İslam ümmətinin 73 firqəyə bölünməsinin doğru anlamı

»»

İslam ümmətinin 73 firqəyə bölünməsinin doğru anlamı

Müsəlmanların firqələrə bölünməsi və buna rəvac verən amillərə münasibətdə müsəlman alimləri çeşidli mövqelərdən çıxış edirlər.

Onların bəzisi bunu qeyri-təbii, İslam birliyini zəiflədən bir hadisə kimi, digərləri isə İslamın fikir azadlığı və tolerant dini olduğunun təzahürü kimi dəyərləndirmişlər. Bu baxımdan, "İslam ümmətinin bir neçə firqəyə bölünməsinin doğru anlamı" adlı mövzusu aktual sayıla bilər.

İslam alimlərindən bir qrupu belə hesab edir ki, İslam ümmətinin ondan qabaqkı ümmətlər kimi parçalanması Peyğəmbərin (s) qabaqcadan xəbər verdiyi qəzavü-qədərdir. Onların fikrincə müsəlmanlar qiyamətə qədər nə qədər çalışsalar və vəhdətə can atsalar belə, yenə də firqələr şəklində qalacaqlar. Lakin bu cür düşünmək çıxış yolu deyildir. Onların dəlil və sübut olaraq istinad etdiyi Peyğəmbərdən (s) nəql edilən bir  hədisdir ki, ona təfsilatı ilə aşağıda aydınlıq gətirəcəyik.

Digər İslam alimləri isə belə hesab edir ki, İslam ümmətinin bir neçə firqəyə bölünməsi müəyyən zamanlara təsadüf edə bilər, lakin daimi olması yolverilməzdir.

İslam dünyasının yaşadığı bu çətin mərhələ İslam ümməti xalqları arasında mədəni vəhdətin möhkəmləndirilməsi üçün bütün səylərin və güclərin birləşməsini tələb edir. Həmçinin, İslam haqq din olduğundan onun fəaliyyətini yeniləşdirmək, bütün sahələrdə inkişafa və tərəqqiyə doğru aparan və qovuşduran yüksək dəyərləri, əsas prinsipləri və təlimləri göstərmək lazım gəlir.

Heç şübhə yox ki, İslam ümmətinin hazırkı problemlərini təəssübkeşliyə qapılmaqla, ixtilafları şüar etməklə, tarixdə baş verən düşmənçilik və qərəzlilikləri diriltməklə həll etmək olmaz.

Belə ixtilaflar etmək üçün əgər bizdən əvvəlkilərin vaxtı var idisə, bizim isə bu gün ona vaxtımız yoxdur. Çünki, müsəlmanların bundan da böyük problemləri var. Əgər onların həllinə bu gün çalışmasaq, sabah onlar üst-üstə yığılacaq. Son dərəcə aramızdakı təəssübkeşlik hisslərini kənara qoyub ixtilaflara toxunmamalıyıq. Unutmamalıyıq ki, biz müsəlmanıq, dinimiz İslamdır, Rəbbimiz birdir, Kitabımız birdir, Peyğəmbərimiz (s) birdir, hədəfimiz birdir, düşmənimiz də birdir. İslam düşmənləri müsəlmanlara qarşı vuruşanda sünni və şiə arasında heç bir fərq qoymur, onun üçün hər ikisi eynidir. Onlar İslama qarşı vuruşur və onun məhvinə çalışırlar.

"İslam ümmətinin yetmiş üç  firqəyə bölünməsi" hədisinin doğru şəkildə başa düşülməsi

"Ümmətin yetmiş üç firqəyə bölünməsi, birindən başqa qalanlarının Cəhənnəmdə olmasından" xəbər verən hədis İslam alimləri tərəfindən birmənalı qəbul edilməmişdir. Bunun səbəblərini aşağıdakı bəhslərdə nəzərdən keçirək:

1. Hədisin sənədi ilə bağlı yaranan ixtilaflar

2. Hədisin mətni ilə bağlı yaranan ixtilaflar

3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan ixtilaflar

Hədisin sənədi: Hədisin İslam ümmətinin taleyi ilə bağlı olmasına baxmayaraq bu hədis Əl-Buxarinin və Müslimin "Əl-Came əs-səhih" əsərlərində nəql olunmamışdır. Başqa hədis kitablarında nəql edilsə də yenə də Buxari və Müslimin hədisin nəqli üçün qoyduğu şərtlərə tam cavab vermir. Əgər deyilsə ki, Buxari və Müslim bütün səhih hədisləri öz kitablarında cəm etməyiblər, bu da doğrudur. Lakin Buxari və Müslim ən mühüm mövzularda, xüsusi ilə də İslam ümmətinin taleyi ilə bağlı olan bu kimi məsələdə ən azından bir hədis olsa da belə,  o haqda rəvayət etmişlər.

"Əl-firəq beynəl-firəq" kitabının tədqiqatçısı Məhəmməd Mühyiddin deyir: "Bil ki, alimlər bu hədisin doğru olmasında ixtilaf etmişlər. Bəziləri bu hədisin sənədinin əsla doğru olmadığını vurğulamışdır. Çünki, hansı sənədlə rəvayət olunmuşsa, o sənəddə zəiflik vardır. Belə zəif hədislərdən dəlil çıxarmaq doğru sayılmır. Bəziləri isə bu hədisin bir neçə yolla nəql olunmasını nəzərə alaraq onu qəbul etmişlər".

Əbu Davud özünün  "Sünən" əsərində, Tirmizi özünün "Sünən" əsərində, İbn Macə özünün "Səhih" əsərində rəvayət etdikləri bu hədislə bağlı Şeyx Məhəmməd Zahid əl-Kövsəri belə deyir: "İbn Macənin öz Səhihində, Beyhəqinin öz Sünənində və başqalarının müxtəlif yollarla rəvayət etdiyi bu hədisin sənədlərində Əbdürrəhman ibn Ziyad ibn Ən`əm, başqa sənədində Kəsir ibn Abdullah, başqa sənədində Übbad ibn Yusif və Raşid ibn Səəd, başqa sənədində Əl-Vəlid ibn Müslim, digər sənədlərində isə məchul ravilər vardır". Bunlar hədisin sənədi ilə deyilənlərin bəzisidir.

Tirmizi bu hədis haqqında həsən səhih (yaxşı və doğru) söyləsə belə, İbn Həbban və əl-Hakim onu səhih hesab etsələr də, bu hədisin sənədində Məhəmməd ibn Əmr ibn Əlqəmə ibn Vəqqas Əl-Leysi deyilən bir şəxs vardır. "Təhzib ət-təhzib" kitabında onun tərcümeyi-halını oxuyanda yaddaşının zəif olmasını söyləyirlər. Bəziləri isə onu heç etibarlı saymır. Ona görə də Əl-Hafiz "Təqrib" adlı kitabında onu saduq (doğru danışan), lakin onda vəhmin (şəkkdən də aşağı mərtəbənin) olmasını vurğulayır.

Həmçinin, hədisi Müslimin şərtinə görə səhih hesab edənlər də vardır. Çünki Müslim Məhəmməd ibn Əmrdən sitat gətirmişdir. Lakin Zəhəbi bunu rədd edir. O deyir ki, Müslim onun adını tək halda yox, başqaları ilə birlikdə misal çəkir. Həmçinin, Əbu Hüreyrədən rəvayət olunan hədisə görə "birinin Cənnətdə, qalanlarının isə Cəhənnəmdə olması" nəql olunmamışdır. Elə hədisin bu artıq hissəsi də alimlər arasında böyük mübahisələr doğurmuşdur. Hədisin bu hissəsi bir neçə səhabədən - Abdullah ibn Əmr, Müaviyə, Auf ibn Malik və Ənəsdən ayrı-ayrı sənədlərlə rəvayət olunmuşdur. Lakin sənədlərin hamısı zəifdir. Onları birlikdə bir yerə cəm edib güclü hesab edənlər də istisna deyildir.

 Hədis əhli-şiə kitablarında da müxtəlif sənədlərlə rəvayət olunmuşdur. Şiə hədis alimlərindən Şeyx Saduq özünün "Xisal" kitabında "yetmiş və ondan yuxarı" fəslində, Əllamə Məclisi öz "Bihar əl-ənvar" kitabında bu hədisi nəql etmişlər.

Hədisin mətni:  Hədisin mətnindəki ixtilaflar onun sənədindəki ixtilaflardan heç də azlıq təşkil etmir. Belə ki, hədisin nəyə dəlalət etməsində alimlər arasında bir sıra ixtilaflar yaranmışdır:

1. Firqələrin ümumi sayındakı ixtilaf: Əl-Hakimin rəvayətinə görə yəhudi və xaçpərəstlərin sayı yetmiş bir, yetmiş iki arasında tərəddüdlə nəql olunmuşdur. Əbdülqadir əl-Bağdadinin Əbu Hüreyrəyə isnadında isə yəhudilərin yetmiş bir, xaçpərəstlərin yetmiş iki firqəyə bölünməsi qeyd olunur. Başqa bir sənədə görə isə Bəni-İsrailin yetmiş iki firqəyə bölünməsi rəvayət olunur. Hədis belədir: "Bəni-İsrailin başına gəldiyi kimi mənim də ümmətimin başına gələcəkdir. Belə ki, Bəni-İsrail yetmiş iki  firqəyə bölündü. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir". Daha başqa bir sənədə görə isə Bəni-İsrail yetmiş bir firqəyə bölünmüşdür. Lakin bəzi alimlər bu hədisləri bir yerə cəm edib Bəni-İsrailin həm yəhudi, həm də xaçpərəstlərə şamil olduğunu və bu baxımdan yəhudilərin yetmiş bir, xaçpərəstlərin isə yetmiş iki firqəyə bölünməsini bu şəkildə izah edirlər.

2. Həlak olan və nicat tapan firqələrin sayındakı ixtilaf: Rəvayətlərin çoxunda bir firqənin nicat tapması, qalanlarının isə həlak olması açıqlanır. Əl-Bağdadinin rəvayətinə görə, o firqələrin birindən başqa qalanları Cəhənnəmdədirlər. Tirmizi və İbn Macə də buna oxşarını söylərirlər. Bəzi rəvayətlərində isə ümmətin yalnız yetmiş üç firqəyə bölünməsi qeyd olunur. Onlardan birinin Cənnətdə, qalanlarının isə Cəhənnəmdə olması vurğulanmayıb. Əbu Davud, Tirmizi, İbn Macə, İbn Həbban və Əl-Hakimin Əbu Hüreyrədən rəvayət etdiyi hədislər bu şəkildə  nəql olunub:

"Yəhudilər yetmiş bir firqəyə və xaçpərəstlər yetmiş iki firqəyə bölünmüşlər, mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir".

Lakin Şəmsüddin Məhəmməd ibn Əhməd ibn Əbu Bəkr əl-Bəşşari Əs-Səyyah (vəfatı - h. 380) "Əhsən ət-təqasim fi mərifət əl-əqalim" adlı kitabında bunun tam əksini söyləyir: "Yetmiş iki firqə Cənnətdə, bir firqə isə Cəhənnəmdədir". O, hədisin bu sənədini səhih, o biri sənədini isə (bir firqədən başqa qalanları Cəhənnəmdədir) məşhur saymışdır.

3. Firqələr içərisində hansı firqənin nicat tapması ilə bağlı yaranan ixtilaflar: Nicat tapan firqənin xüsusiyyətlərinə gəldikdə isə onunla bağlı müxtəlif rəvayətlər nəql olunmuşdur. Bəzi rəvayətlərə görə nicat tapan firqə "camaat"dır. Bu rəvayəti Əl-Hakim, Əbdülqahir Əl-Bağdadi, Əbu Davud, İbn Macə nəql edir. Başqa bir rəvayətdə isə nicat tapan firqə "Peyğəmbər (s) və onun səhabələrinin yolu"dur. Bu rəvayəti isə Tirmizi və Şəhristani nəql edir. Əl-Hakimin nəql etdiyi rəvayətdə isə həlak olan firqələrin xüsusiyyətləri açıqlanır. Rəvayətdə deyilir: "Mənim ümmətim yetmiş  neçə firqəyə bölünəcəkdir. Ən böyük firqə isə məsələləri öz rəyləri ilə qiyas edənlərdir. Onlar halalı haram, haramı isə halal edərlər". Əl-Hakim bu rəvayəti Buxari və Müslimin şərtlərinə görə səhih sayır, amma onlar bu hədisi öz Səhihlərində nəql etməyiblər. "Raudat əl-cənnat" kitabının müəllifi "əl-Cəm`u beynə ət-təfasir" kitaibndan Peyğəmbərdən (s) belə nəql edir: "Nicat tapan firqə mən və mənim şiələrimdir".

Göründüyü kimi, nicat tapan firqənin müəyyən olunmasında da ixtilaflar vardır. Belə ki, hədislər müxtəlif şəkildə nəql olunaraq bir-biri ilə uzlaşmır. Əslində məsələ ciddidir. Ona görə ravi hədisin bir qismini rəvayət edib o biri qismini unuda bilməz. Bu da hansı firqənin nicat tapmasını müəyyənləşdirən hədisin səhih olmasında şübhə doğurur.

Əl-Əzhər Universitetinin şeyxi Məhəmməd Əbduh deyir: "Yetmiş üç firqədən hansının nicat tapması indiyə qədər bəlli olmayıb. Hər bir firqə özünü Qurana və Peyğəmbərin (s) Sünnəsinə tabe olduğunu elan edir.Lakin məni sevindirən isə hədisin o biri variantıdır: "Yetmiş iki firqə Cənnətdə, bir firqə isə Cəhənnəmdədir"

Doktor Yusif əl-Qərdavi isə bu məsələyə münasibətini belə bildirir: "Mənim rəyim budur ki, bir hədisin çoxlu yollarla rəvayət olunması və bu yönümdən qüvvətli sayılması bütün hallarda qəbul edilmir. Neçə belə hədislər vardır ki, sənədləri çox tərəfli olsa da, onu hədis alimləri zəif saymışlar. Belə hədislər o vaxt qəbul edilə bilər ki, ona məna baxımından zidd olan ayə və ya hədis olmasın. İslam ümmətinin yetmiş üç firqəyə bölünməsindəki ziddiyyət isə ondan ibarətdir ki, yəhudilər yetmiş bir, xaçpərəstlər yetmiş iki firqəyə bölündüyü halda, ümmətlər içərisində seçilmiş ümmət sayılan İslam ümməti onlardan daha çox firqələrə bölünmüşdür. Bu hədisin qəbul olunmamasının bir tərəfi, digər tərəfi isə İslam ümmətinin bir firqəsindən başqa qalanlarının Cəhənnəmdə həlak olması məsələsidir. Bu məsələ isə hər bir firqənin təkcə onun nicat tapıb, başqalarının isə Cəhənnəmlik olması iddiasına səbəb olur. Bu elə özü ümmətin parçalanması, firqələrin bir-birinə tənə vurması, nəticə etibarı ilə düşmənin qələbəsi deməkdir".

Görkəmli alim İbn Vəzir ümumiyyətlə bu hədisə tənə ilə yanaşmış, xüsusi ilə də "bir firqədən başqa qalanları Cəhənnəmdə həlak olacaqdır" əlavəsini qəbul etməmişdir. O, bu hədisin İslam ümmətinin öz arasında parçalanmasına, müsəlmanların bir-birini kafir hesab etməsinə və zəlalətdə görməsinə səbəb olduğunu vurğulamışdır.

İbn Həzm isə bu hədisi mövzu (uydurma) hədis hesab edib. Onun nəzərində bu hədis nə mərfudur (sənədi Peyğəmbərə (s) çatmır) nə də mövqufdur (sənədi səhabəyə çatmır).

Hədisin səhihliyini şübhə altına alan hikmətlərdən biri də Allah təalanın İslam ümmətinə özündə vəhdət və birliyi qorumağı tapşırdığı halda, bu hədisin təfriqədən və ayrı-seçkilikdən xəbər verməəsidir. Mümkün olmayan bir şeyin öhdəsindən gəlmək isə Quran ayəsi ilə ziddiyyət təşkil edir. Allah təala buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)" (Əl-Bəqərə, 286).

Həmçinin, bu hədisin mənası İslam ümməti barəsində mənfi fikirlər yaradır. Halbuki, Allah təala bu ümməti şəhadət məqamına qaldırmış və digər ümmətlərə şahid qərar vermiş,  ümmətlər içərisində bu ümməti ən yaxşı ümmət kimi ortaya çıxarmışdır. Lakin Quran ayələrinin əksi olaraq qeyd olunan hədisin anlamına görə bu ümmət yəhudi və xaçpərəst ümmətlərindən daha betər gündədir. Hətta o dərəcəyə çatıb ki, onlardan daha artıq firqələrə bölünmüşdür. Quran isə yəhudilər barəsində belə buyurur: "Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq" (Əl-Maidə, 64). Xaçpərəstlər haqqında isə belə buyurur: "Biz xaçpərəstik", - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Məhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!" (Əl-Maidə, 14).

Hədisdə qaranlıq qalan bir məsələ də ümmətin bir firqəsindən başqa qalan firqələrin Cəhənnəmdə həlak olmasını vurğulamasıdır. Halbuki, digər hədislərdə bu ümmətin rəhmət ümməti olması və Cənnət əhlinin üçdə biri və ya yarısını təşkil etməsini vurğulanmışdır. Bundan başqa hədisdə yəhudi və xaçpərəstlərin yetmiş neçə firqəyə bölünməsi açıqlanır. Halbuki, onların  tarixində, xüsusi ilə də yəhudilərin tarixində belə bir fakt aşkarlanmamışdır. Həmçinin, fakt olaraq qeyd oluna bilər ki, mövcud firqələrin sayı göstərilən ədədə də çatmamışdır.

Məhəmməd ibn İbrahim əl-Vəzir deyir ki, o hədisin sənədlərinin heç biri doğru olmadığından Buxari və Müslim onu öz kitablarında  nəql etməmişlər. Tirmizi isə Əbu Hüreyrədən nəql etdiyi hədisi Məhəmməd ibn Əmr ibn Əlqəmə tərəfindən səhih saymışdır. Lakin Tirmizinin səhih saydığı hədisdə bu əlavə "birindən savayı hamısı Cəhənnəmdədirlər" qeyd olunmamışdır. İbn Həzm də bu əlavəni uydurma hesab edir.

Hafiz İbn Kəsir Quranın Əl-Ənam surəsinin altmış beşinci ayəsinin təfsirində bu hədisə toxunsa da onun səhih və ya həsən olmasına dair heç bir söz demir.

İmam Şövkani İbn Kəsirin ayənin təfsirində gətirdiyi hədisə öz münasibətini belə bildirir: "Hədisdə qeyd olunan bu əlavəni "bir firqədən başqa qalanlarının Cəhənnəmdə olması" hədis alimlərinin bir qismi onu zəif hesab etmiş, hətta İbn Həzm onu uydurma olduğunu hesab etmişdir".

Şatibi isə deyir: "Həlak olan firqələrin adının müəyyən olunmasına dair heç bir şəri dəlil yoxdur və əql də bunu qəbul etmir. İslam şəriəti sadəcə həlak olan firqələrin sifətlərinə işarə edə bilər ki, müsəlmanlar ehtiyatlı olub ondan çəkinə bilsinlər. Bundan başqa əql də bunu tələb edir ki, o firqələrin adı gizli qalsın, çünki firqələr İslam ümmətindən sayıldığına görə onların eyibnin üstünü örtmək dinimizin əxlaqi prinsiplərindəndir".

İslam ümmətinin yetmiş üç firqəyə bölünməsi məsələsində yekun olaraq bəzi mülahizələri qeyd etmək istərdik. Ümumi bəhsdən belə nəticə çıxarmaq olar ki, müsəlmanlar ilk öncə təfriqədən və bir-birini küfrdə, fasiqlikdə, bidətdə ittiham etməkdən çəkinməlidirlər. Özünü nicat tapmış firqədən hesab etməklə başqalarını Cəhənnəmdə hesab etmək yolverilməzdir. Unudulmamalıdır ki, "yetmiş üç firqə" hədisinin səhih olması sual altındadır. Əgər şərti olaraq hədisin səhih olma ehtimalını qəbul etsək, yenə də hədis bizə tam başqa bir şeyi çatdırır. Elə bu yerdə əsas diqqəti bu məsələyə  yönəltmək lazım gəlir:

1. Hədisdən İslam ümmətinin əbədi olaraq firqələr şəkildə qiyamətə qədər davam etməsi başa düşülməməlidir. Çünki bu anlayış Quran və digər Peyğəmbər (s) hədisləri ilə ziddiyyət təşkil edir ki, yuxarıda onlara aydınlıq gətirdik. Bu hədisi  müəyyən bir dövrə aid etmək olar. Belə ki, bu firqələrin bəzisi hansısa bir dövrə təsadüf edə bilər. Tarixə nəzər salsaq görərik ki, müəyyən dövrlərdə müəyyən firqələr yaranmış, sonradan tarixdən silinmiş və ya adından başqa onlardan heç bir əsər-əlamət belə qalmamışdır.

2. Hədisdə Peyğəmbər (s) "mənim ümmətim..." kəlməsini işlətmişdir. Burada nisbət Peyğəmbərə (s) qayıdır. Yəni firqələrin hamısı Peyğəmbərin (s) ümmətinin bir hissəsini təşkil edir. Firqələr və ya məzhəblərdə nə qədər bidətlər olsa belə, yenə də onlar İslam ümmətinin bir parçasıdırlar.

3. Hədisdə bir firqədən başqa qalan firqələrin Cəhənnəmdə olmasına gəldikdə isə onların kafirlər kimi orada əbədi qalması başa düşülməməlidir. Onlar günahkar müsəlmanlar kimi, müvəqqəti olaraq Cəhənnəmə daxil ola bilərlər, sonradan əbədi olaraq Cənnətə qayıdacaqlar.

4. Peyğəmbərlərin, mələklərin, möminlərin şəfaəti onları Cəhənnəmdən xilas edə bilər. Bəlkə də onların dünyada elə bir yaxşı əməlləri və düçar olduqları bəlalar və kəffarələri ola bilər ki, bu da onlara fayda verə bilsin. Bəlkə də Allah onları Öz fəziləti və rəhməti ilə əfv etsin. Ola bilər ki, o firqələr haqqa yetişmək üçün çalışmışlar, amma haqq yoldan bilməyərəkdən azmışlar. Məlum olduğu kimi, niyyəti haqqa qovuşmaq olanları Allah əfv edər. Quranda buyurulduğu kimi: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Əl-Bəqərə, 286).  Allah xətanı, unutmağı və məcbur olduqları şeyi insanlar üçün əfv etmişdir.

5. Nicat tapan firqə haqqında danışmaq onun adının müəyyən olunmasını tələb etmir. Bəlkə də nicat tapan firqənin sifətlərini və xüsusiyyətlərini izah etsək, onda bizə bəlli olar ki, hansı firqə nicat tapanlardan ola bilər.

Çoxlu ayə və hədislər vardır ki, müsəlmanlardan müttəqi olanları tərif edir, onların üstün cəhətlərindən və fəzilətlərindən danışır, həmçinin, onların dünya və axirətdəki məqamlarına toxunur. Quranda buyurulur: "Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!" (Əl-Bəqərə, 177).

Müsəlman şəxs təqva mərtəbəsinə yetişə bilsə, demək olar ki, o artıq nicata yetişmişdir. Allahın lütfüdür ki, təqva sifəti müəyyən firqələrə xas edilməmişdir. Təqva sifəti qazanılan və uğrunda səy göstərilən bir məqamdır. Hər bir müsəlmanın o mərtəbəyə çatmaq haqqı vardır, hətta Quran ayələri və hədislərin özü müsəlmandan təqvalı olmağı tələb edir. Deməli, müsəlman təqvalı olduqda, bu onun hansı firqədən olmasını şərt saymır. Təqvası olmayanın hansı firqədən olması da ona heç bir fayda verməz. Cənnət və Cəhənnəmin meyarları hidayət yolunu tutmaqla, Allahın və Onun Rəsulunun (s) buyurduqlarını yerinə yetirməklə, təqvalı olmaqla ölçülür.

Sözümüzü Quran ayəsi ilə başa vururuq: "Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir! (Allahdan qorxanlarındır!)" (Əl-Əraf, 128).

Məqalə əhli-sünnəyə məxsus olan www.demo.east4west.net saytından götürülüb. Digər əhli-sünnə saytında suala belə cavab verilib:

Sual # 873  (Əqidə) 

Ümmətin yetmiş üç firqəyə bölünməsi hədisi, nurçular və şiələr.

Mənim sualıma cavab verin. 73 firqə var, onun biri nicat tapacaq. İnşəallah bu da tövhid əhli olacaq. Bu firqələrin arasında nurçular və bir də şiələr varmı?  Xahiş edirəm sualıma dəlillərlə cavab verəsiniz.

Allaha həmd olsun.

Dediyiniz hədis Buxari və Müslimin "Səhih"lərində deyil, bəzi "Sünən" kitablarında keçməkdədir. Bəzi rəvayətlərdə yəhudilərin 71, xristianların 72, müsəlmanların isə 73 firqəyə bölünəcəyi bunlardan yalnız birinin cənnətlik olub digərlərinin cəhənnəmlik olduğu bildirilmişdir. Əhməd bin Hənbəlin rəvayətində xristianlar zikr edilmir. Bəzi rəvayətlərdə isə "biri xaric digərləri cəhənnəmlikdir" ifadəsi yoxdur.

Xatırladaq ki, bu hədisin səhih olması mühədislər arasında ixtilaflıdır. Məşhur hədis alimi İbn Vəzir bu  hədisin uydurma ola biləcəyinə işarə etmişdir. Xatırlatdığınız hədis haqqında onun rəyi belədir: "Bu hədisin mülhidlərin uydurmasından əmin olunmaz.". Digər məşhur mühəddislərdən İbn Həzm də bu hədisin uydurma olduğunu bildirmişdir. Ona görə qədəriləri, mürciə və əşərilik kimi firqələri pisləyən hədislərin hamısı uydurulmuşdur. Çünki bu hədisin sənədində keçən Məhəmməd bin Əmr əl-Leysi "siqa" yəni "tam etibarlı" deyil. Bu barədə Hafiz İbn Həcərin və Zəhəbinin görüşləri vardır. Eyni zamanda bir hədisin səhih olması üçün bir neçə yoldan rəvayət olunması şərti də bu hədisin rəvayətində təmin olunmamışdır.

Alimlər həm də bu rəvayətdə müsəlmanların xristian və yəhudilərdən daha pis şəkildə göstərilməsini də irad tutmuşlar. Halbuki Allah təala Quranda buyurur: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız." (Ali-İmran, 110)

Bununla bərabər Allah Quranda əhli kitabın (xristianların) qiyamətə qədər daim parçalanma və ixtilaf içərisində olacağını deyir: "Biz xaçpərəstik", - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!" (Maidə, 14)

Bütün bunlarla bərabər bəzi alimlər də hədisin səhih olması qənaətində olsalar belə göründüyü kimi son nəticədə hədis ixtilaflıdır və ümmətin birlik və bərabərliyini pozanların əlində bir alətdir. Bu şəkildə ixtilaflı hədisləri dəlil olaraq əldə bayraq edib hökm vermək ümmətin məsləhəti (yəni ümumi mənafeyi) baxımından qəbul edilməzdir.

Adını çəkdiyiniz cərəyan və məzhəblərə (nurçu, şiə) gəlincə onlar da bu ümmətin bir parçasıdır. Sizin zikr etdiyiniz rəvayəti səhih qəbul etsək belə orada Rəsulullahın 73 firqə barəsində "ümmətim" dediyi rəvayət olunur. Onların bəzi prinsipləri ilə razı olmamaq hələ heç kimə haqq vermir ki, onları ümmətdən kənar hesab etsin.

mənbə: www.azerimuslims.com

Рейтинг

В этом разделе