"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (6-cı hissə)

»»

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (6-cı hissə)

Hüseyn əl-Musəvi yazır:

“Şiəliyə daxil edilmiş belə batil əqidələri inkar etmiş və eyni aqibətlə üzləmiş bir çox insan vardır. Mənimlə də elə rəftar etsələr, bu, əsla qəribə olmaz!!!”

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.8

Cavab:

Təəccüblüdür, bu insan sanki oxucularına heç kəsin bilmədiyi, başqa bir planetdə baş vermiş hadisələrdən danışır. Yoxsa, əqidələrini inkar etdiklərinə görə qətlə yetirilmiş həmin çox sayda şəxslər kimlərdir?

Seyid Əbul-Həsənin oğlunun Seyid Musa Musəvi islahatlar səbəbindən qətlə yetirildiyini iddia etsə də, onu məsələlərdən əsla xəbərdar olmayan bir kəmağıl öldürmüşdü və qətli də sırf maliyyə səbəblərindən baş vermişdi.

Seyid Musa Musəvi isə oxucusunda atasının islahat hərəkatını başlatdığı üçün qətlə yetirildiyi təsəvvürünü yaratmağa cəhd edib. Ancaq bu iddia tamamilə yanlış və puçdur, Musa Musəvidən öncə heç kəs belə bir söz söyləməyib və o da öz sözlərini hər hansı bir dəlillə isbatlamayıb.

Əhməd Kəsrəvinin qətlinə səbəb göstərilərkən bunlar deyilmişdi: “O, içində bir çox Quran surələrinin və Peyğəmbər (s) hədislərinin olmasına rəğmən “Məfatihul-cinan” kitabını yandırmış, bu hərəkəti bütün İran gənclərinin qəzəbinə səbəb olmuş, etirazlar Azərbaycanda başlamış, sonra  Tehrana və İranın digər şəhərlərinə yayılmışdı, hər tərəfdən onun əməlini pisləyən teleqramlar vurulmuşdu. Bəzi iranlılar isə onu yaxalamış və ölənədək döymüşdülər.

Görünən odur ki, müəllif şiələrin öz müxaliflərinə qarşı zorakılıq iddialarını ortaya atmaqla öz adını və şəxsiyyətini gizləməsinə bəraət qazandırmağa çalışır. Halbuki şiələrin nə Musa Musəviyə və nə də Əhmədə qarşı hər hansı bir sui-qəsd addımı atmadıqlarını o da gözəl bilir.

* * *

Müəllif yazır:

“Lakin bütün bunlar məni qayğılandırmır, haqqı söyləməyim mənim üçün kifayətdir. Mən qardaşlarıma öyüd-nəsihət verir, onların diqqətini həqiqətlərə yönəldirəm. Əgər mən dünya həyatının ləzzətlərini əldə etməyə çalışsaydım mütə nikahı və xümsün gəlirləri mənim üçün yetərli olardı. Necə ki, bunu bəziləri edərək ölkənin ən varlı şəxslərinə çevrilir, bəziləri də ən bahalı və ən son model maşınlarda gəzirlər. Lakin mən, Allaha həmd olsun ki, həqiqəti anladıqdan sonra bütün bunlardan üz çevirdim. Hazırda özümün və ailəmin dolanışığımı ticarətdən təmin edirəm”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.8

Cavab:

Belə ağsaqqal və yaşlı bir şəxsin mütəyə nə ehtiyacı və nə də gücü olacaq?!

Müəllifin iddiasına görə, ona ictihad icazəsi qırx yaşlarında verilmişdir. Necə ki, hövzələrdə istedadlı tələbələr ən yaxşı halda bu yaşda ictihada yetişirlər. Bu hesabla, əgər Şeyx Kaşiful-Ğita vəfat etdiyi il (miladi 1953-cü ildə) müəllifə ictihad icazəsi vermişsə, hal-hazırda onun yaşı təqribən doxsan olmalıdır.

Bu yaşda olan Nəcəf alimlərdən heç biri son model və bahalı avtomobillərdə gəzmirlər. Çünki Nəcəfdə ümumiyyətlə son model bahalı avtomobil yoxdur. Bunu həmin şəhərdə yaşayan və alimlərin yaşayış səviyyəsindən məlumatı olan hər kəs bilir.

Nəcəfin hazırkı dövrdə mövcud olan təqlid mərcələrini yaxşı tanıdığıma əsasən, son model bir kənara qalsın, onlardan adi avtomobilə sahib olan bir nəfəri də yoxdur.

Xümsə gəldikdə, bu, mərcənin qəbul etdiyi bir əmanətdir və onu tələb olunan müəyyən yerlərə xərcləyir. Nə özünün və nə də başqasının həmin məbləğdən bir qəpik də olsun öz ixtiyarına keçirməyə haqqı yoxdur. Əgər təqlid mərcələri xümsü mənimsəsəydilər, o zaman ən varlı insanlardan olardılar. Halbuki onlar qətiyyən varlı deyillər və maddi vəziyyətləri göz qabağındadır.

Müəllifin özünün və ailəsinin güzəranını ticarətlə təmin etdiyi iddiasına gəlincə, özünün də qeyd etdiyi kimi, gənc yaşlarında elmi hövzəyə getdiyini nəzərə alsaq, bəs ticarət üçün ilkin maliyyə mənbəyini haradan əldə etmişdir?!

Əgər o, xümsdən əldə etdiyi pulla ticarət qurmuşsa, o zaman öz yanaşmasına görə qazancı ona halal deyil. Əgər digər yerdən əldə etdiyi maliyyə ilə bu ticarətə başlamışsa, o zaman həmin pulun mənbəyi haradır və haradan əldə etmişdir?

İllərlə xümsün hesabına dolanmış bir şəxsin sonradan onu tənqid etməsi qəribə haldır. O, indiyədək xərclədiyi xüms pullarını məgər unudubmu?

Əgər xümsü öz haqqı olaraq görmürsə, həyatı boyu özünə xərclədiyi xümsləri geri qaytarmağa zamin olmalıdır. Onların hamısını sahiblərini tanıdığı təqdirdə özlərinə qaytarmalı, yaxud da onların adından sədəqə verməli deyilmi?

* * *

Müəllif yazır:

“Qardaşlarımı həqiqətlərdən agah etmək üçün bu kitabda diqqət çəkən mövzuları qeyd etmişəm ki, onların gözləri önündə heç bir örtük qalmasın. Bütün müsəlmanların əllərində dəlillərin olması, qafil şəxslərin heç bir bəhanəsinin və cahillərin də üzrünün qalmaması üçün bu kitabda təqdim edilməyən digər mövzuları növbəti kitablarımda yazmaq niyyətindəyəm”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.8

Cavab:

Allahın iznilə oxucular qarşıda bütün həqiqətlərdən agah olacaq və müəllifin özünü şiə fəqihi kimi təqdim edən, amma həqiqətdə başqa bir şəxsin adı altında gizlənmiş yalançı olduğunu aydın şəkildə görəcəklər. Həmçinin on iki imama etiqad bəsləyən şiə məzhəbinə tutduğu iradların və vurduğu ləkələrin puçluğu da möhtərəm oxuculara aydın olacaq.

Belə ki, belə kəslərin şiə məzhəbinə qarşı səhih dəlil və sübutlar təqdim etməkdə acizlikləri və dəyərsiz üslublarla bu məzhəblə savaşdıqları, şiəyə bacardıqları qədər böhtan atmaq üçün öz sələflərinin metodlarından istifadə etdikləri və bu yolda nələrə əl atdıqları məlum olacaq. Lakin Uca Allah onların hiylələrini üzlərinə çırpmış, iddialarını puça çıxarmış, saxtakarlıqlarının üstünü açmış və yalanlarını ifşa etmişdir.

Xüsusilə qeyd edilməlidir ki, bu kitabın müəllifi özündən əvvəl heç kəsin getmədiyi yalan və fırıldaqçılıq yolunu tutmuş, özünü şiə fəqihlərindən biri kimi təqdim etmiş, şiə alimlərinə qarşı bayağı hekayələr uydurmuş və bunları öz gözlərilə gördüyünü iddia etmişdir. Lakin o, heç anlamadığı bir yerdən yaxalanmış, hiyləsi ifşa olunmuş və yalanları ortaya çıxmışdır. Uca Allah zalımların etdiklərindən əsla xəbərsiz deyildir. Qarşıda zalımlar hansı inqilabla çevriləcəklərini (hara yuvarlanacaqlarını) mütləq biləcəklər!

* * *

Müəllif yazır:

“Əminəm ki, bu kitabım haqq axtaran şəxslər tərəfindən qəbul ediləcək. Allaha həmd olsun ki, belələri olduqca çoxdur. Ancaq öz azğınlığında qalmağı (cəmiyyətdəki vəziyyətini, mütə və xümsü, əmmaməni, mindiyi “Mersedes”i və təmtərağı) üstün tutanlara isə bizim heç bir sözümüz yoxdur. Mürtəkib olduqları günahlar, mal və övladın heç bir fayda verməyəcəyi gün üçün topladıqları barədə Allah onlardan hesab soracaq. Həmin gün yalnız salim qəlb insana fayda verər.

Bizi buna hidayət edən Allaha həmd olsun! Əgər bizi buna yönəltməsəydi, özümüz əsla buna nail ola bilməzdik!”

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.8

Cavab:

Həqiqətən də, Allaha həmd olsun ki, haqq axtaran şəxslər olduqca çoxdur. Haqq aşkar və yolları da açıq-aydındır. Bunun üçün yalana, iftiraya, başqa şəxs adı altında gizlənməyə, xeyirxah və pak insanlara qara yaxmağa, olmayan hadisələr uydurmağa heç bir ehtiyac yoxdur.

İnşallah, haqq axtaran şəxslər qarşıdakı bəhslərdə müəllifin haqdan və doğruluqdan necə yayındığının, əyri-üyrü zəlalət yollarını tutduğunu görəcəklər. Həqiqətən də o, arzusuna çatmamış, məqsədinə nail ola bilməmişdir. Əksinə, saxtakarlığının üstü açılmış, halı ifşa olunmuş, yazdığı bu kitabı dünyada ona bir rəzalətə, axirətdə isə bəlaya çevrilmişdir.

Kitabındakı cızma-qaralarını oxuyan hər bir vicdanlı şəxsə qəti və əmin şəkildə müəllifin yolunu azdığı və tutduğu yolun batilliyi aydınlaşacaq. Əgər o, öz haqlılığını isbatlamaq üçün belə dəyərsiz yalanlara möhtacdırsa, onun bütün azğınlıq və saxtakarlıqları qarşısında həqiqəti söyləmək yetərli olacaq.

Eləcə də, qarşıda On iki imama etiqad bəsləyən şiə məzhəbinin haqq olduğunu hər bir insaflı şəxs dərk edəcək, bu yolu izləməklə nicat tapacağına və ondan ayrı düşməklə məhvə düçar olacağına yəqin tapacaq. Əgər belə olmasaydı, şiə məzhəbinin düşmənləri onu puç çıxarmaq üçün kifayət qədər haqlı səbəblər tapar, açıq-aşkar yalan və iftiralara əl atmağa möhtac qalmazdılar.

Şeyx Əli Ali-Muhsin

313news.net

Рейтинг

В этом разделе