Allah Rəsulunun (s.ə.a) səxavəti

»»

Allah Rəsulunun (s.ə.a) səxavəti

Bağışlayan və Mehriban Allahın adı ilə

Həzrət Əli (ə) Peyğəmbərin (s) səxavəti barədə belə buyurur: “Allahın Rəsulu (s) camaatın ən səxavətlisi və ən gözəl həyat sürəni idi. Belə ki, kim o Həzrətlə (s) oturub-dursaydı, onu tanıyar və sevərdi”.

Həmçinin ibn Abbas Peyğəmbərdən (s) rəvayət edir ki, buyurdu: “Allah-Təala məni tərbiyə etmiş və mən də Əlini (ə) tərbiyə etmişəm. Allahım mənə əmr etmişdir ki, səxavətli olum və hamıya yaxşılıq edim, həmçinin Allahım məni camaata qarşı paxıllıq və cəfa etməkdən çəkindirmişdir”.

Cabir ibn Əbdullah Ənsari deyir: “Heç vaxt Peyğəmbərdən (s) elə bir şey istənilmədi ki, cavabında “yox” demiş olsun” (“Biharul-ənvar”, cild 16, səh. 257).

Həmçinin Səhl ibn Saidi deyir: “Qara və ağ yundan Peyğəmbər (s) üçün paltar tikmişdim, o Həzrətin (s) həmin paltardan xoşu gəldi və onu tərifləyərək buyurdu: “Gözəl paltardır”. Bu zaman bir köçəri ərəb dedi: “Onu mənə ver”. Peyğəmbər (s) heç fikirləşmədən paltarı götürüb ona bağışladı” (“Nasix ət-təvarix”, cild 2, səh. 584).

İmam Cəfər Sadiq (ə) buyurur: “Kim dünya malından olan bir şeyi Allahın Rəsulundan (s) istəsəydi, o Həzrət (s) onun istədiklərini verərdi. Bir gün bir qadın oğlunu Peyğəmbərin (s) yanına göndərərkən dedi: “Get Allahın Rəsulundan (s) bir şey istə, əgər desə ki, əlimdə bir şey yoxdur, onda de ki, “Köynəyini mənə ver”.

İmam Cəfər Sadiq (ə) sözünü belə davam etdirir: “Peyğəmbər (s) köynəyini əynindən çıxarıb ona verdi, özü köynəksiz qaldı. Bu zaman Allah-Təala “İsra” surəsinin 29-cu ayəsini nazil edərək buyurdu:

“Əllərini boynuna qoyub başqalarına bir şey verməkdən çəkindiyin kimi həddindən artıq açıq da qoyma, yoxsa özünü danlayıb həsrətlə evdə oturarsan” (yəni, o dərəcədə əliaçıqlıq etmə ki, özün əliboş və yuxarıdakı hədisdəki kimi köynəksiz qalasan) (“Sünən ən-Nəbi”, səh. 54).

Qəzzali “İhya əl-ulum” kitabında yazır: “Allahın Rəsulu (s) insanların ən səxavətlisi idi, heç vaxt yanında dinarı və ya dirhəmi qalmazdı, əgər bir şeydən ona çox verilsəydi, o Həzrət (s) onların hamısını paylamayınca gecə də olsa, evinə getməzdi. Allahın ona verdiyi nemətlərdən azacıq özünün və ailəsinin yeməyi üçün götürər, qalanını isə Allah yolunda ehtiyacı olanlara bağışlayardı. O Həzrətdən (s) nə istəyərdilərsə, onu verərdi. Hətta bəzən özü üçün götürdüyü azacıq nemətdən də paylayardı”.

Əbu Səid Xərquşi yazır: “Peyğəmbərin (s) səhabələrindən biri evlənmişdi və ehtiyaclı idi. Peyğəmbərdən (s) ona bir şey verməsini istədi. Allahın Rəsulu (s) Aişənin evinə getdi və dedi: “Bu səhabəyə vermək üçün bir şeyimiz varmı?” Aişə dedi: “İçində bir qədər un olan bir zənbil var”. Peyğəmbər (s) həmin zənbili o cavana bağışladı”.

Bir gün Peyğəmbərin (s) səkkiz dirhəm pulu var idi. Bazara getdi ki, özünə bir şey alsın, yolda bir kənizi ağlayan halda gördü. Soruşdu: “Nə üçün ağlayırsan?” Kəniz dedi: “Sahibim mənə iki dirhəm verib bazara yollayıb, o pulu itirmişəm”. Peyğəmbər (s) ona iki dirhəm verib altı dirhəmlə bazara getdi və bazardan özü üçün dörd dirhəmlik köynək aldı. Qayıdanda gördü ki, arıq cüssəli müsəlman bir kişi çılpaq halda yerdə oturub camaatdan onu geyindirmələrini istəyir və deyir: “Bir adam varmı ki, məni geyindirsin və Allah da ona bu işin əvəzində Cənnət paltarı versin”. Allahın Rəsulu (s) özü üçün aldığı köynəyi kişiyə verdi və yenə bazara qayıtdı. Əlində qalan iki dirhəmə bir köynək aldı və geyindi. Qayıdanda yenidən yolda ağlayan kənizi gördü. Ağlamasının səbəbini soruşdu. Kəniz dedi: “Nə lazımdırsa, almışam, amma gec olduğundan evə qayıtmağa qorxuram”. Peyğəmbər (s) dedi: “Gəl mənimlə gedək, evdəkilərə tapşırım ki, sənə bir söz deməsinlər”.

Beləcə, bir evin qapısına yaxınlaşdılar. Evdə kişi yox idi, amma qadınlar evdə idi. Peyğəmbər (s) qapının arxasından belə salam verdi: “Əs-səlamu ələykunnə və rəhmətullahi və bərəkatuh”. Qadınlar o Həzrətin (s) səsini eşidib onu tanıdılar, amma ona cavab vermədilər. Peyğəmbər (s) onlara ikinci dəfə salam verdi, yenə cavab vermədilər, üçüncü dəfə uca səslə salam verdi, qadınların hamısı dedilər: “Ələykəs-səlam və rəhmətullahi və bərəkatuh”. Peyğəmbər (s) buyurdu: “Məgər siz mənim səsimi eşitmirdiniz?” Dedilər: “Eşidirdik, amma istəyirdik ki, bizlərə daha çox salam göndərəsiniz”. Allahın Rəsulu (s) buyurdu: “Bu kəniz gecikdiyindən evə gəlməyə qorxurdu, mənə görə onun təqsirindən keçin”. Dedilər: “Ata-anamız sənə fəda olsun, sizin şəfaətinizi qəbul etdik və onun təqsirindən də keçirik, üstəlik sizin xoş gəlişinizə görə də onu azad edirik”. Peyğəmbər (s) geri qayıtdı və buyurdu: “Hələ bu qədər bərəkətli pul görməmişdim. Qorxmuşa aman verdi, bir kənizi azad etdi, iki nəfəri geyindirdi: bir qoca kişini və bir də mənim özümü. Hər kəs bir müsəlmanı geyindirsə, o geyim cırılıb aradan gedənə qədər o adam Allahın amanındadır” (“Şərəf ən-Nəbi”, səh. 69).

“Əvarif əl-məarif” kitabında nəql olunmuşdur ki, Cənab Cəbrail (ə) dedi: “Dünyada olunan bütün əməllərə nəzər saldım, heç kəsi Peyğəmbər (s) qədər əliaçıq görmədim”.

Fərhad Mirzə

Рейтинг

В этом разделе