Rəcəp Təyyib Ərdoğan Bəşər Əsədlə telefonla danışıb

Əhməd Davudoğlu isə Hatayda Suriyalı qaçqınların düşərgəsinə baş çəkib

Türkiyənin baş naziri Rəcəp Təyyip Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə telefon əlaqəsi saxlayıb. Verilən məlumata görə Bəşər Əsəd Rəcəp Təyyip Ərdoğanı seçkidə qələbəsinə görə təbrik etmək üçün ona zəng edib.

Telefon danışığında Suriyadakı hadisələr və onların inkişafı məsələsində qarşılıqlı əlaqələr də müzakirə olunub. Rəcəp Təyyip Ərdoğan Bəşər Əsədə zorakılıqdan uzaq durmaq və hadisələrin dayandırılmasının vacibliyini ifadə edib və tez bir zamanda islahatların keçirilməsinə çağırıb. Həmçinin Suriyadan Türkiyəyə doğru qaçqın axını və bu məsələ ilə bağlı narahatlıq da müzakirə olunub.

Eyni zamanda Türkiyə qaçqın axınının qarşısını almaq üçün Suriya ilə sərhəddi bağlamayacağını bəyan edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Hatayda Suriyalı qaçqınlar üçün salınmış düşərgəyə baş çəkib. Əhməd Davudoğlu Hatayda 8 min 421 suriyalı qaçqının olduğunu bildirib. Onun sözlərinə görə Suriya Türkiyə üçün tarixi və gələcəyi müştərək olan dost ölkədir. «Suriyalı qardaşlarımız kəndlərində və şəhərlərində dinc və sülh içində yaşamalı, gələcəyə ümidlə baxmalıdırlar. Bunun üçün Türkiyə heç bir fədakarlıqdan çəkinməyəcək.»-sitatın sonu.

В этом разделе