Cəfər Sübhaninin "Allahın görülməsi" kitabı haqqında Rüstəm Mehdinin iradlarına cavab (4-cü hissə)

»»

Cəfər Sübhaninin "Allahın görülməsi" kitabı haqqında Rüstəm Mehdinin iradlarına cavab (4-cü hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə

Ayətullah Sübhani Allahın maddi gözlə görülməsinin mümkün olmasına dair bəzi izahların olduğunu qeyd edir. Deyir bəziləri görmənin cəhət və yön olmadan imkansız olduğunu anladıqdan sonra belə bir çıxış yolu təqdim ediblər ki, guya axirət dünyasının qanunları dünya həyatından fərqli şəkildə olduğu üçün orada Allahı heç bir cəhət və yön olmadan maddi gözlə görmək mümkün olacaq. Sübhani isə bu işin özlüyündə imkansız bir hal olduğu üçün bu yöndən dünya və axirət ayırımının burada mənasız olduğunu yazır.

Rüstəm bəy isə Subhaninin bu sözünə irad olaraq yazır:

"Deyirəm: Bundan öncəki yazılarda, “hər görülənin mütəq bir cəhətdə görülməlidir” qaydasının batil olduğunu isbatladım. Odur ki, bu qaydanın əqlən və bədahətən açıq bir qayda olduğu fikri batildir".

Cavab: Rüstəm bəy öncəki yazılarda “hər görülənin mütləq bir cəhətdə görülməlidir” qaydasını isbatladığını söyləyir. Halbuki verilən izahlardan aydın oldu ki, məsələ heç də onun güman etdiyi şəkildə deyil. Sübhani və digər alimlər, hər bir görülən mütləq bir cəhətdə görülməlidir deyərkən maddi gözlə görməni nəzərdə tutublar, mütləq mənada görməni deyil. Rüstəm bəyin irada cavab qismində təqdim etdiyi dəlillər isə ümumi müddəaya yönəlikdir. Xüsusi məsələyə (maddi gözlə görmək kimi) ümumi müddəayla (mütləq mənada görmək kimi) cavab vermək məntiqi yöndən ciddi xəta hesab olunur. Әslində bu qəbildən olan cavablar məqalə müəllifinin mövzu barəsində əsas fikir fərqliliyinin nəyin üzərində cərəyan etdiyindən xəbərsiz olduğunu göstərir.

Ortada olan fikir fərqliliyinin maddi gözlə Allahı görmə məsələsi ətrafında cərəyan etdiyini bildikdən sonra Sübhaninin qeyd etdiyi təsbitin nə qədər dəqiq olduğunu görürük. Məlum məsələdir ki, əgər söhbət maddi gözlə görməkdən gedirsə, bu proses mütləq şəkildə yön və cəhətdən təcrid olunmuş şəkildə baş tuta bilməz. Bu qayda özlüyündə bədihi (aksiom) bir qaydadır. Məntiq kitablarında da qeyd olunduğu kimi, əgər məsələnin tərəfləri (görmək və bu prosesin maddi gözlə icra olunması) düzgün şəkildə qavranılsa, o zaman rahat şəkildə bu işin dünya və axirət ayırımı olmadan imkansız bir iş olduğu anlaşılar. Bu qəbildən olan qanunlar ümumi və mütləq olduğu üçün hər iki dünyaya da şamildir və heç bir istisna qəbul etmirlər.

Məsələn, paradoks kimi. Paradoksun bu dünyada imkansız olub axirətdə mümkün olacağını söyləmək əsassızdır. Әgər bu ayırımı qəbul etsək, o zaman nəticələriylə də razılaşmaq məcburiyyətindətik. Belə bir şeyin mümkün olması halında axirətdə, vədə verilməsinə baxmayaraq möminlərin cənnətə, inadkarların da cəhənnəmə getməməsi mümkün  bir hal olmuş olacaq. Belə ki, paradoks, özlüyündə mümkün bir hal olduğu üçün verilən vədələrin baş tutmaması da olduqca normal bir hal olmuş olacaq.

Rüstəm bəyin mövzuya dair ikinci iradı isə belədir:

"İkincisi, Allahın Axirətdə görülə biləcəyi inancı, sırf Axirət əhvalının fərqli olacağı fikrinə əsaslanan bir inanc deyil. Allahın buna sırf Axirətdə izn verəcəyi fikrinə bağlı bir inancdır. Odur ki, burada əleyhimizə heç nə yoxdur"

Cavab: Bu cavab da yetərli və əsaslı deyildir. Az öncə də izah verdik ki, əgər bir iş özlüyündə mümkünsüz olarsa, artıq bunun mümkün olub-olmamasını Allahın izninə bağlamaq gülüncdür. Məsələn, hamımız bilirik ki, 2 ədədi cüt ədədir, 3 isə tək. Sual burasındadır ki, 2-nin cüt, 3-ün isə tək ədəd olması zəruri bir haldır, yoxsa Allahın icazəsinə bağlıdır? Әgər desək zəruri bir haldır, deməli qeyd olunan ədədlərə aid olan bu xüsusiyyətlər üçün zaman və məkan fərqinin önəmi yoxdur. Amma məsələni Allahın izninə bağlasaq, o zaman 2 ədədinin cüt olmasının həqiqətdə Allahın iradəsinə bağlı olması nəticəsini alırıq. Belə olan təqdirdə, 2-nin axirətdə tək olması özlüyündə mümkün bir haldır. Halbuki, belə bir ehtimalın nə qədər əsassız və məntiqdən uzaq olması məlumdur. Deməli, maddi gözlə görmə prosesi zərurət gərəyi yön və cəhət tələb edirsə, o zaman bu hal daimidir, dünya və axirət ayırımı burada mənasızdır. Buna görədir ki, Sübhaninin yuxarıda qeyd etdiyi təsbiti olduqca dəqiqdir. Rüstəm bəyin cavabı isə ümumi formada olduğu üçün məntiqi yöndən yetərsizdir, çünki cavabda müddəa və dəlil arasında olan tənasüblüyə riayət olunmayıb.

Sübhani daha sonra sünni hədis qaynaqlarında keçən Allahın Qiyamətdə 14 gecəlik bədrlənmiş ay kimi aydın şəkildə görüləcəyini söyləyən hədisə toxunur. Deyir ki, bu hədis Allahın cisim olmadığını və cismə aid bütün xüsusiyyətlərdən uzaq olduğunu söyləyən ayə və hədislərə ziddir. Belə ki, hədisin mənasını qəbul etsək, o zaman Allahın görülməsi üçün cəhət və yön zəruri olacaq.

Rüstəm bəy Sübhaninin bu iddiasına cavab olaraq yazır:

"Bədbəxtçilikdir ki, rəddiyə verəsən və rəddiyə verdiyin firqənin dəlillərini anlamaqdan aciz qalasan. Açıb bir kitablarına nəzər salmayasan ki, görüm bunlar bu hədislə nəyi qəsd edirlər? Sübhaniyə görə biz sünnilər, bu hədisə əsasən bədrlənmiş ayın yuxarıda olmasından yola çıxaraq, Allahın da yuxarı cəhətdə olduğunu və yaxud yuxarı cəhətdə görüləcəyini anlayırıq. Lakin bu Sübhaninin çoxyönlü cəhalətlərindən sadəcə biridir".

Cavab: Rüstəm bəyin dediyinə görə, sünnilər hədisi Sübhaninin iddia etdiyi şəkildə anlamırlar. Müəllifin bu sözündə qaranlıq qalan önəmli bir nüans vardır. Görəsən müəllif "biz sünnilər" deyərkən konkret olaraq kimləri, hansı dəstəni nəzərdə tutur? Әgər yalnızca mənsub olduğu əhli-rəy firqəsini nəzərdə tutursa, deməli bu gün özlərini əhli-sünnə adlandıran böyük bir kütlə Rüstəm bəyin fətvasına əsasən sünnilikdən xaric olmuş olurlar. Belə ki, Allaha, peyğəmbərə, Qurana, axirətə, mələklərə, qəza-qədərə inanmalarına baxmayaraq, sırf bu mövzuda fərqli fikir söyləyən inanclı kəsim həqiqətdə bidət əhlidirlər. Sadalanan inancların heç biri onları sünni firqəsinin tərkibina daxil olmaq üçün kifayət etməməkdədir.

Yox, əgər müəllif "biz sünnilər" deyərkən bu gün əhli-sünnə olaraq tanınan Maturidi, Әşəri və Sələfi firqələrinin hamısını nəzərdə tutursa, o zaman bu "biz sünnilər hədisi bu şəkildə anlamırıq" məzmunlu iradı yerində deyildir. Sözümün dəlili müəllifin bu iraddan bir neçə sətir yuxarıda yazdığı sözləridir.

Rüstam bəy yazır: "Təəssüflər olsun ki, sələfilər bu cür həssas məsələlərə kəlami incəliklə yanaşmaq yerinə nə cür gəldi danışır və nəticədə rafizilərə tənqid üçün xeyli material verirlər. Bəli, sələfilərdən bəziləri, Allahın cəhətdə olmasının dəlilləri kimi, Onun Axirətdə görüləcəyini deyirlər. Bildirirlər ki, əgər Axirətdə görüləcəksə, hər hansı bir cəhətdə görülməlidir və Allahın uluvv/zahiri mənada yuxarıda olma sifəti də guya Quran və sünnətlə sabit olduğuna görə Onun yuxarı cəhətdə olduğu anlaşılır".

Gördüyünüz kimi, burada müəllif özü etiraf edir ki, sələfilər Allahın qiyamətdə görülməsini onun cəhət və yöndə olmasına dəlil olaraq qeyd edirlər. Deməli, burada müəllifin "biz sünnilər" sözü barəsində iki ehtimal var:

1) Müəllif "biz sünnilər" deyərkən yalnızca mənsub olduğu firqəni nəzərdə tutur. Bununla da özlərini sələfi adlandıran önəmli sayıla biləcək bir kütlə müəllifin fətvasıyla sünnilikdən xaric olmuş olurlar.

2) Әgər müəllif sələfilərin sünni məzhəbinə mənsub olduqlarını qəbul edərsə, o zaman "biz sünnilər" olaraq irad qismində təqdim etdiyi iddia əsassız olmuş olur.

Bundan əlavə, müəllif Sübhaninin yazdıqlarını diqqətlə oxusaydı, Allahın axirətdə görülməsinin onun yön və cəhətə sahib olmasına dəlil olduğu görüşünü bütün sünni alimlərinə deyil, İbn Xüzeymə və onunla eyni fikirdə olanlara nisbət verir. Әşərilərə gəldikdə isə onların keyfiyyətsiz şəkildə görməyə inandıqlarını yazır. Sübhaninin bu şəkildə iki rəy arasında dəqiq şəkildə fərq qoymasından sonra müəllifin gəlib Sübhanini belə bir formada  ittiham etməsi elmi insafdan uzaq bir addımdır.

Daha sonra müəllif hədisə izah gətirərək onun iki şəkildə anlaşıla biləcəyini söyləyir. Müəllifə görə birinci təfsir, Sübhaninin də xəyal etdiyi kimi, cəhət və yönə dəlalət edir. Lakin, doğru olan ikinci təfsir budur ki, hədisdə sadəcə olaraq ayın görülməsində olan rahatçılıq təşbih ünvanında qeyd olunub. Yəni, ayın görülməsi məsələsi necə əziyyətsiz formada həyata keçirsə, eynilə Allahın görülməsi prosesi də bu şəkildə əziyyətsiz şəkildə həyata keçəcək.

Cavab: Birinci təfsirə gəldikdə, bu, heç də müəllifin iddia etdiyi kimi Sübhaninin xəyal məhsulu deyildir. Әksinə, müəllifin özünün da etiraf etdiyi kimi, özlərini sünni məzhəbinə mənsub bilən böyük bir kütlənin rəyidir.

İkincisi, müəllifin hədisə gətirdiyi açıqlama olduqca qapalıdır, açıq deyildir. Axirətdə Allahın bədrlənmiş ay kimi əziyyətsiz görüləcəyini söyləyərkən konkret olaraq nəyi nəzərdə tutur? Belə ki, görmə prosesi iki cür olur. Ya maddidir, ya da mənəvi. Qeyd etdiyimiz kimi, mənəvi görmə forması müzakirə mövzusu deyildir, çünki bu növ görməni şiə alimləri də qəbul edirlər. Deməli, ortada yalnızca maddi növ görmə qalır. Bu növ görmə isə mütləq şəkildə yön və cəhət tələb edir. İstər ortada məşəqqət olsun, istər olmasın. Deməli, hədisi mənəvi formada olan görməyə yox, səthi şəkildə (zahiri mənada) qəbul edərək maddi gözlə görmə şəklində açıqlasaq, o zaman bu şəkildə görmə prosesi mütləq şəkildə cəhət və yönü gərəkli edir.

ardı var...

Təbriz Nəcəfi

313news.net

Рейтинг

В этом разделе