Tarix bizə Bilalın xilafət məsələsində mövqeyi ilə bağlı çox şey nəql etmədiyi üçün bu barədə qəti söz demək mümkün deyil. Lakin əlimizdə mövcud olan məlumatlardan onun ilk xəlifələrə müxalif olduğu başa düşülür. Buna dəlalət edən şeylərdən biri Ömərin Bilalı Şama göndərməsidir. Mirzə Nuri “Xatimətül-müstədrək” kitabında belə nəql edir:
Əbu Cəfər Ət-Tusi “İxtiyarur-rical” kitabında Hişam ibn Salimdən, o da Əbu Abdullahdan, həmçinin Əbul-Buxtəridən, o da Abdullah ibn Həsən ibn Həsəndən belə nəql etmişdir:
Bilal Əbu Bəkrə beyət etməkdən imtina etdi. Ömər onun yaxasından yapışıb dedi: “Ey Bilal! Əbu Bəkrin sənə etdiyi yaxşılığın əvəzi budur? O səni köləlikdən azad etmişdi, amma sən gəlib ona beyət etmirsən?”. Bilal dedi: “Əgər Əbu Bəkr məni Allah üçün azad etmişdisə, onda məni Allahla baş-başa buraxsın. Yox əgər başqa niyyətlə azad etmişdisə, onda nə istəyir etsin. Mən Allah elçisinin xəlifə təyin etmədiyi bir adama beyət etmərəm. Allah elçisinin xəlifə təyin etdiyi adamın beyəti isə Qiyamət gününə qədər boynumuzdadır”. Ömər dedi: “Vay səni atasız! Bizim yanımızda qalma”. Bundan sonra Bilal Şama köçdü. Dəməşqdə vəfat etdi və Babus-səğir adlanan yerdə dəfn edildi.” (Xatimətül-müstədrək: 3/1320, Səfinətul-bihar: 1/389).
Digər bir fakt isə Bilalın xəlifələrin zamanında azan verməməsidir. Bilal Peyğəmbərin vəfatından sonra heç bir xəlifə üçün azan verməmişdir (Əl-İxtisas, Müfid: səh.73). Şeyx Səduq Əbu Bəsirdən, o da İmam Sadiq (ə) və ya İmam Baqirdən (ə) belə nəql etmişdir:
“Bilal saleh bir bəndə idi. O, “Peyğəmbərdən sonra heç kim üçün azan vermərəm”, - demişdi”. (Mən la yəhduruhul-fəqih: 1/283-284)
Həmçinin mürsəl şəkildə nəql edilmişdir ki:
“Peyğəmbər vəfat etdikdən sonra Bilal azan verməkdən imtina etdi və “Peyğəmbərdən sonra heç kim üçün azan vermərəm”, - dedi.” (Mucəmu-ricalil-hədis: 3/367)
İmamın onun barəsində “Bilal saleh bir bəndə idi” deməsi Bilalın ali məqamlı bir şəxs olduğuna dəlildir.
Mənbə: islamquest.net
Tərcümə: 313news.net