“Lillah və lit-tarix” kitabı və müəllifi “Seyid Hüseyn Musəvi” barədə

»»

“Lillah və lit-tarix” kitabı və müəllifi “Seyid Hüseyn Musəvi” barədə

Əziz dostlar! Allahın iznilə yeni bir layihəyə başlayırıq. "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabını tərcümə edərək hissə-hissə saytımızda yerləşdirəcəyik. Xatırladaq ki, Musəvinin həmin kitabı rus dilinə tərcümə edilərək, "Лицо шиизма" adı ilə internetdə paylaşılmışdır. Sələfilər (vəhhabilər) bəhslərdə ondan çox istifadə edirlər. Allahdan müvəffəq olmağı diləyirik.

Seyid Hüseyn Musəvi kimdir?

Kitabın üz qabığında qeyd olunan “Seyid Hüseyn Musəvi” adı heç şübhəsiz ki, müəllifin öz adı yox, təxəllüsüdür. Belə ki, bunu onun özü də etiraf etmişdir (bax: sözügedən mənbə, səh.6). Müəllif kitabını öz adı ilə deyil, təxəllüslə çap etdirməsini, şiələrin bol olduğu İraqda yaşaması və onlar tərəfdən özünə qarşı yarana biləcək təhlükə səbəbindən kimliyini anonim saxlamağa məcbur olması ilə izah edir.

Müəllifin iddiasına görə, əslən Kərbəladandır. Nəcəf şəhərində dini təhsil almışdır. Böyük şiə alimləri və müctehidləri ilə möhkəm əlaqələri olmuşdur. İddialarına görə, güya “müctehid”dir.

Lakin, görünən odur ki, onun Kərbəla şəhərindən olması və Nəcəfdə təhsil alması ilə bağlı iddiaları uydurmadan başqa bir şey deyildir. Çünki, şiə elm dairələri arasında Nəcəfdə təhsil almış və o qədər uzun ömür sürmüş (indi bu uzun ömür barədə danışacağıq) kərbəlalı müctehid tanınmır.

Müəllif kitabda nə vaxt dünyaya gəldiyi və neçə yaşı olduğunu açıqlamamışdır. Kitabda dediyi sözlər olduqca qarma-qarışıq və ziddiyyətli olduğundan, bunu dəqiq şəkildə müəyyənləşdirmək olmur. Lakin kitabdakı məlumatları bir-biri ilə tutuşdurduqda, aşağıdakı nəticələrə gələ bilirik:

Müəllif kitabın 74-cü səhifəsində şari Əhməd Safi Ən-Nəcəfinin özündən 30 yaş və ya bir qədər çox böyük olduğunu bildirmişdir. Bu o deməkdir ki, müəllif təxminən 1925-ci ildə doğulmuşdur. Çünki Əhməd Safi Ən-Nəcəfi 1895-ci ildə dünyaya gəlmişdir. Kitab da 1999-cu ildə çap olunduğuna görə, deməli həmin vaxt müəllifin 76 yaşı olmuşdur.

Bu deyilənlərdən belə çıxır ki, müəllif “ictihad” şəhadətnaməsini (islam elmləri üzrə ən ali dərəcəyə çatmanı bildirən sənədi) ən yaxşı halda 28 yaşında almışdır. Nə üçün? Çünki, müəllifin iddiasına görə, ona ictihad şəhadətnaməsini məhz məşhur alim Məhəmmədhüseyn Kaşiful-Ğita vermişdir. Kaşiful-Ğita da 1953-cü ildə vəfat etmişdir. Kaşiful-Ğitanın ictihad şəhadətnaməsini müəllifə məhz vəfat ilində (1953-cü ildə) verdiyini fərz etsək, onda bu, o mənaya gələcək ki, müəllif ictihad şəhadətnaməsini 28 yaşında almışdır. (1953 - 1925 = 28). Yox əgər Kaşiful-Ğitanın ictihad şəhadətnaməsini müəllifə, məsələn ölümündən 5 il qabaq verdiyini fərz etsək, onda da belə nəticə çıxacaq ki, müəllif ictihad şəhadətnaməsini məhz 23 yaşında almışdır! Bu isə, müasir dövrdə nadir və demək olar ki, mümkünsüz bir şeydir. İndiyədək müasir dövrdə hansısa bir Kərbəla sakininin bu yaşda ictihad şəhadətnaməsi aldığı eşidilməmişdir.

Bundan əlavə, başqa bir fakt insanı daha da çaş-baş qoyur: Belə ki, şiə elm hövzələrindəki qaydaya əsasən, alim əvvəlcə ictihad dərəcəsinə çatır, ardınca 2-3 keçdikdən sonra ona ictihad şəhadətnaməsi verilir. Buna əsasən, müəllifin də eyni prosesdən keçdiyini nəzərə alsaq, onda o, 21, yaxud 26 yaşında ictihad dərəcəsinə çatımış olmalıdır. Bu isə əvvəlkindən də əcaib bir iddiadır.

Üstəlik, müəllif iddia edir ki, o, Seyid Şərəfuddin Musəvinin Nəcəf şəhərinə səfərinin şahidi olmuşdur. Ş.Musəvi isə Nəcəf şəhərinə 1936-cı ildə səfər etmişdir.1 Əgər həmin vaxt müəllifin 20 yaşı olduğunu fərz etsək, onda belə nəticə çıxacaq ki, 1999-cu ildə onun 85 yaşı olmuşdur!  Halbuki, onun Ə.Ən-Nəcəfi ilə öz arasındakı yaş fərqi barəsində dediyi sözlərdən 1999-cu ildə təxminən 76 yaşında olması başa düşülürdü.

Başqa bir tərəfdən, müəllif kitabının 107-ci səhifəsində Hindistanda “Əsasul-usul” (“Əsasların əsası”) kitabının müəllifi Seyid Dildar Əli ilə görüşdüyünü və D.Əlinin ona öz kitabının bir nüsxəsini hədiyyə etdiyini iddia etmişdir. Halbuki, D.Əli Ağa Bozorq Tehraninin “Əz-Zəriə” (“Vasitə”) kitabında qeyd etdiyinə əsasən, 1819-cu ildə vəfat etmişdir.2 Əgər müəllifin D.Əli ilə onun vəfat etdiyi ildə (1819) görüşdüyünü və həmin vaxt 20 yaşı olduğunu fərz etsək, onda belə nəticə alacağıq ki, 1999-cu ildə müəllifin 250 yaşı olmuşdur! Bu isə, şübhəsiz, anormal bir hadisədir və bununla müəllifin başdan-ayağa saxtakarlığa bulaşdığı aşkara çıxır.

Bundan başqa, müəllif kitabda naməlum insan adları sadalamışdır. Bunlara misal olaraq, Seyid Burucerdi adını olar. Müəllifin iddiasına əsasən, güya bu adam Nəcəf elm mərkəzinin Bağdadın Əs-Saura şəhərində fitnə-fəsad yaymaqla bağlı təlimatlarının icrasına birbaşa nəzarət edən şəxs imiş!

Həmçinin, müəllif Seyid Qəzvini, Təbatəbai, Seyid Mədəni və Əbul-Haris Əl-Yəsari kimi adlar sadalmışdır. Halbuki, bu şəxslərin də hamısı məchul və qeyri-müəyyən şəxslərdirlər. Nə camaat arasında, nə də alimlər arasında adı çəkilən şəxslərin kim olduğu bilinir.

“Lillah və lit-tarix” kitabını oxuduqda aydın olur ki, kitabın müəllifi nə sıravi şiə, nə də şiə alimi olmuş, həyatında bircə gün belə olsun Nəcəf elm mərkəzində keçirməmişdir. Bunu nəyə əsasən dediyimizi bu kitabın sonunda ətraflı qeyd edəcəyik.

Görünən odur ki, müəllif məhz iki səbəbdən özünü “keçmiş şiə alimi” kimi qələmə vermişdir:

Birinci: Əhli-sünnəyə məzhəblərinin nə qədər güclü, şiə məzhəbinin isə nə qədər zəif olduğunu göstərmək. Çünki bu kitabla aydın olur ki, müasir dövrün “böyük şiə alimlərindən biri” şiəliyi atıb sünniliyə keçmişdir. Müəllif belə etməklə, şiələrin tez-tez təkrarladığı “şiəliyi qəbul edən sünnilər əsasən, əhli-sünnənin alim və mütəfəkkirləri, sünniliyi qəbul edən şiələr isə şiələrin sadəlövh və avam adamlarıdırlar” fikrini də batil çıxarmağa çalışmışdır.

İkinci: Şahidi olduğunu iddia etdiyi çirkin hadisə və əhvalatlar uydurub-qoşa bilmək. Belə ki, əgər müəllifin qeyd etdiyi “faktlar” bir sünni tərəfindən yazılmış olsaydı, yalan və uydurma olmaları ehtimalına görə heç bir qiyməti olmayacaqdı. Lakin əgər bu “faktlar” keçmişdə şiə olmuş bir adam tərəfindən yazılsa, onda məsələ başqa cür olacaq! Məhz buna görə də müəllif özünü keçmiş şiə alimi kimi qələmə vermişdir.

Biz bu kitabın sonunda özünü Seyid Hüseyn Musəvi adlandıran bu şəxs barədə daha geniş danışacağıq.

Əslində isə, bizi onun kimliyi – həqiqətən şiə olub-olmaması deyil, kitabda nə yazdığı maraqlandırır. Bu səbəbdən, onun kimliyi barədə hələlik bu deyilənlərlə kifayətlənib kitabda qeyd olunan iddia və şübhələrə keçid alırıq.

Davam edəcək...

___________________________________

İstifadə edilmiş ədəbiyyat:

1 S.Musəvinin tərcümeyi-halı, “Əl-Nəss vəl-ictihad” kitabının müqəddiməsi, səh.39.

2 “Əz-Zəriə ilə təsanifiş-şiə”: 2/4.

Şeyx Əli Ali-Muhsin
Рейтинг

В этом разделе