Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üzləşib
Qubadlı rayonunun işğalından 19 il ötür. 19 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır. Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi.
1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.
Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb. /anspress/