Allah Rəsulunun (s.ə.a) humanistliyi

»»

Allah Rəsulunun (s.ə.a) humanistliyi

Bağışlayan və Mehriban Allahın adı ilə

Bütün dünya və insaniyyəti qara buludlar örtdüyü bir vaxt fədakar və mübariz bir insan bəşər nəslinə nicat versin deyə, ayağa qalxaraq bütün gücünü bu işə sərf etdi, hər şeyindən əl çəkdi.

Bu insan Həzrət Muhəmməd (s) idi. O, millətləri tovhidə inanmağa çağıran, bəşərin hidayətini və haqq yola gəlməsini özünün başlıca vəzifəsi bilən, zülm və haqsızlıqlara qarşı mübarizəyə qalxaraq zalımların üzünə atdığı aldadıcı pərdəni götürən, xülasə, insanlar üçün ən yaxşı hədiyyə gətirən bir insan idi. İnsanlar hələ belə gözəl bir hədiyyə görməmişdilər. Bu, böyük, dilavər insanın hədiyyəsi xoşbəxtlik və səadətə çatma yollarını insanlara göstərməsi idi. Bu, hər bir fərdin və cəmiyyətin bütün zaman və məkanlarda arzuladığı bir xoşbəxtlik idi. O, özü bu xoşbəxtlik yolunu İslam adlandırdı. İslam, yəni əbədi asayiş, həmişə yaxşı yaşamaq, xoş güzəran keçirmək və ölümdən sonrakı həyatda da xoşbəxt olmaq deməkdir.

Beləliklə, İslam gəldi ki, quldurluq və hegemonluğun kökünü kəssin, yoxsulluq adlı bəlanı həyat səhifəsindən silsin, bəşərdən insan düzəltsin, insanları mənəm-mənəmlikdən, özünü istəməkdən və heyvani xüsusiyyətlərdən uzaqlaşdırsın, insanları gözəllik və yaxşılıqlarla bəzəsin, yersiz təəssübkeşliyə son qoysun.

İslam öz gəlişi ilə camaatın siniflərə bölünməsini qadağan etdi, hamını bərabərhüquqlu etdi. Güclülərə və dövlətlilərə verilən imtiyazlara son qoydu. İslam insanı saflaşdırmaq, onun zehnindən qəzəb və şəhvət kimi mənfur xüsusiyyətləri çıxarıb yerinə ədalət və insafı qoymaq üçün gəldi.

İslam gəldi ki, bütpərəstliyi Allahpərəstliyə çevirsin. Heç kəs özünü başqalarından üstün sanmasın. Qarabəxtlilər ağbəxtli, alçalmışlar izzətli, kasıblar imkanlı olsunlar və cəmiyyətin xəstə cismi sağalsın. İslam heç kəsə qarşı zor tətbiq etmədi, yalnız onunla vuruşanlarla vuruşdu. Düzlük və həqiqətlə insanları haqqa dəvət etdi. İslam məhəbbət və mehribanlıqla zühur etdi. Elə bu iki sifət İslam Peyğəmbərinin (s) əsas xüsusiyyətlərindən idi. O Həzrət (s) dostla da mehriban idi, düşmənlə də. Muhəmməd (s) mehr və məhəbbət peyğəmbəri idi. Mehribançılıqla camaatı haqqa dəvət etməyə başladı, bu yolda çox əziyyət və zəhmət çəkdi. Həzrət (s) özü bu barədə belə buyurur: “Heç bir peyğəmbər mənim qədər əziyyət çəkmədi...” Ərəbistanın o vaxtkı vəziyyətinə baxanda görürük ki, əgər Peyğəmbər (s) zor və gücdən istifadə etsəydi, bu qədər əziyyət çəkməzdi, hamı ondan qorxardı. Dost da, düşmən də ondan qorxardı, onun  razılığını əldə etməyə çalışardılar. Ona əziyyət edənləri məhv edərdi. Terror və gizli qətllərlə Qureyşin əsas böyüklərini öldürtdürüb hamısını diz üstə çökdürərdi. Məkkəni ələ alar, bütpərəstlikdən əl çəkməyənləri məhv edərdi.

Amma belə etmədi, çünki mehribanlıq peyğəmbəri idi, zor və güc peyğəmbəri deyildi (“Ənbiya”, 107). Çoxlu əziyyətlər çəkdi, acılıqlar daddı. O Həzrət (s) hamının yaxşı yaşamasını istəyirdi, tək özünün yox. Onun ağıl və fikir səthi o dərəcədə kamil idi ki, heç vaxt özünün yaxşı güzəranı üçün çalışmazdı. Özünü başqalarından üstün bilmədi. Camaatın cahillik və nadanlıqları onu ruhdan salmadı. Allah-Təala qarşısında camaatın nadanlığından şikayət etmədi, əksinə, onların bağışlanmasını və düz yola gəlmələrini istədi. İstər yaşadığı yerdə, istərsə də səfərlərdə olarkən hamı ilə mehribanlıqla rəftar etdi. Müharibədə də mehriban idi, sülhdə də. Camaatdan da yalnız bir şey istədi, elə bir şey ki, camaatın özünün xeyrinə idi. Bu da Peyğəmbər (s) və onun Əhli-beytini (ə) sevmək idi. Özü də bu təklif tək özünün deyil, Allah-Təalanın təklifi idi. Allah-Təala “Şura” surəsinin 23-cü ayəsində buyurur: “Ey Peyğəmbər! İnsanlara de ki, mən 23 illik zəhmətim müqabilində sizdən heç bir mükafat istəmirəm. Yalnız mənim yaxınlarımı (Əhli-beytimi) sevməyinizi istəyirəm.”

Bəli, Peyğəmbər (s) bütün ömrü boyu insanlara fərq qoymayıb onları sevdi. Amma o Həzrətin yeganə sifarişinə əməl olundumu? Onun məhəbbət və mehribançılığına mehribanlıq və sevgi ilə cavab verildimi? Onun qızı Fatimə (ə), kürəkəni Əli (ə), nəvələri Həsən (ə) və Hüseyndən (ə) ibarət olan Əhli-beytini sevdilərmi?

Fərhad Mirzə

Рейтинг

В этом разделе