“Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab

»»

“Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab

Son günlərdə “youtube” portalında sələfi elm tələbələrindən sayılan Yaşar Süleymanlı adlı şəxs tərəfindən “Şiə mənbələrində yer kürəsi sabitdir və fırlanmır” adlı video “dərslik” yerləşdirilmişdir. XXI əsrdə - elm və texnologiyanın yüksək inkişaf etdiyi bir dövrdə yer kürəsinin fırlanmayıb hərəkətsiz olmasını isbat etməyə çalışan bu şəxs hazırladığı “dərslərin” beşinci hissəsində güya şiələrin yer kürəsinin düz, sabit və hərəkətsiz olmasına etiqad etdiklərini isbat etməyə çalışıb. Əlbəttə, onun bu cəhdində nə qədər uğurlu olub-olmamasına hörmətli oxucular az sonra şahid olacaqlar. Lakin, biz mövzuya keçməmişdən qabaq bu cür elmdən, savaddan və əmanətdarlıqdan uzaq olan şəxsin ardınca düşən, onun yalan və iftira dolu sözlərini həqiqət hesab edən şəxslərə səslənirik:

Zəhmət olmasa inad və təəssübkeşlik pərdəsini göz, qulaq və qəlblərinizi önündən çəkib kimi “elm əhli” adlandırdığınıza bir nəzər salın. Zəhmət olmasa kimi “elm əhli” hesab edib əql iplərinizi onun əlinə verdiyinə bir baxın. Sizə həqiqəti göstərməyə çalışanlar bu şəxslərdirlərmi? Sizə əmanətdarlıq, doğruluq, düzlük öyrədənlər, bu kimi xüsusiyyətləri sizə təlim edənlər bunlardırmı? Elm əhliniz bunlardırmı? Əgər bu cür şəxsləri elm əhli hesab edirsinizsə, o zaman vay cəmiyyətinizdəki avamların halına; çünki, bir cəmiyyətin alimi bu cür olduqdan sonra, avamının nə halda olmasını təsəvvür etmək o qədər də çətin deyil.

Bizim aşağıda sizə göstərəcəyimiz həqiqətlər təkcə Yaşar Süleymanlı adlı şəxsin özü ilə məhdudlaşmır. Əslində, eyni qəbih işlər məqsədyönlü şəkildə digər “elm tələbələri” tərəfindən də aparılır. Biz bu cür işlərin üstünü dəfələrlə açmışıq və Allahu-təala izin verdiyi müddətcə də bundan da sonra açmaqda davam edəcəyik. Uca və sübhan olan Rəbbimizdən dilədiyimiz, kor-koranə şəkildə ata-baba təqlidindən yaxa qurtara bilməyən müsəlman qardaş-bacılarımızı haqqa tərəf hidayət etməsidir, onları Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) sarılmağa əmr etdiyi Əhli-Beyt (əleyhimus-səlam) yoluna yönləndirməsidir. Tövfiqimiz Allahdandır.

VİDEONUN TƏHLİLİ:

Biz sözügedən videoda qeyd olunan fikirləri bir neçə başlıq altında təqdim edəcəyik. Videoda söhbət edən Yaşar Süleymanlı adlı şəxsi isə “müddəi” (iddiaçı) deyə təbir edəcəyik:

BİRİNCİ MƏQAM:

Müddəi söhbətinə “yer kürəsinin sabit olması və fırlanmaması” ilə bağlı dərslərinin davam etdiyini deyərək başlayır. Elm və texnologiyanın, xüsusən də astronomiya elminin son həddə inkişaf etdiyi bir dövrdə, insanların nəinki yer kürəsini, hətta, yer kürəsinin mövcud olduğu qalaktikanı belə ən incə ayrıntılarına qədər kəşf etdikləri bir zamanda bir nəfərin ortalığa çıxıb bütöv bir cəmiyyəti orta əsrlərə qaytarmağa çalışması, həqiqətən də təəssüfverici bir haldır. Müsəlmanlar içərisində, xüsusən də özlərinə “elm əhli” deyən kəslər arasında belə kəslərin tapılması, İslam üçün ləkə və nöqsandan başqa bir şey deyildir.

Daha sonra müddəi bu məsələnin şiələr tərəfindən sosial şəbəkələrdə qabardılmasını vurğulayaraq bildirir ki, əslində bu məsələ şiə mənbələrində də qeyd olunmuşdur, lakin, şiələrin öz kitablarını oxumadıqlarından bu məsələdən xəbərsiz qalmışlar.

Daha sonra deyir: “şiələr harada ilişməyə bir məsələ tapırlarsa, həmin məsələni əhli-sünnə vəl-cəmaə məzhəbi əleyhinə qara piar və ləkə olaraq istifadə edirlər”, bundan sonra isə deyir: “şiələr Bəndər əl-Xeybəri adlı şəxsin videosunu yaymış və bunu anormal bir şey kimi göstərməyə çalışmışlar.”

Daha sonra müddəi deyir: “Əgər şiələr öz kitablarını öz mənbələrini oxusalar, bilərdilər ki, onların mənbələrində də, alimlərinin sözlərində də yerin sabit və hərəkətsiz olması sabit olmuşdu. Biz artıq neçənci dəfədir ki, bunu vurğulayırıq ki, şiələr hər hansısa bir məsələni gündəmə gətirməmişdən qabaq, öz mənbələrinə müraciət etsinlər. Ki görəsən həmin məsələ məndə də varmı? Artıq neçənci dəfədir ki, mən və başqa qardaşlar şiələrin gətirdikləri sözlərə cavab yazmaq zorunda qalırıq. Halbuki, həmin məsələ öz kitablarında da vardır.”

Daha sonra 4:52-ci dəqiqədə deyir: “Onlar öz kitablarını oxumuralar, lakin biz, əlhəmdulilləh,onların kitablarını oxuyuruq. Və onların zəlalətlərini, azmış, sapıq fikirlərini, Allahın izniylə, bəyan etməyə çalışırıq.”

CAVAB:

Bu sözlərə bir neçə yöndən cavab veririk:

Əvvəla: Şiələrin heç kəsə “ilişmə” kimi bir dərdi yoxdur. Əgər kimsə, batil bir söz deyirsə, sünni və ya şiə olmasından asılı olmayaraq bu batili ifşa etmək istənilən kəsin borcudur.

İkinci: Şiələrin əhli-sünnə məzhəbinə qarşı qara piar yaratmaq, yaxud, bu məzhəbi alçaltmaq kimi də bir dərdi yoxdur. Xüsusən nəzərə almaq lazımdır ki, müasir dövr əhli-sünnə alimləri içərisində yerin fırlanmayıb hərəkətsiz olduğunu deyən alim tapmaq, demək olar ki, qeyri-mümkündür. Bu fikir, məhz, orta əsr insanlarının düşüncəsi səviyyəsindən çıxa bilməyən sələfi-vəhhabilərin inadla müdafiə edib yeritməyə çalışdığı bir fikirdir. Quran və sünnəyə, eləcə də müasir elmə zidd olan bu cür nağılların İslamda yerini olmadığını demək, kiməsə qarşı qara piar yaratmaq anlamına gələ bilməz.

Üçüncü: Müddəi iddia edir ki, yerin sabit və hərəkətsiz olması həmçinin, şiə kitablarında da gəlmişdir. Biz bir qədər sonra bu iddianın hansı həddə səhih olduğunu, hətta, səhih olduğu təqdirdə belə, bu şəxsin iddiasına nə qədər dəlalət edib-etmədiyini göstərəcəyik.

Dördüncü: Müddəi iddia edir ki, güya şiələr öz kitablarını oxumurlar. Lakin o və elm əhli olan dostları, əlhəmdulillah ki, şiələrin əvəzinə onların kitablarını oxuyurlar və beləcə şiələrin azğın və sapıq fikirlərini ifşa edirlər.

Hörmətli oxucu özü bir qədər sonra bu şəxsin dediyi sözlərin necə yalan və uydurma olduğunu görəcək. Şiə kitablarının və müəlliflərinin adlarını belə düzgün tələffüz edə bilməyən Yaşar Süleymanlı adlı bu şəxs, şiə kitablarını oxuduğunu və bu kitablara şiələrdən daha yaxşı agah olduğunu iddia edir. Az sonra, Seyyid Mustafa Xomeyni (rəhmətullah əleyhi) ilə bağlı qeyd edəcəyimiz nüansalar, eləcə də digər məqamlar bu şəxsin nə qədər yalançı olduğunu gün kimi gözlər önünə sərəcək. İnşəAllah.

İKİNCİ MƏQAM:

Müddəi 5:51-ci dəqiqədə deyir (məzmunu): “Bəllidir ki, əhli-sünnə vəl-cəmaə yer kürəsinin kürəvi, yəni dairəvi olması barədə icma etmişlər. Lakin, rafizilərin bəzi alimləri hətta, yer kürəsinin kürəvi olmamasına etiqad etmişlər. Bunlardan məsələn, Xomeyni bu etiqadda olmuşdur.” Daha sonra, bu məsələdə əhli-sünnənin icma etdiyini deyərək, əhli-sünnənin nümayəndəsi olaraq İbn Bazın sözünü nəql etmişdir.

CAVAB:

Əvvəla: Müddəi bu sözləri deməklə sanki belə görünüş yaratmağa çalışmışdır ki, güya şiə alimləri, hətta, yerin kürə formasında olmasını belə inkar etmişlər, halbuki, əhli-sünnə alimləri icma ilə yerin kürə formada olmasını demişlər! Lakin, rafizilərin öz kitablarında yazılan sözlərdən xəbərləri yoxdur. Məsələn, Xomeyni yerin düz formada olduğunu demişdir, lakin, şiələrin bundan xəbərləri yoxdur..

Az sonra hörmətli oxucu özü görəcək ki, əvvəla, barəsində şübhə ortaya atılan bu “Xomeyni” İran İslam inqilabının rəhbəri Ayətullah Ruhullah Xomeyni (rəhmətullahi əleyh) deyil, onun oğlu şəhid Mustafa Xomeynidir (rəhmətullahi əleyh). Lakin, az əvvəl də qeyd etdiyimiz kimi, Yaşar Süleymanlı adlı bu şəxs nəinki şiə kitablarından, hətta, şiə kitablarının müəlliflərindən belə bixəbər olduğundan bu fərqi başa düşməyib.

Buna əsasən, əgər Yaşar adlı bu şəxs bu fərqi başa düşüb, lakin, qəsdən bildirməyibsə, o zaman yalançıdır. Çünki, bununla nüfuz sahibi alimlərdən birini ləkələmək istəmişdir. Nə də olmasa, hamının tanıdığı Xomeynini ləkələmək, heç kəsin tanımadığı Mustafa Xomeynini ləkələməkdən daha sərfəlidir.

Yox əgər başa düşməmiş və bu səbəbdən bildirməmişsə, o zaman da az əvvəl iddia etdiyi “biz şiələrin kitablarından xəbərdarıq” iddiası batil olur. Çünki, kitabın müəllifini belə tanımayan bir şəxs, kitabın özündən necə xəbərdar olacaq? Buna əsasən, hər iki halda, Yaşar Süleymanlı adlı bu şəxsin yalançılığı və müdəllisliyi aşkar olur.

İkinci: Bir qədər sonra Şəhid Mustafa Xomeyniyə nisbət verilən bu sözün tamamilə iftira olduğunu sizlərə göstərəcəyik. Bundan sonra oxucu özü görəcək ki, Yaşar Süleymanlı adlı bu şəxs “biz şiələrin kitablarını oxuyuruq” deyərkən necə yalan danışıb. Belə ki, o, ərəb nasibilərin bloq və forumlarından əxz etdiyi bu ağız suyuna bənzəyən iftiranı həqiqət zənn edərək sevinmiş, bununla avam camaatın nəzərində şiə kitablarını oxuduğu fikri yaratmağa çalışmışdır. Lakin, əsl həqiqətdə o, nəinki Şəhid Mustafa Xomeyninin (rəhmətullahi əleyh) “Təfsirul-Quran” əsərini oxumamışdır, hətta, iftira ilə ona nisbət verdiyi cümlənin beş-on sətir yuxarı-aşağısını belə oxumamışdır.

Üçüncü: Bu müddəi elmdən bir payı olmaması səbəbindən, şiələri qaralamaq istərkən özü çox çətin bir vəziyyətə düşmüşdür. Belə ki, qeyd etdiyimiz kimi, o belə bir fikir yaratmağa çalışmışdır ki, güya şiələr yerin kürə formasında olmasını belə inkar edirlər. Buna misal kimi də, “Xomeyni” göstərmişdir. Lakin, əhli-sünnə bu barədə icma etmişdir.

Biz deyirik: Yaşar Süleymanlı adlı bu şəxs bu hərəkəti ilə şiələrə böyük bir iftira atmış, əfvolunmaz bir xəyanətə yol vermişdir. Belə ki, fərzən qəbul etsək ki, Mustafa Xomeyni yerin kürə şəklində olmasını inkar edib (ki, qəbul etmirik, çünki, az sonra da göstərəcəyimiz kimi, bu, bir dəstə nasibinin qondardığı bir iftiradır), görəsən, bu o anlama gələcək ki, şiələrin nəzərində yer kürə şəklində deyildir? Görəsən, nə vaxtdan bir nəfərin rəyi bütün məzhəbin rəyi olur? Əgər elə olarsa, onda əhli-sünnə vəl-cəmaə məzhəbində sağlam bir yer qalmaz! Əgər bir alimin rəyi bütün məzhəb üçün keçərlidirsə, bəs nə üçün bu müdəllis müddəi öz alimlərinin sözlərini qeyd etməyib? Belə ki, Cəlaləddin əs-Suyuti yerin kürə şəklində deyil, düz şəkildə olmasını, nəinki öz şəxsi fikri, hətta, əhli-sünnənin əqidəsi hesab etmişdir. Görəsən, Yaşar Süleymanlı bu fikirlə razılaşıb əhli-sünnənin yerin düzlüyünə etiqad etdiyini deyəcəkmi?

Suyuti “Ğaşiyə” surəsinin təfsirində “Və yerin necə döşədildiyinə baxmırlarmı?” ayəsinin (20-ci ayə) təfsirində deyir:

(وإلى الارض كيف سطحت):... وقوله: سطحت ظاهر في أن الارض سطح، وعليه علماء الشرع، لا كرة كما قاله أهل الهيئة وإن لم ينقض ركنا من أركان الشرع.


“Döşədiliyi” sözü aşkar şəkildə buna dəlalət edir ki, yer düz şəkildədir, – necə ki, şəriət (İslam) alimləri də bunu deyirlər –, daha astronomların dediyi kimi kürə şəklində deyildir. Hərçənd ki, buna (yerin kürə şəklində olmasına) etiqad etmək şəriətin rüknlərindən birinə zərər gətirməz.”

 

Fotoşəkil: Təfsirul-Cəlaleyn, səh.593; Dar ibn Kəsir, Beyrut

Suyutinin bu sözü açıq-aşkar buna dəlalət edir ki, əhli-sünnə alimləri astronomlardan fərqli olaraq yer kürəsinin kürə şəklində olmasını qəbul etməmişlər. Əksinə, yerin düz şəkildə olduğunu demişlər. Suyutu 1505-ci miladi ilində dünyasını dəyişmişdir. Deməli, 16-cı əsrə qədər əhli-sünnə alimlərinin yerin forması ilə bağlı düşüncələri bu şəkildə olub. Görəsən, indi Yaşar Süleymanlı əhli-sünnə alimlərinin də yerin düz olmasına etiqad etdiklərini deyəcəkmi? “İbrət alın, ey bəsirət sahibləri” (Həşr surəsi, 2).

Elə isə, nə üçün insanları aldadırsınız? Nə üçün insanları yalan və böhtanlarla öz kölələriniz edirsiniz? Görəsən, bu şəxslərin arxasınca gedənlərin dərin yuxudan ayılmalarının vaxtı çatmayıbmı?

Dördüncü: Müddəi öz uydurmalarını qeyd etdikdən sonra əhli-sünnənin yerin kürə şəklində olması barədə icma etdiyini deyərək, əhli-sünnənin nümayəndəsi kimi İbn Bazın sözünü qeyd edir. Bizim üçün İbn Bazın fətvası maraqlı olmadığından onun fətvasını qeyd etmirik. Lakin, Yaşar Süleymanlı adlı bu şəxsin “elmi biliyinin” hansı “səviyyədə” olduğunu oxuculara göstərməkdən ötrü onun bu fətvanın ərəbcəsini nəql edərkən yol verdiyi qramatik xətaya diqqət çəkirik. Hörmətli oxucu diqqət etsin ki, bir qədər sonra da Yaşarın belə xətalarından daha çox nümunələr ona təqdim ediləcək. Bundan sonra insaf sahibləri özləri hökm versinlər: görəsən ərəb dilinin ibtidai qayda-qanunlarını belə bilməyən bir şəxs elm əhli sayıla bilərmi?

Müddəi, İbn Bazın fətvasını nəql edərək deyir:

“Qad haka İbn Həzm və cəmaət axərun icmau əhlil-ilim...”

Ərəbcə orijinal mətn aşağıdakı kimidir:

قد حكى ابن حزم و جماعة أخرون إجماع أهل العلم...

Halbuki, cümlənin səhih oxunuşu belədir:

“Qad hakəb-nu Hazmin va cəmaətun axərunə icmaə əhlil-ilm...”

Burada “hakə” felindən sonra gələn “İbn Həzm” sözünün əvvəlində həmzətul-vəsl olduğundan “haka İbn Həzm” deyil, “hakə-bnu Hazm” oxunmalıdır. Bu səhvin loru danışıq dilinə öyrəşməklə əlaqəli olduğunu fərz edib bu xətadan və eləcə də “cəmaət axərun” xətasından keçirik. Lakin, (إجماع) “icma” sözünün sonunun “fəthə” ilə (“ə”) deyil, “zəmmə” ilə (“u”) oxunması bağışlanmaz və əfvolunmaz bir xətadır! Belə ki, ərəb dili ilə azacıq anlayışı olan kəslər bilirlər ki, bu cümlədəki “hakə” feli təsirli feldir və onun “məful bih”i “icmau-əhlil-ilm” sözüdür. Belə olunca, “icma” sözünün təsirlik hala düşüb “icmaə” əhlil-ilm şəklində olması vacib olur. Lakin, Yaşar Süleymanlı adlı bu “elm əhli” ərəb dilinin ən bəsit qayadalarından belə bixəbər olduğuna görə bu cür kobud bir səhv etmişdir. Biz əminik ki, hörmətli oxucu bu şəxsin Mustafa Xomeyninin (rəhmətullahi əleyh) sözlərini oxuduğu zaman etdiyi xətalara nəzər saldığı zaman bu məsələyə bir daha qəti şəkildə əmin olacaq. Əgər bir şəxs bir neçə sözdən ibarət bir cümlənin az qala hər sözünü səhv oxuyursa, görəsən, belə bir şəxs oxuduğu mətni necə başa düşəcək? Bir qədər sonra özünüz görəcəksiniz.

ÜÇÜNCÜ MƏQAM:

Videonun 8:20-ci dəqiqəsində deyir: “Amma Xomeyni isə “Təfsirul-Quranul-Kərim” adlı kitabında yer kürəsinin kürəvi olmadığı qeyd etmişdir”.

Daha sonra, “Xomeyni”nin öz təfsir kitabında Bəqərə surəsinin 22-ci ayəsinin təfsirində dediyi sözləri ərəbcə oxuyaraq deyir (diqqət edilsin):

“Cəələ ləkumul-arda firaşən”: vəs-seyrun ləkum, və seyrə ləkum və li-əcəlikum ihtiməmən bi-şənikum və ifdəələn bi-haqqikum, əl-ardu məbsuta ğeyri kurəviyyə bəsatən ğeyri mustədir, və firaşən alə ğeyri əşkəlis-səməəviyyə, huffəzən aleykum.”

Daha sonra bu şəxs oxuduğu mətnin tərcüməsini qeyd edir. Tərcüməyə baxaq:

“Xomeyni Bəqərə surəsinin 22-ci ayəsini təfsir edərkən demişdir ki, sizin üçün və sizin məqsədləriniz üçün, – ehtiyaclarınız üçün yəni –, onu döşədi. Və sizin şanınızı və sizin haqqınızı və fəzilətinizi qaldırmaq üçün – yüksəltmək üçün yəni – yeri döşədi. Və o kürəvi deyildir. Onu döşənmiş vəziyyətdə elədi və o kürəvi deyildir və onu döşəmə etdi ki, səmalar üçün müşkül olmasın və sizin üçün mühafizə olsun. Yəni, sizi qorusun deyə yer kürəsini döşənmiş halda, yəni, səthi halda etdi. Və o, kürəvi halda deyildir. Bax belə bir sözləri Xomeyni demişdir.”

CAVAB:

Az əvvəl də qeyd etdiyimiz kimi, ilk öncə Yaşar Süleymanlı adlı bu “elm əhli”nin hansı səviyyədə elmə sahib olmasını göstərəcək, ardınca isə, onun ağına-bozuna baxmadan nasibi forumlarından qamarlayıb Mustafa Xomeyniyə nisbət verdiyi bu iftiranı cavablandıracağıq.

Birinci: Gəlin, ilk öncə Mustafa Xomeyninin “Təfsirul-Quranil-Kərim” adlı əsərində qeyd etdiyi sözlərin ərəbcə mətnini, səhih oxunuşunu və tərcüməsini qeyd edək, ardınca isə onları bu şəxsin oxunuşu və tərcüməsi ilə müqayisə edək.

Şəhid Mustafa Xomeyninin (rəhmətullahi əleyh) “Təfsirul-Quranil-Kərim” kitabının 4-cü cildinin 397-ci səhifəsində deyilir:

(جعل لكم الأرض فراشا) * وصير لكم ولأجلكم - اهتماما بشأنكم وإفضالا بحقكم - الأرض مبسوطة غير كروية بساطا غير مستدير، وفراشا على غير الأشكال السماوية، حفاظا عليكم.


Oxunuş: “Cəalə ləkumul-ardə firaşən: sayyara ləkum və li-əclikum – ihtiməəmən bi-şə`nikum və ifdalən bi-haqqikum – əl-arda məbsutatən ğayra kurəviyyətin, bisatan ğayra mustədirin, və firaşən alə ğeyril-əşkəlis-səməəviyyəti, hifazan aleykum.”

Tərcümə: “Yeri sizin üçün (sərilmiş) döşənəcək etdi: sizə diqqət yetirərək və sizə lütf edərək sizin üçün və sizə görə yeri kürə şəklində deyil, düz halda; dairəvi şəkildə deyil döşənmiş halda qərar verdi. Yeri digər səmavi formalardan fərqli olaraq döşənəcək (şəklində) qərar verdi. (Bütün bunlar) sizi qorumaq üçün etdi.”

 

Fotoşəkil: Təfsirul-Quranil-Kərim, c.4, səh.345; təhqiq və nəşr: “İmam Xomeyninin əsərlərinin tənzimi və nəşri” müəssisəsi

İkinci: Mətnin səhih oxunuş və tərcüməsini bildikdən sonra, bu oxunuş və tərcümə ilə müddəinin oxunuş və tərcüməsini müqayisə edək.

1. Əvvəlcə deyir: “Vəs-seyrun ləkum”, sonra xəta etdiyini anlayaraq səhvini düzəltməyə çalışır və deyir: “və seyrə ləkum”. Halbuki, səhih oxunuş: “sayyara ləkum”-dur. Onun bu xətanı etməsinin səbəbi fel ilə ismi bir-birindən ayıra bilməməsidir.

2. Deyir: “və li-əcəlikum”. Halbuki, səhih oxunuş: “və li-əclikum”-dur. Bu xətasının səbəbi isə, sözün düzgün oxunuş şəklini bilməməsidir.

3. Deyir: “əl-ardu”. Halbuki, səhih oxunuş: “əl-arda”-dır. Onun bu xətasının səbəbi isə, “fel” və “məful bih” mövzusunu bilməməsidir.

4. Deyir: “məbsuta”. Halbuki, səhih oxunuş: “məbsutatən”-dir. Onun bu xətasının səbəbi də ikiqat təsirli fel və “əf`al ət-təhvil” bəhslərini bilməməsidir.

5. Deyir: “ğeyri”. Halbuki, səhih oxunuş: “ğayra”-dır. Onun bu səhvinin səbəbi isə “ğeyr” sözünün xüsusiyyətlərini, habelə, “məful bih” bəhsini bilməməsidir.

6. Deyir: “kurəviyyə”. Halbuki, səhih oxunuş: “kurəviyyətin”-dir. Onun bu səhvinin səbəbi isə izafət bəhsini bilməməsidir, habelə, “ğeyr” sözünü və ondan əvvəlki sözlərin hərəkələrini bilməməsidir.

7. Deyir: “basatən”. Halbuki, daha dəqiqi: “bisatən”-dir.

8. Deyir: “ğeyri”. Halbuki, səhih oxunuş: “ğayra”-dır. Bu səhvinin səbəbi də az əvvəl dediklərimizlə eynidir.

9. Deyir: “əşkəəlis-səməəviyyə”. Halbuki, səhih oxunuş: “əl-əşkəəlis-səməəviyyə”-dir. Bu səhvinin səbəbi də diqqətsizlikdir.

10. Deyir: “huffazən”. Halbuki, səhih oxunuş: “hifazən”-dir. Bu səhvinin səbəbi də sözün əslini və orijinal formasını bilməməsidir.

Qeyd edək ki, bir şəxsin ərəb dilində sözləri düzgün hərəkələyə bilməməsi o şəxsin qarşısındakı cümlənin mənasını başa düşməməsi anlamına gəlir. Çünki düzgün hərəkələmənin cümlənin mənası və tərcüməsi ilə birbaşa əlaqəsi vardır. Bu müddəinin bir cümlə daxilində on qramatik səhv etməsi onu göstərir ki, o oxuduğu cümlələrin mənasını başa düşməmişdir. Elə bu səbəbdəndir ki, cümlələrin tərcüməsini verərkən əcaib-qəraib sözlər işlətmişdir. Bu isə öz növbəsində bir daha onu göstərir ki, bu şəxsin güya şiə kitablarından xəbərdar olması iddiası tamamilə yalan və uydurmadır. Görəsən bu şəxs bir cümləni üzündən doğru-düzgün oxuya bilmədikdən sonra, hansı şiə kitablarını oxuyacaq?

İndi isə tərcümələri müqayisə edək:

Yaşarın tərcüməsi:

“Sizin üçün və sizin məqsədləriniz üçün, – ehtiyaclarınız üçün yəni –, onu döşədi. Və sizin şanınızı və sizin haqqınızı və fəzilətinizi qaldırmaq üçün – yüksəltmək üçün yəni – yeri döşədi. Və o kürəvi deyildir. Onu döşənmiş vəziyyətdə elədi və o kürəvi deyildir və onu döşəmə etdi ki, səmalar üçün müşkül olmasın və sizin üçün mühafizə olsun. Yəni, sizi qorusun deyə yer kürəsini döşənmiş halda, yəni, səthi halda etdi. Və o, kürəvi halda deyildir. Bax belə bir sözləri Xomeyni demişdir.”

Düzgün tərcümə:

“Yeri sizin üçün (sərilmiş) döşənəcək etdi: sizə diqqət yetirərək və sizə lütf edərək sizin üçün və sizə görə yeri kürə şəklində deyil, düz halda; dairəvi şəkildə deyil döşənmiş halda qərar verdi. Yeri digər səmavi formalardan fərqli olaraq döşənəcək (şəklində) qərar verdi. (Bütün bunlar) sizi qorumaq üçün etdi.”

Ən gülməli və ən acınacaqlı olanı isə “digər səmavi formalardan fərqli olaraq” sözünü “səmalar üçün müşkül olmasın” şəklində tərcümə etməsidir. Görəsən, bu tərcüməni edərkən düşünmədimi ki, yerin düz şəkildə döşənməməsinin “səmalar” üçün nə kimi müşkülü ola bilər? Sonda da deyir: “Bax belə bir sözləri Xomeyni demişdir”...

Hökm hörmətli oxucunundur. Düşünürük ki, bu cür bir elmi səviyyə ilə şiə nəzərində yerin kürə şəklində olub hərəkətsiz olmasını isbat etməyə çalışan bir şəxsin öz araşdırmasında nə cür “dəqiq” ola biləcəyini artıq oxucular təxmin edə bilirlər. Elə isə, bu şəxsin iftira ilə Şəhid Mustafa Xomeyniyə (rəhmətullahi əleyh) nisbət verdiyi sözün həqiqətini araşdıraq.

DÖRDÜNCÜ MƏQAM:

Qeyd etdiyimiz kimi, Yaşar Süleymanlı adlı bu şəxs bu iddianı özü axtarıb ortaya çıxarmamışdır, əksinə, onu ərəb nasibilərinin bloq və forumlarından əxz etmişdir. Beləcə avam kütləni aldadaraq insanlarda şiəliyə qarşı mənfi fikir formalaşdırmağa çalışmışdır. Ümumiyyətlə, belə bir deyim vardır: “müdafiə üçün ən yaxşı vasitə hücumdur”. Görünür bu şəxs bu deyimə sadiq qalaraq, öz əqidəsinə tutulan bu iraddan yaxa qurtarmaqdan ötrü hər nə vəsilə ilə olursa-olsun şiələri ortaya salmaq istəmişdir. Yalan demək və iftira atmaq hesabına olsa belə şiələri ortaya ataraq nəzərləri başqa istiqamətə yönəltməyə çalışmışdır. Lakin, Allaha həmd olsun ki, bu cəhdində müvəffəq olmamışdır. Uca olan Allah onun bu yalanının üstünü açaraq onu bütün Azərbaycan müsəlmanları qarşısında rüsvay etmişdir.

Bu şəxs və onun havadarları iddia edirlər ki, güya mərhum Seyyid Mustafa Xomeyni “Təfsirul-Quran” əsərində yerin kürə şəklində olmasını inkar etmişdir.

Deyirik:

Şübhəsiz ki, bu, mərhum Seyyid Mustafa Xomeyniyə atılan çirkin bir iftiradır. Belə ki, mərhum Mustafa Xomeyni (quddisə sirruh) Yaşar Süleymanlı adlı bu şəxsin ona nisbət verdiyi sözlərin qeyd olunduğu səhifədən (4-cü cild, səh.397) təxminən 40-50 səhifə əvvəl yerin kürə şəklində olmasını isbat etmişdir! Mərhum Mustafa Xomeyninin səh.397-da qeyd etdiyi sözlər isə onun öz sözləri deyil, əksinə, ayə barəsində nəql olunan müxtəlif rəylərdən sadəcə biridir. Mərhum Xomeyni ayənin təfsiri və təvili ilə bağlı təxminən iyirmiyə yaxın rəy qeyd etmişdir. Bu rəyləri “hədisçilərin nəzərləri”, “təfsirçilərin nəzərləri”, “ariflərin nəzərləri”, “ilahi filosofların nəzərləri”, “kəlam alimlərinin nəzərləri”, və “qeyri-ilahi filosofların nəzərləri” başlıqları altında gətirmişdir. Hər başlıqda isə iki, üç və daha artıq rəy və nəzər qeyd etmişdir. Lakin, ərəb nasibiləri hiyləgərlik edərək “təfsirçilərin nəzəri” başlığı altında gələn nəzərlərdən birini – yəni, barəsində danışdığımız yerin düz şəkildə olması fikrini mərhum Şəhid Mustafa Xomeyniyə nisbət vermişlər. Bununla, cəzasını yalnız sübhan olan Allahın bildiyi çox çirkin bir işə əl atmışlar. Yaşar Süleymanlı adlı bu şəxs də ərəb nasibilərinə təqlid edərək eyni iftiranı Azərbaycan müsəlmanlarına nəql etmiş və beləliklə, həmin nasibilərlə eyni günahda şərik olmuşdur. Elə isə, “artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?” (Yunus surəsi, 32).

Şəhid Mustafa Xomeyninin yerin forması ilə bağlı həqiqi fikrinə gəlincə isə, bunu eyni kitabın 345-ci səhifəsindən sonraya nəzər salmaqla görə bilərik. Biz olduqca müxtəsər şəkildə bir neçə məqamı qeyd etməklə kifayətlənirik. Ətraflı tanış olmaq istəyənlər, “Təfsirul-Quranil-Kərim” kitabının 4-cü cildinin 343-cü səhifəsindən sonrasına müraciət etsinlər. Burada şəhid Xomeyni (rəhmətullahi əleyh) Bəqərə surəsi, 22-ci ayənin təfsirinə başlayaraq ilk öncə ayənin dilçilik baxımından izahını verir. İlk öncə “əl-ard” (yer) sözünü müzakirə edir. Yer kürəsinə nə üçün “əl-ard” adı verildiyinin kökünü araşdırır. Bu zaman deyir:

مسائل اللغة والصرف المسألة الأولى حول كلمة " الأرض " الأرض: كرة مظلمة مركبة من الجواهر الفردة، مؤنثة جمعها أروض وآراض وأرضون وأراض... وكل ما سفل فهو أرض، يقال: من أطاعني كنت له أرضا، يراد به التواضع


“Dilçilik və sərf məsələləri:

Birinci məsələ - “əl-ard” (yer) kəliməsi barədə:

“Əl-ard” (yer): tək cövhərlərdən təşkil olunmuş qaranlıq bir kürədir. Müənnəs (qadın cinsində olan) isimdir. Cəmi “arud”, “arad”, “aradun və “ərad”dır... (Yuxarıdan) aşağıya düşən hər bir şeyə “ard” deyilir. Ərəblər deyirlər: “Kim mənə itaət etsə, onun üçün ard olaram.” Bununla, təvazökar olmağı nəzərdə tuturlar.”

Sonra deyir:

ومن المحتمل أن يكون وجه إطلاق الأرض على هذه الكرة كونها ذات كلاء كثير في قبال سائر الكرات في المنطقة الشمسية


“Həmçinin, ehtimal olunur ki, bu
kürəyə “ard” adının verilməsinin səbəbi, bu kürənin günəş sistemində olan sair kürələrdən fərqli olaraq çoxlu bitki örtüyünə malik olmasına görədir.”

 

Daha sonra deyir:

والذي يهمنا أن الأرض هل هي واحد بالشخص وهي الكرة المسكونة الحاضرة، أم هي موضوع للمعنى الأعم


“Bizi maraqlandıran budur ki, görəsən “əl-ard” bir yerin –
hal-hazırda sakini olduğumuz bu kürənin adıdır, yoxsa, bu söz daha geniş mənaya üçün nəzərdə tutulub?”

 

Fotoşəkil: Təfsirul-Quranil-Kərim, c.4, səh.345-346; təhqiq və nəşr: “İmam Xomeyninin əsərlərinin tənzimi və nəşri” müəssisəsi

Bundan sonra “ard” sözünün alçaqda və aşağıda olan mənasını əsas götürərək bildirir ki, yeri gəldikdə Aya, Marsa da “ard” deyilə bilər.

Daha sonra kitabın 379-cu səhifəsində “Yer kürəsinin dairəvi şəkildə olması” başlığını qeyd etmiş, burada yer kürəsinin kürə şəklində olmasına dəlillər gətirmişdir.

Bundan sonra isə, 380-ci səhifədə aşağıdakıları qeyd edərək Yaşar Süleymanlı kimi şəxslərə növbəti sarsıdıcı zərbəni vurmuşdur:

وأسوأ حالاً من ذلك توهم دلالة الآية الشريفة على سكون الأرض وقرارها, كما في تفسير الفخر وغيره (راجع التفسير الكبير للرازي 2/102103-) ,وقد أخذ هنا في مباحث تضحك منها الثكلى


“Bundan daha pisi isə budur ki,
ayənin yerin sükunətdə olduğuna və hərkət etmədiyinə dəlalət etdiyini düşünmüşlər. Necə ki, Fəxr ər-Razinin və digərlərinin təfsirlərində belədir (bax: “ət-Təfsirul-Kəbir”, Fəxrəddin ər-Razi, 2/102-103). Burada elə bəhslər edilmişdir ki, balası ölmüş ananın gülməyi gəlir.

 

Fotoşəkil: Təfsirul-Quranil-Kərim, c.4, səh.379-380; təhqiq və nəşr: “İmam Xomeyninin əsərlərinin tənzimi və nəşri” müəssisəsi

Gördüyünüz kimi, bu sözlərdən açıq-aşkar məlum olur ki, Seyyid Mustafa Xomeyninin (rəhmətullahi əleyh) nəzərində yer planeti kürə şəklindədir. Lakin, hər nə yolla olursa olsun, Əhli-Beyt (əleyhimus-səlam) məktəbi ilə düşmənçilik aparmağı qarşılarına məqsəd qoyan bu şəxslər utanmadan mərhum Seyyidə məxsus olmayan sözləri ona nisbət vermişlər. Bununla, daha öncə də dediyimiz kimi, şiddətli əzaba layiq olmuşlar.

Bəli, mərhum Seyyid Mustafa Xomeyninin (quddisə sirruh) nəzərində yerin düz şəkildə olmasını, habelə, onun hərəkətsiz olub dönmədiyini demək, balası ölmüş ananı güldürəcək məsələlərdən sayılır!

Lakin, Yaşar Süleymanlı və onun havadarlarının tutduqları iş güldürəcək yox, ağladacaq növdəndir. Belə ki, qiyamət günü onlar bütün bu iftira və yalanlar üçün hesab verəcəklər, günahsız insanlara atdıqları böhtanlara görə sorğu-sual olunacaqlar.

BEŞİNCİ MƏQAM:

Müddəi videosunun 10:47-ci dəqiqəsində şiələrin hansı həddə “sapıq” olduqlarını bəyan etməkdən ötrü özünün növbəti “gurultulu dəlilini” qeyd edir. Deyir ki, hətta şiələrin şeyxi Şeyx Səduq “İləluş-Şərai” kitabında yer kürəsinin bir öküzün buynuzunun üzərində olduğunu demişdir.

CAVAB:

Daha öncə də dediyimiz kimi, bu iftiraçı şəxs kitablarla tanış olduğunu iddia etmişdir. Görəsən, şiə və sünni kitablarına agah olan bu “əllamə” “İləluş-Şərai” kitabında (c.1, səh.9) qeyd olunan hədisin mərfu, başqa sözlə, zəif olduğunu görməyibmi?

Belə ki, rəvayətin sənədi belədir:

حدثنا علي بن أحمد بن محمد رضى الله عنه قال حدثنا محمد بن يعقوب عن علي بن محمد باسناده رفعه قال: أتى علي بن أبي طالب يهودي...


“Bizə Əli ibn Əhməd ibn Muhəmməd – Allah ondan razı olsun – nəql edib dedi: bizə Muhəmməd ibn Yaqub Əli ibn Muhəmməddən mərfu şəkildə nəql edib dedi: Bir yəhudi Əli ibn Əbi Talibin (əleyhis-səlam) yanına gəldi...”

 

Fotoşəkil: İləluş-Şərai, c.1, səh.9; Darul-Murtəza, Beyrut, 2006

Burada adı qeyd olunan Muhəmməd ibn Yaqub həmin məşhur mühəddis Şeyx Kuleynidir (quddisə sirruh). Onun nəql etdiyi Əli ibn Muhəmməd adlı şəxs isə rical alimlərinin də qeyd etdiyi kimi, bu iki şəxsdən biridir:

1) Əli ibn Muhəmməd ibn İbrahim Əllan;

2) Əli ibn Muhəmməd ibn Bəndər.

Bu şəxslərin hər ikisi Şeyx Kuleyninin şeyxləridirlər. Başqa sözlə onlarla İmam Əli (əleyhis-səlam) arasında 200 ildən çox məsafə vardır. Elə isə sənədi bu halda olan bir rəvayət şiə əleyhinə necə höccət ola bilər? Görəsən, bu müddəinin rical elmindən anlayışı yoxdur, yoxsa, iddiasının əksinə olaraq hədisin orijinal mənbəsindən xəbərsizdir?

Əgər o bu hədisi şiə əleyhinə höccət gətirməyə cəsarət edə bilirsə, o zaman zəhmət çəkib Qurtubinin öz “Təfsir”ində gətirdiyi aşağıdakı rəvayəti də höccət bilsin. Qurtubi öz təfsirində “Taha” surəsinin 6-cı ayəsinin (Göylərdə və yerdə, onların arasında və torpağın altında nə varsa (hamısı) Onundur) izahında İbn Abbasdan belə nəql edir:

الأرض على نون، والنون على البحر، وأن طرفي النون رأسه وذنبه يلتقيان تحت العرش، والبحر على صخرة خضراء خضرة السماء منها وهي التي قال الله تعالى فيها: فتكن في صخرة أو في السماوات أو في الأرض، والصخرة على قرن ثور والثورعلى الثرى ولا يعلم ما تحت الثرى إلا الله تعالى


“Yer “nun”un1 üzərindədir. Nun isə dənizin üzərindədir. Nunun iki tərəfi; başı və quyruğu ərşin altında bir-birlərinə qovuşurlar.2 Dəniz isə yaşıl bir qayanın üzərindədir. Səmanın yaşıllığı onun yaşıllığındandır. O həmin qayadır ki, Allahu-təala onun barəsində demişdir: “Bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da...” (Loğman surəsi, 16). Qaya isə bir öküzün buynuzu üstündədir. Öküz də torpağın üstündədir. Torpağın altında isə nə olduğunu yalnız Allahu-təala bilir.”

_________________________

1 Nun: böyük balıq, balina.
2 Yəni: ərəb dilindəki (ن) hərfində olduğu kimi, bu balığın başı ilə ayağı ərşin altında qovuşur.

 

Fotoşəkil: Muhəmməd ibn Əhməd əl-Qurtubi, əl-Camiul-Əhkamil-Quran, c.14, səh.16; “ər-Risalə” müəssisəsi, Beyrut, 1427/2007; təhqiq: Abdullah ibn Abdul-Muhsin ət-Turki

Buna əsasən, əgər sənədi qırıq bir hədisə görə şiənin əqidəsi “yer öküzün buynuzunun üstündədir” şəklində ola bilirsə, o zaman bu hədisə görə də Yaşar Süleymanlının əqidəsi “yer balığın və öküzün buynuzunun üstündədir” şəklində olur. Görəsən, Yaşar bunu qəbul edirmi?

ALTINCI MƏQAM:

Bundan sonra müddəi, şiə kitablarında yerin fırlanmayıb hərəkətsiz olmasına dəlalət edən “dəlillərini” qeyd etməyə başlayır. Onun bundan sonra qeyd etdiyi dəlillər üç faktdan ibarətdir. Bu faktların ikisi Şərif Rəzinin (quddisə sirruh) topladığı “Nəhcül-Bəlağə” əsərində gələn iki xütbədən, biri isə Şeyx Müfidin (quddisə sirruh) “Əvailul-Məqalat” kitabında dediyi sözlərdən ibarətdir. Biz bu “dəlilləri” tək-tək gözdən keçirərək onların bu şəxsin iddialarına nə qədər uyğun gəldiklərinə nəzər salacağıq.

Birinci dəlil:

“Nəhcül-Bəlağə” kitabında gələn “əl-Əşbah xütbəsi” kimi məşhur olan xütbədə İmam Əli (əleyhis-səlam)-ın belə buyurduğu nəql olunur:

و عدل حركاتها بالرّاسيات من جلاميدها و ذوات الشّناخيب الشّمّ من صياخيدها ، فسكنت من الميدان لرسوب الجبال في قطع أديمها ، و تغلغلها متسرّبة في جوبات خياشيمها ، و ركوبها أعناق سهول الأرضين و جراثيمها


“Yerin hərəkətlərini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı.” (Nəhcül-Bəlağə: 91-ci xütbə, Azərbaycan dilinə tərcümə).

Müddəi bu kəlamda yerin hərəkətsiz olmasına işarə edildiyini iddia etmişdir. Əlbəttə, ərəbcə cümlələri üzündən belə oxuya bilməyən bir kəsdən fəsahət və bəlağətin ağası İmam Əmirəl-möminin (əleyhis-səlam)-ın ali məzmunlu kəlamını başa düşməsi gözlənilə bilməzdi. Ondan öz videosunda danışdıqları qədərdən artığını başa düşməsini tələb etmək, haqsızlıq olardı.

Şübhəsiz ki, bu şəxsin qeyd etdiyi cümlələrin onun iddiası ilə heç bir əlaqəsi yoxdur. Əgər hörmətli oxucu diqqət edərsə, görər ki, İmam (əleyhis-səlam) bu sözü ilə tamam fərqli bir mənanı çatdırmaq istəmişdir. İmamın çatdırmaq istədiyi məna son dövrlərdə elmin də təsdiq etdiyi bir fikirdir.

Belə ki, İmam bu kəlamı ilə göstərir ki, əgər Allahu-təala möhkəm, uca və kökləri yerin çox dərinliklərində olan dağları yaratmasaydı, yer kürəsi hərəkətdə olar, titrəmə və silkələnmələrə məruz qalardı. Bu, müasir elmin təsdiq etdiyi bir şeydir. Müasir elm sübuta yetirmişdir ki, əgər yer kürəsində kökləri dərinlərə uzanan uca dağlar olmasaydı yer qabığı hərəkət və sürüşmələrə məruz qalar, yer üzündə tez-tez zəlzələr baş verərdi. Yuxarıda qeyd olunan sözlərdən məqsəd məhz budur. Bu, müasir elm tərəfindən isbat edilmiş bir nəzəriyyədir. Bunun üçün mövzu ilə bağlı yazılan məqalələrə və təfsir kitablarına müraciət etməyiniz kifayət edər.

Əgər bu müddəinin iddiasını qəbul etsək, o zaman belə nəticə alacağıq ki, yer kürəsinin fırlanmaması və hərəkətdə olmamasının səbəbi onda olan uca dağlardır. Görəsən, yerin öz oxu ətrafında fırlanmaması onda olan dağlar səbəbindən necə ola bilir? Bu iddiadan belə çıxır ki, yer üzündə uca və möhkəm dağlar olmasa, o zaman yer fırlanıb dönəcək. Bunu demək cümlələrin zahirinin dəlaləti və elmi dəlillər bir yana, hansı əqli və məntiqi qaydalara sığır?

Xütbənin mənası məhz bizim qeyd etdiyimiz şəkildədir. Bunu xütbədəki sözlərə nəzər saldıqda açıq-aşkar görmək mümkündür. “Yerin hərəkətlərini... dağlarla sabit etdi”, “Yer də dağların... yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı.”

Görəsən, bu cümlələr yerdə zəlzələlə və sürüşmələrin qarşısının alınması anlamına gəlir, yoxsa, yerin öz oxu ətrafında fırlanmasının qarşısının alınması anlamına gəlir? “Nə olub sizə necə mühakimə yürüdürsünüz?” (Qələm surəsi, 36).

İkinci dəlil:

Müddəinin “dəlil” olaraq təqdim etdiyi ikinci mətn də “Nəhcül-Bəlağə” kitabında gəlmişdir və bu, 211-ci xütbədir. Qeyd edək ki, bu xütbə də az öncə qeyd etdiyimiz xütbə ilə eyni mənaya sahibdir. Hətta, bu xütbə az öncəki xütbədən məqsədin nə olduğunu daha aydın şəkildə açıqlayır. Xütbədə deyilir:

وَجَبَلَ جَلاَمِيدَهَا، وَنُشُوزَ مُتُونِهَا وَأَطْوَادِهَا، فَأَرْسَاهَا في مَرَاسِيهَا، وَأَلْزَمَهَا قَرَارَاتِهَا، فَمَضَتْ رُؤُسُهَا فِي الْهَوَاءِ، وَرَسَتْ أُصُولُهَا فِي الْمَاءِ، فَأَنْهَدَ جِبَالَهَا عَنْ سُهُولِهَا، وَأَسَاخَ قَوَاعِدَهَا فِي متُونِ أَقْطَارِهَا، وَمَوَاضِعِ أَنْصَابِهَا، فَأشْهَقَ قِلاَلَهَا، وَأَطَالَ أَنْشَازَهَا، وَجَعَلَهَا لِلأَرْضِ عِمَاداً، وَأَرَّزَهَا فِيهَا أَوْتَاداً، فَسَكَنَتْ عَلَى حَرَكَتِهَا مِن أَنْ تَمِيدَ بِأَهْلِهَا، أَوْ تَسِيخَ بِحِمْلِهَا، أَوْ تَزُولَ عَنْ مَواضِعِهَا.


“Həmçinin, yerin böyük və sərt daş parçalarını, hündür təpələrini və dağlarını yaratdı və onları öz yerlərində möhkəmləndirərək qərar tutmalı olduqları yerdə saxladı. Beləliklə, onların başları havaya ucaldı, kökləri suda batdı. Və həmin dağları hamar və alçaq yerlərdən qaldırıb dikəltdi, onların köklərini ətraflarındakı yerlədə və möhkəm məkanlarda basdırdı. Beləliklə, həmin dağların başlarını çox ucaltdı, onların ucalıqlarını ətrafa çəkdi. Onları yerin sütunu və dirəyi etdi, yerin mıxları kimi onları ona (yerə) batırdı. Beləliklə hərəkətdə olan yer öz əhlini silkələməkdən, yaxud, onları suda batırmaqdan və ya öz yerlərindən sürüşməkdən durdu.”
(Nəhcül-Bəlağə, 211-ci xütbə)

Bu cümlələrdən tam şəkildə aydın olur ki, yerin sabit edilməsindən məqsəd yerin öz əhlini silkələməməsi, onları atıb-tutmaması və ya suya qərq etməməsidir, habelə, yer qabığının öz yerindən digər yerə sürüşməməsidir. Nəinki, yerin öz oxu ətrafında fırlanmasının inkar edilməsidir. Bunu bu cümlələri oxuyan adi təhsilsiz şəxs belə başa düşə bilər. Görəsən, bütün bunlardan sonra kimsə bunun əksini iddia edə bilərmi?! Bu məsələ o qədər aşkardır ki, əlavə izah verməyə belə ehtiyac duymuruq.

Lakin, özünü elm əhli zənn edən bu müddəi “Nəhcül-Bəlağə” kitabında gələn bu cümlələri dərk etmək və doğru tərcümə etmək bir yana, hətta, bu sözləri üzündən belə düzgün oxuya bilməmişdir. Bu səbəbdən də bu cür dəhşətli səhvlərə düçar olmuşdur. Əslində, biz onun bu sözləri öz başından dediyinə belə inanmırıq. Çünki, bu şəxsin ömründə bircə dəfə belə olsun “Nəhcül-Bəlağə”ni əvvəldən axıradək oxuduğuna inanmırıq. Ona görə də, onun bu iddiasını da digər iddiaları kimi ərəb dilli forumlardakı işsiz-gücsüz bekarların yazılarından, yaxud, fitnə şeyxlərinin yazdıqları kitabçalardan kopyaladığını ehtimal veririk. Çünki, mənaları gün kimi aşkar olan bu cümlələri başqa mənalara yozmağı yalnız elmdən nəsibi olmayan şəxslər edə bilərlər. Bu məsələnin daha ətraflı izahı üçün Ənbiya surəsi, 31-ci ayənin, Qaf surəsi, 7-ci ayənin, Nəbə surəsi, 7-ci ayənin, habelə, Loğman surəsinin 10-cu ayənin təfsirinə müraciət edin.

Üçüncü dəlil:

Müddəinin gətirdiyi üçüncü dəlil isə Şeyx Müfidin (quddisə sirruh) “Əvailul-Məqalat” kitabıdır. Biz müddəinin ərəbcə mətni hansı şəkildə oxuyub tərcümə etdiyinə toxunmadan birbaşa Şeyx Müfidin (quddisə sirruh) sözü qeyd edir və ona şərhimizi veririk:

Şeyx Müfid deyir:

أقول : إن الفلك هو المحيط بالارض الدائر عليها وفيه الشمس والقمر وسائر النجوم ، والارض في وسطه بمنزلة النقطة في وسط الدائرة ، وهذا مذهب أبي القاسم البلخي وجماعة كثير ة من أهل التوحيد ، ومذهب أكثر القدماء والمنجمين وقد خالف فيه جماعة من بصرية المعتزلة وغيرهم من أهل النحل.


“Deyirəm: fələk1 Yeri dairə şəklində əhatə etmişdir. Orada günəş, ay və digər ulduzlar vardır. Yer fələyin ortasında dairənin ortasındakı nöqtə kimidir. Əbul-Qasim əl-Bəlxinin və tövhid əhlindən olan çoxlu şəxslərin, habelə, qədim alimlərin və münəccimlərin (astronomların) əksəriyyətinin fikri budur. Bəsrə mötəzililərindən və digər məzhəblərdən olan bir dəstə şəxs isə bu barədə fərqli fikir söyləmişlər.”
(
Şeyx Səduq, Əvailul-Məqalat, səh.99)

_______________________

1 Səma cismlərinin üzüb getdiyi yol.

Başqa yerdə deyir:

أقول: إن الارض على هيئة الكرة في وسط الفلك وهي ساكنة لاتتحرك ، وعلة سكونها أنها في المركز ، وهو مذهب أبي القاسم وأكثر القدماء والمنجمين ، وقد خالف فيه الجبائي وابنه وجماعة غير هما من أهل الاراء والمذاهب من المقلدة والمتكلمين.


“Deyirəm: Yer kürə şəklindədir və fələyin ortasında yerləşir. O sükunətdədir və hərəkət etmir. Onun sükunətinin (yerində dayanmasının) səbəbi onun mərkəzdə olmasıdır. Bu, Əbul-qasimin, habelə, qədim alimlərin və münəccimlərin (astronomların) əksəriyyətinin fikridir. Əl-Cəbai, onun oğlu, eləcə də təqlidçi və mütəkəllimlərdən olan digər fikir və məzhəb nümayəndələri bu barədə fərqli fikir söyləmişlər.”
(
Şeyx Səduq, Əvailul-Məqalat, səh.99-100)

Deyirik:

Şeyx Müfidin (quddisə sirruh) bu sözləri demiş olması həqiqətdir və bunu inkar etmirik. Lakin, batilliyini daha öncə qeyd etdiyimiz iddialar kimi, bu iddia da müddəiyə heç bir fayda vermir. Belə ki:

1. Şeyx Müfid (quddisə sirruh) hər nə qədər böyük alim olsa da, “onun bütün sözləri haqdır”, yaxud “Şeyx Müfidin dediyi bütün sözlə şiənin əqidəsini təmsil edir” deyə bir iddia edə bilmərik. Bir məzhəbin əqidə və düşüncəsi, həmin məzhəbin nümayəndələrinin ittifaq və icma etdiyi məsələlər əsasında təyin olunar. Əgər bunun əksini iddia etmək istəsək, o zaman daha öncə də dediyimiz kimi, əhli-sünnə məzhəbində salamat yer qalmaz.

2. Şeyx Müfid (quddisə sirruh) hicri 4-5-ci əsrlərin alimlərindən sayılır. Başqa sözlə desək, bu böyük alim təxminən min il bundan qabaq yaşamışdır. Min il bundan qabaq yaşamış və ixtisası astronomiya olmayan bir şəxsin astronomiya ilə bağlı belə bir xəta etməsi olduqca normal sayılır. Anormal olan, min il bundan öncə yaşamış alimin belə bir söz deməsi yox, elm və texnologiyanın inkişaf etdiyi 21-ci əsrdə bütöv bir məzhəbinin yer kürəsinin həkətsiz olmasını iddia etməsidir!

3. Şeyx Müfidin (quddisə sirruh) dövründə nəinki, Şeyx Müfid kimi bir çox İslam alimləri bu rəydə olmuşlar, hətta, astronomlar belə bu nəzəri qəbul etmişlər. Əgər o dövrdə Şeyx Müfidin də vurğuladığı kimi, ixtisası astronomiya olan şəxslərin əksəriyyəti yerin hərəkətsiz olduğunu demişlərssə, o zaman ixtisası astronomiya olmayan bir şəxsin belə bir söz deməsi, nə üçün təəccüblü görünməlidir?

Bütün bunlardan aydın olur ki, müddəinin gətirdiyi bu iddia da onun dərdinə dəymir. Beləcə onun ortaya atmış olduğu növbəti iddianın da əsassız və puç olduğu məlum olur.

NƏTİCƏ:

Bütün bu deyilənləri xülasələşdirib konspektləşdirərək aşağıdakıları deyirik:

1. Şiə əqidəsinə əsasən, yer kürəsi nə düz və nə də hərəkətsiz deyildir. Əksinə, Yer planeti kürə şəklində olub öz oxu və günəş ətrafında dövr edir;

2. Seyyid Mustafa Xomeyninin (rəhmətullahi əleyh) güya yerin düz şəkildə olduğunu bildirməsi, o böyük Seyyidə atılan iftira və yalandan başqa bir şey deyildir, necə ki, bunun sübutunu göstərdik;

3. Yer kürəsi, nə balıq, nə də öküz üstündə deyildir. Hər iki məzhəb mənbələrində bu məzmunda gəlib çatan rəvayətlər ya zəif olduqları üçün rədd edilməli, ya da uyğun olan şəkildə təvil edilməlidirlər;

4. “Nəhcül-Bəlağə” kitabında Yerin hərəkətsiz olmasına işarə edildiyi iddia etmək, cəhalət və nadanlıqdan başqa bir şey deyildir;

5. Elm və texnologiyanın, peyklərin və kosmik aparatlarının olmadığı bir dövrdə Şeyx Müfid (rəhmətullahi əleyh) kimi qədim dövr alimlərinin Yerin hərəkətsiz olmasını demələri onlar üçün eyb sayıla bilməz, əsl eyb və nöqsan, elm və texnologiyanın inkişaf etdiyi və digər planetlərin səthlərinin öyrənildiyi bir dövrdə yerin hərəkətsiz olmasını iddia etməkdir.

Bütün bunlardan sonra aydın olur ki, “şiə mənbələrində yer kürəsi sabitdir və fırlanmır” adlı videoda qeyd olunan məlumatlar iftira və cəhalətdən ibarətdir. Bu faktaların heç bir əsası yoxdur və tədqiq edilmədən hansısa qərəzli mənbədən əxz edilmişdir. Faktların cılızlığı isə həmin qərəzli mənbənin hansı səviyyədə elmə malik olması tam çılpaqlığı ilə ortaya qoyur.

Elə isə, bir daha müsəlmanları bu şəxslərin hiylələrinə qarşı ayıq olmağa səsləyirik, onları kimin arxasınca düşüb hansı əqidəni qəbul etdiklərinə bir daha nəzər salmağa çağırırıq, onlar üçün Allahdan hidayət və irşad diləyirik.

Vəlhəmdulillahi-Rəbbil-Aləmin

Və sallallahu alə Muhəmmədin və Alihit-Tahirin

Hazırladı: Abu Ali

“Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)

 

Vəhhabi / sələfi fətvaları:

Günəş sabit deyil, sabit olmasına etiqad bəsləyən kafirdi
Фетва Ибн Усеймина о том, что Солнце вертится вокруг Земли, а не наоборот!

Рейтинг

В этом разделе