Quranın "Tariq" surəsinin 5-7-ci ayələri ilə bağlı ateist iddialarına cavab

»»

Quranın "Tariq" surəsinin 5-7-ci ayələri ilə bağlı ateist iddialarına cavab

Ateistlərin Qurani-Kərimlə bağlı ortaya atdıqları şübhələrdən biri də mübarək Tariq surəsinin 5-7-ci ayələri ilə bağlıdır. Onlar Tariq surəsinin 5-7-ci ayələrinin müasir elmlə uyğun gəlmədiyini iddia edərək bununla Quranın ilahi kitab olmasını inkar etməyə çalışırlar. Biz bu müxtəsər yazıda bu iddianın hansı həddə tutarlı olduğuna nəzər salacağıq.

Ayə ilə bağlı mülahizələrə keçməzdən qabaq ayənin məzmunu ilə tanış olaq. Allahu-təala Tariq surəsinin 5, 6 və 7-ci ayələrində buyurur:

“İnsan nədən xəlq olunduğuna bir baxsın (5). O, sıçrayan bir sudan yaradılmışdır. (6) O, “sülb” ilə “təraib” arasından çıxır (7).”

İddianın məzmunu:

Ateistlər bu ayələrin müasir elmin gəldiyi nəticələrlə ziddiyyət təşkil etdiyini iddia edirlər. Belə ki, Quranın bu ayələrindən belə başa düşülür ki, insandan xaric olan bu su məhz “sülb” ilə “təraib” (bir qədər sonra mənaları qeyd olunacaq) arasından çıxır, halbuki, müasir elm sübut etmişdir ki, insandan xaric olan su (sperma) “sülb” və “təraib” arasından deyil, məhz testislərdən (xayalıqlardan) çıxır (testislərdə istehsal olunub çıxır). Bu isə o anlama gəlir ki, Quran qəti şəkildə sübuta yetən elmlə ziddiyyət təşkil edir, elə isə deməli, Quran ilahi bir kitab deyildir.

Cavab:

Birinci:

Öncəliklə qeyd edək ki, ateistlərin bu səhvə düçar olmalarının səbəbi bir yandan onların təəssübləri və ya məlumatsızlıqları olmuşsa, digər yandan da tərcüməçilərin yanlış tərcümələri olmuşdur. Belə ki, bəzi hallarda tərcüməçilər Tariq surəsinin 7-ci ayəsini ya düzgün tərcümə etməmişlər, ya da tərcümələrini sübuta yetməmiş təfsirlər üzərində qurmuşlar. Biz ayənin mənasını və təfsirini qeyd etməzdən qabaq bu mühüm nöqtəyə diqqət çəkmək istəyirik. Çünki, bir sıra tərcüməçilərin etdikləri bu xəta elə də kiçik xəta deyildir. Əksinə, onların etdikləri bu xəta səbəbindən bəlkə də qarşı tərəf daha da cürətlənmiş, Quranın ecazını daha rahat şəkildə inkar edə bilmişdir. Bəlkə də ayə düzgün şəkildə tərcümə olunsaydı, ortaya çıxan problem daha tez həll olunardı və ayənin mənası daha tez başa düşülərdi Hər halda, biz ad çəkmədən həm azərbaycan, həm də türk dillərində olan tərcümələrdən iki örnək göstəririk. Örnəklərimiz belədir:

1. “(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!”

2. “O su, erkeğin belinden, kadının leğen kemiğinden çıkmaktadır”.

Gördüyünüz kimi, bu tərcümələrdən belə başa düşülür ki, Tariq surəsinin 6-cı ayəsində söz açılan su kişinin bel sümüyündən, qadının isə sinə sümüyündən çıxır.

Halbuki, bu tərcümə ayənin orijinalı ilə ziddiyyət təşkil edir. Belə ki, ayənin orijinalında bu suyun bel sümüyündən və ya sinə sümüyündən çıxdığı deyil, bel sümüyü ilə sinə sümüyü (yaxud: qabırğalar) arasından çıxdığı bildirilir. Bu iki məna arasında isə kifayət qədər fərq vardır. Müqayisə edin:

“(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar.

və:

“O, bel sümüyü ilə köks sümüyü (yaxud: qabırğalar) arasından çıxır”.

Çünki, ayənin orijinalında “beynəs-sulbi vət-təraib” cümləsi işlənir ki, bu da ““sülb” ilə “təraib” arasından” anlamına gəlir. Ayədəki “beynə” (arasında) sözünü tərcümədə qeyd etməmək, əvvəla Quranı yanlış tərcümə etmək sayılır, ikincisi isə Quranın yanlış başa düşülməsinə səbəb olur.

Buna əsasən, doğru tərcümə “O, “sülb” ilə “təraib” arasından çıxır” şəklindədir.

İkinci: “Sülb” və “təraib” sözlərinin mənası:

Ərəb dilində “sülb” sözünün daşıdığı əsas məna “bel sümüyü”, “onurğa sütunu” mənalarıdır. Cəmi “əslab” sözüdür, “salubə” “möhkəm olmaq” felindən düzəlmişdir. Bu sözün həmçinin digər mənaları da vardır ki, bunlara misal olaraq “güc”, “kişi” mənalarını göstərə bilərik. Çünki, “kişi” də güc və möhkəmlik rəmzidir.

“Təraib” sözünün daşıdığı əsas məna isə “sinə sümükləri” mənasıdır, cəm halda olan isimdir, təki “təribə” sözüdür. “Təribə” sözünün “turab” – torpaq mənasından götürüldüyünü deyənlər vardır. Buna əsasən ki, torpaq hərəkətsiz durduğu kimi “təribə” də hərəktsiz durur. Dilçilər “sülb” sözünün əsas mənası barədə ixtilaf etməsələr də, “təraib” sözünün əsas mənası barədə ixtilaf etmişlər. Onlar “təraib” sözü üçün aşağıdakı mənaları qeyd etmişlər:

1-Qabırğalar;

2-Körpücük sümüyündən köks sümüyünə qədər olan məntəqə;

3-İki çiyin arası bölgə və sinə;

4-Əllər, ayaqlar, gözlər;

5-Aşağıdan dörd qabırğa;

6-Qadın.

Gördüyünüz kimi, bu mənaların ilk beşi demək olar ki, ortaq bir mənaya dəlalət edirlər və bu, insanın ön tərəfi mənasıdır. Bu səbəbdəndir ki, Şeyx Məkarim Şirazi də (muddə zilluh) “təraib” sözünün mənalarını izah edərkən mənalar arasında “insanın ön tərəfi” mənasını da qeyd etmişdir (bax: “Təfsirul-Əmsəl”: Tariq surəsinin təfsiri, ayə, 7).

Sonuncu qeyd etdiyimiz məna isə sözün həqiqi mənası deyil, məcazi mənasıdır. Bəli, “təribə” deyildikdə məcazi mənada qadın da nəzərdə tutula bilər. Necə ki, möhkəmlik anlamına gəldiyi üçün “sülb” dedikdə kişi nəzərdə tutula bilir, eləcə də hərəkətsizlik və sakitlik anlamına (başqa sözlə zəriflik anlamına) gəldiyi üçün “təribə” dedikdə qadın nəzərdə tutula bilir. Buna daha sonra toxunacağıq.

Deməli, aydın olur ki, “sülb” dedikdə əsas olaraq bel sümüyü, “təraib” dedikdə isə əsas olaraq köks (sinə) sümüyü, yaxud, qabırğalar nəzərdə tutulur. Elə isə bunları bildikdən sonra ayələrin izahlarına nəzər salaq.

Ayənin birinci izahı:

Müasir elm sübut etmişdir ki, insan sperması testislərdə istehsal olunur. Bəziləri elə zənn etmişdir ki, Qurani-Kərimin spermanın “sülb” və “təraib” arasından çıxmasını bildirməsi spermanın testislərdə istehsal olunması həqiqəti ilə ziddiyyət təşkil edir. Halbuki, bu belə deyildir. Əksinə, Qurani-Kərim bu həqiqətə 1400 il bundan qabaq işarə etmişdir.

Belə ki, müasir elm sübuta yetirmişdir ki, dölün ilk həftələrində döldə testis (əgər qızdırsa yumurtalıq) formalaşmağa başlayır. Testisin formalaşdığı məntəqə isə dölün onurğa sütunu ilə onun qabırğaları arasındakı məntəqə olur. Başqa sözlə testisin formalaşdığı yer “sülb” (bel sümüyü, onurğa sütunu) ilə “təraib” (qabırğalar) arası məntəqə olur (şəkil 1). Daha sonra döl inkişaf etdikcə testis bel sümüyü ilə sinə sümüyü arasından hərəkət edərək tədricən aşağıya doğru sürüşür. Nəhayət altı, yaxud, yeddinci ayda testis enərək xayalıqa (xaya torbasına) yerləşir.

Bununla yanaşı, testis xayalıqa yerləşdikdən sonra onun “sülb” və “təraib”lə əlaqəsi qırılmır. Belə ki, testisi qanla təmin edən damar “sülb” ilə “təraib” arasında yerləşən aorta damarından ayrılır (şəkil 2). Bu isə testisin yenə də “sülb” və “təraib” ilə əlaqədə olması deməkdir. Habelə, ucqar sinir sisteminin onurğa beyni sinirləri 31 cür sinirə bölünür. Bunlar 8-i boyun bölgəsində, 12-si sinə bölgəsində, 5-i bel bölgəsində, 6-sı isə sakral bölgəsindədir. Bunlar içərisində testisə hisslər ötürən sinir 10-cu sinə bölgəsi siniridir. Bu sinir də on və on birinci qabırğanın arasında yerləşir (şəkil 3), bu isə o deməkdir ki, testisə hisslər ötürən bu sinir də “sülb” ilə “təraib” arasında yerləşir.

Deməli, testis özü “sülb” və “təraib” arasından gəlmişdir, oradan gəldikdən sonra isə “sülb” və “təraib” ilə əlaqəsi qırılmamış, əksinə, damarlar və sinirlər vasitəsilə yenə də ora ilə əlaqəli olmuşdur.

Buna əsasən, Qurani-Kərim kişinin suyunun “sülb” ilə “təraib” arasından çıxdığını deyərkən əslində müasir elmin ancaq 14 əsr sonra kəşf edə bildiyi bir həqiqəti ortaya çıxarmışdır. Çünki, Qurani-Kərim isbat etmişdir ki, spermanın istehsal olunduğu testis əslində bel sümüyü ilə qabırğalar arasındakı bölgədə formalaşır. Bu isə o deməkdir ki, spermanın ilkin mənbəyi məhz bel sümüyü (“sülb”) ilə qabırğa sümükləri (“təraib”) arasındakı bölgədir. Başqa sözlə, Quran “sperma “sülb” ilə “təraib” arasından çıxır” deyərkən, elmi həqiqətə zidd bir söz söyləməmişdir. Həqiqətən də, sperma “sülb” ilə “təraib” arasından çıxır; çünki, spermanın istehsal olunduğu mənbə olan testis məhz “sülb” ilə “təraib” arasından gəlmişdir. Deməli, zəncirvari şəkildə sperma da “sülb” ilə “təraib” arasından gəlmişdir. Üstəlik də testis öz yerinə yerləşdikdən sonra “sülb” və “təraib” ilə əlaqəsini itirmir.

Şəkil 1
Şəkil 2
Şəkil 3

 

Burada kimsə sual verə bilər ki, əgər belədirsə, bəs nə üçün Allah kişinin suyunun testislərdə istehsal olunduğunu müstəqil şəkildə bildirməmiş, əvəzində testisin özünü harada formalaşdığını demişdir? Allah spermanın mənşəyi çıxdığı yer kimi testisin özünü göstərə bilməzdimi?

Cavab:

Bu sualın cavabı Tariq surəsinin 5-7-ci ayələrinin məqsədini başa düşdüyümüz zaman aydın olur. Belə ki, Allahu-təala bu ayələri qeyd etməklə insanın haradan gəldiyini ona xatırlatmaq istəmişdir. Buyurur: “İnsan nədən xəlq olunduğuna bir baxsın. O, sıçrayan bir sudan yaradılmışdır. O (su) “sülb” ilə “təraib” arasından çıxır.” Belə məqamda insanın haradan gəldiyini ən gözəl bəyan etmək üçün təkcə onun yarandığı spermanın mənşəyi olan testisi qeyd etmək kifayət etmir, çünki, testisin özü də başqa bir məkandan gəlmişdir. Buna görə də Allahu-təala spermanın çıxdığı məkan olaraq testisi deyil, testisin özünün çıxdığı yeri göstərmişdir. Bununla da insanın necə ecazkar və mürəkkəb bir şəkildə xəlq olunub dünyaya gəldiyinə diqqət çəkmişdir.

Ayənin ikinci izahı:

Ayənin ikinci izahı isə ayədəki “o.. çıxır” (ərəbcə: “yəxrucu”) sözünün “sıçrayan su” sözünə deyil, “insan” sözünə aid edilməsinə əsaslanır. Belə olunca ayənin mənası az əvvəl qeyd etdiyimizdən fərqlənir. Bu nəzəri əslən azərbaycanlı olan böyük İslam alimi və mütəfəkkiri Ayətullahul-Üzma Şeyx Cəfər Sübhani (Allah hifz etsin) irəli sürmüşdür. Nəzərin ətraflı izahına keçməzdən qabaq gəlin ayələrə bir daha nəzər salaq:

“İnsan nədən xəlq olunduğuna bir baxsın (5). O, sıçrayan bir sudan yaradılmışdır. (6) O, “sülb” ilə “təraib” arasından çıxır (7). Həqiqətən də Allah onu qaytarmağa qadirdir. (8)”

Şeyx Cəfər Sübhaninin bildirdiyi bu nəzərə əsasən, Tariq surəsinin 6-cı ayəsindəki “o” əvəzliyi “sıçrayan su” sözünə deyil, “insan” sözünə qayıdır. Başqa sözlə ayələrin tərcüməsi bu şəkildə olur:

“İnsan nədən xəlq olunduğuna bir baxsın (5). O, sıçrayan bir sudan yaradılmışdır. (6) O (insan), “sülb” ilə “təraib” arasından çıxır (7). Həqiqətən də Allah onu qaytarmağa qadirdir. (8)”

Düşünürük ki, bu oxunuş şəkli birinci oxunuşdan daha güclü ola bilər, “o” əvəzliyinin “sıçrayan su” sözünə deyil, “insan” sözünə qayıtması, ayənin məzmunu baxımından daha üstün nəzər kimi görünür. Bunun üçün qrammatik baxımdan mümkünlükdən əlavə elə ayələrin özündə də möhkəm bir dəlil vardır ki, bir qədər sonra Cəfər Sübhaninin sözündən gətirəcəyimiz sitatda qeyd ediləcək. Lakin, digər müsəlman alimləri və tərcüməçiləri bu məsələyə diqqət yetirməmişlər. Onlar “o... çıxır” cümləsinin “sırçayan su”ya aid olduğunu düşünmüşlər. Hərçənd ki, biz yuxarıda da qeyd etdik və göstərdik ki, ayədəki “o” əvəzliyini “sıçrayan suya” – spermaya aid etsək belə bunun müasir elmlə bir ziddiyyəti yaranmayacaq. Lakin, ayənin daha rahat şəkildə izah edə biləriksə, əlavə əziyyət çəkməyə nə lüzum var? Elə isə gəlin bu nəzərə əsasən ayənin müasir elmlə necə uyğunluq təşkil etdiyinə nəzər salaq:

Dediyimiz kimi, 6-cı ayədəki “o” əvəzliyini 5-ci ayədəki “insan” sözünə aid etdiyimiz təqdirdə 6-cı ayənin mənası “İnsan “sülb” ilə “təraib” arasından çıxır” şəklində olur. Bu isə elmi həqiqətlə ziddiyyət təşkil etmir. Çünki, az öncə də qeyd etdik ki, “sülb” sözünü mənası “bel sümüyü”, “onurğa sümüyü”, “təraib” sözünün mənası isə, “qabırğalar”, “aşağıdan dörd qabırğa” mənalarıdır. Məlumdur ki, körpə ana bətnində olarkən (xüsusən, 36-40-cı həftələrdə, dünyaya gəlməsinə az qalmış) məhz ananın bel sümüyü ilə, aşağı qabırğa sümükləri arasındakı boşluqda qərar tapır. Bu isə o deməkdir ki, körpə dünyaya gələrkən bel sümüyü ilə qabırğa sümükləri arasındakı boşluqdan çıxıb dünyaya gəlir. Elə isə, aydın olur ki, ayənin mənası müasir elmlə ziddiyyət təşkil etmir, çünki, eyni şeyi müasir elm də təsdiq etmişdir. Aşağıdakı şəkildə körpənin ana bətnindəki mövqeyinə diqqət yetirin:

Şəkil 4

 

Gördüyünüz kimi, bu şəkildə 36 aylıq körpənin ananın onurğu sütunu ilə qabırğaları arasındakı boşluqda qərar tutduğu açıq-aşkar təsvir edilmişdir. Elə isə aydın olur ki, ayəni bu şəkildə tərcümə etdiyimiz zaman da Qurani-Kərimlə müasir elm arasında uyğunluq aşkar olur.

Burada Şeyx Cəfər Sübhaninin sözlərini azacıq ixtisarla olduğu kimi qeyd edirik. Şeyx Cəfər Sübhani özünün Qurani-Kərim təfsiri olan “Munyətut-Talibin” kitabının 30-cu cildində, 261-263-cü səhifələrində deyir (ixtisarla):

نعم بقي هنا بحث في تعيين الضمير في قوله : (يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ) فإنّ أكثر المفسّرين ذهبوا إلى أنّ الضمير في الفعل يرجع إلى الماء الدافق في الآية المتقدّمة... فيكون معنى الآية: أنّ خلق الإنسان من ماء دافق، يخرج من بين الصلب و الترائب. وهنا سؤال وهو: أنّ ظاهر الآية الذي يدلّ على خروج نطفة الرجل من بين صلبه وترائبه لا ينسجم مع ما اتّفق عليه العلم، فإنّ مصدر ماء الرجل الانثيان وهما الخصيتان فيندفع الماء منهما إلى رحم المرأة... هذا هو الإشكال وقد شغل بال المفسّرين فذكروا وجوهاً لتفسير الآية، ولو أنّهم نظروا إلى الآية بنظرة فاحصة لعلموا أنّ الذي أوقعهم في الإشكال هو التفسير الخاطئ للآية حيث تصوّروا أنّ الضمير في الفعل (يَخْرُجُ) يرجع إلى «الماء الدافق» في الآية المتقدّمة، مع أنّه غير ظاهر، بل الظاهر خلافه، بل الضمير يرجع إلى الإنسان في قوله: (فَلْيَنْظُرِ الإِنْسَانُ مِمَّ خُلِقَ)والشاهد عليه ما بعد الآية وهو قوله تعالى: (إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ) فإنّ الضمير في «رَجْعِهِ» يرجع إلى الإنسان، وعلى هذا فالآية تتكفّل بيان ولادة الإنسان من بين الصلب والترائب لا خروج ماء دافق من بينهما. وبعبارة أُخرى: الذي أوقعهم في تفسير الآية بصور مختلفة هو تصوّر أنّ مرجع الضمير في «يَخْرُجُ» هو الماء لكونه قريباً منه، ولكن المرجع هو الإنسان وإن كان بعيداً، والشاهد عليه قوله تعالى: (إِنَّهُ عَلى رَجْعِهِ لَقَادِرٌ) فالضمير يرجع إلى الإنسان... ثمّ إنّ هذه الآية تهدف إلى إلفات نظر المشركين الذين ينكرون المعاد أشدّ الإنكار، بالبيان التالي وهو: أنّ نشأة الإنسان تبدأ من ماء دافق يقع في رحم الأُمّ ثم يتطوّر وينمو إلى أن يصير إنساناً قابلاً للخروج من هذا المكان الضيّق إلى العالم الفسيح. فالقادر على إنشاء الإنسان بالنحو المذكور قادر على إرجاعه إلى الحياة بعد موته.

“Bəli, burada bir məsələ qalır ki, o da “O, “sülb” ilə “təraib” arasından çıxır” ayəsindəki əvəzliyin müəyyən edilməsidir. Əksər təfsirçilər demişlər ki, bu ayədəki əvəzlik bir öncəki ayədəki “sıçrayan su” sözünə qayıdır və məna belə olur ki: “İnsanın yaradılışı sıçrayan bir sudandır; o su da “sülb” və “təraib” arasından çıxır”.

Belə olunca bir sual yaranır və o budur ki: ayənin zahirindən belə başa düşülür ki, kişinin suyu onun “sülb”ü ilə “təraib”i arasından çıxır, bu isə elmin sübuta yetirdiyi şey ilə uyğun gəlmir; belə ki, (elm sübuta yetirmişdir ki) kişinin suyunun (spermasının) mənbəyi xayalıqlarıdır (testislərdir) və kişinin suyu bu xayalıqlardan qadının rəhminə düşür...

Bax irad budur və bu irad təfsirçilərçilərin zehinlərini məşğul etmişdir, onlar ayə üçün bir neçə məna qeyd etmişlər. Halbuki, əgər onlar ayəyə diqqətlə nəzər salsaydılar, bilərdilər ki, onları bu iradla üz-üzə qoyan ayəni yanlış təfsir edilməsidir.”

[Qeyd: əlbəttə, Şeyx Cəfər Sübhaninin dediyi bu sözlər bizim yuxarıda qeyd etdiyimiz birinci izahın batil olması anlamına gəlmir. Çünki, Cəfər Sübhani bu sözləri ümumi izahlar üçün demişdir. Məsələn, böyük İslam alimlərindən olan Şeyx Məkarim Şirazi (Allah onu hifz etsin) bu ayənin izahında alimlərin altı müxtəlif fikir söylədiklərini qeyd etmişdir. Şeyx Cəfər Sübhani bildirmək istəyir ki, əgər təfsirçilər az sonra ayə üçün qeyd edəcəyimiz məqama diqqət yetirsəydilər, özlərini bu qədər əziyyətə salmalarına ehtiyac olmazdı. Biz də az öncə qeyd etdik ki, əgər ayəni rahat şəkildə izah edə biləriksə, o zaman əlavə əziyyət çəkməyimizə ehtiyac yoxdur. Hətta, birinci izahı yox saysaq belə, ikinci izahla rahat şəkildə ayəni açıqlaya bilərik.]

Deyir:

“Halbuki, əgər onlar ayəyə diqqətlə nəzər salsaydılar, bilərdilər ki, onları bu iradla üz-üzə qoyan ayəni yanlış təfsir edilməsidir. Belə ki, onlar elə zənn etmişlər ki, ayədəki əvəzlik (“o”) bir öncəki ayədəki “sıçrayan su” sözünə qayıdır. Halbuki, ayənin zahirindən görünən bu deyildir. Əksinə, ayənin zahirindən görünən budur ki, ayədəki əvəzlik, “İnsan nədən xəql olunduğuna bir baxsın” ayəsindəki “insan” sözünə qayıdır. Buna dəlil sonrakı ayədə deyilən sözdür, belə ki, Allahu-təala buyurur: “Həqiqətən də Allah onu qaytarmağa qadirdir”. Buradakı “onu” sözü “insan” sözünə qayıdır.

[Yəni, “Həqiqətən də Allah insanı qaytarmağa qadirdir”.]

“Buna əsasən, ayə insanın “sülb” ilə “təraib” arasından dünyaya gəlməsini bəyan etmək istəyir, nəinki, “sıçrayan su”yun bu ikisinin arasından çıxmasını.

Başqa sözlə: ayənin təfsirində təfsirçilərin müxtəlif fikilər bildirmələrinə səbəb onların ayədəki əvəzliyin suya aid olduğunu düşünmələri olmuşdur. Ona görə ki, əvəzlik “sıçrayan su” sözünün yaxınlığında işlənmişdir.”

[Yəni, ayənin “O, sıçrayan bir sudan yaradılmışdır. O, “sülb” ilə “təraib” arasından çıxır” təfsirçiləri çaşdırmışdır. Çünki, ikinci ayədəki “o” əvəzliyi birinci ayədəki “sıçrayan su” sözünün işləndiyi cümlənin birbaşa ardınca, yənin onun yaxınlığında işlənir.]

“Lakin, əvəzlik “insan” sözünə qayıdır, baxmayaraq ki, uzaqdadır. Buna dəlil, növbəti ayədəki, “Həqiqətən də Allah onu qaytarmağa qadirdir” cümləsidir. Buradakı “onu” sözü “insan” sözünə qayıdır...

Bundan başqa, bu ayə ölümdən sonra dirilməni var gücləri ilə inkar edən müşriklərin diqqətini aşağıdakı məsələyə çəkməyə çalışır və o budur ki, insanın mövcudluğu ananın rəhminə düşən sıçrayan bir su ilə başlayır, sonra bu su inkişaf edib böyüyür və nəhayət o dar məkandan geniş dünyaya çıxmağa hazır olan bir insana çevrilir.

İnsanı bu qeyd olunan şəkildə yaratmağa qadir olan Kəs, onu öldükdən sonra həyata qaytarmağa da qadirdir.”

“Munyətut-Talibin fi təfsiril-Quranil-Mubin”, Şeyx Cəfər Sübhani, c.30, səh. 261-263

Elə isə aydın olur ki, 6-cı ayədəki “o...çıxır” cümləsi kişinin suyuna deyil, insanın özünə qayıdır. Buna əsasən də məna bu olur ki, insan “sülb” ilə “təraib” arasından çıxıb dünyaya gəlir, Allahu-təala da onu bu şəkildə dünyaya gətirdiyi kimi, öldükdən sonra da diriltməyə qadirdir.

Ayənin üçüncü izahı:

Bu deyilən izaha əsasən (“o” əvəzliyinin “insan” sözünə qayıtmasına əsasən – müəl.) ayə üçün üçüncü bir məna da irəli sürmək olar. Həmin məna bundan ibarətdir ki, ayədə “İnsan “sülb” ilə “təraib” arasından çıxır” deyərkən, kişi və qadın nəzərdə tutulmuşdur. Yəni, insan kişi və qadından dünyaya gəlir. Çünki, yazının əvlində də qeyd etdiyimiz kimi, “sülb” sözü ilə kişi, “təraib” sözü ilə qadın nəzərdə tutula bilər. Əlbəttə, ayəni bu məna əsasında təfsir etdiyimiz təqdirdə ayədəki “arasından” sözü məcazi anlam daşımış olur. Başqa sözlə, “arasından” sözü övladın dünyaya gəlməsində kişi və qadının roluna işarə etmiş olur. Bununla həqiqi mənada insanın kişi ilə qadının arasından dünyaya gəlməsi deyil, məcazi mənada kişi ilə qadından dünyaya gəlməsi nəzərdə tutulur. Bu, ərəb dilçiliyi qayda-qanunları və məcaz elmi baxımından mümkün bir işdir.

“Sülb” və “təraib” sözləri ilə kişi və qadına işarə edilməsi barədə Əli ibn İbrahim əl-Qummi (vəf. miladi: 940) özünün “Təfsir” kitabında deyir:

الصلب الرجل والترائب المرأة.

“Sülb” kişidir, “təraib” qadındır.”

“Təfisrul-Qummi”: c.15, səh.415.

Həmçinin, Məkarim Şirazi özünün “əl-Əmsəl” təfsirində “sülb” və “təraib” sözlərinin mənaları arasında qeyd etdiyi nəzərlər içində birinci olaraq aşağıdakını qeyd edir:

"الصلب" إشارة إلى الرجال، و"الترائب" إشارة إلى النساء

“Sülb” kişilərə işarədir. “Təraib” qadınlara işarədir.”

“Təfsirul-Əmsəl fi kitabillahil-munzəl”: c.15, səh.240

Elə isə, bu izaha əsasən insanın bir kişi və bir qadından dünyaya gəlməsini deyə bilərik və bu da məlumdur ki, səhih fikirdir. Çünki, həqiqətən də insan kişinin sperm və qadının yumurta hüceyrələrinin ana bətnində birləşməsi nəticəsində əmələ gəlir. Lakin, Quran buna açıq şəkildə deyil, üstüörtülü şəkildə “sülb” və “təraib” deməklə işarə etmişdir.

Nəticə:

Nəzərdən keçirdiyimiz bu ayəti-kərimə istər qrammatik baxımdan, istərsə də məna baxımından bir neçə cür başa düşülə bilər. Biz bu mənalara işarə edərək ayənin nəzərdə tutduğu məqsədi açıqlamağa çalışdıq. Bu deyilənlərdən aydın olur ki, Tariq surəsinin 5-8-ci ayələri ilə müasir elm arasında heç bir ziddiyyət yoxdur. Ateistlərin bu mövzuda gətirdikləri iddialar isə heç bir əsasa malik deyildir. Çünki, qeyd olunan izahlar müasir elmin gəldiyi nəticələrlə tamamilə uyğunluq təşkil edir.

Hazırladı: Abu Ali

Рейтинг

В этом разделе