan, ya mömindir, ya da kafir, ortada yer yoxdur. Əgər kafir deyilsə, deməli, mütləq mömindir, Quran deyir: "Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir"1.

Biz bu məsələdə mötəzilə məzhəbindən ayrıyıq. Əşərilərlə həmfikir olduğumuza baxmayaraq, onlar da böyük günah sahibinin fasiq mömin olduğunu söyləyirlər. Fisq, yəni Allahın əmrindən çıxmaq. Fisq ərəb dilində çıxmaq, xaric olmaq mənasını verir. Ərəblər xurmanın öz dərisindən (qabığından) çıxmasını fisq kəmləsi ilə ifadə edirlər. فسقت التمر – xurma öz qabığından çıxdı. Günah edən kəs də Allahın itaətindən çıxdığı üçün bu mənada fasiqdir.

2. Cənnət və cəhənnəm

İmamiyyəyə görə cənnət və cəhənnəm hal-hazırda mövcuddur, amma harada olduğunu bilmirik. Biz içərisində yaşadığımız kainat barəsində kifayət qədər məlumata sahib olmadığımız halda bizdən kənarda olan daha uca bir aləm haqqında necə yetərli məlumata sahib ola bilərik? Amma cənnət və cəhənəmin hal-hazırda var olduqlarına inanırıq. Quran deyir: "Həqiqətən cəhənnəm kafirləri əhatə etməkdədir"2.

Mötəziləyə görə Allah cənnət və cəhənnəmi sonradan yaradacaqdır. Bu məsələ iman və küfrlə bağlı bir məsələ deyil, əksinə Quran və təfsirlə əlaqəli bir məsələdir. Merac barədə olan hədislər hal-hazırda cənnət və cəhənnəmin var olduğunu göstərir. Amma harada olduqlarını, yalnız Allah bilir. İnsan ağlı bunu bilməkdə acizdir. Ona görə də bu məsələnin imana zərəri yoxdur, sırf Quran və təfsirlə bağlı bir məsələdir.

3. Şəfaət

Bütün müsəlmanlar, hətta vəhhabilər belə şəfaəti qəbul edirlər. Mötəzilə məzhəbi də şəfaəti qəbul edir, amma şəfaət mövzusunda mötəzilə məzhəbinin imamiyyədən fərqi budur ki, onlara görə şəfaət yalnız möminlər üçündür, günahkarlara şəfaət yoxdur. Peyğəmbərin möminə edəcəyi şəfaət isə onun cənnətdəki dərəcəsini qaldırmaq olacaq. Ona görə də günahkarlara şəfaət yoxdur...

İmamiyyə isə şəfaətin günahkarlara aid olduğuna inanır. Günahkar birisi şəfaət vasitəsilə, bir növ təkvini ilahi irədylə yuyularaq bağışlanmaq üçün hazır vəziyyətə gətirilir. Mötəzilə məzhəbinə görə şəfaət möminlərin dərəcələrinin artırılması, imamiyyəyə görə isə günahın bağışlanması və cəhənnəm əzabından qurtulması üçündür.

Şəfaət islamın icad etdiyi bir məfhum deyil. Yəhudilik və xristianlıqda da şəfaət inancı olmuş, islam da onu qəbul etmişdir. Bəli, əgər şəfaət islamın icad etdiyi bir məfhum olsaydı, şəfaətin dərəcəni artırmaq yoxsa əzabın götürülməsi olduğu barədə mötəzilə ilə müzakirə aparmağın yeri olardı. Keçmiş dinlərdə şəfaət əzabın götürülməsi olaraq qəbul edilirdi. Quran yəhudilərdən belə nəql edir: "Və dedilər: “Cəhənnəm odu bizi bir neçə gündən artıq yandırmaz”3. İslam həmin şəfaəti qəbul edir və bunu müəyyən şərtlər daxilində bir qism dəstəyə aid etmişdir. Bu şərtlər Allaha və şafaət edənə mənəvi əlaqə və bağlılıqdır.

Quran deyir: “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə izin verdikdən sonra (onun şəfaəti fayda verər)."4

4. "İhbat" (yəni, əməllərin puç olması, batil olması) məfhumu.

Mötəziləyə görə bir nəfər pis iş görsə, məsələn, qeybət etsə, o zaman namaz, oruc və s kimi 60 ildə etdiyi bütün ibadətləri puç olar. İmamiyyəyə görə isə əməllərin puç olması yalnız bir yerdədir, o da insanın dindən dönərək mürtəd olması ilə olur. Deməli, əməllərin puç olmasına yalnız irtidad (yəni, dindən dönmək) səbəb olar. Quran deyir: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)”5.

Əməllərin puç olması yalnız irtidad baş verdikdə olur. Quran deyir: “Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır”6.

Amma digər əməllər yaxşı və pis olmaqla, ölçüləcəkdir. Quran deyir: “(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə, (Cənnətdə) xoş güzəran içində olacaq! Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə, Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! Sən nə bilirsən ki, o (Haviyə) nədir?! O çox qızmar bir atəşdir!”7

Bütün bu əsassız fikirlər mötəzilənin inandığı orta məqam (əl mənzilə beynəl mənziləteyn) inancından doğur. Bu inanc səbəb olmuşdur ki, onlar şəfaətin dərəcə yüksəlişi olduğuna inanmış, daha sonra əməllərin puç olması fikrini qəbul etmişlər.

5. Ağlın dəlil sayılması (höcciyyəti)

Mövcud olan digər bir ixtilaf isə ağlın höcciyyəti (dəlil sayılması) barədədir. Mötəzilə ağılla əlaqədar həddi aşmış və onun dəlil sayılmasını sorğusuz qəbul etmişlər. İmamiyyə də ağlın dəlil sayıldığını qəbul edir, o olmadan dinin möhkəm olamayacağını söyləyirlər. Amma onun üçün müəyyən hədd qoyurlar. Məsələn, deyirlər ki, Quranda və sünnədə aşkar dəlil olmadığı halda, həmin məsələdə hakimdir. Amma mötəzilə ağıla həddinən artıq önəm və yer verdiyi üçün hədislər çox istifadə edilmir. Zəməxşərinin qələmə aldığı "Kəşşaf" təfsiri olduqca qiymətli bir əsər olmasına baxmayaraq, müəllif kitabında çox az yerdə hədis gətirərək ondan dəlil kimi istifadə etmişdir.

İmamiyyəyə görə ağılın dəlalət etməsinin dairəsi hüsn və qübhü-əqlidir.8 Üsul elmində bu mövzuda əqlin müstəqil dərketmə sahələri (müstəqillati-əqliyyə) ilə qeyrisi arasında fərq yoxdur. İstər əqlin müstəqil şəkildə dərk etdiyi sahələr olsun, istərsə də başqaları olsun, hər ikisi ağılın höcciyyəti sahəsinin daxilindədir.

Ağılın müstəqil şəkildə dərk ediyi sahələrlə qeyri-müstəqil şəkildə dərk etməsi arasındakı fərq budur ki, birincidə düşüncə prosesi zamanı hər iki müqəddimə əqlidir. Məsələn, ədalət yaxşıdır, deməli ona əməl etmək vacibdir. Amma qeyri-müstəqildə ilk müqəddimə (suğra) şəriət tərəfindən, ikinci müqəddimə (kübra) isə ağıl tərəfindən təyin olunur. Məsələn, dəstəmaz namaz üçün müqəddimədir (suğra), vacib əməlin müqəddiməsi də vacibdir (kübra).

Üsuli-fiqh kitablarının bir hissəsi, məsələn, “əlfaz bəhsi” (ləfzlərin müzakirəsi), əslində əqli bəhslərdir. Məsələn, “Kifayə”-nin birinci cildində bu müzakirələr əqli bəhslər arasında yer tutur: 1. Vacib əməlin müqəddiməsi də vacibdirmi? 2. Bir şeyi qadağan etmək, onun əksini də qadağan etməyə dəlalət edirmi, ya yox? 3. İki zidd şeyin eyni anda cəm olması mümkündürmü, ya yox? və s.

6. Tövbənin Allah tərəfindən qəbul olunması

İmamiyyəyə görə bir nəfər tövbə etsə, onun tövbəsini qəbul etmək Allah üçün vacib deyil. Allah istəsə, öz lütfü ilə onun tövbəsini qəbul edər. Lakin mötəziləyə görə tövbə edənin tövbəsini qəbul etmək Allah üçün vacibdir. Əvvəldə qeyd olunduğu kimi, mötəzilə iman və küfr arasında orta məqama inanırlar. Günah edən birisi imanla küfr arasında – ortada qərar tapmışdır. Sonda cəhənnəmə getməsin deyə tövbəkarın tövbəsini qəbul etmək Allaha vacib olur. “Kəşşaf” təfsirinin “Məad” bölümündə bu məslələ geniş şəkildə müzakirə olunmuşdur.

7. Peyəmbərlərin mələklərdən üstün olması

İmamiyyəyə görə peyğəmbərlər mələklərdən üstündürlər. Amma mötəzilə məzhəbi mələklərin peyğəmbərlərdən üstün olduqlarına inanırlar. İmamiyyə alimləri arasında məşhur nöqteyi-nəzərinə görə, mələklərin günah etmə imkanı yoxdur. Buna görə də günah etmək imkanı olan halda günah etməyən birisi, şübhəsiz ki, günah edə bilməyən birindən üstündür. Baxmayaraq ki, mələklər də rüku, səcdə halında olur, Allahın icazəsi ilə aləmi idarə etməklə vəzifəlidirlər. Lakin bir dəstə imamiyyə alimlərinə görə, mələklərdə də günah etmək üçün qüdrət vardır, ancaq onlar günah etmirlər. Dəlili də budur ki, Allah Quranda mələkləri belə vəsf edir: “Onun başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə, iradədə) qüvvətli mələklər durmuşlar”9.

Mələklər barəsində deyə biləcəyimiz tək şey, onlarda şəhvət və qəzəb hisslərinin olmasıdır. Belə olan təqdirdə günah etməyə qüdrətləri vardır, sadəcə olaraq günah etmək üçün zəmin və şərait yoxdur.

8. Cəbr və təfviz

Digər fərq məcburiyyət və ixtiyar məsələsidir. İmamiyyəyə görə insanlar bu dünyada azaddırlar və işlərində məcbur deyillər. İxtiyar varlıqlarının bir parçasıdır.

Mötəziləyə görə insan “müfəvvəz”-dir, yəni Allah insanı yaratmışdır, lakin onunla daha heç bir işi yoxdur. Əşərilərə görə isə insan “müsəyyər”-dir, yəni Allah onu hərəkət etdirir və o, istər-istəməz bu yolu getməlidir. İmamiyyəyə görə insan azaddır, amma eyni halda da Allahla daim əlaqədədir və bu əlaqə kəsilmir. Mötəzilə Allahı uca tutmaq (tənzih) üçün insanın “müfəvvəz” olduğunu iddia edir. Amma bilmir ki, bir tərəfdən Allahı uca tutmağa çalışsa da, digər tərəfdən onun qüdrətini məhdudlaşdırır, yəni insan Allahın qüdrət dairəsindən kənara çıxır. Halbuki bu dünyada heç bir varlıq Allahın izni olmadan bir iş görə bilməz. İmamiyyəyə görə biz, Allahın istəyi daxilində olmağımızla yanaşı, Allahın istəyi bizim azad olmağımız olmuşdur. Deməli, Allahın iradəsi insanın ixtiyarına bağlılıdır.

9. Besətin gərəkli olması

İmamiyyəyə görə, bəşəriyyətin səadət və xöşbəxtliyi üçün ağıl kifayət etmir. Buna görə də peyğəmbərlər göndərilməlidir ki, bizi qeyb aləminə doğru yönləndirə bilsinlər. Elə isə bəşəriyyət vəhy olmadan əsas hədəfə gedib çata bilməyəcəkdir.

Amma mötəzilə iddia edir ki, peyğəmbərlərin göndərilməsi gərəkli deyil, çünki bəşər övladı özü yolu axtarıb tapa bilər

10. İmamın məsumluğu

Digər bir fərq imam və xəlifənin məsum olması barədədir. İmamiyyəyə görə imam və peyğəmbərin canişi olan kəs peyğəmbər kimi məsum olmalıdır. Amma mötəziləyə görə, ismət şərt deyildir, hətta məsum olmayan birisi də rəhbər ola bilər. Ona görə də imamiyyə imamət məsələsində təyin olunmağa, mötəzilə isə seçkiyə inanır.

11. Yaxşılığa çağırma və pislikdən çəkindirmə (Əmr be məruf və nəhy əz münkər)

İmamiyyə alimlərinin əksəriyyətinin fikri budur ki, yaxşılığa çağırıb pislikdən çəkindirmə şəriətin təyin etdiyi iki vacib əməldir. Onlar əql baxımından vacib deyillər. Amma mötəziləyə görə, bu ikisi ağılın vacib etdiyi əməllərdir. Ona görə də, hətta islam dini vacib etməsəydi belə, ağıl bu ikisinin vacib olduğunu söyləyəcəkdi. Bunlar insani və islami vəzifələrdir. Əlbəttə, bir dəstə imamiyyə alimləri də mötəzilə kimi, bu ikisinin əqlən vacib olduqlarını söyləmişlər.

12. Böyük günah və əbədi cəhənnəmdə qalmaq

Sonuncu fərq budur ki, böyük günah edən biri tövbə etmədiyi təqdirdə əbədi olaraq cəhənnəmdə qalacaq ya yox? Mötəziləyə görə böyük günah edən birisi tövbə etmədiyi təqdirdə əbədi olaraq cəhənnəmdə qalacaq. İmamiyyəyə görə isə böyük günah edən kəs mömindir. Əgər tövbə etsə, bağışlanacaq, hətta tövbə etməsə də müəyyən müddət əzab gördükdən sonra Allah onu – istər şəfaətlə, istərsə də başqa bir vasitəylə cəhənnəmdən çıxardacaqdır.

Buraya qədər qeyd etdiklərimizə əsasən imamiyyə kəlamı ilə mötəzilə kəlamı arasındakı fərqlər aydın oldu. Elə isə imamiyyə məzhəbi, iddia oldunuğu kimi mötəzilənin davamı deyil, əksinə imamiyyənin Quran. sünnə və ağıla istinad edərək formalaşdırdığı özünəməxsus kəlamı vardır.

___________________________________

1 Təğabun surəsi, 2-ci ayə.

2 Ənkəbut surəsi, 54-cü ayə.

3 Bəqərə surəsi, 80-ci ayə.

4 Nəcm surəsi, 26-cı ayə.

5 Zəlzələ surəsi, 7 və 8-ci ayələr.

6 Bəqərə surəsi, 217-ci ayə.

7 Qariə surəsi, 6–11 ayələr.

8 Hüsnü-qübhü əqli: ağlın yaxşını yaxşı və pisi də pis kimi dərk etməsi

9 Təhrim surəsi, 6-cı ayə.

Ayətullah Cəfər Sübhani

Рейтинг

В этом разделе