Allah Rəsulunun (s.ə.a) zöhd və ibadəti

»»

Allah Rəsulunun (s.ə.a) zöhd və ibadəti

Bağışlayan və Mehriban Allahın adı ilə

Allahın Rəsulu (s) o qədər ibadət edirdi ki, özünü məşəqqət və əziyyətə salırdı. Elə buna görə də Allah-Təala Qurani-Kərimin “Taha” surəsinin 1-ci ayəsini göndərib buyurdu: “Biz sənə bu Quranı göndərmədik ki, özünü əziyyətə salasan”.

İmam Cəfər Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) vacib namazlardan iki dəfə çox müstəhəb namaz qılar, vacib orucdan iki dəfə çox müstəhəb oruc tutardı”. (“Sünən ən-Nəbi”, səh. 234)

Cəfər ibn Əhməd Qummi “Zuhd ən-Nəbi” kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan yandırıcı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı.

Əllamə Məclisi (r.ə) özünün “Bihar əl-ənvar” kitabında Aişədən nəql edir ki, Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.

Əbu Bəsir (r.ə) İmam Muhəmməd Baqirdən (ə) rəvayət edir ki, buyurur: “Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: “Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah-Təala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır?” O Həzrət (s) buyurdu: “Mən şükür edən və minnətdar bəndə olmayımmı?”

“Üsuli-kafi” kitabında İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə, yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur”. (“Üsuli-kafi”, “İbadət” babı)

Həmçinin “İləl əş-şərayi” kitabında Ənəs ibn Malikdən rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “Mənim üçün gecə yarısı iki rükət namaz qılmaq dünyadan və dünyada olanların hamısından daha əzizdir”.

Seyyid ibn Tavus “İqbal” kitabında yazır: “Mübarək Ramazan ayı gəldikdə Peyğəmbərin (s) halı dəyişərdi, çoxlu namaz qılar, dualarda çoxlu ahu-zar edərdi. Allahdan qorxma halı aşkar görünərdi”.

“Məcmueyi-Vərram” kitabında rəvayət edilmişdir ki, hər hansı bir iş Peyğəmbəri (s) qəmgin və pərişan etsəydi, namaz qılmaq və oruc tutmaqla o qəmin aradan getməsini istəyərdi. (“Sünən ən-Nəbi”, səh. 300)

Muhəmməd ibn Süleyman İmam Cəfər Sadiqdən (ə) və İmam Rzadan (ə) nəql edir ki, hədis danışanlar deyirlər: “Biz İmamdan (ə) Ramazan ayında necə namaz qılmaq və Peyğəmbərin (s) bu ayda nələr etməsi haqqında soruşduq, buyurdu: “Ramazan ayının birinci gecəsi gəldikdə Allahın Rəsulu (s) məğrib namazını və onun dörd rükət nafiləsini hər gecə məsciddə qılardı, bunun ardınca ayağa qalxar və daha on iki rükət namaz qılardı. Sonra evə gedərdi”.

Camaat o Həzrətin (s) çoxlu namaz qılmasının səbəbini soruşarkən buyurardı: “Əlbəttə, bu namazlar Ramazan ayının başqa aylardan fəzilətli olması üçündür”. Sabahkı gecə namaz qılmaq üçün Peyğəmbər (s) ayağa qalxdı, camaat o Həzrətin (s) arxasında namaz qılmaq üçün sıraya düzüldü. Peyğəmbər (s) buyurdu: “Ey camaat! Bu, nafilə namazlarıdır, nafiləni camaatla qılmaq olmaz, hər biriniz ayrıca öz namazlarınızı qılın. Allah-Təala sizə necə öyrədibsə, eləcə də qılın və bilin ki, müstəhəb namazları camaatla birgə qılmazlar”. Bundan sonra hərə bir tərəfə dağılışdı və öz namazlarını qılmağa başladılar. Elə ki Ramazan ayının on doqquzuncu gecəsi gəldi, o Həzrət (s) gün batan vaxt qüsl etdi, sonra məğrib namazını qıldı. Daha sonra dörd rükət namaz qıldı və evə getdi. Elə ki Bilal (r.ə) işa namazının azanını dedi, Allahın Rəsulu (s) gəlib camaatla işa namazını qıldı, sonra oturaq halda iki rükət işa namazının nafiləsini qıldı, sonra ayağa qalxdı və Qədr gecəsinin yüz rükət xüsusi namazını qıldı, hər rükətdən sonra on dəfə İxlas surəsini oxuyurdu. Bu namazları da bitirdikdən sonra on bir rükətlik gecə namazını qılmağa başladı. İyirminci gecədə məğrib namazından sonra səkkiz rükət və işa namazından sonra on iki rükət Ramazan ayının məxsus nafiləsini qıldı. İyirmi birinci gecə günəş batan zaman qüsl etdi və on doqquzuncu gecədə etdiklərini bu gecə də etdi. İyirmi ikinci gecədən etibarən öz namazlarını çoxaltmağa başladı. Belə ki, məğrib namazından sonra səkkiz rükət, işa namazından sonra isə iyirmi iki rükət xüsusi nafilə namazını qıldı. İyirmi üçüncü gecə gəldikdə yenə də günəş batan zaman qüsl etdi. On doqquz və iyirmi birinci gecədə etdiyi ibadətləri yerinə yetirdi”. Hədisi danışanlar deyirlər: “İmamdan (ə) Peyğəmbərin (s) ayrıca hər gün qıldığı əlli rükət nafilə namazı haqqında soruşduq”. İmam (ə) buyurdu: “Peyğəmbər (s) başqa aylarda qıldığı əlli rükət nafilə namazını Ramazan ayında da qılar və ondan əskiltməzdi”. (“Sünən ən-Nəbi”, səh. 244-247)

Fərhad Mirzə

Рейтинг

В этом разделе