Həqiqəti tapanlar - 3 - : İbrahim Tambo (keçmiş şafei)

»»

Həqiqəti tapanlar - 3 - : İbrahim Tambo (keçmiş şafei)

Ad: İbrahim Tambo

Ölkə: Malavi

Məzhəb: Şafei

Doğumu və ilk təhsili

İbrahim Tambo

1977-ci ildə Malavinin Manqaş məntəqəsində dünyaya gəlib. Şafei məzhəbli müsəlman ailəsində böyüyüb. İbtidai təhsilini doğulduğu şəhərdə alıb. 1999-cu ildə ölkəsinin paytaxtı Lilonqvedə Əhli-Beyt (əleyhimussəlam) məzhəbini qəbul edib.

Həqiqət sorağında

İbrahim Tambo deyir:

Uşaqlığımdan bəri haqqaxtaran olmuşam. Daim həqiqəti tapmağa can atmışam. Bu faktor mənim önümdə geniş üfüqlər açmışdı. Düşüncələrim heç vaxt donmuş və daşlaşmış fikirlər çərçivəsində qalmayıb. Əksinə, hər zaman yeni bir şey öyrənməyə və gördüyüm müdrik şeyləri əxz etməyə çalışmışam.

Həqiqət sorağında olduğum vaxt qulağıma haqqın xristianlar tərəfində olduğu, xilaskar və nicatverənin məhz Məsih (əleyhissəlam) olduğu, onun bəşəriyyətin günah və xətalardan təmizlənməsi üçün çarmıxa çəkildiyi məlumatı çatdı. Buna görə də xristian dinini araşdırmağı qərara aldım. Onların kilsələrinə gedib keşişlərinin moizələrinə qulaq asdım, onlarla möhkəm müzakirələrə qoşuldum. Lakin onların bir çox inanclarına, xüsusən də Məsihin Allah olması və Allahın oğlu olması inancına qane ola bilmədim. Belə bir şeyi ağlım əsla qəbul etmədi. Buna görə də onlardan uzaqlaşmağı qərara aldım.

Mən axtardığımı onlarda tapa bilməmiş, onların ideoloji proqramının məni Rəbbimə yetişdirməyə kifayət etmədiyi qənaətinə gəlmişdim.

İslam və şiəlik barəsində tədqiqat

Bu hadisədən sonra öz-özümə dedim: “Nə üçün İslam barəsində araşdırma etməyim və itirdiyimi onda axtarmayım? Bir halda ki, İslam mənim öz dinimdir. Nə üçün öz dinimin və ideologiyamın həqiqəti ilə tanış olmadığım halda həqiqəti uzaq yerlərdə axtarıram?”. Beləliklə qolumu çırmayıb İslamı tədqiq etməyə başladım və sadəcə adda “müsəlman” olduğum ötən müddəti arxamda qoydum.

Əvvəlcə ərəb dilini öyrənməyə başladım. Ərəb dilini öyrənməyim sayəsində, Quranı gözəl şəkildə oxuya bildim.

Sonra “şiəlik” adlanan bir islam məzhəbi haqqında eşitdim. Şiələr barədə sual verib onların kim olduqlarını soruşdum. Mənə dedilər ki, onlar kafirdirlər, müşrikdirlər, İmam Əliyə, həmçinin qəbirlərə və qəbirlərdəkilərə ibadət edirlər. Bəziləri isə dedilər ki, bu firqə uzun tarixi və dərin keçmişi olan islam firqələrindən biridir.

Mən çaşqınlığa düşdüm. Məlumat almaq marağım məni onlar barəsində məlumat toplamağa sövq etdi. Beləcə onları araşdırmağa başladım. Bu əsnada mənim diqqətimi bir şey cəlb etdi: gənclərin böyük bir qismi azğınlıq və zəlalətə düşmək qorxusu ilə paytaxtda yerləşən şiə məktəblərinə yazılmaqdan qorxurdular! Çünki şiələr barəsində deyilən sözlərdən təsirlənmişdilər. Lakin mən Allah-taalaya təvəkkül edərək, həqiqətin nə olduğunu tapmağı qarşıma məqsəd qoydum.

Şiə məktəbində bir müddət təhsil aldıqdan sonra daha əvvəllər gizli olan bir çox məsələrlər mənim üçün aydın oldu. Axtardığım haqq qarşıma çıxdı. Başa düşdüm ki, haqq Əhli-Beyt (əleyhimussəlam) ilədir və şiələr barəsində deyilən sözlərin əksəriyyəti həqiqəti əks etdirmir. Onlara atılan “şirk” ittihamının heç bir əsası yoxdur. Əksinə, əgər biz onlara insaf gözü ilə nəzər salsaq, onların həqiqi tövhid və xalis ibadət əhli olduqlarını görərik.

Günlər keçdikcə bəsirətim və Əhli-Beyt (əleyhimussəlam) maarifinə olan tanışlığım get-gedə artdı. Buna görə də ölkəmin paytaxtında aldığım akademik təhsilimi bitirdikdən sonra şiə elm hövzələrindən birinə getməyi qərarlaşdırdım. Bundan sonra Allaha şükürlər olsun ki, bilgi xəzinəmi zənginləşdirə və Əhli-Beyt maarifini daha çox öyrənə bildim.

313news.net

Рейтинг

В этом разделе