Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (3-cü hissə)

»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (3-cü hissə)

Əhməd İsmayılın ilk Məhdi olması ilə bağlı iddiası

Əhli-Beytdən (əleyhimus-səlam) nəql olunan bəzi rəvayətlərdə İmam Məhdinin (əleyhis-səlam) vəfatından sonra baş verəcək hadisələrdən söz açılmışdır. Alimlər bu rəvayətləri üç qisimə bölmüşlər:

Birinci qisim: Bu növ rəvayətlər Əhli-Beyt İmamlarının (əleyhimus-səlam) rəcət edib dünyaya qayıdacaqlarını və yer üzünə hökmranlıq edəcəyini bildirir.

İkinci qisim: Bu növ rəvayətlər İmam Muhəmməd ibn Həsən Əskəridən (əleyhiməs-səlam) sonra on iki məhdinin olacağından bəhs edir. Bəzi rəvayətlərdə onların İmamın nəslindən olduqları bildirilir. Rəvayətlərin biri isə onların birincisinin İmamın oğlu olacağını bildirir.

Üçüncü qisim: Bu növ rəvayətlər də İmam Məhdinin (əleyhis-səlam) vəfatından qırx gün keçdikdən sonra qiyamətin baş verəcəyini bildirir.

Əhməd İsmayıl və ardıcılları İmam Məhdidən (əleyhis-səlam) sonra on iki məhdi olacağını bildirən ikinci növ rəvayətlərdən yapışmışlar və iddia etmişlər ki, ilk məhdi Əhməd İsmayıldır və babası İmam Məhdidən (əleyhis-səlam) sonra höccət odur.

Bəlkə də bu mövzuda istifadə etdikləri və əsas dəlil olaraq irəli sürdükləri şey “vəsiyyət hədisi” adlandırdıqları rəvayətdir.

“Vəsiyyət hədisi”

Bu rəvayəti Şeyx Tusi “əl-Ğeybə” kitabında nəql etmişdir. Şeyx deyir:

Bir dəstə şəxs bizə Əba Əbdillah Hüseyn ibn Əli ibn Süfyan əl-Bəzufəridən, o Əli ibn Sinan əl-Mosuli əl-Ədldən, o Əli ibn Hüseyndən, o Əhməd ibn Muhəmməd ibn Xəlildən, o Cəfər ibn Əhməd əl-Misridən, o əmisi Həsən ibn Əlidən, o atasından, o Əba Əbdillah Cəfər ibn Muhəmməddən, o atası Baqirdən, o atası Zus-səfənat Seyyidul-abidindən, o atası Hüseyn ibn Əli əz-Zəkiyyuş-Şəhiddən, o da atası Əmir əl-möminindən (əleyhimus-səlam) nəql edib dedi:

“Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdiyi gecə Əliyə (əleyhis-səlam) dedi: “Ey Əbəl-Həsən, səhifə (vərəq) və mürəkkəb gətir. Bundan sonra Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) vəsiyyətini ona imla etdi və gəlib bu yerə çatdı. Dedi: Ey Əli, məndən sonra on iki imam olacaq, onlardan sonra isə on iki məhdi olacaq. Sən, ey Əli, on iki imamın birincisisən. Allah səni öz səmasında belə adlandırmışdır: Əliyyul-Mürtəza, Əmir əl-möminin, Siddiqul-Əkbər, Faruqul-Əzəm, Məmun və Məhdi. Bu adlar səndən başqası üçün deyilə bilməz. Ey Əli, sən mənim Əhli-beytimdən sağ olanlar və ölənlər üzərində mənim vəsimsən. Həmçinin, xanımlarım üzərində vəsimsən. Sən onlardan hansı birini saxlasan, sabah mənimlə görüşəcək, hansı birinə də təlaq versən, mən ondan uzağam, qiyamət meydanında nə o məni görəcək, nə də mən onu görəcəyəm. Sən məndən sonra ümmətim üzərində mənim xəlifəmsən. Sənə ölüm gəldiyi zaman bu vəsiyyəti xeyirli və müvəffəq oğlum Həsənə ver. Ona ölüm gəldiyi zaman o onu şəhid, pak və qətlə yetirilən oğlum Hüseynə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Seyyidul-abidin Zus-səfənat (qabarlar sahibi) Əliyə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Muhəmməd əl-Baqirə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Cəfər əs-Sadiqə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Musa əl-Kazıma versin. Ona ölüm gəldiyi zaman onu oğlu Əli ər-Rızaya versin. Ona ölüm gəldiyi zaman onu oğlu Muhəmməd əs-Siqə ət-Təqiyə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Əli ən-Nasihə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Həsən əl-Fazilə versin. Ona ölüm gəldiyi zaman onu oğlu Ali-Muhəmmədin qorunub saxlanılmışı olan Muhəmmədə versin. Bu, on iki imam idi. Ondan sonra isə on iki məhdi olacaq. Ona ölüm gəldiyi zaman onu oğlu müqərrəblərin birincisinə versin. Onun üç adı vardır: Biri mənim adımdır və atamın adıdır ki, bu Abdullahdır. (Digəri) Əhməd, üçüncü ad isə Məhdidir.* O möminlərin əvvəlincisidir.” (əl-Ğeybə, səh.150.)

*Qeyd: Hədisin bu hissəsinin oxunuşunda ixtilaf mövcuddur. Oxunuş ixtilaflarını nəzərə aldıqda tərcümə də müxtəlif olur. Əhməd İsmayılın ardıcılları bu şəkildə oxuyurlar: “Onun üç adı vardır: Biri mənim adımdır (ki, bu Əhməddir), biri atamın adıdır (ki, bu Abdullahdır). Üçüncü ad isə Məhdidir”. Lakin sonradan da deyiləcəyi kimi cümlənin bu cür oxunuşu yanlışdır. Həmçinin, müəllifin fikrincə hədisin oxunuşu bu şəkildədir: “Onun üç adı vardır: Biri mənim adımdır, biri atamın adıdır ki, bu, Abdullahdır, (digəri) Əhməddir, üçüncü ad isə Məhdidir”. Başqa bir oxunuşa görə də tərcümə belədir: “Onun üç adı vardır: Biri mənim adımdır. Digəri atamın adıdır ki, bu Abdullah və Əhməddir, üçüncü ad da Məhdidir”.

Vəsiyyət hədisinin sənədinin müzakirəsi

Əhməd İsmayılın ardıcılları bu rəvayətin əsasında kamil bir əqidə inşa etməyə çalışırlar. Xüsusən nəzərə aldıqda ki, bu rəvayət yeganə rəvayətdir ki, burada ilk məhdinin adı açıqlanmış və onun (onların iddiasına görə) “Əhməd” olduğu bildirilmişdir. Buna görə də, bu rəvayəti bizə nəql edənlərin kimliyini tanımağımız və onu kimlərin nəql etdiyini bilməyimiz gərəkdir.

Əhməd İsmayıl və ardıcılları bu rəvayətin sənədinin zəif olduğunu bildiklərinə və ondan bu cür böyük bir məsələdə dəlil olaraq istifadə etməyin mümkünsüz olduğunu (necə ki, sonradan aydın olacaq) anladıqlarına görə, bu çıxılmaz vəziyyətdən yaxa qurtarmaqdan ötrü məcburən rical elminin batil olduğunu demişlər. Onun rical elminin bidət, müxalifləri təqlid etmək və s. adlandırmışlar. Biz onlara cavab olaraq deyirik ki, biz bu rəvayətin ravilərini hörmətli oxucuya təqdim edəcəyik. Bununla o özü bu rəvayət barəsində hökm verəcək və onu qəbul edib etmədiyinə qərar verəcək. Bu hər hansısa bir xəbər eşitdiyi zaman bütün ağıl sahiblərinin gördüyü bir işdir. Belə ki, ağıl sahibi olan şəxs eşitdiyi xəbərin mənbəsini öyrənməyə çalışacaq. Əgər görsə ki, xəbər verən şəxs onun nəzərində etimad ediləsi bir şəxsdir, o zaman xəbərdə deyilənə əməl edəcək. Yox əgər xəbəri nəql edən şəxsin kimliyi naməlum olsa, o zaman ağıllı şəxs bu xəbərdən sərf-nəzər edəcək. Yalnız, halı naməlum olan bu ravinin dediyini dəstəkləyəcək və təsdiq edəcək başqa bir dəlil və işarə olarsa, onda başqa.

Qurani-Kərim də bizə bunu tövsiyə etmişdir. Belə ki, buyurur: “Ey iman gətirənlər, əgər fasiq bir şəxs sizə bir xəbər gətirsə, onu araşdırın”(Hucurat surəsi, 6). Həmçinin, Əhli-Beyt (əleyhimus-səlam). Belə ki, onlar da öz şiələrinə hədislərin ravilərinə diqqət etməyi tapşırmış, düz danışan şəxlərdən hədis qəbul etməyi əmr etmişlər. Necə ki, Ömər ibn Hənzələnin məqbuləsində bu barədə məlumat gəlmişdir. Ömər İmam Sadiqə (əleyhis-səlam) sual verərək deyir:

“Əgər (aralarında mübahisə olan) şəxslərin hər ikisi əshabımızdan olan bir şəxsi (hakim) seçsələr və onlar da bu iki şəxs barədə nəzər verməyə razı olsalar, sonra da hökmlərində ixtilaf etsələr və hər ikisi sizin hədisləriniz barədə müxtəlif söz söyləsələr (nə edək)? Buyurdu: “O iki nəfərdən ən adil, ən fəqih, hədis deməkdə ən doğru danışan və ən vərəli olanın hökmü əsas götürülər. O birisinin verdiyi hökmə isə diqqət edilməz””. (əl-Kafi, 1/67-68.)

Biz bu qaydanı vəsiyyət hədisinə tətbiq etdikdə görürük ki, hədisinin sənədi barələrində rical kitablarında heç bir məlumat gəlməyən bir dəstə məchul şəxsdən ibarətdir. Dəyərli alimlərimiz onlar barədə heç bir şey qeyd etməmişlər. Onlar aşağıdakılardır:

1-Əli ibn Sinan əl-Mosuli: Muhməldir (yəni, barəsində mədh və ya məzəmmət qeyd edilməyib). Rical və tərcümeyi-hal kitablarında qeyd edilməmişdir. Onun barəsində adından başqa heç bir şey bilinmir. Hətta müxalif kitablarında belə axtarmağıma baxmayaraq onun barəsində bir şey tapmadım. Əhməd İsmayılın ardıcıllarından biri iki yolla bu ravinin siqə (güvənilir) olduğunu sübut etməyə çalışmışdır:

Birinci: Rəvayətin sənədində bu şəxs “əl-ədl” (adil) deyə təqdim olunmuşdur. Bu isə onun siqəliklə məşhur olmasını göstərir.

Buna cavab olaraq deyirik: “əl-Ədl” sözü onun hədis raviləri üçün şərt sayılan ədalətlə vəsf olunmuş olduğuna dəlalət etmir. Zahir budur ki, burada “əl-ədl” sözündən məqsəd ləqəbdir, xüsusiyyət və ya sifət deyil. Yəni, onun adı “əl-ədl”dir. Nəinki, ədalət sifəti ilə vəsf edilmişdir. Buna görədir ki, Seyyid Xoi (quddisə sirruh) Fəqih əd-Darəmi əl-Ədlin tərcümeyi-halında demişdir: “Şəxsin ammə məzhəbli olması və həmçinin, “əl-ədl” sözünün onun (xüsusiyyəti deyil) ləqəbi olmuş olması uzaq ehtimal deyil. Belə ki, bu söz qəzavət və hökumət işlərində işləyən katiblər üçün işlədilən bir söz idi. Məsələn, deyirdilər: Katib əl-Ədl.” (Mucəmu ricalil-hədis: 6/210.)

Bundan başqa, bu şəxsin halı və kimliyi məchuldur. Bilinmir ona “əl-ədl” adını qoşan kimdir. Ola bilər ki, ammə məzhəbli birisidir və öz məzhəbinin nümayəndələri arasında bu sifətlə tanınıb. Yaxud hansısa digər firqələrdən birinə mənsub olub və ona bu sifəti nisbət veriblər. Əgər belə olsa, o zaman o onların nəzərində “əl-ədl” (adil)dir, bizim yox.

Bundan əlavə, bizə bu şəxsin adının qarşısındakı “ayn”, “dəl” və “lam” hərflərindən ibarət olan bu sözün məhz “əl-ədl” kimi oxunması gərəkdiyini nəql etməyiblər. Bəlkə də sözün düzgün oxunuşu “əl-idl” şəklindədir. Bu zaman bu sözün mənası “bir şeyin bərabər, misli” şəklində olur. Belə olunca bu sözün ədalətə və ya siqəliyə heç bir dəlaləti olmur.

Üstəlik bunu nəzərə alın ki, ümumiyyətlə bu şəxsin adına “əl-idl” və ya “əl-ədl” sözlərinin əlavə edilməsinin özü ixtilaflı məsələdir. Belə ki, “Muqtəzəbul-əsər” kitabında ondan bir rəvayət nəql edilmişdir, lakin burada “əl-ədl” (və ya “əl-idl”) sözünün yerinə “əl-Mudil” sözü işlənmişdir. (Muqtəzəbul-Əsər, s.10.) Hətta onun siqə olduğu qənaətində olan Şeyx Nəmazi (bir qədər sonra qeyd ediləcək) belə onun tərcümeyi-halında adını “Əli ibn Sinan əl-Mosuli əl-Mudil” olaraq qeyd etmişdir. Buna əsasən, hər kəs bu sözün (əl-ədl) siqəliyə dəlalət etdiyini deyərsə, əvvəlcə sübut etməlidir ki, səhih ləqəb “əl-mudil” yox, “əl-ədl”dir. (Çünki “əl-mudil” sözü də siqəliyə və ədalətə dəlalət etmir. Buna əsasən ki, onun mənası “düzəldən”, “hamar edən”, “düzləşdirən” deməkdir və göründüyü kimi bu, ədalət və siqəlikdən ayrı bir şeydir. Müt.) İkincisi, sübut etməlidir ki, buradakı “əl-ədl”dən məna onun ədalət sifəti ilə vəsf olunmuş olmasıdır. Üçüncüsü sübut etməlidir ki, hər kəsin ləqəbi “əl-ədl” olsa deməli sözü qəbul edilməlidir.

İkinci: Şeyx Nəmazi onun nəql etdiyi rəvayətlərin məzmunundan onun siqə olduğu nəticə çıxarmış və demişdir: “Rəvayəti-şərifə onun yaxşılığına və kamalına dəlalət edir”. (Müstədrəkatu ilmi ricalil-hədis, 5/383.)

Buna belə cavab veririk ki: bir şəxsin bir rəvayəti nəql etməsi onun həmin rəvayətin məzmununa da riayət etdiyi anlamına gəlmir. Necə ki, küfr olan bir şeyi nəql edən şəxs kafir deyil, eləcə də imanla bağlı bir şeyi nəql edən şəxs hər zaman mömin deyil. Buna misal olaraq müxaliflərin Əhli-Beytin (əleyhimus-səlam) fəzilətlərini və üstünlüklərini nəql etmələrini göstərə bilərik. Onlar bu fəzilət və üstünlükləri nəql edib onların səhihliyinə etiqad etsələr də, görürük ki, onlara riyaət etmirlər.

Hətta əgər fərz etsək ki, hər hansısa bir rəvayəti nəql etmək həmin rəvayətə riayət etmək anlamına gəlir, o zaman bu ən uzağı ravinin etiqadının düzgünlüyünə dəlalət edər, onun siqəliyinə və ya dəqiqliyinə isə yox. (Çünki etiqadın səhihliyi ravinin siqə (güvənilir) olması üçün yeganə şərt deyil. Burada başqa bir sıra şərtlər də vardır ki, bunlara misal olaraq ravinin yaddaşının zəif və ya güclü olmasını, hədisi nəql etməkdə dəqiq və ya qeyri-dəqiq olmasını və s.-ni göstərə bilərik. Müt.)

Bu cür cəhdlər barəsində adından və atasının adından başqa heç bir şey bilinməyən bu şəxsin siqəliyinin isbat etməyə yaramır.

2-Əli ibn Hüseyn: O da özündən əvvəlki kimi kimliyi məchul olan və tanınmayan bir şəxsdir. Qəribədir ki, Əhməd İsmayılın yardımçılarından biri onun Şeyx Səduqun (quddisə sirruh) atası olduğunu bildirmişdir. (Bu şəxs Nazim əl-Uqeylidir ki, özünün “İntisarən lil-vəsiyyə” kitabında bu sözü demişdir: səh.57.) Bu isə olduqca böyük bir cəhalətdir. Belə ki, o Mirzə Nuri Təbərsinin (quddisə sirruh) “Xatimətul-Müstədrək” kitabında qeyd etdiyi sözü əsas götürüb qeyd olunan fikri irəli sürmüşdür. Həmin söz belədir: “Hədis və rical kitablarında Şeyx Səduqun atasını bu adla qeyd etmişlər: Əli ibn Hüseyn və ya Əli ibn Babəveyh”. (Xatimətul-Müstədrək, 1/316.)

Cavab: Mirzə Nuri Təbərsi bunu ümumi bir qayda qərar verməmişdir. Bu mənada ki, hansı hədisdə Əli ibn Hüseyn adı gəlsə, deməli Şeyx Səduqun atasıdır. Əksinə, o “”Fiqhur-Rıza” kitabının müəllifi Əli ibn Musa, Səduqun atasıdır”, - deyən şəxsə cavab olaraq bu sözü demiş və bildirmişdir ki: Səduqun atasının adı bu deyil. Onun adını mənbələrdə Əli ibn Hüseyn və ya Əli ibn Babəveyh kimi qeyd etmişlər.

Bundan başqa, hətta fərzən bu sözün doğruluğunu qəbul etmiş olsaq, yenə də bu sözün heç bir faydası olmaycaq. Ona görə ki, adı çəkilən Əli ibn Hüseyn bir sıra dəlillərə əsasən Şeyx Səduqun atasının təbəqəsindən (yəni, Şeyx Səduqun atası ilə eyni dövrdə yaşayan şəxslər cərgəsində) deyil:

Birincisi: Bəzufəri Şeyx Səduqun atasının (rəhmətullahi əleyhim) müasiridir. O burada Əli ibn Hüseyndən nə elm və nə də fəzilətlə tanınmayan bir şəxs (Əli ibn Sinan) vasitə ilə nəql edir. Mümkün deyil ki, Bəzufəri kimi ali məqamlı bir şəxs İbn Babəveyh kimi ali məqamlı bir şəxsdən tanınmayan bir şəxs vasitəsilə hədis nəql etsin. Xüsusən nəzərə aldıqda ki, Bəzufəri və İbn Babəveyh eyni dövrdə yaşamışlar!

İkincisi: Şeyx Tusi (quddusə sirruh) “əl-Fihrist” kitabında bildirmişdir ki, o Şeyx Səduqun atasının bütün kitablarını və hədislərini iki vasitə ilə nəql etmişdir. Belə ki, deyir: “Onun bütün kitablarını və rəvayətlərini bizə Şeyx Müfid və Hüseyn ibn Ubeydullah, Əbu Cəfər ibn Babəveyhdən, o da atasından nəql etmişdir”. (əl-Fihrist, 157.)

Halbuki, bunun əksinə olaraq “vəsiyyət” hədisini “Əli ibn Hüseyn” adlı şəxsdən üç vasitə ilə nəql etmişdir. Habelə Şeyx Tusinin müasiri olan Şeyx Nəcaşi (quddisə sirruh) Şeyx Səduqun atasının kitablarını bir vasitə ilə nəql etmişdir. (Ricalun-Nəcaşi, 262.) Elə isə necə olur ki, Şeyx bu hədisi ondan üç vasitə ilə nəql edir?!

Üçüncüsü: Məlum olduğu kimi Şeyx Səduq öz atasından birbaşa və heç bir vasitə olmadan hədis nəql edir. O “Kəmalud-din” kitabında Əli ibn Sinan əl-Mosulidən iki vasitə ilə rəvayət nəql edib. Belə ki, deyir: “Bizə Əbul-Abbas Əhməd ibn Hüseyn ibn Abdullah ibn Muhəmməd ibn Mehran əl-Abi əl-Əruzi (radiyallahu anh) Mərvdə nəql edib dedi: bizə Əbul-Hüseyn ibn Zeyd ibn Abdullah əl-Bağdadi nəql edib dedi: bizə Əbul-Həsən Əli ibn Sinan əl-Mosuli nəql edib dedi”. (Kəmalud-din, səh.476.)

Biz bilmirik Şeyx Səduq (quddisə sirruh) öz müasiri olan bir şəxsdən iki vasitə ilə necə hədis nəql edir?!

Dördüncüsü: Şiə kitabları içərisində elə bir kitab yoxdur ki, orada Əli ibn Sinanın Şeyx Səduqun atası İbn Babəveyhdən nəql etdiyi bir rəvayət qeyd olunmuş olsun. Başqa sözlə, Əli ibn Sinanın İbn Babəveyhdən nəql etdiyi bir hədis yoxdur. Bu isə onu təsdiq edir ki, bu hədisdəki Əli ibn Hüseyn Şeyx Səduqun atası deyil.

Beşincisi: Şeyx Səduqun atasının “əl-İmamətu vət-təbsirə” adlı, Şeyx Səduqun da “Kəmalud-din” adlı kitabı vardır. Bu kitabların hər ikisində imamların sayının on iki olması isbat edilməyə çalışılmışdır. Gərək idi ki, bu rəvayət bu iki kitabda da qeyd ediləydi. Lakin onlar – mənim bildiyim qədərində – bu rəvayəti öz kitablarında qeyd etməmişlər.

Başqa sözlə desək: Əgər bu rəvayət Şeyx Səduqun atasından nəql edilmiş olsaydı, o zaman təbii olaraq gərək onu özünün İmamlardan (əleyhimus-səlam) bəhs edən kitabında qeyd edəydi. İndi ki, onu öz kitabında qeyd etməyib, başa düşürük ki, rəvayətdəki Əli ibn Hüseyn başqa bir şəxsdir və bu rəvayəti Şeyx Səduqun atası (quddisə sirruh) nəql etməyib.

Deməli, bütün bu dəlillərdən belə aydın olur ki, rəvayətin sənədindəki Əli ibn Hüseyn Şeyx Səduqun atası deyildir. Belə olunca bu şəxs məchul olaraq qalır və kimliyi bilinmir.

3-Əhməd ibn Muhəmməd ibn Xəlil: O da əvvəlki iki şəxs kimi muhməldir. Rical kitablarında qeyd olunmamış, tərcümeyi-halına diqqət yetirilməmişdir.

Adəti üzərə, yenə də Əhməd İsmayılın dəvətçilərindən biri bu şəxsin siqə olduğunu göstərməyə çalışmışdır. Buna dəlil olaraq isə ondan on iki imamın imamətinin haqq olması barədə nəql edilən hədisi göstərir. Lakin biz daha əvvəl buna cavab verdik və sübut etdik ki, səhih rəvayət nəql etmək səhih əqidəli olmağı gərəkli etmir, həmçinin, düzgün əqidəli olmaq da siqə (güvənilir) olmağı gərəkli etmir.

Şiə kitablarında ondan nəql edilən hədislərin sayı isə cəmi üçdür.

4-Cəfər ibn Muhəmməd əl-Misri: O da həmçinin muhməldir və barəsində şiə kitablarında bir şey qeyd edilməyib. Əhməd İsmayılın dəvətçilərindən biri olan Nazim əl-Uqeyli ammə məzhəbinin onu zəif hesab etməsini əsas götürərək onun siqə olduğunu göstərməyə çalışmışdır!

Lakin biz bilmirik bu iki məsələ arasında nə əlaqə vardır? Belə ki, ammə məzhəbinin bir şəxsin barəsində “rafizidir!”, - deməsindən necə əldə etmək olar ki, həmin şəxs siqədir?

Onların bir şəxs barəsində “rafizi” deməsi nəinki o şəxsin siqə olduğunu sübut etmir, hətta heç o şəxsin on iki imamçı şiə olduğunu belə sübut etmir. Onların bu sözləri ən uzağı o anlama gəlir ki, tərcümeyi-halı verilən şəxs müəyyən məsələlərdə, məsələn, Əmirəl-möminin (əleyhis-səlam)-ın “şeyxeyn”dən üstün olması məsələsində müxaliflərə zidd mövqe tutur və bu mövzuda şiə əqidəsini qəbul edir, yaxud şeyxeynə tənə edir. Burada o şəxsin zeydi, yaxud ismaili, yaxud vaqifi, yaxud fəthi, yaxud da on iki imamçı olmasının fərqi yoxdur. Buna görədir ki, onlar “Müstədrək aləs-Səhiheyn” kitabının müəllifi Hakim Nişapuri barəsində də “rafizidir”, - demişlər.

Zəhəbi deyir:

“İbn Tahir demişdir: Əba İsmayıl əl-Ənsaridən Hakim barədə soruşdum. Dedi: Hədisdə siqədir. Lakin xəbis rafizidir. Sonra İbn Tahir deyir: Batində güclü şəkildə şiəlik tərəfdarı idi. Təqdim (Əli ibn Əbi Talibin (əleyhis-səlam), yoxsa Osman ibn Əffanın üstün olması məsələsi. Müt.) və xilafət məsələlərində isə sünniliyi(n fikrini) izhar edirdi. Müaviyə və ailəsindən uzaq idi. Bunu aşkarda bildirirdi və buna görə üzr istəmirdi”. (Təzkirətul-Huffaz, 1054.)

Görəsən indi bu söz Hakimin şiə və siqə olduğunu və nəql etdiyi hədislərin qəbul edilməli olduğunu bildirir?

Adı çəkilən şəxs muhməldir. Yalnızca əhli-sünnə kitablarında tərcümeyi-halı vardır. Onların onu rafizi bilmələrinin və zəif hesab etmələrinin isə bu şəxsin şiəliyinə və ya siqəliyinə yaxından-uzaqdan heç bir aidiyyatı yoxdur.

Bundan əlavə, əhli-sünnə alimləri bildirmişlər ki, o 304-cü hicri ilində vəfat etmişdir. Bu isə o deməkdir ki, o Bəzufərinin müasiridir. Biz bilmirik necə olur ki, onun müasiri ondan üç vasitə ilə hədis nəql edir!

5-Həsən ibn Əli: O da həmçinin muhməldir. Kim olduğu bilinmir və onun kim olduğunu ayırd etmək mümkün deyil. Buna görə də elm iddiaçısı Nazim əl-Uqeyli bu müsibətdən yaxa qurtarmaq üçün bir yol icad etməyə çalışıb və iddia edib ki, sənəddə təshif (xəta) baş verib. Belə ki, Hüseyn ibn Əli əvəzinə Həsən ibn Əli yazıblar.

Lakin bu elə bir şeydir ki, nə dəlili var, nə də burhanı. Həva-həvəsə tabe olmaqdan başqa bir şey deyil!

Atanın adının (Əli) və ya nisbəni (əl-Misri) eyni olması bu ravinin adında xəta baş verdiyini sübut etməyə kifayət etmir. Əksinə bu iddianı sübut edən dəlillər olmaldır.

Sonra, Cəfər ibn Muhəmməd barəsində (hansı ki, Həsən ibn Əlidən rəvayət edir və onun qardaşı oğludur) şiə kitablarında heç bir tərcümeyi-hal qeyd olunmamışdır və onun bu rəvayətdən başqa heç bir rəvayəti yoxdur. Elə isə haradan bildilər ki, onun əmisi (hansı ki, hədisi ondan nəql edir) Həsən deyil, Hüseyn ibn Əlidir?

Əl-Uqeylinin zorla hədisin sənədinə daxil etmək istədiyi Hüseyn ibn Əli şiənin görkəmli şəxslərindən və güvənilir şəxsiyyətlərindən biridir. Bir halda ki, rəvayət sonradan da isbat edəcəyimiz kimi böyük alimlərimizin sözlərinə əsasən sünni məzhəbinə aid rəvayətdir. Bu onların iddia etdiyi şeyin batilliyinə ən böyük dəlildir.

Onu da bilmək gərəkdir ki, İbn Udeyin “Duəfa” kitabında nəql etdiyi bir rəvayətə nəzər saldığımız zaman görürük ki, Cəfər ibn Muhəmməd əl-Misri həqiqətən də əmisi Həsən ibn Əlidən rəvayət nəql etmişdir. Belə ki, kitabda deyilir:

“Bizə Cəfər, Yusif ibn Yaqub ibn Salim əl-Əhmər və Hişam ibn Həkəm nəql etdilər və (içlərində) Cəfər dedi ki: mənə əmim Həsən ibn Əli ibn Bəyan və Hişam ibn Salim nəql edib dedilər: bizə Cəfər ibn Muhəmməd nəql etdi ki...”. (əl-Kamil fid-duəfa: 2/158.)

Biz bilmirik, Nazim Uqeyli “əl-Kamil fid-duəfa” kitabında da səhv baş verdiyini iddia edəcəkmi?

6-Əli ibn Bəyan ibn Siyabə: O da həmçinin, özündən əvvəlkilər kimi muhməldir. Onun barəsində də heç bir tərcümeyi-hal yoxdur. Nə hansısa bir əsər yazması, nə də raviliyi barədə heç bir məlumat yoxdur. Hətta bu rəvayətdən başqa heç bir rəvayətinə rast gəlinmir!

Nazim əl-Uqeyli bir neçə yolla onun siqə olduğunu isbat etməyə çalışmışdır:

Birincisi: Bu şəxs bu rəvayəti nəql etmişdir. Bu isə onun yaxşılığına və kamalına dəlalət edir.

Cavab: Bu sözün cavabını daha öncə verdik. Burada bunu da əlavə edirik ki, belə bir söz demək əbəs dairə yaranmasına gətirib çıxarır. Belə ki, əgər biz bu sözü deyən şəxsdən soruşsaq ki, nə üçün bu rəvayəti qəbul edirsən, cavab verəcək ki, rəvayət siqə şəxslər yolu ilə bizə çatmışdır. Əgər ikinci dəfə sual verib “bəs bu şəxsin siqə olmasının dəlili nədir”, -deyə soruşsaq, deyəcək ki, “bu rəvayəti nəql etməsi”. Bu isə açıq-aşkar əbəs dairədir və ağıl sahibləri nəzərində tamamilə batildir.

İkincisi: Bu şəxs İmam Sadiqin (əleyhis-səlam) səhabələrindəndir. Bəzi alimlərimiz İmam Sadiqin (əleyhis-səlam) bütün səhabələrinin siqə olduğunu demişlər.

Cavab: Birinci cavab bundan ibarətdir ki, bu qayda barəsində alimlər arasında ixtilaf mövcuddur və əksər alimlərimiz bunu qəbul etməmişlər. Bu qaydanın keçərsizliyinə dair rical kitablarında dəlillər sadalamışlar ki, hal-hazırda bəhsimizin mövzusu deyil.

İkinci cavab isə bundan ibarətdir ki, bu şəxsin İmam Sadiqin (əleyhis-səlam) səhabələrindən olmasını isbat etmək mümkün deyil:

Əvvəla ona görə ki, şiə kitablarında bu şəxsin tərcümeyi-halı qeyd edilməmişdir. Məlumdur ki, İmam Sadiqin (əleyhis-səlam) səhabələrinin siqə olmasını deyən şəxslər İbni Uqdənin sözünə əsaslanmışlar. İmam Sadiqin (əleyhis-səlam) səhabələrinin tərcümeyi-halını yazan Şeyx Tusi və sair kimi şəxslər isə bu şəxsin tərcümeyi-halını yazmamışlar.

İkincisi: Bu rəvayət – təriqi zəif olduğu üçün – onun İmamın (əleyhis-səlam) səhabəsi olduğunu isbat etmir.

Üçüncüsü: Şeyx Tusinin (quddisə sirruh) də dediyi kimi vəsiyyət hədisinin bütün raviləri şiədirlər.

Cavab: Bu məsələ də sübuta yetməmişdir. Necə ki, sonradan geniş şəkildə izah edəcəyik. Lakin fərz edək ki, bu sözü qəbul edirik, lakin, yenə də bir ravinin şiə olması onun siqə olmasına və nəql etdiyi şeyin səhihliyinə dəlalət etmir. Bu, ağılla bilinən bir şeydir. Belə ki, şiələr də digərləri kimi bəşərdirlər. Onların da içlərində doğru danışan və yalan danışan vardır. Bir kəsin şiə olması o demək deyil ki, o şəxs mütləq doğru danışandır. Buna görədir ki, görürük ki, İmamlar (əleyhimus-səlam) onlarla bir dövrdə yaşayan və ətraflarında olan bəzi şiələri yalançı adlandırmışlar.

Elə isə, deməli bu rəvayətin sənədi olduqca qaranlıqdır. Sənəddəki səkkiz ravinin altısı məchul və barələrində adlarından başqa heç bir şey bilinməyən şəxslərdən ibarətdir.

Deyilənlərə bunu da əlavə edin ki, dəyərli şiə alimləri Əhməd İsmayıl və onun ardıcıllarının “vəsiyyət hədisi” adlandırdıqları bu rəvayəti sünni rəvayəti hesab etmişlər!

Hürr Amuli özünün “əl-İyqaz min əl-həcə” kitabında bu rəvayəti qeyd edərkən deyir:

“Şeyx “əl-Ğeybə” kitabında İmamların (əleyhimus-səlam) imamətinə dair ammə təriqləri ilə nəql etdiyi hədislər içərisində bu hədisi nəql etmişdir...” (əl-İyqaz min əl-həcə fil-burhan əla ər-rəcə, 362)

Bundan sonra rəvayəti gətirir və rəvayəti qeyd etdikdən sonra şərh olaraq deyir:

“Gizli deyil ki, əvvəldə “əl-Ğeybə” kitabından nəql edilən hədis ammə təriqli hədislərdəndir və o bu məsələdə [on iki məhdi məsələsində] höccət deyildir. O yalnızca on iki imama işarət məsələsində höccətdir və bu da onun şiə rəvayətləri ilə uyğunluğuna görədir. Şeyx bu hədisdən və başqa bir neçə hədisdən sonra qeyd etmişdir ki, hədis ammə məzhəbinin rəvayətlərindəndir. Hədisin (on iki imama işarətdən sonrakı) qalan hissəsi aydın deyildir. Keçən babın doxsan altıncı hədisində də açıq-aşkar qeyd edildi ki, Məhdinin (əleyhis-səlam) övladları yoxdur.” (əl-İyqaz min əl-həcə fil-burhan əla ər-rəcə, 368)

Budur, bu sahənin ustadı Şeyx Hürr Amuli (quddisə sirruh) şəhadət verir ki, rəvayət sünni rəvayətidir və “məhdilər” məsələsinin isbatında höccət deyildir! Seyyid Abdullah Şubbər özünün “Məsabihul-Ənvar” kitabında deyir:

“Nəzərə almaq lazımdır ki, birinci hədisin [“əl-Ğeybə” kitabındakı rəvayəti nəzərdə tutur] raviləri ammə məzhəbindəndirlər.” (Məsabihul-Ənvar, 1/348)

Əgər biz Şeyx Tusinin (rəhmətullahi əleyh) vəsiyyət hədisindən iki səhifə əvvəldə on iki İmamın (əleyhimus-səlam) imamətinə dəlalət edən rəvayətləri qeyd edərkən nəql etdiyi başqa bir rəvayətə nəzər salsaq, görərik ki, rəvayət bu sənədlədir:

“Bir dəstə şəxs bizə ət-Təl`əkbəridən, o da Əbu Əli Əhməd ibn Əli ər-Razi əl-Əyadidən nəql edib dedi: mənə Hüseyn ibn Əli, Əli ibn Sinan əl-Mosuli əl-Ədldən, o Əhməd ibn Muhəmməd əl-Xəlilidən, o Muhəmməd ibn Saleh əl-Həmədanidən, o Süleyman ibn Əhməddən, o da Ziyad ibn Müslim və Abdullah ibn Yəzid ibn Cabirdən nəql etdi ki, sonuncu iki şəxs Səlamdan nəql edib demişlər: Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) çobanı Əba Səlmanın belə dediyini eşitdim: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim...” (əl-Ğeybə, 148.)

Görürük ki, vəsiyyət hədisinin sənədində qeyd olunan ravilərdən ikisi – Əli ibn Sinan əl-Mosuli və Əhməd ibn Muhəmməd əl-Xəlil bu rəvayətin sənədində də qeyd olunmuşlar.

Şiə-imamiyyə alimlərinin bu rəvayət barədə dedikləri sözlərə müraciət etdikdə görürük ki, onlar bu rəvayət barəsində də demişlər ki, rəvayət sünni rəvayətidir və onun raviləri sünni məzhəbinin fəqihlərindəndirlər!

Şeyx Nəcaşi və Şeyx Tusinin (quddisə sirruhuma) şeyxlərindən (Birbaşa hədis nəql etdikləri şəxslər. Müt.) olan Əhməd ibn Əyyaş əl-Cəvhəri demişdir:

“Əshabul-hədisdən olan ammə camaatının [müxaliflərin] on iki İmamın (əleyhimus-səlam) sayı və adları barədə nəql etdikləri rəvayətlər.”

Sonra deyir:

“Onlardan biri onların İmamların sayı və adları barədə Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) çobanı Əbu Səlmadan nəql etdikləri hədisdir. Əbul-Həsən Əli ibn Sinan əl-Mosuli əl-Ədl bizə nəql edib dedi: mənə Əhməd ibn Muhəmməd əl-Xəlili əl-Amuli nəql edib dedi: bizə Muhəmməd ibn Saleh əl-Həmədani nəql edib dedi: bizə Süleyman ibn Əhməd nəql edib dedi: mənə Rəyyan ibn Müslim, Əbudür-Rəhman ibn Yəzid ibn Cabirdən nəql edib dedi: Səlam ibn Əbu Umrənin belə dediyini eşitdim: Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) çobanı Əba Səlmanın belə dediyini eşitdim: Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim...” (Muqtəzəbul-əsər, s.10)

Burada “onların...nəql etdikləri” deyərkən müxalifləri nəzərdə tutur. Çünki kitabın müqəddiməsində bildirmişdir ki, o bu kitabda müxaliflərin kitablarında gələn “on iki imam” hədislərini gətirməyə çalışıb. Deyir:

“Mən bu kitabda bizim müxaliflərimizdən olan hədis ravilərinin nəql etdikləri və bizim İmamlarımızın (əleyhimus-səlam) imamətinə dəlalət edən, onların adlarını, kimliklərini və saylarını bildirən səhih və bizim rəvayətlərə uyğun olan rəvayətləri qeyd etmişəm.” (Muqtəzəbul-əsər, s.10)

Həmçinin, Seyyid ibn Tavus (quddisə sirruh) “ət-Təraif” kitabında bu rəvayəti qeyd edərkən deyir:

“Belə rəvayətlərdən biri də onların “imamların ağası, Xarəzm xətiblərinin ən üstünü” adlandırdıqları Müvəffəq ibn Əhməd əl-Malikinin öz kitabında qeyd etdiyi rəvayətdir.” (ət-Təraif fi mərifət ət-Təvaif, 173.)

Bundan da aydın olanı Hürr Amulinin bu rəvayət barəsində etdiyi şərhdir. Belə ki, deyir:

“..Adı çəkilən kitabda dörd məzhəbin ravilərinin nəql etdiyi bir rəvayət də vardır. Necə ki, onu onların alimlərindən olan “sədrul-əmimmə” (imamların ağası) və “əxtəbu-Xarəzm” (Xarəzm xətiblərinin ən üstünü) Müvəffəq ibn Əhməd əl-Maliki öz kitabında nəql etmişdir: Bizə fəxrul-quzat Nəcməddin Əbu Mənsur Muhəmməd ibn Hüseyn ibn Muhəmməd əl-Bağdadi Həmədandan yazdığı məktubda nəql edib demişdir: bizə Şərif Nurul-huda Əbu Talib Həsən ibn Muhəmməd əz-Zeynəbi xəbər verib dedi: bizə imamların imamı Muhəmməd ibn Əhməd ibn Şazan nəql edib dedi: bizə Əhməd ibn Muhəmməd ibn Abdullah əl-Hafiz nəql edib dedi: bizə Əli ibn Sinan əl-Mosuli, Əhməd ibn Muhəmməd ibn Salehdən, o Salman ibn Muhəmməddən, o Ziyad ibn Müslimdən, o Əbdür-Rəhman ibn Zeyddən, o Cabirdən, o Səlamədən, o da Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) çobanı Əbu Süleymandan nəql edib dedi...” (əl-Cəvahir əl-səniyyə, 312)

Hürr Amulinin sözü açıq-aşkar bu mənadadır ki, hədisin raviləri sünni məzhəbindəndirlər. Bunun özü başqa bir dəlildir ki, vəsiyyət hədisinin bütün raviləri daha əvvəl də dediyimiz kimi sünni məzhəbindəndirlər.

Şeyx Əhməd Salman

Ardı var...

Əziz oxucular, buraya qədər siz "Vəsiyyət" hədisinin ravilərinin detallı analizini və hər biri haqqında qeyd edilən şübhələrə cavabları oxudunuz. Növbəti məqalədə Əhməd İsmayılın müdafiəçisinin "Vəsiyyət" hədisini müxtəlif bəhanə və şübhələrlə səhihləşdirməyə çalışdığının şahidi olacaq, həmçinin hər bir şübhə barədə detallı cavabları oxuyacaqsınız.

Рейтинг

В этом разделе