Süleyman b. İbrahim əl-Qunduzi şiə, yoxsa əhli-sünnə alimidir?

»»

Süleyman b. İbrahim əl-Qunduzi şiə, yoxsa əhli-sünnə alimidir?

Şeyx Süleyman əl-Qunduzi əl-Hənəfi – Xacə Kəlan adı ilə məşhur olmuş əhli-sünnənin böyük alim və ariflərindən biridir. O, hicri 1220-ci ildə dünyaya gəlmişdir. İlk təhsilini Bəlxdə almış, Buxara da isə tamamlamışdır. Sonra Əfqanıstan və Hindistana səyahət etdi, sufilərin öncül alimləri ilə söhbətlər etdi, seyr və sülük məqamlarını əldə etdi. Fiqh və dini elmləri də tamamladıqdan sonra vətəni Qunduza geri döndü. Bir müddət orada elm, ədəb və dini hökmləri təbliğ etdi. Orada məscid və mədrəsə tikdirdi.

1269-cu ildə 300 tələbəsi ilə birlikdə vətənindən yola düşdü. İrandan keçərək hicri 1270-ci ildə Bağdada çatdı. Orada Bağdad valisi tərəfindən qarşılandı. Bağdadın elm əhli ondan xeyli fayda əldə etdi. Sonra isə Astanaya yola düşdü. Yol üstü Mosul, Diyarbəkir, Urfa və Hələbdən keçdi. Konya şəhərində 3 il 6 ay yaşadı. Hicri 1294-cü ildə İstanbulda vəfat etdi.

Ərəb və ingilisdilli saytlarda Süleyman əl-Qunduzinin guya şiə alimi olması haqqında informasiyalar yayılmaqdadır. Bəziləri də özlərini «Amerika kəşf etmiş» hesab edərək bu məlumatları azərbaycan və türk dillərinə çevirib internetdə yayırlar. Bir qrup şəxs isə daha da irəli gedərək Süleyman əl-Qunduzini əhli-sünnə alimi kimi təqdim edənləri yalançı adlandırmışlar. Öz iddialarına dəlil kimi isə Ağa Bozorq Tehraninin bu sitatını təqdim edirlər:

و ان لم يعلم تشيعه لكنه غنوصى و الكتاب يعد من كتب الشيعة

Müəllifin şiəliyi məlum olmasa da, o qnostikdir, kitabı şiənin kitablarından biri hesab edilir.

Ağa Bozorq Tehrani, əz-Zəria, c.25, s.290

 

Bu şəxslərdən ikisi Aras Həsənzadə və Efendi el-Ucari adlı şəxslərdir. Aras Həsənzadə adlı şəxs sadəcə olaraq Efendi adlı şəxsin bloqundan köçürtmüşdür. Ancaq bir az uğursuz alınmışdır. Çünki Efendi daha professional olduğu üçün məsələyə ehtiyatla yanaşmış, əl-Qunduzinin şiə olduğunu iddia etməmişdir, sadəcə olaraq sitatı gətirmiş və kənarda durmuşdur. Bu onun işlətdiyi metodlardan biridir. Bir şey iddia etmir, özünə qaçmaq üçün yer qoyur, amma eyni zamanda oxucuda istədiyi təəssüratı yaradır.

Aras Həsənzadə isə belə deyil. Bu şəxs isə hələ «İslam düşmənliyi» məktəbində təzədir. Ona görə çox tələsik davranaraq əl-Qunduzini «xəbis şiə» elan etmişdir.

Gəlin Ağa Bozorq Tehraninin sözlərinin İslam düşmənləri tərəfindən kəsilməmiş hissələrini də qeyd edək və nəticə çıxaraq:

للشيخ سليمان بن إبراهيم الحنفي القندوزى البلخى. ط النقشبند (1220 - 1294) ط. استانبول 1301 في 527 ص ثم في بمبى على الحجر ثم طهران 1308 وبعدها مكررا والمؤلف وإن لم يعلم تشيعه لكنه غنوصى والكتاب يعد من كتب الشيعة.

Şeyx Süleyman b. İbrahim əl-Hənəfi əl-Qunduzi əl-Bəlxi, Nəqşibəndidir........ Müəllifin şiəliyi məlum olmasa da, o qnostikdir, kitabı şiənin kitablarından biri hesab edilir.

Ağa Bozorq Tehrani, əz-Zəria, c.25, s.290 (onlayn 1, 2)

 

Fotoşəkil: Ağa Bozorq Tehrani, əz-Zəria, c.25, s.290

Birincisi, Ağa Bozorq Tehrani açıqca onun Hənəfi və Nəqşbəndi olduğunu qeyd edir.

İkincisi, daha sonra bildirir ki, onun şiə olması məlum deyil.

Daha da əmin olmaq üçün Ağa Bozorqun digər cilddəki sözlərinə baxaq:

الشيخ سليمان بن إبراهيم القندوزي البلخي الحنفي، كان من مشايخ الصوفية النقشبندية

Şeyx Süleyman b. İbrahim əl-Qunduzi əl-Bəlxi əl-Hənəfi, o Sufi Nəqşbəndiyyə şeyxlərindədir...

Ağa Bozorq Tehrani, əz-Zəria, c.21, s.307 (onlayn 1, 2)

 

Fotoşəkil: Ağa Bozorq Tehrani, əz-Zəria, c.21, s.307

Amma bu qədər dəlilin qarşısında bu şəxslər sadəcə Ağa Bozorqun «kitabı şiənin kitablarından biri hesab edilir» sözlərindən tutub əl-Qunduzini şiə kimi qələmə vermək istəmişdirlər. Halbuki, məsələnin mahiyyəti tamam başqadır.


Əvvəla kimlər tərəfindən bu cür hesab edildiyi məlum deyil.

İkincisi, kitabda Əhli-beyt imamlarından (ə.s) və onlar haqqında çox sayda hədis rəvayət edildiyindən kimsə bu cür düşünə bilər.

Amma məlum olduğu kimi Nəqşbəndi təriqətində Əbu Bəkrin də xüsusi yeri var. Ona görə də əsla bu təriqətin şiəliklə əlaqəsi ola bilməz.


Bundan əlavə, bəziləri iddia edir ki, Ağa Bozorqun məhz bu kitabda onun adını zikr etməsi əl-Qunduzini şiə hesab etməsinə dəlildir. Amma bu da boş bir iddiadır. Çünki o kitabda xristian müəllif Əbdül-Məsih əl-Əntakinin «əl-Qəsidə əl-Ələviyyə», Avestanın tərcüməsi «Vandidad», Təbərinin «Tarix», əl-Muaz əl-İsmailinin «Messiya» kitabları haqqında da məlumat verilmişdir.

Həmçinin, biz bir sıra əhli-sünnə müəlliflərin kitablarına istinad etsək real mənzərənin şahidi olarıq.

Məşhur əhli-sünnə tarixçi, ensiklopedisti Ömər Rza Kəhhalə yazır:

سليمان القندوزي (1220 - 1294 ه) (1805 - 1877 م) سليمان بن ابراهيم القندوزي، البلخي، * (هامش 1) * (1) وفي الايضاح: 815 ه الحسيني. صوفي . من تصانيفه: اجمع الفوائد، مشرق الاكوان، ينابيع المودة لذوي القربى.

Süleyman əl-Qunduzi (doğum 1220/1805 – ölüm 1294/1877):

Süleyman b. İbrahim əl-Qunduzi, əl-Bəlxi, əl-Hüseyni. Sufidir. Kitablarından: Əcma əl-fəvaid, Məşəriq əl-əkvan, Yanəbi əl-məvəddə li-Zəv əl-qurbə.

Ömər Rza Kəhhalə, Mucəm əl-müəllifin, c.4, s.252; Məktəbə əl-Musənna, Beyrut (onlayn 1, 2)

 

Fotoşəkil: Mucəm əl-müəllifin, c.1, s.782, r.5711; Müəssisə ər-Risalə, Beyrut, 1414/1993 (Yüklə: 1, 2)

Digər bir əhli-sünnə bioqrafiyaçısı Xəyruddin əz-Zirikli yazır:

القندوزي * (1220 - 1270 ه = 1805 - 1853 م) سليمان بن خوجه إبراهيم قبلان ... *الحسيني الحنفي النقشبندي القندوزي: فاضل، من أهل بلخ، مات في القسطنطينية . له (ينابيع المودة - ط) في شمائل الرسول صلى الله عليه وسلم وأهل البيت.

əl-Qunduzi – (1220/1805 – 1270/1853). Süleyman b. Xacə İbrahim Qəblan...

əl-Hüseyni əl-Hənəfi əl-Nəqşbəndi əl-Qunduzi: fəzilətli şəxsdir, Bəlx əhlindəndir, Konstantinopolda vəfat etmişdir. Onun Peyğəmbərin (s.ə.s) və Əhli-beytinin fəzilətlərindən bəhs edən «Yanəbi əl-məvəddə» kitabı vardır.

Xəyruddin əz-Zirikli, əl-Əlam, c.3, s.125; Dar əl-İlm lil-Malayin, Beyrut, 1423/2002 (onlayn 1, 2)

 

Fotoşəkil: Xəyruddin əz-Zirikli, əl-Əlam, c.3, s.125; Dar əl-İlm lil-Malayin, Beyrut, 1423/2002 (Yüklə: 1, 2)

İsmayıl Başa əl-Bağdadi yazır:

القندوزي: سليمان بن خواجة كلان إبراهيم بن بابا خواجة القندوزي البلخي الصوفي الحسيني نزيل قسطنطينية ولد سنة 1220 وتوفي سنة 1294 أربع وتسعين ومائتين وألف. له أجمع الفوائد. مشرق الأكوان. ينابيع المودة في شمائل النبي صلى الله عليه وسلم وأخبر أهل البيت في مجلد مطبوع.

əl-Qunduzi: Süleyman b. Xacə Kəlan İbrahim b. Baba Xacə əl-Qunduzi əl-Bəlxi əs-Sufi əl-Hüseyni, Konstantinapolda yaşayıb, 1220-ci ildə anadan olmuş, 1294-cü ildə vəfat etmişdir. Əsərləri: Əcma əl-fəvaid, Məşəriq əl-əkvan, həmçinin Peyğəmbərin (s.ə.s) və Əhli-beytinin fəzilətlərindən bəhs edən «Yanəbi əl-məvəddə» kitabı.

İsmayıl Başa əl-Bağdadi, Hədiyyə əl-Arifin, c.1, s.408; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut (onlayn 1, 2)

 

Fotoşəkil: İsmayıl Başa əl-Bağdadi, Hədiyyə əl-Arifin, c.1, s.408; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut (Yüklə: 1, 2)

Yanabi.com adlı əhli-sünnə saytında Şeyx əl-Qunduzi barədə sual verilir:

Salam aleykum. Yanəbi əl-məvəddə kitabının müəllifi olan Şeyx Süleyman b. Xacə Kəlan İbrahim b. Baba Xvacə əl-Bəlxi əl-Nəqşbəndi əl-Qunduzi əhli-sünnə alimidirmi? Alimlər onu etibarlı hesab edirlərmi?

Saytın administratoru cavabında deyir: Bəli, əlbəttə.

 

Pakistanlı hənəfi alimləri Dr.Tahir əl-Qədri və Müfti Qulam Rəsul Şeyx əl-Qunduzinin bu kitabından Əhli-beytin (ə.s) fəzilətləri haqqında sitatlar gətirirlər. Onlar şiədirlərmi? Əsla yox.

Nəticə çıxarmağı hörmətli oxucularımızın ixtiyarına buraxırıq.

Рейтинг

В этом разделе