Həqiqəti tapanlar - 15 - : Mərvan Xəlifat (keçmiş şafei)

»»

Həqiqəti tapanlar - 15 - : Mərvan Xəlifat (keçmiş şafei)

Adı: Mərvan Xəlifat

Ölkə: İordaniya

Məzhəbi: Şafei

Mərvan Xəlifat

Mərvan Xəlifat 1973-cü ildə İordaniyanın İrbid şəhərinin Kfar-Cayiz bölgəsində anadan olmuşdur. Şafei məzhəbli ailədə böyümüşdür. 1995-ci ildə Yarmuk Universitetində islam şəriəti ixtisası üzrə bakalavr diplomuna yiyələnmişdir.

Universitet illərində bir qrup sələfi müəllimdən dərs alması səbəbindən sələfilikdən təsirlənmiş, tez-tez sələfilərin söhbətlərinə qulaq asmış, onların dediklərini heç bir araşdırma aparmadan olduğu kimi qəbul etmişdir.

Lakin uşaqlıqdan birlikdə böyüdüyü bir şiə dostu olmuşdur.

Dini mövzularda fikir ayrılığı yaşamalarına baxmayaraq, dostuqlarını davam etdirmişlər. Bununla yanaşı, ara-sıra etiqadi mövzularda diskussiyalar da aparmışlar. Lakin gün keçdikcə elmi səviyyələrinin artması səbəbindən mübahisələr daha ardıcıl və geniş xaraker almağa başlamış və bu, M.Xəlifatın universitetə daxil olmasından sonra gündəlik xarakter daşımışdır.

M.Xəlifat dostunu hidayət etmək ümidi ilə bütün gücünü sərf edərək sələfi müəllimlərindən öyrəndiyi dəlilləri dostuna təqdim edir, lakin hər dəfəsində onun verdiyi möhkəm cavablar qarşısında deyəcək söz tapmırmış.

M.Xəlifatın şiəliyə yönəlməsinə səbəb olan faktlardan biri tarixdə “cümə axşamı faciəsi” adı ilə yadda qalan hadisədir. Hadisə barədə məlumatı ilk dəfə şiə dostundan eşidən M.Xəlifat əvvəlcə hadisə zamanı Ömər ibn Xəttabın dediyi sözləri qeyri-mümkün hesab edir, lakin dostunun adı çəkilən faktı “Səhihül-Buxari” və “Səhihü-Müslim” kitablarından sübut etməsindən sonra böyük təəccüb və sarsıntı keçirir. Dostundan bu faktla harada tanış olduğunu soruşduqda, o: “Şiəliyi qəbul etmiş sünni alimlərindən birinin yazdığı “Sonra hidayət oldum” kitabından”, - deyə cavab verir. Bir sünni aliminin şiə olmasından çox təəccüblənən M.Xəlifat dostundan həmin kitabı ona verməsini xahiş edir, o da kitabı ona təqdim edir.

Kitabı oxumağa başlayan M.Xəlifat oxuduqlarından dəhşətə gəlir. Əvvəlcə kitabda qeyd olunmuş məlumatlara inanmaq istəməsə də, sabahı gün məlumatları universitetin kitabxanasında dəqiqləşdirməyə başlayır. İlk olaraq “cümə axşamı faciəsi” hadisəsindən başlayan M.Xəlifat hadisənin həqiqətən də “Səhihül-Buxari” və “Səhihü-Müslim” kitablarında qeyd olunduğunu görür. Bundan sonra öz inancları ilə bağlı ciddi şübhələrə düşən Xəlifat  dostunun təklifi ilə Ticaninin “Doğru danışanlarla birgə olmaq üçün” və “Zikr əhlindən soruşun” kitablarını, habelə başqa kitabları oxuyur. Kitablar onu bir çox həqiqətlərlə tanış edir və çaşqınlığı daha da artır. Bu dəfə öz məzhəbinin alimlərinin həmin faktlara cavablarını oxumağa çalışır, lakin verilən cavabları əsla qaneedici hesab etmir. Cavablar nəinki qaneedici olur, hətta əksinə, onun bəsirətini daha da artırır. Bu minvalla bir müddət mütaliə və araşdırmalarını davam etdirdikdən sonra həqiqət onun üçün aşkar olur və o, Əhli-Beyt məzhəbinin haqq olduğunu dərk edir. Beləliklə şiəliyi qəbul edərək Əhli-Beyt karvanına qoşulur.

Şiəliyi qəbul etdikdən sonra M.Xəlifat bir neçə əsər qələmə alır. Əsərlər aşağıdakılardan ibarətdir:

1. “Gəmiyə mindim”;

2. “Səma mənə lütf etdi: ilahi nemətə mübarək dönüş”;

3. “Peyğəmbər və missiyanın gələcəyi”;

4. “Əməvi tarixinə bir baxış”;

5. “Müqəddəs gözləyişin (intizarın) nəğmələri”.

313news.net
Рейтинг

В этом разделе