Ali-İmran surəsinin 35-36-cı ayələri: “İmranın zövcəsinin (Hənnənin): 'Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!' – dediyini xatırla!. Ondan azad olduğu zaman demişdi: 'Ey Rəbbim! Mənim qızım oldu' – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – 'axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm'” qadınla kişi arasında ayrıseçkilik məzmunu daşıyırmı?
Cavab:
İslam tarix və təfsir kitablarında qeyd olunur ki, Əşya və Hənna adlı iki bacı var imiş. Hənnə adlı bacı İsrail övladlarının öndərlərindən olan İmran ilə, Əşya isə Zəkəriyya peyğəmbər ilə ailə qurur. İllər keçsə də Hənnənın uşağı olmur.
Bir gün o, bir ağacın altında oturarkən balalarına yemək verən bir quş görür. Bu mənzərə onun qəlbindəki övlad həsrətini daha da alovlandırır və o tam xalisanə bir şəkildə Allaha dua edərək, övlad diləyir. Allah onun duasını qəbul edir və bir müddət keçdikdən sonra Hənnə hamilə qalır.
Rəvayətlərə görə, Allah İmrana vəhy edərək ona Allahın izni ilə əlacsız xəstəlikləri sağaldacaq, ölüləri dirildəcək və İsrail övladlarına peyğəmbər olaraq göndəriləcək bərəkətli bir övlad bəxş edəcəyini xəbər verir. İmran bunu həyat yoldaşı Hənnəyə xəbər verir.
Məhz bu xəbərdən sonra Hənnə hamilə olduğu uşağın məhz həmin vəd edilmiş uşaq olduğunu düşünür. Halbuki bətnindəki uşaq həmin uşaq deyil, onun anası olacaq Məryəm idi. Bətnindəki uşağın kimliyindən xəbərsiz olan Hənnə dünyaya gələcək övladını Beytül-Məqdisə xidmətçi qoyacağını nəzir edir. Lakin uşaq dünyaya gəldikdə onun qız olduğunu görür və çaşqınlığa düşərək, nə edəcəyini bilmir. Çünki o vaxtlar Beytül-Məqdisdə yalnız kişilər xidmətçi ola bilirdilər və daha öncə heç bir qadın bu işi görməmişdi. Məhz buna görə uşaq dünyaya gələrkən o, “Axı oğlan qız kimi deyil”, - demişdi.
Buna əsasən, ayənin məqsədi qadın ilə kişi arasında cinsi ayrıseçkilik salmaq və ya bundan xəbər vermək deyil. Ayə sadəcə tarixdə baş vermiş bir hadisə və həmin hadisə zamanı bir ananın kişilərə xas olan bir vəzifə üçün nəzir etdiyi övladının oğlan deyil, qız olduğunu görərkən verdiyi reaksiyanı nəql etmişdir.
Mənbə: islamquest.net
Tərcümə: 313news.net