
Əhməd Davudoğlu isə Hatayda Suriyalı qaçqınların düşərgəsinə baş çəkib
Türkiyənin baş naziri Rəcəp Təyyip Ərdoğan Suriya prezidenti Bəşər  Əsədlə telefon əlaqəsi saxlayıb. Verilən məlumata görə Bəşər Əsəd Rəcəp  Təyyip Ərdoğanı seçkidə qələbəsinə görə təbrik etmək üçün ona zəng edib.
 
 Telefon danışığında Suriyadakı hadisələr və onların inkişafı məsələsində  qarşılıqlı əlaqələr də müzakirə olunub. Rəcəp Təyyip Ərdoğan Bəşər  Əsədə zorakılıqdan uzaq durmaq və hadisələrin dayandırılmasının  vacibliyini ifadə edib və tez bir zamanda islahatların keçirilməsinə  çağırıb. Həmçinin Suriyadan Türkiyəyə doğru qaçqın axını və bu məsələ  ilə bağlı narahatlıq da müzakirə olunub.
 
 Eyni zamanda Türkiyə qaçqın axınının qarşısını almaq üçün Suriya ilə  sərhəddi bağlamayacağını bəyan edib. Türkiyənin xarici işlər naziri  Əhməd Davudoğlu Hatayda Suriyalı qaçqınlar üçün salınmış düşərgəyə baş  çəkib. Əhməd Davudoğlu Hatayda 8 min 421 suriyalı qaçqının olduğunu  bildirib. Onun sözlərinə görə Suriya Türkiyə üçün tarixi və gələcəyi  müştərək olan dost ölkədir. «Suriyalı qardaşlarımız kəndlərində və  şəhərlərində dinc və sülh içində yaşamalı, gələcəyə ümidlə  baxmalıdırlar. Bunun üçün Türkiyə heç bir fədakarlıqdan  çəkinməyəcək.»-sitatın sonu.