Bəşər Əsəd hökuməti qiyamçı Deraa şəhərinə qoşun yeridib
Suriyada sayiş keşikçiləri Bəşər Əsədin istefasını tələb edən  nümayişçilərə növbəti dəfə atəş açıblar. CNN telekanalının müxalifət  nümayəndələrinə istinadən verdiyi məlumata görə, 8 nəfər ölüb. Məlumata  görə, üç etiraz aksiyası paytaxt Dəməşqin yaxınlığında, daha birnəfər  isə Livanla sərhəd bölgəsində güllələnib-ANS PRESS RBK-ya istinadən xəbər verir. 
 
 İki gün əvvəl Suriyanın qərbindəki Deraa şəhərində beş nəfər  güllələnmişdi. Bu şəhərdə bir neçə həftədir “Bəəs” partiyasının və onun  lideri Bəşər Əsədin siyasi diktaturasına qarşı etiraz aksiyaları  keçirilir. Şahidlərin sözlərinə görə, hökumət qoşunları Deraa şəhərinə  hücum ediblər. Şəhərə tank və zirehli maşınlar yeridilib.
 
 Ötən həftə Suriya hakimiyyəti müxalifətin bəzi tələblərini yerinə  yetirib. Ölkədə 48 ildir davam edən fövqəladə vəziyyət ləğv olunub.  Bununla belə, etiraz aksiyaları səngiməyib. Aksiya iştirakçıları  ictimai-siyasi vəziyyətin liberallaşdırılmasını, “Bəəs” partiyasının  hakimiyyət üzərindəki sonopoliyasının aradan qaldırılmasını tələb  edirlər.
 
 Suriyadakı fəal etiraz aksiyalarının davam etdiyi beş həftə ərzində  hökumət qoşunları ilə toqquşmalarda 350-dən çox adam ölüb. Bu barədə  məlumatı hüquq müdafiəçiləri yayıblar.














