
Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üzləşib
Qubadlı rayonunun işğalından 19 il ötür. 19 ildir ki, rayonun 30 min  əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında  Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq  ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı  və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını  olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu  istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən  ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli  özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri  çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət  gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq  istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində  qalır. Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə  bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi.
 
 1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı  düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı  kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri  atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış  məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də  hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi  qalmadı.
 
 Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb  ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24  klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb,  işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi  abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan  iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və  Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur  dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə  tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki  tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
 
 Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub.  Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146  nəfər əlil qalıb. /anspress/