Bu güzəştlər artıq ləğv edilir

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkənin digər bölgələrində məskunlaşan məcburi köçkünlərə yardım qaydaları dəyişəcək. 313news fins.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, indiyədək aparılan araşdırmalar nəticəsində əsassız şəkildə yardım alan köçkünlərə yardımlar, o cümlədən onlara yemək xərcinin verilməsi dayandırılıb: «Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb».

Baş nazirin müavini bildirib ki, məcburi köçkünlərə yardımların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır, artıq bu sənədin layihəsi hazırdır və hökumətə təqdim olunub: «Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur».

Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq. Qeyd edək ki, indiyədək məcburi köçkünlər kommunal xərclərdən müəyyən limit daxilində azad idilər. İndi isə həmin xərclərin pulu köçkünlərin özünə veriləcək ki, xərcləri ödəsinlər: «Belə ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq»-deyə Ə.Həsənov bildirib.

«Qaçqınkom» rəhbəri bildirib ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində müəyyən vəsaitə qənaət ediləcək və bu vəsait qayğıya daha çox ehtiyacı olan ailələrə xərclənəcək: «Əldə olunan vəsaiti, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək»-deyə komitə sədri prezident İlham Əliyevə müraciət edib.

Ə.Həsənovun sözlərinə görə, kommunal xərclərin, o cümlədən işıq və qaz pulunun ödənilməsi üçün məcburi köçkünlərin yerləşdiyi məntəqələrdə fərdi sayğaclaşma aparmaq lazım gələcək. «Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir».

В этом разделе